Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka gözləntiləri hələlik ümidləri doğrultmur


Ekspertlər kreditləşmənin dayandırılmasından narahatdırlar, çünki mənzil bazarında təklifin azalması fonunda tələbat da aşağı düşür


Ölkə vətəndaşlarının ipoteka gözləntiləri bu il də özünü doğrultmadı. 

Bir neçə aydır ki, ipoteka kreditləşməsi tamamilə dayandırılıb. Avqustun 1-nə qədər ölkədə ümumi məbləği 730 802,4 min manat olan 17 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin sayı 17 925, ümumi məbləği isə 729 737,5 min manat idi. İlk yarım ildə ölkədə cəmi 72 ipoteka krediti verilib. Ümumilikdə bu il ərzində ipoteka kreditlərinin sayı kəskin azalıb. Ötən il iki devalvasiyaya baxmayaraq, ümumi məbləği 97 274 min manat olan 2146 ipoteka krediti verilmişdi. 2014-cü ildə isə 99 927,7 min manat məbləğində 2 275 ipoteka krediti verilib. 

O da bildirilir ki, hazırda İpoteka Fonduna müvəkkil olan bankların heç birində ipoteka kreditləri aktiv deyil. Bu ilin birinci yarımilində 11 milyon manat güzəştli ipoteka krediti verilib. Cari ilin üç ayında 6 milyon manat, növbəti üç ayda isə 5 milyon manat güzəştli ipoteka krediti təqdim edilib. Rəqəmlərin təhlili göstərir ki, müvəkkil kredit təşkilatları arasında ən çox kredit “Zaminbank” ASC tərəfindən ayrılıb. 

Ekspertlər bildirirlər ki, 2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaş kredit ala bilsə də, ikinci rübdə cəmi 4 nəfər ev problemini ipoteka ilə həll edib. Sosial ipoteka kreditlərindən faydalananlar ilk 6 ayda 236 mənzil ala biliblər. 

Həmçinin qeyd edilir ki, ölkədə mənzil tikintisinin azalmasının səbəblərindən biri də ümumi kreditləşmədə, özəlliklə də ipoteka kreditləşməsindəki durğunluqla bağlıdır. Belə ki, bu ilin 7 ayının makroiqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz, eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz azalıb. Həmin dövrdə kredit qoyuluşları 9,1 faiz aşağı düşüb. Bu ilin birinci yarısında banklar 1,1 milyon manatlıq ipoteka krediti verib.

Mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimov musavat.com-a açıqlamasında bildirib ki, ipoteka kreditləşməsinin dayanmasının bir səbəbi də bankların mövcud durumudur: “Tikinti sektorunda əvvəlki illərə baxanda azalma müşahidə edilir. Yeni tikilən obyetklərin sayında da azalma var. Azalma ilin əvvəlində daha çox idi. Kreditlərin dayandırılması bank sistemində olan yenidən təşkilatlanma işləri ilə bağlıdır. Bankların bəziləri bağlanır. Bəziləri öz fəaliyyətini yenidən qurur, maliyyə mənbələri axtarırlar. Bu proses zamanı kreditlərin verilməməsi qaçılmazdır. Azərbaycan İpoteka Fondu da təşkilatlanma işini tam başa çatdırmayıb. Fondun gələn ildən öz fəaliyyətini bərpa edəcəyini düşünürəm”.  

Ekspert Rəşad Əliyev isə musavat.com-a bildirib ki, bir neçə aydır, ipoteka kreditlərinin ümumiyyətlə, dayandırılması bu sahədə problemlər yaradır: “Faktiki olaraq bu il kreditləşmə yox səviyyəsində olub”. 

Onun sözlərinə görə, əmlak bazarındakı “depressiya”nın davam etməsinin səbəblərindən biri də budur: “Bank sektorunda böhran zamanı əmlak bazarına böyük kapital axdı. Bu isə bazarda az da olsa, dövrü olaraq aktivlik yaradırdı. Bank sektorunda vəziyyət normallaşmaq üzrədir və üstəlik də əhalinin sərbəst kapitalı azalır. Bu isə o deməkdir ki, əmlaka yönələn investisiyaların həcmi azalır və yaxın zamanlarda bu trend davam edəcək. Daşınmaz əmlak bazarında mühüm məsələ ucuz borc vəsaitlərinə əlçatanlıqdır. Bizdə ipoteka kreditləşməsi hələ də problem kimi qalmaqdadır və hətta kreditləşmənin pik dövrlərində onun həcmi potensiala nisbətən az olub. Hazırda isə dövlət ipoteka kreditləşməsi üzrə kreditlər ümumiyyətlə, verilmir. Bu isə bazara mənfi təsir edən əlavə amildir”.

Ekspert Qubad İbadoğlu isə ipoteka kreditləşməsinin tənəzzül, inşaat sektorunun isə böhran dövrünü yaşadığı qənaətindədir: “Bu ilin 6 ayında banklar tərəfindən verilmiş ipoteka kreditləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 163 dəfə azalıb”. 

Onun sözlərinə görə, ölkədə mənzil tikintisinin azalmasının səbəblərindən biri də ümumi kreditləşmədə, xüsusilə də ipoteka kreditləşməsində durğunluqla bağlıdır: “Bu ilin 7 ayının makro iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz, eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz azalıb. Bununla yanaşı, həmin dövrdə kredit qoyuluşları 9,1 faiz aşağı düşüb. Cari ilin 1-ci yarısında banklar tərəfindən verilmiş ipoteka kreditləri 1,1 milyon manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici 178 milyon 400 min manat təşkil edirdi. Göründüyü kimi, bu ilin ilk 6 ayında banklar tərəfindən verilmiş ipoteka kreditləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 163 dəfə azalıb. Bu istiqamətdə kreditləşmədə lider olan “Zaminbank” ASC-nin bağlanmasından sonra durum daha da pisləşəcək. Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri də ötən illə müqayisədə 4 dəfədən çox azalaraq, bu ilin 6 ayının yekunlarına görə 28,5 milyon manat təşkil edib. Göründüyü kimi, Azərbaycanda ipoteka kreditləşməsi tənəzzül, inşaat sektoru isə böhran dövrünü yaşayır”. 

Ekspertin sözlərinə görə, tikinti biznesi ilə məşğul olan azərbaycanlı iş adamları da digər ölkələrdə, o sıradan da Gürcüstan, Rusiya, Qazaxıstan, hətta İranda belə, yeni bazarlar axtarırlar: “Onların bəziləri xarici ölkələrin dövlətləri və ya beynəlxalq maliyyə kredit təşkilatlarının sifarişləri ilə olan layihələrdən iş alır və fəaliyyətlərini başqa ölkələrdə olsa da, davam etdirilər. Bu isə milli iqtisadiyyatın, xüsusilə də inşaat sektorunun böhranı dövründə ölkədən həm kapital, həm texnika, həm də ixtisaslı, eləcə də ixtisassız iş qüvvəsinin axınına gətirib çıxarır. Bu tendensiyanın digər fəsadı daxili inşaat bazarında mənzil təklifinin azalması və mövcud tikintilərdə əsasən ekonom tipli mənzillərin inşasına üstünlüyün verilməsidır. Yeni mənzil təklifinin azalması mövcud mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Hazırkı iqtisadi tənəzzül və manatın devalvasiyası şəraitində xüsusilə də iri alışlar üzrə alıcılıq qabliyyətinin də azalması qiymətlərdə sürətli dəyişikliyin qarşısını alır. Əslində mənzil bazarında təklifin azalması fonunda tələbatın da aşağı düşməsi mənzil satışını azaldır və qiymətləri tarazlıqda saxlayır. Digər mənbələrdən bazara yeni sərmayələrin daxil olması bu şəraitdə mənzil qiymətlərinin sabitliyini şərtləndirə bilər. Belə mənbələr sırasında son zamanlar Azərbaycana gələn ərəb və fars mənşəli turistlər çıxış edə bilər. Qeyd edim ki, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı tərəfindən verilən yeni fərman ipotekaya ümidləri artırsa da, artıq əks fikirlər də səslənməkdədir. 

Rəşad Əliyevin sözlərinə görə, yeni qaydalarda iki istiqamət üzrə vacib məqam var: “Əsas məqam ipoteka kreditlərinin verilməsi qaydalarındakı dəyişikliklərdir. Burada söhbət həm ilkin ödənişdən gedir, həm də kreditin maksimal məbləğinə dair məlumat və faiz dərəcələri ilə bağlı məsələlər əksini tapıb. Eyni zamanda, burada gəlirlərə qoyulan tələblər də öz əksini tapıb. Əgər əvvəllər adi ipoteka kreditləri üzrə 20 faiz ilkin ödəniş var idisə, hazırda bu ödəniş 15 faiz olub. Güzəştli ipoteka üzrə dəyişiklik isə 15 faiz qalıb. Faiz dərəcələrinə gəldikdə isə, qaydalarda göstərilir ki, faizlər fondun Müşahidə Şurası tərəfindən yenilənəcək”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar