Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbərdən Rauf Mirqədirovun həbsinə münasibət


“Müsavat Partiyası Rauf Mirqədirovu müdafiə edəcək”


Aprelin 22-də Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin redaksiyasında olub və qəzetin yazarlarına geniş müsahibə verib. Həmin müsahibədən günümüzə uyğun olan ən aktual hissəni musavat.com oxucularına təqdim edirik:

- Rauf Mirqədirovun Türkiyədə həbs edilməsi məsələsi hər kəsdə bir şok yaradıb. Ortada son dərəcə ciddi bir ittiham var – onu Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın xüsusi xidmət orqanları ilə işbirliyində ittiham edirlər. Müxtəlif versiyalar səslənir. Bu həbsdə Azərbaycan iqtidarı ilə Türkiyə hökuməti arasında belə demək mümkünsə, “Camaat” razılaşmasının izi varmı, sizcə? Ümumiyyətlə Siz irəli sürülən ittihama inanırsınızmı?  

- Təbii ki, inanmıram. Son illərdə Azərbaycan hüquq-mühafizə orqanları özlərinə haqq qazandıracaq hansı işi görüblər ki, biz onların bu ittihamına da etimad edək? Azərbaycanda son illərdə siyasi sifarişlərlə çoxsaylı həbslər baş verib, xeyli günahsız insan cəzalandırılıb. Bu proses bu gün də davam edir. Ona görə də hüquq-mühafizə orqanlarının hakimiyyətin tənqidçilərinə qarşı irəli sürdüyü ittihamlara inanmaq mümkün deyil. Xarici ölkəyə casusluq çox ağır ittihamdır və ortada tutarlı faktlar, təkzibolunmaz dəlillər olmadan bu ittiham irəli sürülməməlidir.

-  Prosesə Türkiyə hüquq-mühafizə orqanlarının qarışması da Sizdə inam əmsalı yaratmır?

“Özünə hörmət edən şəxslər, qurumlar, qüvvələr hakimiyyətdən Rauf Mirqədirovun həbsi ilə bağlı izahat tələb etməlidir”


- Məsələnin o hissəsinə gələcəyik. İndilik bir məqamı demək istəyirəm. Son illərdə bir neçə dəfə bu ittihamdan istifadə olunub. Mənim yadıma gəlir, Novruzəli Məmmədova qarşı belə ittiham var idi. O zaman hamı bu məsələyə çox ehtiyatla yanaşdıq. Çünki bayaq dediyim kimi xarici ölkəyə casusluq çox ağır ittihamdır. O zaman da hüquq-mühafizə orqanları ortaya ciddi bir fakt qoya bilmədilər. Əslində cəmiyyət bu duruma çox sərt şəkildə etiraz etməli idi. Hesab edirəm ki, cəmiyyətin, o sıradan Müsavat Partiyasının bu məsələyə etirazı yetərincə sərt şəkildə olmadı. Sonra bunu Hilal Məmmədova qarşı etdilər. Müsavat Partiyası olaraq biz bu məsələyə sərt etirazımızı bildirdik. Buna görə də ictimai etiraz bir qədər güclü oldu. Bu baxımdan əslində hakimiyyət özü üçün nəticə çıxarmalı idi. İndi də bu ağır ittiham Rauf Mirqədirova qarşı istifadə olunur. Bu gün Azərbaycanda özünə hörmət edən şəxslər, qurumlar, qüvvələr hakimiyyətdən Rauf Mirqədirovun həbsi ilə bağlı izahat tələb etməlidir.

- Müsavat Partiyası belə bir tələb irəli sürübmü?


- Biz bunu mütləq edəcəyik. Mən bilirdim ki, bu gün bu sual burada səslənəcək, ona görə də elə bu müsahibədə Müsavat Partiyasının mövqeyini ifadə etmək istəyirəm. Hakimiyyətdən sərt şəkildə izahat tələb olunmalıdır ki, bu insan nəyə görə tutulub. Hələlik Rauf Mirqədirov haqqında 3 aylıq istintaq müddəti seçilib. Aydındır ki, bu müddət uzadılacaq, ardınca bilinməyən bir müddətdə məhkəmə prosesi davam edəcək. Bu insanlara, vətəndaşlara qarşı zülmdür, böyük bir haqsızlıqdır. Bu qədər zamanı gözləməyə heç bir ehtiyac yoxdur.

- İçinizdə “bəlkə əldə ciddi bir fakt var” deyə bir sual varmı?

- Fakt varsa, ortaya qoysunlar. Biz bu insanın hansı fakt əsasında belə ağır ittihamla həbs edildiyini aydınlaşdırmağa çalışırıq. Biz Müsavat Partiyasını təmsil edirik. Müsavat Partiyasının üzvləri demokratiyaya, vətənə, millətə, müstəqilliyə həddən artıq bağlı insanlardırlar. İndiki hakimiyyətdə təmsil olunanlar Vətənin mənafeyini heç bir halda bizdən artıq qoruya bilməz. İstər Rauf Mirqədirova qarşı, istər haqsız yerə həbs edilən başqa bir şəxslərə qarşı kiçicik, inandırıcı bir fakt qoysunlar ortaya. O zaman təbii məsələyə münasibət dəyişəcək. Yüzdə yüz demək, bəlkə də doğru olmaz, ancaq 99,99 faiz əminəm ki, hüquq-mühafizə orqanlarının əlində Rauf Mirqədirova qarşı heç bir ciddi fakt yoxdur, irəli sürülən ittiham başdan-ayağa uydurmadır. Bu, sadəcə siyasi gedişdir. Bu məsələnin bir tərəfində demokratik ictimaiyyəti zəiflətmək, müxalifətə, müstəqil mediaya, bütünlükdə azad insanlara, vətəndaş cəmiyyətinə zərbə vurmaqdır, ikincisi isə siz dediyiniz məqam ola bilər.

Yəni Türkiyənin daxilində gedən mübarizənin Azərbaycana da sıçramasını nəzərdə tuturam. Türkiyənin daxilində son aylarda AK Parti ilə Gülən camaatı arasında son dərəcə ciddi mübarizə gedir. Bu mübarizə 30 mart bələdiyyə seçkilərində  pik nöqtəyə çatdı. Bu mübarizə hər hansı bir şəkildə Azərbaycana da sıçrayıb. Acınacaqlı orasıdır ki, Türkiyədə bu nəhənglərin arasındakı bir mübarizədir – iki böyük qüvvə üzbəüz gəlib, çox önəmli fiqurlardan söhbət gedir, Azərbaycanda isə vəziyyət tam fərqlidir. Hansısa bir şəxsin evində 20-30 nəfər yığışıb hansısa bir dini günü bayram edirsə, ya Quran oxuyursa, həmin şəxsləri həbs edirlər və bunu da Türkiyədə gedən mübarizəyə Azərbaycan hakimiyyətinin payı kimi təqdim edirlər. Türkiyə hökumətinin Azərbaycan hakimiyyətindən Fətullah Gülən camaatına yaxın şəxslərin zəiflədilməsini istədiyi bəllidir. Görünür, Azərbaycan hökuməti də düşünüb ki, bunun qarşılığında Türkiyədən orada yaşayan, müstəqil düşünən, yazan Azərbaycan vətəndaşlarının cəzalandırılmasını istəsin. Mən bunu çox cılız bir yanaşma hesab edirəm.

“Son illərdə Azərbaycan hüquq-mühafizə orqanları özlərinə haqq qazandıracaq hansı işi görüblər ki, biz onların bu ittihamına da etimad edək?”

- Ancaq görünən budur ki, Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları bu məsələdə tam bir işbirliyi içərisində olublar. O baxımdan deyirik ki, bəlkə Türkiyə kəşfiyyatının hansısa bir məlumatları olub, yaxud da ortada bizim bilmədiyimiz hansısa nüanslar var. Bu suallar sizdə də yaranırmı?

- Mən Türkiyə hakimiyyətinin bu addımını qətiyyən təqdir etmirəm, heç bir zaman müdafiə etmək fikrində də deyiləm. Ancaq Türkiyənin məmurları açıq şəkildə bildirdilər ki, bu həbs onların deyil, Azərbaycan tərəfin istəyi ilə baş tutub. Əgər Türkiyə dövlətinin, hakimiyyətinin əlində Rauf Mirqədirovun hansısa qanunsuz əməlləri ilə bağlı məlumat varsa, o zaman özləri qanuni addımlar atmalı idilər. 17 dekabr Böyük Rüşvət əməliyyatı zamanı Azərbaycan gömrük məmuru həbs edilən zaman Türkiyə hüquq-mühafizə orqanları Azərbaycan hökumətindən xahiş etmədi ki, burada qanunu pozan bir nəfər var, onu həbs edin,  - özləri onu həbs etdilər. Həmin şəxs bugünə qədər həbsdədir. Həmin həbsdə ciddi bir əsas var ki, Azərbaycan hakimiyyəti hələ də o şəxslə bağlı sual qoymur, məsələ qaldırmır. Rauf Mirqədirovun həbsini isə Azərbaycan hakimiyyəti istəyib, Türkiyə hakimiyyəti həyata keçirib. Bir daha bildirirəm ki, Türkiyə hakimiyyətinin bu addımını qətiyyən təqdir etmirəm.

- İsa bəy, Rauf Mirqədirovun yazılarında daha çox Rusiyanın ssenariləri vurulurdu. Belə bir versiya da səslənir ki, Raufun həbsi Azərbaycan hakimiyyətində olan Rusiyanın  “beşinci kalon”unun işidir və bu güc faktiki olaraq Azərbaycan hakimiyyətində əsas söz sahibinə çevrilir. Anar Məmmədlinin həbsi, ardınca Rauf Mirqədirovun həbsi, demokratik düşərgənin ciddi basqı altında salınması Rusiyanın istəyinə tam uyğundur. Sizcə, bu həbsdə Rusiya izi ola bilərmi?

“Görünür Azərbaycan hökuməti də düşünüb ki, bunun qarşılığında Türkiyədə hökumətindən orada yaşayan, müstəqil düşünən, yazan Azərbaycan vətəndaşlarının cəzalandırılmasını istəsin”


- Mümkün versiyadır. İşlənilməli, ciddi araşdırılmalı versiyadır. Mən bunu qətiyyən istisna etmirəm.

- Müsavat Partiyası Rauf Mirqədirovun hüquqlarının müdafiəsi prosesinə qoşulacaqmı?


-Təbii. Biz, bayaq dediyim kimi, hakimiyyətdən izahat tələb edəcəyik, eyni zamanda Rauf Mirqədirovun hüquqlarını müdafiə edəcəyik. Hətta hakimiyyət ortaya ciddi bir sübut qoya bilsə belə insan hüquqlarının müqəddəsliyi prinsiplərindən çıxış edərək biz onun hüquqlarının təmin edilməsini tələb edəcəyik. Çünki günahkarların da hüquqları var və onlar pozulmamalıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar