Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşgəncənin fəsadları - şikəst və qisasçı psixopatlar


Yenə işgəncə xəbərləri gəlir


Təəssüf ki, bunlar təsadüfi adamların iddiası deyil, şübhəli şəxsin vəkili tərəfindən səsləndirilib. İşgəncə üsullarına dair təfərrüatları oxuyursan, adamın əti çimçəşir, sümüyü gizildəyir, qanı donur. Burdan-bura, insanlar işgəncə xəbərinin verdiyi iztiraba dözə bilmirlər.

İndi görün o işgəncəni çəkənlər nə hiss edir. 

Günahının, təqsirinin nə olmasından asılı olmayaraq, insana fiziki əzab vermək olmaz. İstər o işgəncə özünü “kənək qoz” kimi aparan və törətdiyi əməli etiraf etmək istəməyən caniyə, istərsə də siyasi mübarizə apardığını zənn edən və bu ölkədəki “doqquz qüsurlu hərəkət” sayılan aktlardan birinə qol qoyan ictimai fəala verilsin, fərqi yoxdur, işgəncə məqbul cəza növü və profilaktik tədbir sayıla bilməz. 

Hər cinayət əməlinin, inzibati xətanın öz uyğun cəzası var. Heç kəs cinayət və ya inzibati xəta törədənin başının sığallanmasını, yaxud cəzasız buraxılmasını tələb etmir, amma harasa daş atıb şüşə sındıranın vəhşicəsinə döyülməsi normal qəbul ediləsi şey deyil. 
Vaxtilə işgəncəyə məruz qalmış adamlara dair çoxlu filmlər, romanlar, memuarlar var. O əsərlərin hamısında bir leytmotiv keçir. İşgəncə hərtərəfli sağlam adamları fiziki şikəstə, sağalmaz xəstəyə, daha pisi, ruhi tarazlığı pozulmuş şəxsə çevirir. 

Onlar məruz qaldıqları işgəncələri unuda bilmir, yuxuda olarkən tez-tez kabus görür.
Alman yazıçısı Erix Mariya Remarkın məşhur “Zəfər tağı” romanında da söhbət işgəncənin unudulmamasından və sağlam insanın psixikasını zədələnməsindən gedir. Bu adam doktor Ravikdir. O, olduqca humanist və xeyirxah bir insandır, müharibə dövründə hər kəsə əlindən gələn yaxşılığı edir. Ancaq bir gün doktor Ravik vaxtilə ona işgəncə vermiş faşist zabitlə rastlaşır, onu izləyir, ünsiyyət qurur, etimadını qazanır, aldadıb meşəyə aparır və öldürür. Beləliklə, sırf məruz qaldığı işgəncəni unuda bilməməsi üzündən humanist həkim qatilə çevrilir. 

Dünən isə Türkiyə telekanallarından biri 30 il öncə çəkilmiş “Səs” filmini nümayiş etdirirdi. O film də bənzər mövzudadır. 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra həbs edilən və gözübağlı şəkildə qəddar işgəncələrə məruz qalan, nəticədə bir qolu şikəst olan gənc adam tətilə getdiyi sahil qəsəbəsində (Bodrumda) restoranda yemək yeyərkən vaxtilə ona işgəncə vermiş adamı səsindən tanıyır. O da öz cəlladını izləyir, fürsət tapıb onu qaçırır, dəniz sahilində yerləşən tərk edilmiş kəndin kilsəsində saxlayır və haqq-hesab çəkir. O, öz cəlladını öldürmür, eləcə əlləri, gözləri bağlı, çılpaq şəkildə uçuq-sökük tikilidə saxlayır, iztirab verir. 
O film səthi çəkilib. Gənc adamın məruz qaldığı işgəncənin üsulları göstərilmir. Çünki film 12 sentyabr çevrilişini həyata keçirmiş general Kənan Evrenin prezident olduğu dönəmdə lentə alınıb, bu üzdən o mövzulara dərindən girmək mümkün deyildi. Ancaq filmi yaradanlar amansız işgəncələrin normal bir insanı necə psixopata çevirdiyini göstərə biliblər. 
Əsas məsələ də budur: işgəncə insanı hərtərəfli şikəst edir - həm fiziki, həm psixi, həm də mənəvi baxımdan. 

Odur ki, onsuz da psixikasında problemlər yaranmış insanların çoxaldığı cəmiyyətlərdə bir də gəncləri döyə-döyə, sürüyə-sürüyə, seksual təcavüzlə hədələyə-hədələyə psixopata çevirmək, onları cəmiyyət üçün təhlükəli hala gətirmək olmaz. Bu, onlara işgəncə verən cəlladların aqibəti üçün də təhlükəlidir. İşgəncəyə məruz qalanlar daima qisas haqqında düşünən gizli manyaka çevrilirlər və əllərinə düşən ilk fürsətdə qisasçı olurlar. 
Məhz onlar, məhbəslərdə işgəncə görənlər əllərinə fürsət düşəndə sağ qalmış xuntaçılardan - Kənan Evrəndən və Tahsin Şahinkayadan qisas aldılar, yaşları 90-ı aşmış qoca generalları sorğu-suala tutdular, ifadələrini aldılar, acılar yaşatdılar. 

2003-cü ilin oktyabrından sonra ölkədə “İşgəncə kralı” kimi ad çıxaran polkovnik Vaqif Məmmədovun taleyini xatırlamaq gərəkdir. Onun saxlanılan müxalifətçilərə amansız işgəncələr verdiyi hər kəsə məlum idi. Amma özü nəinki hər hansı bir işgəncəyə, fiziki, psixoloji basqıya, təhqirə, hətta adi bir tənqidə də dözə bilmədi. Adı ABŞ-ın insan haqlarına dair illik hesabatında insanlara işgəncə verməkdə hallanan polkovnik hesabatdan xəbər tutan gün ürəktutmasından öldü. İndi çoxları onun adını unudub, ancaq işgəncəyə məruz qalanlar əsla unutmayıblar.

Xalid KAZIMLI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar