Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər girovlarının məsələsi BMT və AŞ PA-da


Elmar Məmmədyarov: “Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülüb”; Əli Həsənov: “Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar”; Qənirə Paşayeva: “Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı əziyyət və işgəncələr verməkdə davam edirlər”


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasındakı çıxışında Kəlbəcər rayonu ərazisində erməni silahlı qüvvələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarına işgəncələrin verilməsi  barəsində məlumat verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında deyib. 

Onun sözlərinə görə, E.Məmmədyarov çıxışı zamanı Qarabağ münaqişəsinə müxtəlif aspektlərdən toxunub. O, sərhədyanı ərazilərdə, qoşunların təmas xəttində Azərbaycanın mülki əhalisinin atəşə tutulması barədə faktları da  BMT ictimaiyyətinin diqqətinə  çatdırıb. “Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşayan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülub”, - deyə nazir əlavə edib.

H.Hacıyev nazirin BMT tribunasındakı çıxışından və dünya ictimaiyyətinə səslənişdən sonra ermənilərin beynəlxalq qınaqla üzbəüz qalması şəraitində girovlarla bağlı addım atıb-atmayacağı barədə proqnoz verməyə çətinlik çəkdi: “Diplomatiyada ən çətin məsələ proqnoz söyləməkdir. Hər halda, cənab nazir ən ali kürsüdən bu məsələni qaldırıb və dünya birliyinə müraciət edib”. Bəs görəsən, prezidentlərin Paris görüşü ərəfəsində girovlar azad oluna bilərmi? Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycan tərəfi təmas xəttində Azərbaycan tərəfə girov düşən ermənini ölkəsinə qaytarmaqla xoş məram nümayiş etdirdi. XİN rəsmisi bu barədə də konkret nəsə deməyin çətin olduğunu vurğuladı. 

Qeyd edək ki, ötən həftə qondarma “DQR”in separatçı rejimi Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduqlarını bəyan edib. Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı. BQXK-dan verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib. 

Bu arada Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyasında da Ermənistanın təcavüzkarlığı və azərbaycanlı girovların məsələsindən danışılıb. Tədbirdə çıxış edən Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb: “ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir”.

Azərbaycanlı girovlardan bəhs edən Ə.Həsənov bildirib ki, bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub: “Onlardan biri - məcburi köçkün Həsən Həsənov əsir götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsən Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir”. 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında irqçilik və dözümsüzlüyün artması ilə bağlı məsələnin müzakirəsində çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev, Dilqəm Əhmədov və öldürülən Həsən Həsənovdan danışıb. Q.Paşayeva çıxışında xatırladıb ki, Ermənistanda nifrətin, dözümsüzlüyün və irqçiliyin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində bu ölkədə etnik təmizləmə siyasəti aparılıb: “1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlılar zorla öz evlərindən çıxarılaraq qovulublar. Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalıda soyqırım həyata keçirib. Bir milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salınıb və onlar 20 ildən artıqdır öz evlərinə dönə bilmirlər”.

 Q.Paşayeva bildirib ki, Ermənistan AŞ PA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal altındakı Azərbaycan torpaqlarını azad etmir: “Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa, Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycanla bağlı dezinformasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında da azərbaycanlılara məxsus bütün dini, tarixi, mədəni abidələri, məzarlıqları dağıdır, bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və videomateriallar var. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı əziyyət və işgəncələr verməkdə davam edilirlər. AŞ PA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır. Düşünə bilirsinizmi, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyət verilir. Mən məruzəni dəstəkləməklə yanaşı, məruzədə son zamanlar narahatlıq doğuran bir məsələnin də öz əksini tapmasını istəyərdim. 

"Avropa Şurası Parlament Assambleyasında Qarabağ probleminin həlli ilə bağlı üzv olduğum Avropa Liberal Demokratik Alyansda da gərgin müzakirələr olub". “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. Deputatın sözlərinə görə, əvvəlcə erməni millət vəkili Zöhrabyan, Qarabağ erməniləri üçün Azərbaycanda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi və bildirdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir. Millət vəkili Rafael Hüseynov onun cavabını verib ki, işğalla öz müqəddəratını təyinetmə arasında fərqi doğru anlamaq lazımdır. Bir qədər sonra təkrar söz alan erməni millət vəkili Krımla Qarabağın müqayisəsinin yanlış olduğunu, bu məsələnin Şotlandiya ilə müqayisə olunmasının daha yerində olacağını dilə gətirib. Daha sonra Fazil Mustafa yenidən söz alıb: “Bu dəfə mən söz alaraq, bunun erməni həyasızlığı olduğunu bildirdim. Və təklif etdim ki, Avropa Şurası Ermənistanın Qarabağı işğalı sözünü işlətməkdən qorxursa, o zaman Krımın da, Gürcüstan ərazilərinin də işğalından danışmaqdan imtina edin. Ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, işğal etdikləri əraziləri boşaltsınlar, bütün qaçqınlar öz torpaqlarına qayıtsınlar, o zaman bölgənin bütün əhalisi ilə birlikdə Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər. Yenidən söz almaq istəyəndə, mən də cavab verəcəyimi bildirdiyimə görə spiker müzakirələri kəsdi”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbacanın nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sessiyada Azərbaycanda yaşayan ermənilərdən bəhs edib: “Bəzən Azərbaycanda ermənifobiyanın mövcud olması səslənir. Bu mifin dağılmasına misal çəkərək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik erməni yaşayır. Əksinə, Ermənistanda Azərbaycanfobiyanın mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmə nəticəsində bütün azərbaycanlıların deportasiya olunması və ən ağrılısı Azərbaycan torpaqlarında azərbaycanlıların qətlə yetirilməsidir”.

***
AzərbaycanErmənistan prezidentlərinin Paris görüşü ərəfəsində Fransa paytaxtında ölkəmizə qarşı təxribata yol verilib. Belə ki, Parisdə keçirilən “IFTM Top-Resa-2014" turizm sərgisinə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndə heyəti də qatılıb. Mediaforum saytı armtoday.info-ya istinadla xəbər verir ki, separatçı rejimin nümayəndə heyətinə yerli turizm idarəsinin rəhbəri Sergey Şahverdiyan rəhbərlik edib. Separatçı rejimin nümayəndə heyəti üçün ayrılmış pavilyonda Dağlıq Qarabağ bölgəsi, yerli turizm xidmətləri haqda məlumatların yer aldığı ədəbiyyat təqdim olunub.

Armtoday.info Azərbaycan təmsilçilərinin Dağlıq Qarabağı sərgidən uzaqlaşdırmaq cəhdlərinin boşa çıxdığını bildirir. "AzərTAc"ın məlumatına görə, Parisin məşhur “Porte de Versailles” salonunda keçirilən “Top Resa” dünya turizm sərgisinə dünyanın 164 ölkəsindən 1200-ə yaxın şirkət qatılıb. Azərbaycanı bu il sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geo travel”, “Gilanturizm”, “Regea travel”, “Proxy travel” və “SW travel” turizm şirkətləri təmsil edib.

Rəsmi Bakı isə məsələni araşdırır. XİN-dən bildirildi ki, Fransadakı səfirlik bu məsələ ilə bağlı müvafiq araşdırma aparır: “Fransanın rəsmi qurumlarına bununla əlaqədar müraciətlər olub, məsələ araşdırılır. Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atıb və bu ənənələrə sadiq qalıb”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar