Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin “hədəfdə mənəm” bəyanatına ilginc reaksiyalar


Sərdar Cəlaloğlu: “Əgər ”hədəfdə mənəm" deyirsə, bu, o demək deyil ki, həmin fikri olduğu kimi qəbul etməliyik"; Fəzail Ağamalı: “Onların marağı Azərbaycanda zəif hakimiyyətin, sözəbaxan dövlət başçısının olmasına hədəflənib”


Arif Hacılı: “Azərbaycan üçün zəruri olan islahatlar həyata keçməyincə, indiki iqtidar daim hədəfdə olacaq”.

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev çıxışında sensasion bəyanatlar verib. Dövlət başçısı Azərbaycanla bağlı hazırlanan planlardan bəlkə də bu vaxta qədər olmadığı şəkildə açıq danışıb. 

Prezident ölkədəki siyasi vəziyyətlə bağlı danışarkən “əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük”, deyərək, MDB məkanındakı, Avropadakı, Yaxın Şərqdəki vəziyyəti nümunə gətirib. “Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur” deyən dövlət başçısı ardınca rəsmi Bakıya ünvanlı ittihamların detallarına toxunub. Prezident Əliyev “Bizə gəldikdə, bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bugünlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir”, - deyə o sual edib. İkili münasibətlərin səbəbinə gəldikdə əlavə edib: “Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. 

Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır".
 
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında öncə “diplomatlara dil fikirlərini gizlətmək üçün verilib, demək üçün yox” məşhur deyimini xatırlatdı. Daha sonra isə bunları söylədi: “Əgər İlham Əliyev ”hədəfdə mənəm" deyirsə, bu, o demək deyil ki, biz həmin fikri olduğu kimi qəbul etməliyik. Sadəcə olaraq, ölkəyə, dövlətin siyasətinə başçılıq edən İlham Əliyevdir. Təbii ki, aparılan siyasətə, yaxud yaranmış böhrana görə birinci şəxs kimi İlham Əliyev məsuliyyət daşıyır. Bu məsuliyyətdən dolayı da zaman-zaman Azərbaycan iqtidarının ünvanına deyilən tənqidlər elə həm də birinci şəxsin ünvanına deyilmiş olur. Bu mənada o, həmin fikirləri deyib və bu da təbiidir". 



S.Cəlaloğluna görə, hazırda təkcə Azərbaycan prezidenti hədəfdə deyil: “Məgər Putin hədəfdə deyil? Eləcə də Avropa ölkələrinin liderləri, yaxud Amerika prezidentinin özü hədəfdə deyilmi? Yəni birinci şəxs ölkəsində baş verən bütün hadisələrə görə cavabdehlik daşıyır. Kimsə İlham Əliyevi qoyub Azərbaycanda beşinci, onuncu dərəcəli məmura deyə bilməz ki, niyə ölkədə siyasi məhbus, böhran, ya başqa problem var? Amma bundan uzağa gedən nəticə gözləməyə dəyməz. 

Bəziləri belə düşünür ki, İlham Əliyev bununla demək istəyir məni yıxmaq istəyirlər. Bu, belə deyil. Bundan qabaq Co Baydenin Azərbaycan iqtidarına yönəlik tənqidi oldu. Xatırladaq ki, İlham Əliyev axırıncı dəfə Amerika səfəri zamanı çox yüksək səviyyədə qarşılanmışdı. Biz beynəlxalq təcrübədən bilirik ki, Amerika liderləri ilə bu cür görüşlər müəyyən öhdəlikləri üzərinə götürdükdən sonra mümkün olur. Məsələn, dövlət başçısı Baydenlə, Kerri ilə görüşdü. Onlarla görüşəndə yəqin ki, Azərbaycan iqtidarı müəyyən vədlər verib. Baydenin mövqeyindən belə aydın oldu ki, Azərbaycan iqtidarı Xədicə İsmayılovanı azad etməklə bağlı öhdəlik götürəndən sonra görüş baş tutub. Lakin onlar azadlığa buraxılmayanda belə çıxdı ki, həmin adamlar aldadılıb. Ona görə də diqqət etdinizsə, Baydenin məlum müraciətindən bir gün sonra Xədicə İsmayılovanı buraxdılar. Azərbaycan prezidenti də o çıxışı nəzərdə tutub və ”hədəfdəyəm" deyib. Amma əslinə qalsa, söz verilmişdisə, səfərdən dərhal sonra Xədicəni və digər siyasi məhbusları azad etsəydilər, məncə, İlham Əliyev hədəfdə də olmayacaqdı".

ADP sədri istənilən halda sərgilənən kəskin mövqelərin, səslənən tənqidlərin hakimiyyət dəyişikliyi hazırlığının anonsu olmadığı qənaətindədir: “Azərbaycanda bu hakimiyyətin dəyişilməsi ilə bağlı tələb yoxdur. Hakimiyyətlər sənin-mənim arzumuzla, ya xaricilərin istəyi ilə dəyişmir. Gərək sosial tələb olsun, cəmiyyət yeni bir hakimiyyət, yeni bir lider istəsin. Onda da xaric bunu ya yubada, ya sürətləndirə, dəstək verə bilər. Bu gün Azərbaycan cəmiyyətində yeni bir liderin ortaya çıxması, yeni bir hakimiyyətin formalaşması, yeni bir nizamın meydana çıxması ilə bağlı ciddi bir tələb yoxdur”.



Müsavat Partiyasının başqanı Arif Hacılı isə özünün facebook səhifəsində məsələyə münasibətini açıqlayarkən bunları bildirib: “İlham Əliyev özünü Beynəlxalq Birliyin, Qərb dövlətlərinin hədəfi adlandırmaqda tamamilə haqlıdır. Əslində o yalnız Qərbin deyil, həm də Azərbaycan xalqının əksəriyyətinin də hədəfindədir. Seçki sisteminin ləğv edildiyi, azad məhkəmələrin olmadığı, mətbuat, ifadə, sərbəst toplaşma azadlıqlarının təhdid olunduğu, müxalif fikirli insanların qondarma ittihamlarla həbsə atıldığı, korrupsiyanın tüğyan etdiyi bir ölkənin rəhbəri, əlbəttə, hədəf olacaq. Hədəf olmamaq üçün sözdə yox, əməldə demokratik inkişaf yolu seçilməli, siyasi məhbuslar azadlığa buraxılmalı, azad seçkilər keçirilməli, real hakimiyyət bölgüsü aparılmalı, insan haqlarına əməl olunmalı, ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyəti qurulmalı, liberal iqtisadi münasibətlər, korrupsiyasız azad bazar iqtisadiyyatı yaradılmalıdır. Bunlar üçün isə heç bir xarici və daxili təzyiqlərə ehtiyac yoxdur. Sadəcə, Azərbaycan Konstitusiyasına, xalq və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə əməl etmək lazımdır. Azərbaycan üçün zəruri olan bu islahatlar həyata keçirilməyincə, indiki iqtidar, ilk növbədə İlham Əliyev daim hədəfdə olacaq”. 



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, bu, əslində ölkə prezidentinin həyata keçirdiyi siyasətə Azərbaycanı istəməyən, anti-Azərbaycan qüvvələrinin münasibətinin ifadəsi kimi qiymətləndirilməlidir: “Yəni onlar ölkə prezidentinin dediyi kimi, Azərbaycanı idarə olunan ölkələrdən birinə çevirməyə çalışırlar ki, öz istəklərinə nail olsunlar. Ölkə prezidenti özünün müstəqil siyasəti ilə, Azərbaycan xalqının iradəsinə söykənərək, müstəqil addımlar atmaqla Azərbaycanda bir çox dövlətlərin və Azərbaycanı istəməyən qüvvələrin maraqlarının reallaşmasına imkan vermir”. 

F.Ağamalı qeyd etdi ki, əslində bu cür münasibət bütün mənalarda başa düşülə bilər: “Yəni Azərbaycanı istəməyən qüvvələr, xüsusi olaraq ErmənistanErmənistanı dəstəkləyən ölkələr, ayrı-ayrı siyasətçilər, erməni diasporu və erməni lobbisi qarşısında İlham Əliyevi gördükcə onlar öz istəklərinə çatmayacaqlarının fərqindədirlər. Ona görə də təbii ki, onların marağı Azərbaycanda zəif hakimiyyətin, sözəbaxan dövlət başçısının olmasına hədəflənib. Lakin bunların hər birinin qarşısında Azərbaycan xalqının iradəsi, xalqın Heydər Əliyevin siyasətinə sədaqəti dayanıb.  Əlbəttə, bütün bunlara söykənərək, ölkə prezidenti İlham Əliyevin son dərəcə qabiliyyətli, bacarıqlı liderlik keyfiyyətləri və Azərbaycan xaldı tərəfindən ona göstərilmiş böyük rəğbət və dəstək də dayanıb. Mən bundan sonra da tam əminəm ki, Azərbaycan xalqı ölkə prezidentini birmənalı olaraq dəstəkləyəcək, müdafiə edəcək və bu cür düşmən niyyətlərin reallaşmasına imkan verilməyəcək”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar