Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal güclərin geosiyasi savaşında qorxulu mərhələ


İki təməl prinsipi eyni dərəcədə legitimləşdirən “Kosovo təcrübəsi”nin və “Krım presedenti”nin ardınca dünyanı referendumlarla yenidən bölüşdürmək dalğası güclənib; xalqların iradəsi ilə manipulyasiya etnik-ərazi münaqişələri ilə yüklənmiş bir çox ölkələrə qaranlıq perspektiv vəd edir...


Bu gün bütün dünyanın diqqəti sentyabrın 18-də Şotlandiyada keçiriləcək referenduma yönəlib. Məhz həmin gün şotlandlar Böyük Britaniyanın tərkibində qalmağı, yoxsa müstəqil dövlət olmağı dəqiqləşdirəcəklər. Referendumun unikallığı ondadır ki, o, uzunmüddətli sülh danışıqlarının yekunu kimi ortaya çıxıb və prosedur olaraq Şotlandiyanın yerli hakimiyyəti ilə Böyük Britaniya hökuməti arasında razılaşdırılıb.

Noyabrın 9-da isə Kataloniyada analoji referendum nəzərdə tutulub. Lakin Şotlandiyadan fərqli olaraq İspaniya hökuməti ona fəal şəkildə mane olmağa çalışır, çünki bunu ölkə konstitusiyasına zidd hesab edir. Beləcə, qısa zaman ərzində planetin ən qabaqcıl və stabil hissəsində - Qərbi Avropanın iki aparıcı ölkəsində sərhədlərin referendumla dəyişdirilməsinin müxtəlif modelləri sınaqlardan keçəcək: Şotlandiyada qarşılıqlı anlaşma və konsensus əsasında, Kataloniyada isə İspaniyanın mərkəzi hakimiyyətinin iradəsinə zidd olaraq. 

Dünyanın “referendumla təzədən bölünməsi” kimi təhlükəli dalğaya bir neçə ay öncə, həmişə olduğu kimi, olduqca spesifik üsullardan yararlanan Moskva tərəfindən start verilib: Kiyevdə hakimiyyət uğrunda mübarizəni fürsət bilən Rusiya sakitcə Krıma hərbi ekspansiyanı həyata keçirib, ardınca isə formal blits-referendumla yarımadanı özünə birləşdirib. Martın 16-da isə Krımdakı “referendum” Putinin ilhaq planına uyğun şəkildə muxtar qurumun Ukraynadan qoparılmasına hüquqi əsas yaradıb.

Lakin belə spesifik “referendum üsulu” əlbəttə ki, spontan və boş yerdən meydana çıxmayıb - Kreml buna bir neçə il ərzində, metodik şəkildə hazırlaşıb. Özünün neo-imperiya planlarının ilk sınağını da o, hələ 2008-ci ildə Gürcüstanda keçirib. Həm 2008-də - nə vaxt ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, həm də 2014-cü ildə - nə vaxt ki, Krımı Ukraynanın tərkibindən qoparıb, Moskva Qərbin müasir təcrübəsindən yararlanıb və məlum “Kosovo presedenti”ni özündən itələyib. 

Bəllidir ki, 2008-ci ilin fevralında Kosovo NATO ölkələrinin dəstəyi ilə birtərəfli qaydada öz müstəqilliyini elan edib və az sonra Haaqa Məhkəməsi və BMT bu faktı təsdiq edib. “Kosovo presdenti” lap əvvəldən onunla seçilirdi ki, ilk dəfə olaraq mövcud beynəlxalq praktikada mahiyyət etibarilə xalqların öz müqəddəratını təyinetmə hüququnun ardıcıl şəkildə gerçəkləşməsi və bununla da dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi təməl prinsipin sarsıdılması hesabına müstəqilliyi əldə eləməyin hüquqi presedenti tam gücü ilə reallaşırdı. 

Bu iki prinsipin toqquşması zamanı beynəlxalq praktikada uzun müddət ərazi bütövlüyünə üstünlük verilib və bununla da dünyada müəyyən ölçüdə sabitliyi saxlamaq və dağıdıcı separatçı energetikanı cilovlamaq mümkün olub. “Kosovo presedenti” isə beynəlxalq düzənin bütün konfiqurasiyasını konseptual olaraq pozdu və ölkələrin ərzi bütövlüyü prinsipinin universallığı və toxunulmazlığını real şəkildə sual altına saldı. 
Öncədən də şəkk-şübhə doğurmurdu ki, diqqətlə düşünülən və məharətlə həyata keçirilən belə bir eksperiment təkcə Kosovo diyarına münasibətdə “birdəfəlik istifadə” üçün deyil, ümumən uzaq gedən planlarla birgə beynəlxalq hüquqi presedent kimi fikirləşilib. Nəzərə alsaq ki, dünyada 200-dən çox qaynar və dondurulmuş separatçı münaqişə ocaqları var, aydındır ki, beynəlxalq orbitə təhlükəli “Kosovo modeli”nin buraxılması qlobal məqsədlər güdürdü və özündə dünyanın bu və ya başa regionunda təkrarlanmaq kimi permanent təhlükə daşıyırdı .  
Və gözləmək çox lazım gəlmədi: Kosovonun müstəqilliyini tanımayan Rusiya 2008-ci ildə hərbi təcavüzün gedişində birtərəfli qaydada Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri tanıdı və bununla da təhlükəli “Kosovo presedenti”ni özünəməxsus şəkildə təkrarladı. Bu ilin yazında isə başqa bir formada və yenə də “Kosovo presedenti”nə istinadla bu təcrübəni növbəti dəfə təkrar elədi.

“Kosovo təcrübəsi” faktiki surətdə hər iki prinsipi eyni dərəcədə legitimləşdirdi və bununla da fövqəldövlətlərin geosiyasi konyukturu və praqmatik maraqlarından asılı olaraq onlardan gah birini, gah da digərini (ixtiyari) seçmə imkanı yaratdı. Söz yox ki, bədnam “Kosovo presedenti” və onun referendum praktikası ilə “dolğunlaşdırılması” aparıcı güc mərkəzlərinin (ABŞ, NATO, Avropa Birliyi, Rusiya, Çin və s.) dünya xəritəsini təzədən geosiyasi zəmində dəyişdirmək və öz qlobal maraqlarını gerçəkləşdirməkdə onların legitim imkanlar diapazonunu əhəmiyyətli ölçüdə genişləndirir. Ancaq eyni zamanda belə bir təcrübə beynəlxalq qayda-qanunun əsaslarını tamamilə sarsıdır və analoji münaqişələrlə yüklənmiş bir çox ölkələri dəyişkən geosiyasi konyukturanın girovuna çevirir - hansını ki, artıq müşahidə etməkdəyik. 
Təəssüflə etiraf eləmək lazım gəlir ki, müasir reallıqlarda referendum tez-tez bu və ya başqa siyasi hədəflərə çatmaq və xalqların iradəsi ilə manipulyasiya etmək üçün əlverişli vasitəyə çevrilib. İş də ondadır ki, kiminsə ekspansionist və neo-imperiya maraqlarına oynaya-oynaya referendumla demokratiyanı möhkəmləndirmək də olar, dəfn eləmək də, cəmiyyəti birləşdirmək də olar, vətəndaş qarşıdurması yaratmaq da, separatizmi önləmək də olar, onu məntiqi sonluğa çatdırmaq da, ölkənin ərazi bütövlüyünü qorumaq da olar, pozmaq da. 
Müasir siyasi mentalitet baxımından bir sıra mübahisəli problemlərin referendum yolu ilə həlli ilk baxışda ən optimal və demokratik yol kimi görünür. Axı xalqın iradəsi hər şeydən üstündür. Və bu mənada da Şotlandiyadakı referendumun hüquqiliyi və legitimliyi kimsədə şübhə doğurmur. Lakin bu, daha çox qaydadan istisna halıdır. Zira, səslərin dürüst sayılmasını həddən ziyadə çətinləşdirən yüksək demokratiya standartlarından uzaq, böhranlı və ya hərbi situasiyalarda referendum məhz xalqın iradəsi ilə manipulyasiya alətinə çevrilir. 
Heç də təsadüfi deyil ki, müasir Almaniyada referendumlar və plebissitlər yasaq edilib - ölkə konstitusiyasında onların keçirilməsi nəzərdə tutulmayıb. Hamısı da ona görə ki, almanlar özlərinin nasizm dövründəki acı təcrübəsində manipulyasiya edilən referendumların hansı düzəldilməz ağır sonuclara gətirdiyinə əminlik hasil ediblər. Məhz Almaniyadakı referendum nəticəsində ölkə Millətlər Liqasından çıxmışdı və yenə də referendum sayəsində mübahisəli ərazini - Fransa ilə həmsərhəd Reynsland bölgəsini ilhaq eləmişdi. Hitler mütləq diktatura hakimiyyətini də xalqın əlindən referendum yolu ilə almışdı. Odur ki, hazırkı Almaniya saxtalaşdırma riski daşıyan referendumlardan ehtiyatlanmaqda xeyli dərəcədə haqlıdır. 

****
Krım referendumu bu xüsusda, ümumiyyətlə, “absurd teatrı” idi və heç bir hüquqi və prosedur əsasa söykənmirdi, tələsik və bütünlüklə qəbuledilməz şəraitdə keçirilmişdi. Ukrayna Konstitusiyası da regional referendumları nəzərdə tutmurdu. Krım yarımadası suveren Ukraynanın ərazi bütünlüyü pozulmaqla Rusiya hərbi birləşmələri tərəfindən öncədən zəbt edilmiş, Krımın qanuni parlamenti qovulmuş, yerində tələm-tələsik separatçı (moskvayönlü) qanunverici orqan yaradılmış, referendumun keçirilməsi üçün isə gülməli şəkildə az bir müddət - cəmi 10 gün ayrılmışdı. 

Həmçinin ATƏT təmsilçiləri və başqa beynəlxalq müşahidəçilər Krıma buraxılmır, Krım tatarları və yarımadadakı ukraynalıların, habelə Ukrayna hakimiyyətinin iradəsi tamamən qulaqardı edilmişdi, bülletenlərə status-kvonun saxlanması haqda cavab variantı salınmamışdı. Bundan əlavə, referenduma qədər birtərəfli təbliğat aparılmış, çoxsaylı qorxudulma, təxribat aktları baş vermiş, səsvermə faktiki surətdə işğalçıların avtomat lülələri altında reallaşmışdı. O üzdən onun nəticələrini dünya tanımadı.

Bu gün Şotlandiyadakı referendum ərəfəsində Moskva hansısa paralellik tapmağa və “Krım referendumu”na postfaktum eyni dərəcədə legitimlik statusu qazanmağa cəhd edir. Eyni qaydada o, daim “Kosovo presedenti”nə istinad edərək, Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan qoparılmasını qanuniləşdirməyə çalışır. Halbuki Moskvanın mütəmadi şəkildə Kosovo və ya Şotlandiya təcrübəsinə müraciət eləməsi tənqidə dözümsüzdür, çünki Krımda nə hüquqi, nə də prosedur baxımından heç bir qayda gözlənilməyib. Bununla belə, etiraf edilməlidir: necə ki, zamanında “Kosovo təcrübəsi” başqa separatçı münaqişələr üçün təhlükəli presedent əsası yaratdı, eləcə də hazırkı “referendum təcrübələri” (Krım, Şotlandiya, Kataloniya) nümunə kimi istifadə oluna və dünyanın “referendumla təzədən bölüşdürlməsi” üçün təhlükəli dalğanın katalizatoru ola bilər.

****
Bu gün dünyanın diqqəti sentyabrın 18-də Şotlandiyada keçiriləcək referenduma yönəlib. Hələlik onun nəticəsini təxmin eləmək olduqca çətindir, ona görə ki, Britaniya himayəsi altında qalmaq istəyənlərin mövqeyi ilə siyasi-iqtisadi məsələləri müstəqil şəkildə həll eləmək istəyənlərin mövqeyi təxminən bərabərdir. 

Böyük Britaniyadan ayrılmaqla Şotlandiya bir sıra problemlə üzləşəcək. O halda şotlandiyalılar Britaniya funtu ilə vidalaşmalı olacaqlar, həmçinin Avropa Birliyinə qoşulmaqla bağlı bir çox problemlər ortaya çıxacaq. Bununla belə, referendum məsələsi İngiltərə və Şotlandiya hökumətləri arasında razılaşdırılıb və proses artıq geridönməz xarakter alıb.

İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik referendumunun keçirilməsi məsələsi isə daha böyük maraq kəsb edir. 2012-ci il noyabrın 25-də Kataloniya parlamentində deputatların əksəriyyəti referendumun “lehinə” səs verib və rəsmi tarix müəyyən edilib - 2014-cü ilin 9 noyabrı. Yada salaq ki, Kataloniya illərdir müstəqil dövlətə çevrilmək tərəfdarı kimi çıxış edir. Əsas səbəb qismində isə yüksək vergilər göstərilir. Öz növbəsində İspaniya referenduma qarşıdır, çünki konstitusiyaya görə, buna yalnız mərkəzi hökumət razılıq verməlidir. Avropa Birliyi də referenduma qarşıdır. Odur ki, indi hamını bir sual düşündürür: Kataloniyanın yerli hökuməti qadağaya baxmayaraq referenduma gedəcəkmi və gedəcəksə, o halda İspaniyanın mərkəzi hakimiyyətinin buna repressiv cavabı necə olacaq?  

Ancaq Şotlandiya və Kataloniyadakı referendumlarla dünyanın “referendumla təzədən bölünməsi” dalğası başa çatmır. Venesiya da aktiv şəkildə İtaliyadan ayrılmaq və Napoleona kimi mövcud olmuş Venesiya Respublikasını bərpa eləmək istəyir. İstisna deyil ki, dəfələrlə ayrılmaq hüquqları olduğu haqda bəyanat vermiş Belçikadakı valonslar, Avstriyadakı tirolslar da kataloniyalıların nümunəsini təkrar edəcəklər.
Müstəqilliklə bağlı referendum iddiaları bu gün fəal şəkildə İran azərbaycanlıları, İraqdakı və Türkiyədəki kürdlər, Çindəki uyğurlar və s. tərəfindən də səslənir. Referendum kartından habelə Dnestryanı bölgə, Abxaziya və Dağlıq Qarabağdakı separatçı rejimlər də yararlanmaq istəyir. Moskvanın planlarında “Krım variantı”na uyğun şəkildə başqa qonşu ölkələrin (Qazaxıstan, Estoniya və s.) ərazi bütövlüyü altına “referendum minaları”nın qoyulması da daxil ola bilər. Real separatçı energetikadan istifadə olunmaqla analoji cəhdlər tam mümkündür ki, digər ambisiyalı ölkələr tərəfindən də edilsin. 

Bu mənada referendumlar paradın qaynar mərhələsindədir və Yalta-Potsdam sistemi ilə qurulmuş, Helsinki Yekun Aktı ilə möhkəmləndirilmiş əvvəlki dünya düzənini tamamən dağıtmaqla təhdid edir. Odur ki, Roma Papasının bir neçə gün öncə yeni dünya müharibəsinin başlamasının real əlamətləri haqda söylədiyi ciddi şəkildə düşünməyə vadar edir. Separatçı münaqişələrin artması və “dünyanın referendumla yenidən bölünməsi” dalğası ələlxüsus da qlobal və regional miqyasda geosiyasi mübarizənin ifrat kəskinləşməsi fonunda Azərbaycan da daxil, bir çox ölkələrə olduqca qeyri-müəyyən və həyəcanlı perspektiv vəd edir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar