Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirov “erməni casusu” elan edildi


Dövlətə xəyanətdə ittiham olunan jurnalist MTN-də saxlanır; vəkil Fuad Ağayev deyir ki, iqtidar dayanmayacaq, başqa həbslər də gözlənilir: “Rauf bu ittihamları qəbul etmir; Türkiyə dövləti jurnalistin hüquqlarını pozub”; Elçin Şıxlı: “İttiham aktında yazılanların heç birinə inanmıram...”


Aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilən, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında şübhəli şəxs kimi saxlanılan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı rəsmi ittiham elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat” verilən məlumatda deyilir: “Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”. Rəsmi məlumatda bildirilir ki, R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

 Qurumun məlumatına görə, R.Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub. Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

“İttiham aktında yazılanların heç birinə inanmıram. O, 2008-ci ildən bəri, artıq 6 ildir belə fəaliyyətlə məşğuldursa, onda indiyədək biz harda idik?” Mirqədirovun işlədiyi “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının rəsmi məlumata münasibəti belə oldu. Baş redaktorun sözlərinə görə, R.Mirqədirova qarşı irəli sürülən ağır ittihamın haradan qaynaqlandığı barədə heç bir ehtimalı yoxdur: “Absurd bir ittihamdır. İttiham hər hansı epizod ətrafında olur. Bu epizodun nədən ibarət olduğu da məlum deyil”. E.Şıxlı qeyd etdi ki, həbsin motivləri barədə aydınlıq yaranandan sonra müvafiq qurumlara müraciət etməsi istisna deyil. R.Mirqədirovun akkreditasiyasının ləğv olunacağı barədə əvvəlcədən məlumatlı olduğu, hətta iki həftə öncə Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərdiyi halda bu məsələni ictimailəşdirməməsinin səbəbinə gəldikdə, baş redaktor dedi ki, jurnalistin özü ilə məsləhətləşib belə qərar verib: “Bu, başqa bir ölkə olsaydı, o saat hay-küy salardım. İndi mən Türkiyə ilə də dava eləyim? Söhbət bundan gedir”.

Bu arada R.Mirqədirovun xanımı Adilə Babaxanova  jurnalistin ailəsi üçün pul yığılması ilə bağlı facebook-da yayılan elanla əlaqədar  KİV-ə müraciət edib. “Naməlum adamlar bizim adımızdan elan yayaraq pul toplamağa çağırış ediblər. Biz heç kimə müraciət etməmişik və heç kimə pul toplamaq üçün səlahiyyət verməmişik”, - o bildirib. A.Babaxanova onu da qeyd edib ki, uşaqla birlikdə Ankaranı tərk edib və hazırda Türkiyədə deyil.

R.Mirqədirov özü təyyarədə olarkən Ankarada yaşayan jurnalist Zaur Bayramlıya telefon açıb və “iki ölkə rəhbərlərinin bazarlaşmasının” qurbanı olduğunu deyib. R.Mirqədirov deyib ki, onun problemləri baş nazir Ərdoğan Bakıdan dönən kimi başlayıb: “8 apreldə akkreditasiyam heç bir əsas olmadan ləğv olundu. Dərhal da ölkəni tərk etmək tələbi qoyuldu”. Mirqədirov şübhələnir ki, Ərdoğan rəsmi Bakıya Azərbaycanda sıxışdırılacaq türkiyəlilərin siyahısını verib.

Leyla Yunus: “Rauf Mirqədirovu niyə tutublar, anlamıram; gəlib məni həbs etsinlər”

Ayrı-ayrı siyasi çevrələrdən də jurnalistin həbsinə ehtiyatlı reaksiya verilib. Həbs müəmmalı olması səbəbindən əksəriyyət bu barədə konkret fikir söyləməməyə üstünlük verir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova belə deyib: “Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları  məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir”.

“Rauf Mirqədirov hələlik dövlətə xəyanətdə şübhəli bilinir. Yəqin ki, məsələ tam olaraq aydınlaşacaq. Çünki Rauf Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir”. Bunu modern.az saytına açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib. O bildirib ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyədə fəaliyyət göstərən əməkdaşı Rauf Mirqədirovun tutulması ona da təəccüblü gəlir. E.Məmmədov R.Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını da bildirib.


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Yeni Müsavat”a deyib ki, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur: “Bircə məlumatım olan budur ki, vətənə xəyanət maddəsi ilə ittiham olunur. Bu, çox ağır bir ittihamdır”.


“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim, rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir”. Bunu isə modern.az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus R.Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. Bildirib ki, R.Mirqədirovun həbsində heç bir məna yoxdur. L.Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb: “Rauf Mirqədirovu niyə tutublar, anlamıram. Gəlib məni həbs etsinlər”. İnstitut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib. “Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. İndi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilərəm?! Bizdə hansı dövlət sirri var ki?!”-deyə L.Yunus qeyd edib. Xatırladaq ki, L.Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda R. Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.


“Jurnalist Rauf Mirqədirovun deportasiya olunması Türkiyə tərəfinin istəyidir”. Bu haqda Azadlıq Radiosuna Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətini rəhbəri Elsevər Salmanov məlumat verib. O deyib ki, “səbəbi Azərbaycan tərəfdən qaynaqlanan bir şey olsaydı, biz bilərdik, bu haqda məlumat verərdik. Bu, Türkiyə tərəfinin istəyidir. Türkiyə ilə əlaqəsi kəsildiyinə görə səfirlik dolğun məlumat verə bilməz”.

“Rauf Mirqədirovun yazılarındakı tənqidlər ola bilsin hakimiyyətdə kimlərisə çox narahat edib. Deyim ki, bu, görünən idi. Bəlkə də xəyanət deyəndə onun Ermənistana bir neçə dəfə konfranslara gedib-gəlməsini nəzərdə tuturlar. Bundan əlavə bir şey bilmirəm”. Bunu Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azadlıq Radiosuna deyib. A.Əliyev deyib ki, əlində konkret faktlar olmasa da, o, həbsin “Ərdoganın siyahısı” ilə bağlı olduğunu düşünür: “Ərdoğanın səfərindən dərhal sonra bu kimi məlumatlar səslənib. Məhz ideologiya-informasiya sahəsində insanların təqib olunması və  eyni prosesin Türkiyədə də başlanması bunun inandırıcı olduğuna dəlalət edən faktorlardır.

Qaldı ki, Rusiya məsələsinə Rauf Mirqədirov həmişə Rusiyaya qarşı kəskin tənqidlərlə çıxış edib. Hətta bilirdim ki, bu tənqidlər Rusiyanın Azərbaycandakı səfirliyini də narahat edir. Bu, Rusiyaya görə olsaydı, indiyə qədər iki ölkə arasında daha həssas məqamlar olub, onda olardı”.

Xatırladaq ki, 2010-cu ildən Türkiyədə yaşayan R.Mirqədirovun akkreditasiyası aprelin 8-dən dayandırılıb.  Hazırda onun hüquqlarını vəkil Fuad Ağayev müdafiə edir. Aprelin 21-də müvəkkili ilə görüşən vəkil iş gününün sonunda mətbuat konfransı keçirib. “Yeni Müsavat”ın əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, mətbuat konfransında vəkil bildirib ki, yəqin bu dəqiqələrdə Ermənistan xüsus xidmət orqanları bayram edirlər.   

Rauf Mirqədirovla görüşən vəkili şok açıqlamalar verdi - Audio-Video

“Çünki onlar özlərinin ən güclü, savadlı, bu sahə üzrə tam peşəkar olan rəqiblərini sıradan çıxarıblar ”.   

Vəkil jurnalistlərə deyib ki, müvəkkili ilə bu gün səhər MTN-in təcridxanasında görüşüb. R. Mirqədirov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Vəkilinə deyib ki, bu cür ağır cinayət suçlamalarını qəbul etmir, absurddur, o, heç bir cinayət əməli törətməyib, hamısı böhtandır. Daha sonra vəkilin iştirakı ilə R. Mirqədirovu Nəsimi Rayon Məhkəməsinə aparıblar və orada barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçiblər. Mirqədirov ifadə verməkdən imtina edib.

Vəkil  R. Mirqədirovun bu şəkildə Azərbaycana verilməsinə görə Türkiyə dövlətini qınayıb və deyib ki, R. Mirqədirovun hüquqları kobud şəkildə pozulub:  “Türkiyə Rauf Mirqədirova  qarşı Azərbaycan dövləti ilə birlikdə hüquqpozmalara şərik olub. Onun Azərbaycana bu şəkildə verilməsi qanunsuzdur, bu, deportasiya yox, ekstradisiyadır. Rauf polis tərəfindən saxlanarkən, tələb etməsinə baxmayaraq, onu vəkillə təmin etməyiblər. Dostları vəkillə polisə gələrkən isə Raufu oradan çıxarıblar”. F. Ağayev iddia edib ki, Türkiyə Rauf Mirqədirovu Bakıda tutacaqları ilə bağlı əvvəlcədən məlumatlı olub.

Jurnalistlə görüşən vəkil jurnalistlərə deyib ki, Rauf Mirqədirovu Ermənistana casusluq etməklə suçlayırlar: “İttiham formulası ümumi qaydada ifadə olunub. Orada iddia olunur ki, R. Mirqədirov maddi marağa görə Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və onlara casusluq edib, müxtəlif yerlərdə görüşərək, dövlət sirri sayılan məlumatlar ötürüb”.

 Vəkil F.Ağayev Mirqədirovla guya əməkdaşlıq edən tanınmış ermənilərdən birinin adını da çəkib: “Bu, Laura Bağdasaryandır (tanınmış erməni jurnalisti, sabiq deputat, hazırda Sülh və Demokratiya İnstitutunun İrəvan bğlümünün rəhbəridir-red.) Onun 2001-ci ildən Leyla Yunusla ortaq layihələri var. Guya Rauf maddi marağa görə Bağdasaryan vasitəsilə erməni xüsusi xidmət orqanlarına məlumatlar ötürüb. Bu fakt da onu göstərir ki, Azərbaycan iqtidarı Raufla durmayacaq, başqalarını da bu işə qoşmağa çalışacaq...” Vəkilin fikrincə, Rauf Mirqədirovdan başqa, Ermənistanla ortaq layihə aparan və müəyyən münasibətləri olan bir sıra azərbaycanlılar da həbs oluna bilərlər.

Həbs olunan jurnalist vəkilə bildirib ki, onu Azərbaycanda təyyarənin içində həbs ediblər. Vəkil deyib ki, R. Mirqədirova işgəncə verilməyib, onunla nəzakətlə davranıblar və Raufun saxlanma şəraitindən heç bir narazılığı yoxdur.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar