Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağ problemini çözməyə hazırdırmı?


Moskvadan regiona intensivləşən rəsmi səfərlər, güc strukturları yetkililərinin qarşılıqlı ziyarətləri nə vəd edir? Hərbi ekspert: “Qarabağ məsələsi çözülənədək Azərbaycan bahalı silahlar almaqda davam edəcək...”


Bu günlər Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq və silah ticarəti mövzusu yenidən siyasi gündəmin ön hissəsinə çıxdı. 

Növbəti dəfə Ermənistanda Azərbaycanın guya sürətlə silahlanması, Moskvanın isə bu yöndə Ermənistanı unudub ölkəmizi silah-sursatla təmin eləməsi ətrafında hay-küy qaldırıldı. Hətta işğalçı ölkədə Kremlin Azərbaycanı Ermənistana qarşı yeni müharibəyə hazırladığı haqda iddialar səsləndi. 

Lakin Rusiya tərəfdən rəsmilər səviyyəsində verilən bəyanatlardan aydın oldu ki, rəsmi Moskva İrəvanda nə düşünüldüyündən asılı olmayaraq, Bakı ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Rusiyanın ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olması və son vaxtlar yeni Qarabağ təşəbbüskarlığı ilə çıxış eləməsi isə silah mövzusuna ikiqat aktuallıq verir. 

Bəs Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığımızn perspektivi nə vəd edir, bu əməkdaşlıq hara kimi davam edə, Rusiya hansı məqamadək bizim əsas silah aldığımız ölkələrdən biri ola bilər? 

*****

Azərbaycan Rusiya ilə həm iqtisadi, həm də siyasi sahədə həmişə sıx əlaqələrə malik olub. Son illər hərbi sahədə də bizim uğurlu əməkdaşlığımız yaranıb. Azərbaycan Rusiyanın bu sahə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirən tərəfdaşlarından biridir”. Bunu “Vestnik Kavkaza” nəşrinə açıqlamasında azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov deyib.

“Bugünlərdə Rusiya prezidenti Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə xüsusi qeyd elədi ki, Azərbaycan neft ölkəsidir, zəngin qızıl-valyuta ehtiyatlarına malik ölkədir və o, istədiyi silahı, hərbi texnikanı istədiyi ölkədən almaq haqqına sahibdir. Bununla da Rusiya prezidenti erməni tərəfinə xatırlatdı ki, Ermənistan Rusiyanın Azərbaycana silah satması əleyhinə olsa da, Bakı İrəvandan fərqli olaraq silah-sursatı öz halal puluna alır” - ekspert daha sonra vurğulayıb. 

Hərbi analitik Azərbaycanın Rusiyadan silah tədarük etməsini isə belə əsaslandırıb: “Azərbaycan silah və hərbi texnikaya milyardları xoş günündən xərcləmir. Əgər bizim torpaqlarımız Ermənistanın işğalı altında olmasaydı, bu vəsaitləri rahatca səhiyyəyə, təhsilə, sosial ehtiyaclara yönəltmək olardı. Ancaq Qarabağ məsələsi həll edilmədikcə Azərbaycan bahalı silahlar almağa məcburdur. Biz ”S-300" zenit-raket komplekslərini, artilleriya qurğularını, mərmiləri, “T-90" tanklarını təkcə Rusiyadan deyil, başqa ölkələrdən almışıq”.

Rusiya müdafiə naziri Sergey Şoyqunun son Bakı səfərinə toxunan ekspert bildirib: “Bir neçə gün öncə müdafiə naziri Sergey Şoyqu Bakıda oldu, həm Azərbaycan prezidenti, həm də müdafiə naziri ilə danışıqlar apardı və mənim bildiyim qədər, Azərbaycan yaxın zamanlarda Rusiyadan daha böyük həcmdə silah və hərbi texnika almaq niyyətindədir. Bu, normal əlaqələrdir. Ancaq Azərbaycanın Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyadan yeganə xahişi odur ki, Moskva sülh fəaliyyətini gücləndirsin və Ermənistanı beynəlxalq norma və qaydalara əməl eləməyə məcbur etdin. Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi İrəvana təsir imkanlarına malikdir”.

Ekspert Qarabağ probleminin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına əngəl yaratdığını da qeyd edib: “Rusiya ilə bizim həmişə sıx dostluq əlaqələrimiz olub, ancaq Dağlıq Qarabağ konfliktinin həll olunmamış qalması əməkdaşlığı bir qədər tormozlayır. Əgər bu problem aradan qalxsa, o zaman ikitərəfli əlaqələr SSRİ-nin çöküşünədək olan səviyyədən də sıx və geniş olacaq. Yada salım ki, sovetlər dönəmində bizim əlaqələrimiz yaxşı olub. O zaman Azərbaycan hərbi qulluqçuları Rusiya ali məktəblərində təhsil alırdılar, Azərbaycanda olan rusiyalı hərbi qulluqçular özlərini evdəki kimi hiss edir, azərbaycanlıları qonaqpərvər xalq hesab edirdilər”.

***** 

AzərbaycanRusiya arasında rəsmi səfərlər Qarabağ münaqişəsinin müsbət həllinə təkan yaradacaq”. Bunu isə SalamNews-a açıqlamasında son vaxtlar iki ölkə arasında yüksək çinli rəsmilərin intensivləşən qarşılıqlı səfərlərini, o cümlədən RusiyaAzərbaycan müdafiə nazirləri - Sergey Şoyqu və Zakir Həsənovun qarşılıqlı səfərlərini şərh edən politoloq Fərhad Mehdiyev bildirib. Lakin onun sözlərinə görə, baş verənlərə rəğmən, sözügedən rəsmi səfərlərin həlledici amil olduğunu söyləmək çətindir. 

“Bu ilin aprel ayındakı dördgünlük müharibədən sonra Azərbaycan öz mövqeyini daha ciddi şəkildə ortaya qoydu. Hərbi baxımdan üstünlüyünü də istifadə etmək şərti ilə vəziyyətin dəyişməsinin gərəkliyini ortaya qoydu. Bunu həm Ermənistan, həm də Rusiya tərəfi başa düşür” - politoloq qeyd edib.

F.Mehdiyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin iki yolla - ya müharibə, ya da sülh yolu ilə həlli var. “Sülh yolu ilə həllin mümkün olması üçün Ermənistan başa düşməlidir ki, onlar bu dəyişikliyə getməlidirlər. Ermənistan cəmiyyətini nəzərdə tuturam, çünki Ermənistan cəmiyyətinin hökumət üzərində ciddi təsiri var. Müharibə yolu ilə həllə gəlincə isə, yenə Rusiya öz mövqeyini dəyişməlidir. İndiki vəziyyət yalnız sülh danışıqları yolu ilə Qarabağ məsələsinin həllini şərtləndirir. Rusiya tərəfi buna artıq hazırdır, lakin Ermənistan tərəfinin buna hazır olduğunu söyləmək çətindir” - ekspert əlavə edib.

*****

Moskvanın sülh təşəbbüsləri, Azərbaycanın Rusiya ilə əlaqələri öz yerində, o da faktdır ki, işğal altındakı Abxaziya və Cənubi Osetiya nəzərə alınmazsa, şimal qonşumuzun Güney Qafqazda yeganə legitim hərbi bazası məhz Ermənistandadır. Yəni Ermənistan bütün mənalarda Rusiyadan asılı olan forpost və marionet ölkə olsa da, Kremlə lazımdır, Rusiya onun narahatlığına qulaq vermək zorundadır. Başqa sözlə, ruslar ermənilərin ətini yesə də, sümüyünü atmazlar. 

Bu reallıq Azərbaycanı istər-istəməz daha etibarlı dost-müttəfiqlər axtarmağa, silah ticarətində şaxələnmə siyasətinə üstünlük verməyə vadar edir. Ki, hərbi parkımız, silahlı qüvvələrimiz Rusiya kimi tək dövlətdən - işğalçı Ermənistanın müttəfiqindən ifrat asılı duruma düşməsin. 

Qardaş Türkiyə bu mənada Azərbaycan üçün boşluğu uğurla doldura bilər və doldurur da. İki ölkə arasında birgə hərbi təlimlər, son illər uğurla davam etdirilən hərbi əməkdaşlıq, hərbi-texniki sahədə uğurlar buna sübutdur. Sevindiricidir ki, Azərbaycan və Türkiyənin özlərində də hərbi-sənaye kompleksi inkişaf edir. Qardaş ölkə tədricən silah alıcısından silah satıcısına çevrilməkdədir. Alıcı ölkələrdən biri isə Azərbaycandır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar