Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə riskli bir prosesə başlayır


İnflyasiyanın gücləndiyi bir zamanda hökumət riskli addım ataraq prezidentlik qanununu müzakirəyə çıxarır, ölkənin gələcəyi ilə bağlı riskli keçid dönəmi başlayır


Türkiyədə ABŞ dolları rekord həddə bahalaşıb. ABŞ dolları oktyabrın 13-də Türkiyədə 3.10 lirəyə satılmağa başlayıb. Bu isə rekord hesab olunur. Yeri gəlmişkən, lirənin bahalaşması ilə bağlı sonuncu rekord da bir gün əvvəl qırılıb, dollar 3.09 lirə olanda. Bu isə Türkiyədə qiyamdan sonra başlayan iqtisadi geriləmənin bazara real təsiridir. 

Məsələ ondadır ki, bir çox siyasi və iqtisadçı ekspertlər qiyamdan sonra ölkə iqtisadiyyatının geriləyəcəyini proqnozlaşdırırdılar. Çünki məlum olduğu kimi, Türkiyə iqtisadiyyatı birja iqtisadiyyatıdır, beynəlxalq bazardan ciddi şəkildə asılılığı var. Bu səbəbdən də sərmayə axınının azalması ölkə iqtisadiyyatına ciddi şəkildə təsir edir. Bu baxımdan həm qiyama qədər olan dövrdə, xüsusən də Rusiya ilə münasibətlərin soyuması nəticəsində ticarət və turizmin zəifləməsi, eləcə də terror hücumlarının digər ölkələrdən turist axınını azaltması ölkə iqtisadiyyatına mənfi təsir etmişdi. Qiyamdan sonra isə Qərblə münasibətlərin daha da soyuması, beynəlxalq reytinq təşkilatlarının Türkiyənin sərmayə imkanları reytinqini aşağı salması təsirsiz qala bilməzdi. 

Ancaq məsələ ondadır ki, ilk vaxtlarda, xüsusən də qiyamdan sonrakı günlərdə xalq dövlət və hökumətin çağırışına əməl edərək birjada daha ağır vəziyyət yaranmaması üçün evdə saxlanılan nağd valyutalarını bazara buraxdı. Bununla da ölkə iqtisadiyyatı gözlənilən zərbəni qəfil almadı. Türkiyə əhalisinin hökumətə ictimai-siyasi dəstəyi iqtisadi sahəni də əhatə etdi və nəticədə hökumət bir neçə ay rahat nəfəs ala bildi. Ancaq indi payıza doğru artıq il ərzində yaşanan sıxıntılar özünü real bazarda da göstərməyə başlayır. Məsələ ondadır ki, Rusiya ilə anlaşma daxili istehsala və turizmə müəyyən stimul versə də, ümumilikdə Rusiya bazarına yenidən qayıdışın iqtisadiyyata real təsirini görmək müəyyən qədər zaman alacaq. 

Bu arada hökumət “Fövqəladə vəziyyət” haqqında qanunun qüvvədə olması müddətini daha üç ay uzadıb. Türkiyədə “Fövqəladə vəziyyət” haqqında qanun qiyamdan az sonra qəbul olunub və bundan sonra hökumət əsas dövlət və ictimai orqanlardakı təmizləmələrində ciddi şəkildə istifadə olunub. Belə ki, Fövqəladə Hallar vəziyyətində konstitusiya ölkə hökumətinə əlavə səlahiyyətlər verir. Bu dövrdə hökumətin qəbul etdiyi “Qanun Hökmündə Qərarlar” (KHK) qanun mahiyyətində olur və məhkəmə predmeti ola bilməz. Hökumət məhz KHK-larla minlərlə məmuru və təhsil işçilərini işdən azad etdi, rütbədən məhrum etdi. Əks təqdirdə, bu qərarlar ciddi sayda məhkəmə proseslərinə səbəb ola, ciddi problemlərə gətirə bilərdi. İndiki halda isə KHK hökumətə dövlət və hökumət orqanlarında təmizləmə aparmaq, dövlət qurumlarında yeni strukturlaşma etmək haqqı verir. Ötən müddətdə Türkiyənin indiki hakimiyyəti FV qanunundan istifadə edərək çoxlu sayda FETO üzvünü təmizləməklə yanaşı, eyni zamanda dövlət orqanları və Ordu Baş Qərargahında ciddi struktur dəyişikliyi edib, hərbi məktəblər qapadılıb, hərbi hospitallar mülkiləşdirilərək Səhiyyə Nazirliyinə verilib. 
İndi isə qərarın uzadılması bir neçə amillə izah olunur. 

Birincisi, hökumət FETO təmizlənməsini davam etdirəcək. Dövlət qurumlarında, o cümlədən hələlik toxunulmayan siyasi təşkilatlarda, yüksək vəzifəli şəxslər arasından təmizləmələr olacaq. İkincisi, hökumət FV qanununu saxlamaqla ehtimal olunan baş qaldırmalara qarşı daha hazırlıqlı və tədbirli durumda olmağa çalışır. Çünki bir sıra hakimiyyətə yaxın ekspertlər növbəti təhlükədən bəhs edirlər. Bu isə hərbi qiyam, ölkə başçısına qarşı sui-qəsd və sabotaj cəhdləri ola bilər. Və nəhayət iqtisadi sahədə gözlənilən böhrana qarşı hökumət FV halında daha hazırlıqlı ola bilər. Yəni iqtisadiyyatda böhranın dərinləşməsi, yerli valyutanın tənəzzülə keçməsi halında hökumət məhz FV dövründəki KHK hüququndan istifadə edərək sərt inzibati addımlar ata bilər. Çünki indiki halda iqtisadiyyatda tənəzzülün davam etməsi durumundan hökumətin müdaxilə etmək üçün çox sayda rıçaqları yoxdur. 

Digər tərəfdən, hökumət bu günlərdə bəyan edib ki, Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı qanun layihəsi yaxın dövrdə parlamentin müzakirəsinə veriləcək. Hakim partiya ilə yanaşı Milliyyətçi Hərəkat Partiyası da qanunun müzakirəyə  çıxarılmasını dəstəkləyib. Yalnız CHP və HDP qanunun müzakirəsinə qarşı çıxıb. Ancaq hazırkı yetərsay qanunun müzakirəsinə əsas verir. MHP sədri Dövlət Bahçeli deyib ki, əgər qanun layihəsini 367 millət vəkili dəstəkləsə (tam çoxluq – K.R.) parlamentdə qəbul olunacaq, yox əgər 330 nəfər dəstəkləsə o zaman qanun layihəsi referenduma çıxarılacaq. 

Hazırkı şərtlərdə hökumətə məhz FV qanununu zamanı bu layihəni gündəmə gətirmək daha uyğundur. Digər tərəfdən, bu qanunun müzakirəsi və qəbulu daxili siyasi vəziyyətin nəzarətdə saxlanılması, ölkə siyasi gündəminin hökumətin nəzarətində saxlanılması baxımından əlverişlidir.

Beləliklə, Türkiyə hökuməti ölkəni həssas bir dönəmdən keçirir. Bir tərəfdən iqtisadiyyat ciddi riskli mərhələyə qədəm qoyub, yatırım potensialı təhlükə altına düşür, milli valyuta dəyərini itirir, digər tərədən də hökumət bu vəziyyətdən çıxmaq üçün iqtisadiyyatı, xüsusən də sahibkarlığı təşviq etmək üçün addımlar atır və eyni zamanda siyasi keçid prosesini də sürətləndirməklə, riskli bir keçid dönəmini hazırlayır. Əgər bu proses hökumət planladığı kimi keçsə, hakimiyyətin daha da təmərküzləşməsi, prezidentlik sisteminin qəbul olunması hakimiyyətin iş sektorunu daha arxayın etmək, sabitlik təminatı verməsi üçün yaxşı fürsət verir. Ehtimal ki, AKP hökuməti məhz bu amilləri nəzərə alaraq indiki vəziyyətdə prezidentlik məsələsini gündəmə daşıyır. Əks halda, yəni qanun qəbul olunmayacağı təqdirdə, passiv iqtisadi göstəricilər siyasətdəki durğunluq və inamsızlıq mühitini daha da ağırlaşdıracaq, böhranı daha da dərinləşdirəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar