Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan 2016-cı ilin son görüşündən imtina edir


Kremlin Qarabağ məsələsinin həllini xarici siyasətin prioritetləri bölümünə salmasına fərqli yanaşmalar var

 
Arzu Nağıyev: “Rusiya özü də bu məsələlərdə maraqlıdır və tələsir”; Şahin Cəfərli: “Hazırda Qarabağ məsələsinin həlli Rusiyanın inhisarındadır” 

Azərbaycan bütün təhdidlərə və Ermənistanın aqressiv siyasətinə rəğmən xarici işlər nazirlərinin Hamburq toplantısında işğalçı ölkənin XİN başçısı ilə görüşə hazır olduğunu desə də, qarşı tərəf hələ ki bununla bağlı razılığını bildirməyib. Gerçəklik budur ki, aprel döyüşlərindən sonra prezidentlərin Vyana və Sankt-Peterburq görüşünü təşkil etmək mümkün olsa da, danışıqların sayca üçüncü raundunu təşkil etmək cəhdləri iflasa uğrayıb.

Bu mənada 2016-cı ilin son ayında XİN başçılarının görüşünə nail olmaqla həmsədrlər öz “fəaliyyətlərini” gözə soxmağa çalışırlar. Lakin E.Məmmədyarovun son açıqlamaları ondan xəbər verir ki, qarşı tərəf danışıqları dondurmağa daha çox üstünlük verir. XİN başçısının açıq şəkildə “Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir. Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır” deməsi durumun nə qədər kritik olmasından xəbər verir. E.Məmmədyarovun sözlərinə görə, müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Nazir ermənilərin daim qabartdığı status məsələsinin də müzakirə olunduğunu deyib. 

“Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Dağlıq Qarabağa qaytarılsın. Onlar da oranın sakinləridirlər”, - deyə nazir əlavə edib (APA). O, Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədiyini bildirib: “Onlar görüşdən də qaçırlar. Demək sülh prosesinə dəstək vermirlər”.

Image result for Sərkisyan

Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan isə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib. O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bir şərtlərinin olduğunu deyib. “Hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər” - o qeyd edib. Bəzi erməni  ekspertlər isə hələ də “köhnə bayatılar”ı davam etdirərək Rusiyanın Azərbaycanla yaxınlaşdığını iddia edirlər. 

Bununla da onlar Kremlin Ermənistana hədiyyə etdiyi “İsgəndər”ləri, işğalçı ölkə ilə birgə hərbi birləşmə yaratmasını unutdurmağa çalışırlar. Erməni politoloq Riçard Kirakosyan iddia edib ki, Rusiyanın Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda davam etməsi “Qarabağ üçün təhlükəlidir”.

Image result for Kreml

Azərbaycan parlamentində isə vəziyyətlə bağlı müxtəlif çağırışlar oldu. Hətta Rusiyanın Ermənistana hərtərəfli dəstək verməsi səbəbindən danışıqların İrəvanla yox, onun “ağası” Moskva ilə aparılması təklifi səsləndi. Bu arada Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında Qarabağ məsələsinin də həllini tapması Kremlin bu münaqişə ocağına özəl yanaşmasından xəbər verir. Belə ki, Qarabağ münaqişəsinin nizamlanması yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salınıb. Rusiyanın münaqişənin həlli ilə bağlı “yardımıının” əslində işğalçıya yönəldiyini və vasitəçilik prinsiplərinə uyğun gəlmədiyini son aylar hər kəs müşahidə edir. 

Bu mənada şübhə yox ki, Moskva Qarabağı prioritetləri sırasına daxil etməklə əslində Bakını  hərb yolundan çəkindirməyə, ona “müharibəyə başlasan, qarşında məni görəcəksən” mesajını verməyə yönəlib. Bu mənada Azərbaycanın mövcud durumda alternativlərə əl atması, hətta Türkiyə ilə birgə ordu hərbi birləşmələr yaratması təklifi də səslənir. Şübhə yoxdur ki, İrəvanın danışıqlardan yayınması da Moskvadan gələn təlimatların məntiqi nəticəsidir. Rusiya heç bir halda onun iradəsindən kənar təşəbbüslərin müsbət nəticə verməsini istəmir. Xüsusilə də Qərblə Rusiya arasında gərginliyin pik nöqtəyə qalxdığı bir dönəmdə...

Politoloq Arzu Nağıyevin fikrincə, Ermənistan rəhbərliyi sanki bir dilemma qarşısında qalıb: “Rusiya tərəfi onlara qismən təsir göstərir və nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən bir müsbət irəliləyişə nail olmaq istəyir. Burada bir neçə rayonun qaytarılması, konkret addımların atılması üçün danışıqlara getmək tələbindən söhbət gedə bilər. Təbii ki, Rusiyanın əsas məqsədi regional nüfuzunu bərpa etmək və saxlamaq cəhdidir. Eyni zamanda Rusiya Ermənistanı silahla təchiz edir və tərəfdaş olduğunu göstərir. Ermənilər danışığa gəlmək üçün Azərbaycan tərəfdən qoyulan suallara konkret cavab verməlidirlər. Məhz bu cavablar yoxdur deyə, hətta görüntü naminə olan danışıqlardan da qaçırlar. Zənnimcə, son vaxtlar bir sıra erməni millətindən olan ”hüquq müdafiəçi"lərinin Azərbaycana gəlməsi, Sərkisyanın müsahibəsi və müsahibədə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi də Rusiyasız mümkün ola bilməzdi". 

Image result for Şahin cəfərli

Bu mənada A.Nağıyev hesab edir ki, Rusiya özü də bu məsələlərdə maraqlıdır və tələsir: “Çünki regional layihələrə qoşulmaq cəhdi, Türkiyə ilə olan münasibətlərin tənzimlənmə mexanizmi, sanksiyalardan qurtulmaq, Suriyaİraq böhranı bəyanatlardan o yana keçmir. Qərb məhz Dağlıq Qarabağ münaqişəsinin həllinin açar fiquru qismində SSRİ-nin varisi kimi Rusiyanı görür. Bundan başqa ABŞ-da cənab Trampın prezident seçilməsi də münaqişə ilə bağlı müəyyən korrektələr tələb edir. Sanki danışıqlarla bağlı prosesdə, ümumiyyətlə, xarici siyasətdə bir gözləmə mövqeyi yaranıb. Bütün bu vəziyyətdən çıxış yolu istənilən üsulla Qərbdən Rusiyaya, öz növbəsində Rusiya və digər maraqlı dövlətlər, ABŞ, ATƏT ölkələri, eyni zamanda Azərbaycan tərəfindən Ermənistana təzyiqi artırmaqdadır. Bu, həm hərbi təzyiq, həm iqtisadi sanksiyalar, həm də diplomatik yollar vasitəsilə həyata keçirilməlidir”.

Politoloq Şahin Cəfərli isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Rusiya ilə hərbi müttəfiqliyini dərinləşdirən addımlar atdıqdan sonra daha kompromissiz mövqe nümayiş etdirir: “Azərbaycanın aprel döyüşlərindəki lokal uğurundan sonra ümid var idi ki, münaqişənin həlli sürətlənəcək, danışıqlar nəticəyönümlü olacaq və Ermənistan vasitəçilər tərəfindən güzəştlərə məcbur ediləcək. Danışıqlarda, diplomatik təmaslarda intensivləşmə müşahidə edilsə də, real nəticələr fərqli oldu. Rusiya Azərbaycanın xeyrinə pozulmuş hərbi pariteti bərpa etmək üçün Ermənistana müasir silah sistemləri verdi və iki ölkə arasında birləşmiş qoşun qruplaşması yaradılması rəsmiləşdi. Bunun əsas səbəbi odur ki, Azərbaycan tərəfi Rusiya ilə isti münasibətlər qurmasına baxmayaraq, strateji mənada bu dövlətin tələblərinə və gözləntilərinə uyğun siyasi kurs seçməkdən imtina etdi. Rusiya Azərbaycanın Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına meyllənəcəyini gözləyirdi və Sergey Lavrov açıqlamalarının birində bu istəklərini büruzə vermişdi”.

Ş.Cəfərlinin fikrincə, Moskvanın bu məsələyə baxışı belədir ki, əgər Azərbaycan da Ermənistan kimi onun bayrağı altına keçərsə və hər iki ölkə eyni siyasi-iqtisadi məkanda yer alarsa, o halda münaqişənin iki tərəfin də maraqları nəzərə alınmaqla həlli asanlaşar: “Yəni Ermənistandan sonra Azərbaycan da Avrasiya İttifaqı və KTMT kimi Rusiyanın ”yeni SSRİ" proyektlərinə qoşularsa, bu halda Dağlıq Qarabağın hansı inzibati sərhədlər çərçivəsində qalacağı strateji əhəmiyyət kəsb etməyəcək. Belə görünür ki, rəsmi Bakı ölkənin müstəqilliyindən imtina etməyə bərabər olacaq bu addımlara getmədi. Azərbaycan tərəfindən Rusiyanın tələblərinə zidd növbəti addım isə bilavasitə danışıqlar prosesində yaşandı. Rusiya və digər vasitəçilər təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını tələb edirdilər. Belə bir mexanizmin yaradılması nəticəsində Azərbaycan ordusu zaman-zaman etdiyi kimi, ermənilərə lokal zərbələr endirmək imkanından məhrum olacaqdı. Bu, faktiki olaraq işğalçı tərəf üçün təhlükəsizlik qarantiyası demək idi. Azərbaycan bununla razılaşmadı. Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin göndərilməsi və birləşmiş qoşun qruplaşmasının yaradılması məsələsinin reallaşması məhz bundan sonra baş verdi. Bunu Rusiyanın Cənubi Qafqazda öz mövqelərini gücləndirməsi, NATO-ya daxil olmağa hazırlaşan Gürcüstanı mühasirəyə alması və NATO üzvü Türkiyənin sərhədlərində daha da möhkəmlənməsi ilə yanaşı, həm də Azərbaycana təzyiq xarakterli addım kimi qiymətləndirmək olar". 

Image result for Putin

Politoloq əmindir ki, hazırda Qarabağ məsələsinin həlli Rusiyanın inhisarındadır: “Bu ölkə neytral vasitəçilik missiyası ilə yaxından-uzaqdan əlaqəsi olmayan mövqe nümayiş etdirərək münaqişə tərəflərindən birini açıq şəkildə dəstəkləyir, onunla hərbi müttəfiqliyini daha da dərinləşdirir. Belə bir şəraitdə problemin Azərbaycanın maraqlarına uyğun, ədalətli həllini gözləmək sadəlövhlük olar. Ölkəmiz bu gün iqtisadi böhranla yanaşı, təhlükəsizlik sahəsində də böhran vəziyyəti ilə üzləşib. Biz faktiki olaraq müttəfiqsizik, Azərbaycanın təhlükəsizliyi üçün hər hansı beynəlxalq təminat yoxdur. 

Belə vəziyyətdə ekspertlərin də, sıravi vətəndaşların da ağlına gələn ilk fikir bu olur ki, Türkiyə ilə münasibətləri gücləndirməli və hərbi müttəfiqlik səviyyəsinə yüksəltməliyik. Lakin bu gün Türkiyənin daxilində və xaricində yaşanan gəlişmələr, onun cənub-şərq sərhədlərində mövcud olan risklər Ankaranın başqa bölgələrə müdaxilə imkanlarını azaldır. Türkiyə-Rusiya münasibətləri və Suriya məsələsində Ankaranın Moskvadan müəyyən mənada asılılığı da bizim üçün problem yaradır. Çünki Türkiyə Rusiya amilini nəzərə alaraq postsovet məkanına müdaxilə etməkdən çəkinir. 

Hələlik regional proseslər bizim xeyrimizə cərəyan etmir. ABŞ-da gələn il yanvarın 20-də Donald Tramp administrasiyası fəaliyyətə başladıqdan sonra vəziyyət yəqin ki, dəyişəcək, amma hansı istiqamətdə? Bunu hələ ki bilmirik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ”Rusiyanın Qarabağ məsələsini çözmə iradəsinə hörmətlə yanaşırıq" şəklində açıqlaması da göstərir ki, Ankara bu məsələdə Moskvanın maraqlarına zidd getməyəcək".

Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu isə Azərbaycana səfərə hazıraşır. Bu ilin oktyabrında Türkiyənin xarici işlər naziri Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarılması məsələsinin gündəmdə olduğunu demişdi. Ancaq şübhəsiz ki, Rusiyadan aldığı hərbi dəstək  İrəvanı öz mövqeyini yenidən sərtləşdirməyə həvəsləndirdi və güzəştlər yox, şərtlər səslənməyə başladı. Sərkisyanın Bakını tutacağı ilə bağlı sərsəm fikirləri məhz Rusiya-Ermənistan birgə hərbi birləşmələrin yaradılması barədə sazişin imzalanması ərəfəsinə təsadüf etdi. Əslində həm “İsgəndər” raketlərinin Ermənistana verilməsi, həm də bu ölkədə birgə ordunun yaradılması Azərbaycanla yanaşı, Türkiyəyə də təhlükə yaradır. M.Çavuşoğlunun Bakıya qarşıdakı səfərində bu məsələnin müzakirə olunması istisna deyil.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar