Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəbli yarmarkaları”nın təşkili çox vacibdir“


“Bu həm qiymətlərin ucuzlaşmasına, həm də nəzarətin güclənməsinə səbəb olacaq”


Yeni dərs ilinin başlamasına təxminən 3 həftə qalıb. Övladını məktəbə yola salmağa hazırlaşan valideynləri yenə də qayğı və problemlər öz çənginə alıb. Qiymətlərin yüksək olması, insanların maddi vəziyyətinin övladlarının təhsil xərclərini ödəməkdə çətinlik yaratması hər dəfə yazılıb müzakirə edilsə də, heç bir müsbət dəyişiklik baş vermir. 

Əksinə, qiymətlər hər il daha da bahalaşır. Bu ildə məktəbli ləvazimatlarının qiymətində 30 faiz artım var. Ötən illərdə 25-35 manata satılan məktəbli forması (köynək və jaketsiz) bu il 35-40 manata satılır. 

Rayonlarda məktəbli formaları daha artıq qiymətə satılır. Məsələn, Şəkidə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan məktəbli forması 65, yuxarı sinif şagirdləri üçün isə 75 manata satılır. Qiymətin niyə belə baha olduğunu soruşduqda isə “bu formalar Bakıdan gəlir, dollar qalxıb, ona görə bahadır” cavabı ilə üzləşdik. 

Rayonda əhalinin əksəriyyətinin işsiz olduğunu, işləyənlərin isə aylıq gəlirlərinin 150-200 manat olduğunu nəzərə alsaq, bir ailənin övladını məktəbə yola salmasının onun bir aylıq maaşı əsasında başa gələcəyini deməyə əsas verir. Təbii ki, məktəbli forması ilə iş bitmir. Bunun çantası, qələmi, dəftəri, əlavə test kitabçaları, iş dəftəri və sairə var. Elə valideynlər var ki, məhz maddi imkana görə övladını məktəbə yola sala bilmir. Məsələn, Şəkidə olarkən söhbətləşdiyimiz bir neçə valideyn rayonlarda vəziyyətin daha ağır olduğunu deyirdi. Valideyn Aynur Məmmədova 2 övladının bu il məktəbə getməli olduğunu, amma onları necə yola salacağını bilmədiyini deyirdi: “Oğlum keçən il getməli idi. Maddi vəziyyətin çətinliyinə görə qoya bilmədik. İndi bu il həm oğlum, həm də qızım məktəbə getməlidir. Mən hər iki uşağa 65 manata məktəbli formasını necə alım? Elə aylıq gəlirimiz 300 manatdır. O pulun 200 manata yaxını təkcə məktəbli formasına gedəcək. Hələ bunun ağ köynəyi, ayaqqabısı da var”.

Paytaxtda da vəziyyət eynidir. Söhbətləşdiyimiz alıcılar, elə satıcılar da mövcud vəziyyətdən narahat idilər. Bəzi yerlərdə işbazlar qiyməti daha da artırıb. Məktəb ləvazimatları satan Əşrəf Əliyev qiymətlərdə müəyyən artımlar olduğunu deyirdi: “Hər il belə olur. Bu bizdən asılı deyil”.  

Övladına ağ köynək alan Elçin Məhərrəmov bahalıqdan gileyləndi: “Bu il oğlum 7-ci sinfə keçir. Uşaq bu il 3 il olacaq ki, eyni çantanı aparacaq. Nə edək, almağa imkan yoxdur. Özümüz də uşaqların yanında xəcalətli oluruq. Məktəbli formaları yaratdılar ki, uşaqlar geyiminə görə bir-birindən seçilməsin. Amma onun da hər il qiyməti yavaş-yavaş bahalaşır. Bu qiymətə məktəbli forması almaqdansa, özümüzün aldığımız paltarlar bundan ucuz başa gələr”.

Ümumi qiymətlərə gəlincə isə məktəbli formaları 35 manat, ağ köynəklər materialından asılı olaraq 10-30 manat, məktəbli jaketi 5-20 manat, ayaqqabılar keyfiyyətinə görə 15-50 manat arası satılır. Ağ corablar 2-3 manat, kolqotkalar 5-6 manat, saç aksesuarları isə 50 qəpikdən başlayırdı. Məktəbli çantaları 15 -90 manat arası, rəngli karandaşlar firmasına görə 2-10 manat arası satılırdı. Qələmlərin qiyməti isə 20 qəpikdən başlayır. 12 vərəqli 12 qəpik, 40 vərəqli 30-40 qəpik, 100 vərəqli dəftərlər isə 80 qəpiyə və 1 manata satılırdı. Dəftər üzlərinin qiyməti 30-80 qəpik arasında dəyişir. Uşaqlar üçün su qablarının da qiyməti dəyişib. Çin və İrandan gətirilən su qabları daha ucuz və keyfiyyətsiz olur. 

Bu ölkələrdən gətirilən su qablarını 1 manata da tapmaq olar. Satıcılar deyir ki, keyfiyyətli su qabları əsasən İndoneziyadan gətirilir. İndoneziya istehsallı su qablarının qiyməti isə 3 manatdır. Termoslar 2,50 - 5 manat arasında dəyişir. Rəngli karandaş dəsti - 2 manatdan 10 manatadək, xətkeş 70 qəpik 1 manat, fiqurlu xətkeş 5 manat, rəsm albomu 3-6 manat, plastilin (bir qutu) 3 manat, pozan - 20 qəpikdən 2 manatadək, karandaş yonan - 80 qəpikdən 2 manatadək təklif olunur. 

Flomaster (bir qutu)

3-10 manat civarında satılır...

Hər il hansısa bayram öncəsi insanlar məhsulları nisbətən ucuz alsın deyə bayram yarmarkaları keçirilir. Maraqlıdır, daha vacib olan - məktəb açılışı öncəsi məktəb yarmarkaları keçirilə bilərmi? 

İqtisadçı ekspert Vüqar Bayramov məktəbli yarmarkalarının keçirilməsinin vacib olduğunu dedi: “Mən məktəbli yarmarkalarının keçirilməsi ilə bağlı hökumətə təkliflərimi vermişəm, bu çox vacibdir. Çünki məktəbli yarmarkası qiymətlərin tənzimlənməsinə imkan verəcək. Aparılan monitorinqlər göstərir ki, qiymətlərin artması yalnız idxal olunan məktəbli ləvazimatlarının qiymətlərinin yüksəlməsi ilə bağlı deyil. Eyni zamanda sahibkarların daha çox gəlir əldə etmək istəyi də burada rol oynayır. Çünki məktəbli forması əslində məcburi istehlak deyil, amma reallıqda məcburi istehlak kimi sayıla bilər. Çünki uşaq məktəbə getməlidir, bu formanın alınması vacibdir. Valideynlər çalışır ki, yeni tədris ilində uşaqlarına yeni məktəbli forması, ləvazimatları alsın. İş adamları da bundan istifadə edərək daha yüksək qiymətlər təklif edirlər. Düşünürlər ki, valideynlər borcla olsa belə bunu alacaq. Bu baxımdan, məktəbli yarmarkasının keçirilməsi əslində xərclərin optimallaşdırılması baxımından vacibdir. Rəqabət də qiymətlərin aşağı düşməsinə imkan verəcək. Həmçinin qiymətlərə nəzarət etmək, süni qiymət artımlarına qarşı mübarizəni gücləndirmək də mümkün olacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar