Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft Azərbaycanın bəlasıdır”


İlham Şaban: “Dünyadakı demək olar, bütün münaqişələrin kökündə neft-qaz kəmərlərinə nəzarət dayanır”


Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu fikri müxalif siyasətçilərin, ekspertlərin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, eləcə də sadə vətəndaşın dilindən dəfələrlə eşitmişik. Neft Azərbaycanda demokratiyanın qarşısını kəsən ən önəmli amillərdən sayılır. Üstəlik, vətəndaşların çoxu bu sahədə baş verənlərin yalnız hakim komandadakı dar çevrəyə bəlli olduğundan əmindir.

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbətimizdə orta statistik vətəndaşın düşüncəsində daha çox ümumi ifadələrlə qalan enerji sektorunun açıq tərəflərini, həm Azərbaycanda, həm də regionda baş verən tendensiyaları rəqəmlərin dili ilə açıqlamağa çalışdıq.

- İlham bəy, bir neçə gün qabaq facebook sosial şəbəkəsində  “Borularımızda təzyiq stabildir, TV-lərdə hərdən zilə qalxsalar da” statusu yazmışdız. Azərbaycanın neft-qaz borularında vəziyyət necədir? Bu haqda xəbərlərin statistikasında çoxmu təhriflər olur?

- Bir zamanlar olaylara neft amilini əsas götürərək yanaşardım.  Ancaq indi neft amili qalsa da, borular önə keçib. Sağdan, soldan, qərbdən, şərqdən, dənizdən - Azərbaycan  özünü ixrac borularla əhatələyib və gələn “beşillikdə” də borular tikməkdə davam edəcəyik. Ona görə də neft-qaz sahəsindəki proseslərin ixrac boruları prizmasından dəyərləndirilməsini vacib sayıram. Boru məsələsi strateji məsələdir, xüsusi həssaslıq tələb edir. Məsələn, götürək İranı. İran ehtiyatlarına görə dünyanın ikinci qaz ölkəsidir, ancaq boru ixracına görə Azərbaycana həsəd aparır, çünki nə zamanında boru xətləri tikib, nə də sonradan buna imkan verilib. Ya da Ukrayna. Bir zamanlar ümumi buraxıcılıq gücü 140 milyard kubmetrədək olan 11 magistral boru kəmərini, o cümlədən “Dostluq” kəmərlər şəbəkəsini birləşdirən bir sistemə malik ölkə bu gün yanlış siyasətin girovuna çevrilib. Bu gün dünyadakı demək olar, bütün münaqişələrin kökündə neft-qaz kəmərlərinə nəzarət dayanır.  

- Azərbaycandakı boruların o biri ucunda işıq görünürmü? 

“2014-cü ilin yekununa görə Azərbaycanın BTC-dən götürəcəyi dividentlərin həcmi 1 milyard dolları ötəcək”

- Magistral kəmərlər heç vaxt düz olmur ki, bu başından baxıb o biri ucundakı işığı seyr edəsən. 90-cı illərdə “Çeşmə” qəzetində boruların əyri-üyrülüyünün “səmərəliliyi” ilə bağlı da bir lətifə vardı. Ona görə hətta marşrut düz olsa belə, müəyyən yerlərdə kəməri əyirlər də, qısa marşrutdan  uzadırlar da, ona təhlükəsizlik məqsədilə ərsinlər (klapanlar) əlavə edirlər, nasos stansiyaları tikirlər. Bu baxımdan borunun sonundakı “işıq” deyilən amil kəmər işləyirsə, yəni onunla neft və qaz ötürülərsə və bunun müqabilində dövlətin xəzinəsinə davamlı və kifayət qədər vəsait daxil olması kimi başa düşülməlidir. Yəni bu, istismarda olan kəmərlərə aid edilə bilər. Azərbaycanın neft və qaz yataqlarının işlənməsindən xəzinə adlandırdığımız yığım toplusuna dövlət büdcəsi və  Neft Fondu aiddir. 

Şirkətlər neft və qazın dünya bazarına çıxarılmasından əldə etdikləri qazanca görə gəlir vergisini  - Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində bu 25%-dir - dövlət büdcəsinə köçürürlər, dövlətin mənfəət nefti və qazının bölüşdürülməsindən əldə etdiyi gəlir isə Neft Fonduna köçürülür. “Azəri-Çıraq-Günəşli” yataqları üzrə dövlətə çatan mənfəət payı 2008-ci ilin II rübündən 80%-dir. Real olaraq bu rəqəm 75%-dir.  5%  isə Bakı-Tiflis-Ceyhan neft kəməri ilə daşıma xərclərinin ödənilməsinə sərf olunur.  

Rəqəmlər deyir ki, Azərbaycanın boru kəmərlərinin sonunda “işıq” görünür. Bakı-Tiflis-Ceyhan (BTC) kimi Xəzəri Aralıq dənizi ilə birləşdirən 1768 km-lik, buraxıcılıq gücü 50 milyon ton olan boru kəmərinin tikintisi Azərbaycana 5,4 milyard dollara başa gəlib. Ancaq uzunluğu 1511 km olan, buraxıcılıq gücünün 28 milyondan 67 milyon tonadək artırılmasını nəzərdə tutan Qazaxıstanın Tengiz-Novorossiysk neft kəmərinin modernləşdirilməsi layihəsi 5,5 milyard dollar qiymətləndirilir. Bu boru xətti 2002-ci ildə istifadəyə verilməsinə baxmayaraq indiyə qədər ona xərclənən vəsaiti geri qaytara bilməyib. Neft Fondundan BTC-nin tikintisinə yönəldilən 297 milyon dollar vəsait qarşılığında təkcə 2008-2011-ci illərdə 597,1 milyon dollar divident qazanılmışdı. 2012-ci ildən başlayaraq isə BTC layihəsi çərçivəsində hər il təqribən 150 milyon dollar civarında vəsait SOCAR-ın hesabına köçürülür. Yəni bu ilin yekununa görə Azərbaycanın BTC-dən götürəcəyi dividentlərin həcmi 1 milyard dolları ötəcək.

- Azərbaycan qaz kəmərləri tikməyə qərar verib. Bu layihələrin də neft kəməri kimi rentabelli olacağı ehtimalı nə qədərdir? 

- Azərbaycan ötən ildən qlobal infrastruktur layihəsinin - “Cənub qaz dəhlizinin” - Cənub Qafqaz Boru kəmərinin, Trans Anadolu kəmərinin (TANAP) və Trans Atlantik boru kəmərinin (TAP) tikintisinin gerçəkləşməsinə imza atıb. Bu layihələrin ümumi kapital xərci ilkin mərhələdə 20 milyard dollardan çox olacaq. Hər üç kəmərin tikintisini 2018-ci ilin ikinci yarısında  başa çatdırmaq gərəkdir. Bundan sonra Azərbaycan qazını Avropa bazarına müəyyən edilmiş vaxtda çıxarmaq  mümkün ola bilər. Avropanın tələbatını nəzərə alsaq, kəmərlərin rentabelli olacağına şübhə yoxdur.

-  Hər 3 kəmərin çəkilməsi üçün Azərbaycan, konkret SOCAR nə qədər vəsait xərcləməlidir?

“SOCAR-ın yaxın 5 ildə CQBK, TANAP və TAP layihələrinə yatırımları 8,88 milyard dollar olacaq”

- Cənub Qafqaz Boru kəmərinin (CQBK) genişləndirilməsi layihəsi 5,296 milyard dollar dəyərindədir. SOCAR-ın burada payı təqribən 884 milyon dollar olacaq. Son açıqlamaya görə, TANAP layihəsi üzrə kapital xərcləri 11,7 milyard dollar proqnozlaşdırılır. SOCAR xərclərin 58%-ni ödəməlidir. Ola bilər, SOCAR gələcəkdə payını 51%-dək azaltsın. Ancaq bu, işlərin gedişindən asılı olacaq. Ümumi götürsək, TANAP layihəsində kapital xərclərinin təqribən 7 milyarda yaxınını Azərbaycan ödəməli olacaq. TAP layihəsinə gəlincə, kapital xərclərinin 5 milyarda yaxın olması güman edilir. SOCAR-ın payı 20%-dir, yəni xərclərin təqribən 1 milyard dolları onun üzərinə düşəcək. 

Ümumilikdə SOCAR-ın yaxın 5 ildə CQBK, TANAP və TAP layihələrinə yatırımları 8,88 milyard dollar olacaq. Məbləğin 30%-ni - 2,66 milyar dolları şirkət öz vəsaitləri hesabına reallaşdıracaq. Bundan başqa, “Şahdəniz-2" layihəsinin ilkin mərhələdə kapital xərcləri 28 milyard dollar, müqavilənin sonuna kimi, yəni 2041-ci ilə qədər isə 32,9 milyard dollar olması planlaşdırılıb. Burada isə SOCAR-ın payı təqribən 5,5 milyard dollar olacaq. 

- Bu qədər xərcə getməyin iqtisadi əsası vardımı? Azərbaycanın məqsədi öz qazını Avropaya satmaq idi, daha Avropaya qədər uzanan infrastruktura sahib olmaq onun nəyinə gərəkdi? Bir də ki, Avropa axı Nabucco ilə Azərbaycan qazını Gürcüstan-Türküyə sərhədində almaq istəyirdi. Azərbaycanın bu addımı siyasi qərar idimi?

-  Bir qədər tarixi ekskursa ehtiyac var. Xəzərdə “Şahdəniz” qaz-kondensat yatağının açılması 1999-cu ilin iyununda elan edilib. 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında Şahdəniz qazının alqı-satqısına dair 16 illik ilk müqavilə imzaladı. O zaman belə hesab edilirdi ki, ilk qaz Türkiyə bazarına 2005-ci ilin sonuna kimi çıxarılacaq. Ancaq bu tarix 3 iyul 2007-ci ildə baş verdi. İlk hasilat isə “Şahdəniz” yatağında 2006-cı ilin noyabrında oldu. Yataq çox mürəkkəb bir geoloji quruluşa malikdir və hasilatın stabilləşməsi üçün mütəxəssislər təqribən üç aya qədər vaxt sərf etdilər. Yəni yatağın açılmasından ilk qazın satışına 8 ildən artıq bir vaxt lazım oldu. BP-nin ilkin planlarına görə,  “Şahdəniz-1"də ilk qaz hasil ediləndən sonra konsorsium başlamalıydı. 

”Şahdəniz-2"  layihəsinin dizayn işlərinə və təqribən 2012-ci ilin sonlarına kimi bu layihə çərçivəsində ilk qaz bazarlara çıxarılmalıydı. Görürsünüzmu, indiki müqavilələrə əsasən isə bu hadisə 2019-cu ildə baş verəcək. Artıq daha böyük həcmdə qazın hasil edilməsi və onun qlobal bazarlara çıxarılması zamanı da artır. Hesab edin ki, 12 il konsorsiuma gərək olacaq ki, “Şahdəniz-2"-ni layihələndirməyə başlayandan ta qazı bazarlara çıxarmaq anına qədər. Bütün bunlar indi elan edilən tarixdə həyata keçirilərsə, onda BP və tərəfdaşlarına başda SOCAR olmaqla, borunun dənizdən Sanqaçal terminalına doğru çıxacağı yerdə bir xatirə daşı da qoymaq olar. Qaz sənayesi üzrə ad çıxarmış, az qala dünyanı lərzəyə salan Rusiya ehtiyatları 3,7 trilyon kub metr olan ”Ştokman" dəniz yatağını 10 ildən artıq xarici şirkətlərlə belə danışıqlar aparıb, memorandum imzalasa belə işləmə mərhələsinə qədəm qoya bilmədi. Yəni qaz böyük kapital tələb edən, işlənməsi çətin, nəqli mürəkkəb, satışında böyük rəqabət olan, üstəlik, istifadədə çox təhlükəli yanacaq növüdür. Ona görə də inkişaf etmiş ölkələr məişətdə təbii qazdan istifadəni qadağan edib.

- Azərbaycana belə bahalı projelər gərəkdirmi?

- Avropa Birliyinin 28 ölkəsindən 6-sı qaz idxalına görə Rusiyadan tam asılıdır, 11 ölkə isə 30%-dən 45%-dək enerji baxımından Rusiyaya möhtacdır.  2006 və 2009-cu illərdə Rusiya və Ukrayna arasında qışda “qaz müharibələri” yaşandı və iki həftəyə yaxın bir müddətdə bir çox ölkələr mavi yanacaqsız qaldılar. Ancaq Avropa Birliyi enerji siyasətində diversifikasiya məsələlərini 2005-ci ildən prioritet elan etsə də, faktiki olaraq “əlini ağdan qaraya vurmurdu”. Nəticədə 2009-cu ildən başlayaraq Rusiya 2 il ərzində “Şimal axını” layihəsini gercəkləşdirərək heç bir tranzit ölkə olmadan Baltik dənizi dibindən birbaşa Almaniyaya illik gücü əvvəlcə 27,5 milyard kub metrlik qaz kəməri çəkdi, ardınca da onun gücünü 55 milyard kubmetrə çatdırdı. Ukraynadan keçən magistral qaz kəmərləri çox köhnəliblər. Qərb isə onların modernləşdirilməsinə vəsait verməkdə maraqlı deyildi. Məbləğin korrupsiyanın çiçəklənməsinə xidmət edəcəyindən ehtiyatlanırdı. Rusiya isə həmin işləri Ukraynanın əmlakına sahib çıxmaq şərti ilə görmək istəyirdi. Avropa ilə Rusiya arasında münaqişənin dərin kökləri buradan başlayır. Sonra isə Qərb məsələləri elə məcraya yönəltdi ki, Rusiya tələsik “Cənub axını” layihəsinə start verdi. Ancaq Krım məsələsi, ardınca rəsmi Brüsselin “Qazprom” şirkətinə qarşı III Enerji Paketinin müddəaları ilə bağlı iddia qaldırması - müddəalara görə, eyni şirkət hasilatçı, daşıyıcı və satıcı ola bilməz - “Cənub axını” layihəsinin tam həcmdə işləməsini yubadır. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar