Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün önəmlidir”


Rusiyadakı Qarabağ müzakirələrindən sonra hərbi çağırışlar yenidən artdı, QAT “müharibə” deyir; hərbi ekspert Üzeyir Cəfərov: “Əgər illərdir sülh yolu nəticə vermirsə, onda yeganə ümid silaha qalır”


Rusiyanın vasitəçiliyi ilə baş tutan AzərbaycanErmənistan prezidentlərinin Sankt-Peterburq görüşü ilə bağlı yeni detallar ortaya çıxıb. 

İlkin olaraq görüşün nəticəsiz başa çatdığı barədə fikirlər daha çox səslənsə də, mediaya açıqlanan yeni məlumatlar bunun əksini deyir.

Belə ki, rəsmi Bakı ilk dəfə prezidentlərin görüşündə problemin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, görüşdə əvvəlcə Azərbaycanın 5, ondan sonra 2 rayonunun azad olunması və dəhlizin müəyyən edilməsi, sonda Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə razılığa gəlinib. Ancaq Ermənistanın bir sıra hallarda razılaşdırılmış planları pozması hər kəsə məlumdur. Bu arada Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayzanın da fikirləri maraq doğurur. Diplomat deyib ki, “prezidentlərin görüşü münaqişənin siyasi həll prosesinə təkan verib”. Keçmiş həmsədr onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb. 

Qarabağla bağlı prosesə seyrçi qalan ABŞ-ın diplomatının Rusiyanın mövqeyini təqdir etməsi maraqlı məqamlardandır. Rusiyanın məsələni birdəfəlik həll etmək niyyətində olmadığı, bu gərginlik ocağını dondurub saxlamaqla bölgədəki maraqlarını həyata keçirməyə üstünlük verdiyi məlumdur və bunu təsdiqləyən xeyli faktlar var. Ermənistanın davranışları, Azərbaycanın genişmiqyaslı hərbi təlimləri hətta Sankt-Peterburq görüşündə də davam etdirməsi bundan xəbər verir ki, Bakı torpaqların dinc yolla azad ediləcəyi barədə düşmənin hansısa öhdəliyinə belə inanmır və ehtiyat varianta üstünlük verir. Ancaq bu gün Azərbaycan Rusiya faktorunu ciddi şəkildə nəzərə alır və ona görə də maksimum səbirli davranış sərgiləməklə işğala son qoyulmasına çalışır. Azərbaycan prezidentinin Sankt-Peterburq görüşü ərəfəsində “Azərbaycan daha 20 il danışıqların davam etdirilməsi ilə razılaşmayacaq” deməsi, həmçinin Peterburqda rusiyalı həmkarı ilə görüşdə ilk olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməli olduğunu bildirməsi Bakının prinsipial mövqeyinin ifadəsidir.  

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafıə  və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a mövcud situasiyanı şərh edərkən öncə Rusiyanın fəallaşmasının səbəblərindən bəhs etdi: “Onsuz da Lavrov vasitəsilə Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Hər halda, ”sabiq çekist olmur" deyənlərin yenə də haqlı çıxdığını görə bilərik. Yəni Vyana danışıqlarına razılıq verən Moskva 4 günlük müharibədən sonra Qərbin hərəkətə keçdiyinin və təşəbbüsü ələ almağa çalışdığının fərqindəydi. Erməni versiyasından çıxış edib son vəziyyəti daha yaxşı izah etmək olar. Belə ki, MoskvaBakı öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə “mərhələli hərbi həll” yolunu seçiblər və razılaşdırılmış müharibə Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün keçmiş-indiki transmilli layihələri zərbə altına düşər, onda Obamanın məsləhətçiləri çalışdılar ki, erməniləri və azərbaycanlıları rus layihəsindən çıxarsınlar".

Zahid Oruc: “Obamanın 8 ildə iki prezidentlə birgə görüşə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir”


Z.Orucun sözlərinə görə, bütün hallarda Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi: “Doğrudur, Sankt-Peterburq Qarabağa Vyanadan bir köynək daha yaxındır. Onsuz da Avstriya görüşləri ilə Sankt-Peterburq danışıqlarını bir-birinin davamı saymaq olmaz. Çünki 4 günlük müharibədən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini görə bilərik. Hər halda, Nevada son sülh sazişi imzalanası deyildi, yalnız Rusiyanın bölgədə əsas rol oynaya biləcəyinə hər iki tərəfi inandırmaq və imkan yarandıqda Minsk Qrupu dövlətlərindən imtina etmək tələb edilirdi. Hazırda MoskvaBakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyinə ümid bəsləyirdi. Əslində hərbi status-kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Sankt-Peterburqda erməni prezident rus liderindən Azərbaycana satılmış silahların Qarabağda istifadəsinin yolverilməzliyi bəyanatını, aprel döyüşlərinin məsuliyyətini və Lələtəpədən geri durmaq əmrini eşitmək istəyərdi. Hər halda, müttəfiqliyin tarixi və hazırkı birgə ittifaqlarda olmağın məntiqi bunu tələb edirdi. Ancaq Sərksiyanın bütün sadəlövh gözləntisinin ziddinə olaraq, Putin Azərbaycanı qınamadı, əksinə, İlham Əliyev elə salamlama nitqində dərhal işğaldan və onun ortadan qaldırılmasından danışdı. Ona görə də Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən, onu uğurlu bir prosesin mühüm həlqəsi saymaq istərdim”.



Deputat hesab edir ki, Rusiya Qarabağ münaqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı başa düşür: “Bütün Qərb kompaniyalarını regiona məhz münaqişəli vəziyyət gətirdi. Üstəlik, Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasının ən yaxşı yoludur. O cümlədən Şimali Qafqazı destabilə etmək üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində belə hərbi gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların siyahısına əlavə etsək, sanksiyaların vurduğu zərbədən daha böyük itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngəlləmək və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək üçün Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür şirnikləndirici təkliflər gətirməyə hazırdırlar. Hər halda, 90-cı illərdə bu xalqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan Obamanın iki dövlət başçısı ilə birgə görüşə 8 ildə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin gətirdiyi dəyişiklik bundan ibarətdir. Məhz ona görə də Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə prezidentin keçmiş sovet şəhərindən inamlı qayıtdığını görməmək mümkün deyil”.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə Rusiyadakı nəticəsizlikdən bəhs etdi və Rusiya prezidentinin təşkilatçılığı ilə keçirilən görüşün uğurlu olması barədə fikirləri bölüşmür: “Məgər işğalçı işğal faktoruna son qoymaqla bağlı hansısa niyyət və ya arzusunu dilə gətiribmi ki, görüşün uğurlu olduğu deyilir? 20 ildən artıqdır ki, bu minvalla RusiyaErmənistan həm milyonlarla insanın normal yaşayış qaydalarına heç bir halda hörmət etmir, beynəlxalq hüquq və normalara əməl etmir, hələ üstəlik, Azərbaycanın suveren hüquqlarına sayğısızlıq göstərir. Daha dərin təhlil etsək, bu, əslində beynəlxalq hüququn böhranı və çox zəif olması anlamına gəlir. Belə olmasaydı, indi çoxdan BMT Nizamnaməsi və konkret olaraq, Qarabağla bağlı 4 məlum qətnamə yerinə yetirilərdi. Görünən isə odur ki, başda Rusiya olmaqla, ATƏT, onun bu münaqişənin həlli üçün yaradılmış Minsk Qrupu da çox aciz bir durumdadılar. Boş və mənasız danışıqlar, görüşlər, sərf edilən milyonlarla vəsait, ortalıqda isə heç bir konkretlik ifadə etməyən söz yığınağı”. 
Ü.Cəfərov savaş risklərini tam real sayır: “Əlbəttə ki, belə gedişlə yenə silahlar işə düşəcək, dağıntılar, ölüm-itim qaçılmaz olacaq. Bunu anlamaq üçün çox da böyük savada, biliyə malik olmaq tələb olunmur. Hesab edirəm ki, Sankt-Peterburq görüşü də əslində vəziyyətin müsbətə doğru dəyişməsinə təkan vermək əvəzinə, ortalığa daha çətin vəziyyətin, yeni silahlı qarşıdurmanın olmasını şərtləndirən problemləri dərinləşdirdi. Ola bilsin ki, kimlərsə mənim bu fikirlərimi radikal, yerində olmayan mövqe kimi qəbul etsinlər. Yenə təkrar edirəm ki, əgər Azərbaycan öz torpaqlarının bundan sonra bir xeyli müddət də işğal altında qalması ilə barışmayacağını bəyan edirsə, danışıqlar masası arxasında Ermənistan-Rusiya ”nağıllarının" sonu görünmürsə, bunun başqa adı yoxdur. Dünyada konfliktlərin həlli yolunda iki məfhum mövcuddur. 

Bunu siyasətçilər də, adi insanlar da gözəl bilirlər: ya sülh, ya da müharibə. Əgər illərdir sülh yolu nəticə vermirsə və ya bu istiqamətdə imitasiya edilirsə, onda yeganə ümid silaha qalır. Azərbaycan əsgəri aprelin əvvəllərində çox da güc sərf etmədən bütün dünyaya bu barədə xəbərdarlığını etdi. Təbii ki, müharibədə qan, ölüm, fəlakət olur. Bir xalqın yaşaması, dövlətinin mövcud olması üçün hər bir şeyə hazır olmaq lazımdır. Heç nədən, heç kimdən qorxmaq lazım deyil. Azərbaycan dövlətinin həm əvvəllər, həm də gələcəkdə fəxr ediləsi tarixi olub, var və inşallah, olacaq. Sadəcə, düzgün siyasət, ağıllı addımlar və qətiyyətli mövqe sərgiləmək tələb olunur. Mənə elə gəlir ki, sadaladıqlarımın hamısı bizdə var".

Ermənistanın Rusiya ilə növbəti dəfə oyun oynadığını düşünənlər də az deyil. Xüsusilə də Azərbaycanın işğal altındakı ərazilərdə süni məskunlaşma siyasətinin davam etdirilməsi bir çoxlarını savaşın alternativinin olmadığı qənaətinə gəlməyə sövq edir. 

Qarabağ Azadlıq Təşkilatı (QAT) öz bəyanatında bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən maksimum yararlanmağa çalışır, bütün gücü ilə işğalçı Ermənistanı müdafiə edir: “Bu mənada digər həmsədr ölkələrin - ABŞ və Fransanın mövqeyi Rusiyanın mövqeyindən heç nə ilə fərqlənmir. Tamamilə aydındır ki, xristian dövlətləri, onların hökmran olduqları beynəlxalq təşkilatlar hər cəhdlə xristian Ermənistanın regionda mövqeyinin güclənməsinə, işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindən qalibiyyətlə çıxmasına, regionda xristian amilinin möhkəmlənməsinə çalışırlar. Bu, Rusiyanın son 300 il, Qərbin isə son 100 il ərzində apardığı siyasətin davamıdır. İşğalçı Ermənistan bu ”münbit" şəraitdə özünü çox rahat hiss edir, “qurbanlıq keçi” olduğunun, bütün region xalqlarının nifrətini qazandığının fərqinə varmır, axmaqcasına Azərbaycana və digər region ölkələrinə meydan oxumaqda davam edir". QAT bəyan edib ki, Azərbaycan hakimiyyəti öz siyasi qərarını, döyüş əmrini verməlidir: “Biz bunu Azərbaycan hakimiyyətindən israrla tələb edirik!” 

Görünən budur ki, əvvəlki görüşlərdən fərqli olaraq, budəfəki danışıqları Azərbaycan xalqının savaş ruhu, müharibə tələbi müşayiət edir və bunu həm danışıqların təşəbbüskarları, həm də işğalçı yaxşı bilir. Aprel döyüşləri və ondan sonrakı yeni mərhələ masa üzərindəki “mərhələli həll” planının icraya yönəldilməsi üçün yenidən uzun illər gözləməyin nə qədər riskli olduğunu isbatlamış olub. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar