Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xarici ölkəyə casusluq çox ağır ittihamdır...”


Müsavat başqanı İsa Qəmbər Rauf Mirqədirovun həbsindən danışdı - “...inanmıram”; “Azərbaycan hökuməti də düşünüb ki, bunun qarşılığında Türkiyə hökumətindən orada yaşayan, müstəqil düşünən, yazan Azərbaycan vətəndaşlarının cəzalandırılmasını istəsin”


Aprelin 22-də Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin, musavat.com və minval.az saytlarının qonağı olub. Redaksiyaların heyətləri ilə görüşən başqan “Yeni Müsavat”a şikayətə gələn vətəndaşlarla da ayaqüstü söhbət edib. Daha sonra İsa Qəmbər Azərbaycan və dünya gündəminin önəmli məsələləri ilə bağlı “Yeni Müsavat”a geniş müsahibə verib. Söhbətə birbaşa ölkə gündəminin əsas məsələsindən başladıq:

- Rauf Mirqədirovun Türkiyədə həbs edilməsi məsələsi hər kəsdə bir şok yaradıb. Ortada son dərəcə ciddi bir ittiham var - onu Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın xüsusi xidmət orqanları ilə işbirliyində ittiham edirlər. Müxtəlif versiyalar səslənir. Bu həbsdə Azərbaycan iqtidarı ilə Türkiyə hökuməti arasında, belə demək mümkünsə, “Camaat” razılaşmasının izi varmı, sizcə? Ümumiyyətlə, Siz irəli sürülən ittihama inanırsınızmı?  

- Təbii ki, inanmıram. Son illərdə Azərbaycan hüquq-mühafizə orqanları özlərinə haqq qazandıracaq hansı işi görüblər ki, biz onların bu ittihamına da etimad edək? Azərbaycanda son illərdə siyasi sifarişlərlə çoxsaylı həbslər baş verib, xeyli günahsız insan cəzalandırılıb. Bu proses bu gün də davam edir. Ona görə də hüquq-mühafizə orqanlarının hakimiyyətin tənqidçilərinə qarşı irəli sürdüyü ittihamlara inanmaq mümkün deyil. Xarici ölkəyə casusluq çox ağır ittihamdır və ortada tutarlı faktlar, təkzibolunmaz dəlillər olmadan bu ittiham irəli sürülməməlidir.

-  Prosesə Türkiyə hüquq-mühafizə orqanlarının qarışması da Sizdə inam əmsalı yaratmır?

- Məsələnin o hissəsinə gələcəyik. İndilik bir məqamı demək istəyirəm. Son illərdə bir neçə dəfə bu ittihamdan istifadə olunub. Mənim yadıma gəlir, Novruzəli Məmmədova qarşı belə ittiham var idi. O zaman hamı bu məsələyə çox ehtiyatla yanaşdıq. Çünki bayaq dediyim kimi, xarici ölkəyə casusluq çox ağır ittihamdır. O zaman da hüquq-mühafizə orqanları ortaya ciddi bir fakt qoya bilmədilər. Əslində cəmiyyət bu duruma çox sərt şəkildə etiraz etməli idi. Hesab edirəm ki, cəmiyyətin, o sıradan Müsavat Partiyasının bu məsələyə etirazı yetərincə sərt şəkildə olmadı. Sonra bunu Hilal Məmmədova qarşı etdilər. Müsavat Partiyası olaraq biz bu məsələyə sərt etirazımızı bildirdik. Buna görə də ictimai etiraz bir qədər güclü oldu. Bu baxımdan əslində hakimiyyət özü üçün nəticə çıxarmalı idi. İndi də bu ağır ittiham Rauf Mirqədirova qarşı istifadə olunur. Bu gün Azərbaycanda özünə hörmət edən şəxslər, qurumlar, qüvvələr hakimiyyətdən Rauf Mirqədirovun həbsi ilə bağlı izahat tələb etməlidir.

“Özünə hörmət edən şəxslər, qurumlar, qüvvələr hakimiyyətdən Rauf Mirqədirovun həbsi ilə bağlı izahat tələb etməlidir”

- Müsavat Partiyası belə bir tələb irəli sürübmü?

- Biz bunu mütləq edəcəyik. Mən bilirdim ki, bu gün bu sual burada səslənəcək, ona görə də elə bu müsahibədə Müsavat Partiyasının mövqeyini ifadə etmək istəyirəm. Hakimiyyətdən sərt şəkildə izahat tələb olunmalıdır ki, bu insan nəyə görə tutulub. Hələlik Rauf Mirqədirov haqqında 3 aylıq istintaq müddəti seçilib. Aydındır ki, bu müddət uzadılacaq, ardınca bilinməyən bir müddətdə məhkəmə prosesi davam edəcək. Bu, insanlara, vətəndaşlara qarşı zülmdür, böyük bir haqsızlıqdır. Bu qədər zamanı gözləməyə heç bir ehtiyac yoxdur.

- İçinizdə “bəlkə əldə ciddi bir fakt var” deyə bir sual varmı?

- Fakt varsa, ortaya qoysunlar. Biz bu insanın hansı fakt əsasında belə ağır ittihamla həbs edildiyini aydınlaşdırmağa çalışırıq. Biz Müsavat Partiyasını təmsil edirik. Müsavat Partiyasının üzvləri demokratiyaya, vətənə, millətə, müstəqilliyə həddən artıq bağlı insanlardır. İndiki hakimiyyətdə təmsil olunanlar Vətənin mənafeyini heç bir halda bizdən artıq qoruya bilməz. İstər Rauf Mirqədirova qarşı, istər haqsız yerə həbs edilən başqa şəxslərə qarşı kiçicik, inandırıcı bir fakt qoysunlar ortaya. O zaman, təbii, məsələyə münasibət dəyişəcək. Yüzdə yüz demək, bəlkə də doğru olmaz, ancaq 99,99 faiz əminəm ki, hüquq-mühafizə orqanlarının əlində Rauf Mirqədirova qarşı heç bir ciddi fakt yoxdur, irəli sürülən ittiham başdan-ayağa uydurmadır.

Bu, sadəcə, siyasi gedişdir. Bu məsələnin bir tərəfində demokratik ictimaiyyəti zəiflətmək, müxalifətə, müstəqil mediaya, bütünlükdə azad insanlara, vətəndaş cəmiyyətinə zərbə vurmaqdır, ikincisi isə siz dediyiniz məqam ola bilər. Yəni Türkiyənin daxilində gedən mübarizənin Azərbaycana da sıçramasını nəzərdə tuturam. Türkiyənin daxilində son aylarda AK Parti ilə Gülən camaatı arasında son dərəcə ciddi mübarizə gedir. Bu mübarizə 30 mart bələdiyyə seçkilərində  pik nöqtəyə çatdı. Bu mübarizə hər hansı bir şəkildə Azərbaycana da sıçrayıb. Acınacaqlı orasıdır ki, Türkiyədə bu nəhənglərin arasındakı bir mübarizədir - iki böyük qüvvə üzbəüz gəlib, çox önəmli fiqurlardan söhbət gedir, Azərbaycanda isə vəziyyət tam fərqlidir.

Hansısa bir şəxsin evində 20-30 nəfər yığışıb hansısa bir dini günü bayram edirsə, ya Quran oxuyursa, həmin şəxsləri həbs edirlər və bunu da Türkiyədə gedən mübarizəyə Azərbaycan hakimiyyətinin payı kimi təqdim edirlər. Türkiyə hökumətinin Azərbaycan hakimiyyətindən Fətullah Gülən camaatına yaxın şəxslərin zəiflədilməsini istədiyi bəllidir. Görünür, Azərbaycan hökuməti də düşünüb ki, bunun qarşılığında Türkiyədən orada yaşayan, müstəqil düşünən, yazan Azərbaycan vətəndaşlarının cəzalandırılmasını istəsin. Mən bunu çox cılız bir yanaşma hesab edirəm.

- Ancaq görünən budur ki, Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları bu məsələdə tam bir işbirliyi içərisində olublar. O baxımdan deyirik ki, bəlkə Türkiyə kəşfiyyatının hansısa bir məlumatları olub, yaxud da ortada bizim bilmədiyimiz hansısa nüanslar var. Bu suallar sizdə də yaranırmı?

“Son illərdə Azərbaycan hüquq-mühafizə orqanları özlərinə haqq qazandıracaq hansı işi görüblər ki, biz onların bu ittihamına da etimad edək?”

- Mən Türkiyə hakimiyyətinin bu addımını qətiyyən təqdir etmirəm, heç bir zaman müdafiə etmək fikrində də deyiləm. Ancaq Türkiyənin məmurları açıq şəkildə bildirdilər ki, bu həbs onların deyil, Azərbaycan tərəfin istəyi ilə baş tutub. Əgər Türkiyə dövlətinin, hakimiyyətinin əlində Rauf Mirqədirovun hansısa qanunsuz əməlləri ilə bağlı məlumat varsa, o zaman özləri qanuni addımlar atmalı idilər.

17 dekabr Böyük Rüşvət əməliyyatı zamanı Azərbaycan gömrük məmuru həbs edilən zaman Türkiyə hüquq-mühafizə orqanları Azərbaycan hökumətindən xahiş etmədi ki, burada qanunu pozan bir nəfər var, onu həbs edin,  - özləri onu həbs etdilər. Həmin şəxs bu günə qədər həbsdədir. Həmin həbsdə ciddi bir əsas var ki, Azərbaycan hakimiyyəti hələ də o şəxslə bağlı sual qoymur, məsələ qaldırmır. Rauf Mirqədirovun həbsini isə Azərbaycan hakimiyyəti istəyib, Türkiyə hakimiyyəti həyata keçirib. Bir daha bildirirəm ki, Türkiyə hakimiyyətinin bu addımını qətiyyən təqdir etmirəm.

- İsa bəy, Rauf Mirqədirovun yazılarında daha çox Rusiyanın ssenariləri vurulurdu. Belə bir versiya da səslənir ki, Raufun həbsi Azərbaycan hakimiyyətində olan Rusiyanın  “beşinci kalon”unun işidir və bu güc faktiki olaraq Azərbaycan hakimiyyətində əsas söz sahibinə çevrilir. Anar Məmmədlinin həbsi, ardınca Rauf Mirqədirovun həbsi, demokratik düşərgənin ciddi basqı altına salınması Rusiyanın istəyinə tam uyğundur. Sizcə, bu həbsdə Rusiya izi ola bilərmi?

- Mümkün versiyadır. İşlənilməli, ciddi araşdırılmalı versiyadır. Mən bunu qətiyyən istisna etmirəm.

- Müsavat Partiyası Rauf Mirqədirovun hüquqlarının müdafiəsi prosesinə qoşulacaqmı?


- Təbii. Biz, bayaq dediyim kimi, hakimiyyətdən izahat tələb edəcəyik, eyni zamanda Rauf Mirqədirovun hüquqlarını müdafiə edəcəyik. Hətta hakimiyyət ortaya ciddi bir sübut qoya bilsə belə insan hüquqlarının müqəddəsliyi prinsiplərindən çıxış edərək biz onun hüquqlarının təmin edilməsini tələb edəcəyik. Çünki günahkarların da hüquqları var və onlar pozulmamalıdır.

- Siz prosedur baxımındanmı deyirsiniz?

- Prosedur baxımından biz hər bir insanın hüquqlarını müdafiə edirik. Müsavat Partiyası olaraq biz sadəcə siyasi məhbusları deyil, bütün siyasi məhbusların hüquqlarını müdafiə edirik. Konkret Rauf Mirqədirov məsələsinə gəlincə, biz hakimiyyətdən izahat tələb edirik, edəcəyik və hakimiyyət qısa bir müddətdə ortaya inandırıcı sübutlar qoymayacaqsa, yenə də onun rəqiblərinə qarşı repressiya həyata keçirdiyi sübut olunacaq və o zaman biz  Rauf Mirqədirovun azadlığı tələbini daha sərt şəkildə gündəmə gətirəcəyik.  

“Ruslardan  asılı olsa, təbii, SSRİ-ni bərpa da eləyərlər, hətta bir qədər qabağa da gedərlər”

- İsa bəy, bu yerdə bir mötərizə aça bilərəmmi?


- Təbii, buyurun...

- 1993-cü ilin iyun qiyamında xarici dövlətlərin iştirakı var idimi?

- Təbii ki, var idi...

- Rauf Mirqədirov həmin qiyamda rol alan partiyanın əsas fiqurlarından idi, qiyamı ideologiyalaşdıran qələm sahiblərinin demək olar ən önəmlisi idi. Həmin müddətdə, sizdə, ümumiyyətlə, dövlətdə AMİP-in, onun rəhbərliyinin xarici kəşfiyyatla münasibətlərinin olması ilə bağlı informasiya var idimi? Ümumiyyətlə, söylədiyim bu paralelə münasibətiniz necədir?

- Rauf Mirqədirov heç bir zaman Müsavat Partiyasına xüsusi bir rəğbət bəsləyən jurnalist olmayıb. Bunu hamımız gözəl bilirik. O, AMİP-in üzvü olub, uzun illər siyasi proseslərə AMİP-in təəssübkeşliyi ilə yanaşıb, hətta zahirən obyektiv görünməyə çalışsa da... Son illərdə daha azaddır. Çünki ölkədaxili məsələlərdən bir qədər uzaqlaşıb, üstəlik, AMİP bu gün Azərbaycan siyasətində həlledici gücə malik deyil. Ona görə də Rauf Mirqədirovun son illər yazdıqları müstəqil fikrin məhsuludur.

1993-cü ildə, eləcə də iyun qiyamından sonra Azərbaycandakı demokratik hakimiyyəti yıxmaq məsələsində beynəlxalq aləmdə müəyyən qüvvələr səfərbər olunsalar da, Rusiyaİran burada bilavasitə iştirak etsələr də daxildə də hakimiyyətin dəyişməsini istəyən müəyyən qüvvələr var idi. Daxildə hakimiyyətin dəyişməsini istəyən bütün qüvvələri birbaşa xaricə bağlamaq olmaz. Onların arasında xarici qüvvələrlə əməkdaşlıq şəraitində fəaliyyət göstərənlər də var idi, müstəqil şəkildə müxalifətçilik edənlər də var idi. Hər halda, mən düşünürəm ki, Rauf Mirqədirov kimi insanlar müstəqil şəkildə bir müxalifətçi kimi hakimiyyətin dəyişməsini istəyirdilər.

Onlar rejimin dəyişməsini yox, hakimiyyətin dəyişməsini, öz partiyalarının hakimiyyətə gəlməsini istəyirdilər ki, prosesi özləri idarə eləsinlər. Bu da hər bir vətəndaşın hüququdur. Sadəcə, 1993-cü ildə hakimiyyəti dəyişməyə çalışan daxili qüvvələr gördülər ki, bu, Azərbaycan üçün nə cür böyük bir itki ilə nəticələnir. Ona görə də hakimiyyəti dəyişmək istəyənlər ölkədaxili siyasi məqamları nəzərə almaqla yanaşı, beynəlxalq faktorları da, ölkənin köklü maraqlarını da nəzərə almaq zorundadırlar.

- İsa bəy, bu gün Rusiyanın Azərbaycana, ümumiyyətlə, regiona aktiv müdaxiləsi də gündəmdədir. Prezident Putin bu gün SSRİ-nin, hətta çar Rusiyasının sərhədlərini bərpa etmək haqqında çıxışlar edir. Bu iddiaları nə dərəcədə real sayırsınız?

- Nəzəri cəhətdən bu, həddən artıq böyük təhlükədir. Çünki Rusiya hakim rejiminin son dövrlərdəki davranışı göz qabağındadır. Onlardan asılı olsa, təbii, SSRİ-ni bərpa da eləyərlər, hətta bir qədər qabağa da gedərlər. Bu gün hətta Finlandiyaya, bir sıra Şərqi Avropa ölkələrinə qarşı da iddia irəli sürürlər. Hərdən Alyaskanı da yada salırlar. Ancaq deyəsən, Alyaska məsələsində bir balaca ehtiyatlı davranmağın tərəfdarıdırlar. Çünki başa düşürlər ki, Alyaska onların həzm edəcəkləri tikə deyil. Amma mən bu iddiaların reallaşacağını mümkün saymıram. Mümkün deyil.

Ona görə mümkün deyil ki, müqavimət çox güclü olar. Diqqət edin, Krımda Ukrayna xalqı və dövləti demək olar, müqavimət göstərmədi. Onlar istədilər ki, məsələ sakitliklə, beynəlxalq birliyin gücü ilə həll olunsun. Krım məsələsindən sonra Rusiya Ukraynanın cənub-şərq zonasına müdaxilə edərkən artıq müqavimət formalaşmağa başladı. Məncə, indi həmin regionda  müəyyən müvazinət formalaşıb. Əgər Rusiya işğal xəttini davam etdirsə, həmin ərazilərdə möhkəmlənmək, o torpaqları Ukraynadan qoparmaq siyasəti yürütsə, mən əminəm ki, Ukrayna xalqının müqaviməti güclənəcək. Rusiyanın işğalçı siyasətinə qarşı Ukrayna xalqının müqaviməti gücləndikcə isə beynəlxalq birliyin mövqeyi daha da sərtləşəcək.

Rusiya üstəlik, Moldovaya, Dnestryanı ərazilərə iddialarını ciddiləşdirsə, təbii, beynəlxalq birliyin reaksiyası daha sərt olacaq. Mən əminəm ki, Azərbaycan xalqı da istənilən situasiyada öz torpağını, öz bütövlüyünü qorumaq üçün fədakarlığa hazırdır. Ona görə də düşünürəm ki, Rusiyanın hakim rejimi iddialarını gerçəkləşdirmək istəyəcək, ancaq buna heç bir halda nail ola bilməyəcək. Ona görə yox ki, bu, nəzəri cəhətdən mümkün deyil, ona görə ki, biz buna imkan verməyəcəyik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar