Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda partiyalaşma problemi

Sıravi insanlar üçün partiyalar niyə təhlükə yuvasına çevrilib?...

Azərbaycanda müxalifətin varlığının sual altında olması müxalif düşərgədə kapitalın az olmasından və şəffaflığın olmamasından irəli gəlir. Bu səbəblə, müxalif partiyalar nə bələdiyyə seçkisində, nə də Milli Məclis seçkilərində ümumi namizədlərin heç olmasa 20 faizini doldura bilmirlər. Yuxarıda dediyim səbəblərdən doğru-dürust partiyalaşma da qurula bilmir. Mövcud kapitalın partiya təəssübkeşliyinə yox, fərdlərin mənafeyinə gorə mənimsənilməsi ucbatından heç bir partiya, hətta YAP belə son 28 ildə demək olar ki, kadr yetişdirə bilməyib. Mövcud simalar isə ideya və prinsiplərdən daha çox, şəxs ətrafında birləşənlərdir. Bu da Azərbaycanda partiyaların "klanlaması" tendensiyasını formalaşdırıb.

Bu gün Azərbaycanda heç bir partiya kadr bazasına sahib deyil və bunun əsas səbələrindən biri və birincisi partiyalaşmanın şəxsiyyət üzərindən qurulması və artıq bu tendensiyanın sistem halını almasıdır. YAP-a gəlincə isə, hakim partiyanın kadr bazası sülalə sistemindən, yəni yerlibazlıq və qohumbazlıq sistemindən ibarətdir və hakim partiyada bütün vəzifələr atalardan-oğullara keçmə ənənəsi üzərində formalaşıb. Bu isə hakim partiyada yaşanan kadr böhranının əsasını təşkil edir. Çünki YAP kadrları peşəkarlığına görə deyil, kimin oğlu olmasına görə seçir.

İstisna olaraq deyə bilərik ki, son illər kadr bazasının formalaşdırılması şərti olaraq Paşayevlər olaraq bilinən, əslində isə hakimiyyətin yeni simasına çevrilən mərkəzdə həyata keçirilir və demək olar ki, bu gün Azərbaycanın bütün uğurlu kadrları bu mərkəzdə hazırlanmaqdadır. Lakin ölkənin kadr bazasının bir mərkəzdə formalaşması da Azərbaycanda siyasəti dalana dirəyən və qeyri-effektiv edən faktorlardan biridir.

Azərbaycanda müxalif düşərgənin təsir gücünün çox zəif olmasının bir digər səbəbi isə iqtidar kimi müxalifətin də ideologiyasız olmasıdır. Bu isə öz növbəsində entuziazmlı və kifayət qədər intellekt sahibi olan gənclərin partiya mənsubu olmasına əngəl törədir. Çünki siyasi aktivlik aşağıdır və fikir müstəvisində toqquşmalar yoxdur. Bəşəri haqq və hüquqların müdafiəçiləri isə bu səbəbdən passiv etirazçı mövqeyindədir, bizim halda bu sosial şəbəkə müxalifətçiliyi kimi bir şeydir və əsasən bu intellektlərin deyil, söyüşçülərin mübarizə meydanı olaraq görünür.

Bir məsələni də unutmaq olmaz ki, Azərbaycanda partiya fəalları öz qazancını elə partiyadakı fəaliyyətindən və müxalif düşərgədə və ya müstəqil mediada hansısa şəkildə işləməkdən qazanır. Çünki müxalif partiya fəalı olmaq mümkün iş variantlarının despot rejim tərəfindən bağlanmasıdır. Bu da öz növbəsində orta aylıq əməkhaqqı alan işçiləri prossesdən kənarda saxlayır, çünki partiya təəssübkeşliyinin onların həyatını məhv edəcəyini düşünürlər, çünki bəzi istisnaları çıxmaqla partiyalardakı maddiyat əsasən önəmli şəxslərin qohumları, dost-qardaşları tərəfindən mənimsənilir (ReAl -la bağlı belə məlumatım yoxdur, amma İlqar Məmmədova yaxın adamların toplaşması aydın sezilir) və ya onların əlində dövr edir. Belə olan halda isə vətəndaşın apolitizasiyası baş verir.

Vətəndaşın gözündə Azərbaycandakı partiyalar dövlət qurumlarından elə də ciddi fərqlənmir və əksinə şər-təhlükə yuvasına çevrilir. Hərəkatlar və ictimai birliklər isə yenə kapital azlığından dar çevrədən çıxa bilmir, özünü vətəndaşa göstərə bilmir və nəticədə partiyaya çevrilmir. Bir sözlə, Azərbaycanda həm siyasi, həm də iqtisadi senzuranın mövcudluğu müxalifəti də monopolistləşdirir. Müxalifətdə kapitalın az cəmləşməsinin əsas səbəblərindən biri isə, indiki despot rejimin kapitalizmin təminatçısı olmasıdır, yəni iri kapital sahibləri üçün Azərbaycan maraqlar daxilində deyil, çünki arzuolunan hər şey həyata keçirilir və buna görə də, müxalifətin Avropadan dəyər görmək istəməsi bir tərəfdən absurd, bir tərəfdən isə kapital cəlb etmək üçün anlaşılandır.

Təbii ki, bütün bu proses özlüyündə ancaq və ancaq vətəndaşa zərər vurur və bunu görən bizlər kapitalist sistemdən mərhəmət gözləyəcək qədər şüursuz deyilik. Ona görə də, Azərbaycanda əsl siyasi rolları böyük çoxluq olan əməkçilərin qazana biləcəyini düşünürəm.

Son dönəmdə baş verən hadisələrə baxdıqda isə sevinmək lazımdır ki, dünyadakı siyasi aktivlik az olsa da, Azərbaycanda öz işartısını göstərir və kadrları elə ictimai prosseslər yetişdirir. Yeni və həmişəkindən fərqli olaraq intellektual olan bu kadrlar (gənclər) əgər Azərbaycan siyasətinə ideoloji baxış gətirə bilsələr, kapital axtarışında olmağı bir kənara qoyub əməkçilərin mövqeyini təmsil edə bilsələr, Azərbaycanda siyasi aktivlik heç olmadığı qədər artacaq və ziddiyətlərin toqquşmasından daha proqressiv bir cəmiyyət görəcəyik.

Ziya MEHTİ
pia.az


Etiket: Partiya YAP Musavat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar