Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
İRƏLİLƏYİŞ PERSPEKTİVLİ UĞURSUZLUQ
22.7.2010
İRƏLİLƏYİŞ PERSPEKTİVLİ UĞURSUZLUQ
 
KİV-in Almatıda ATƏT ölkələri nazirlərinin qeyri-formal sammiti çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə ajiotaj dolu marağının nəyə əsaslandığı aydın deyil. Görünür, bu marağı iyunun sonunda ATƏT MQ həmsədr ölkələrin liderlərinin qəbul etdiyi birgə bəyanat daha da artırırdı. Bəyanatda Ermənistan və Azərbaycan rəhbərləri imperativ şəkildə danışıqlar prosesində irəliləyişi təmin etməyə çağırılırdı. Bu, münaqişə tərəflərinin həmsədr ölkələrin liderlərinin birgə bəyanatından sonra ilk görüşü olduğuna görə, çoxları danışıqlar zamanı hansısa yeniliklər və ya daha çox konstruktivlik gözləyirdilər. Amma bu gözləntilərə baxmayaraq, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatı görüşü açıq-aşkar uğursuz oldu. Danışıqların tam müvəffəqiyyətsizliyini hətta bir fakt da təsdiq edir ki, bu dəfə mətbuata görüşün səmərəli, konstruktiv olduğu və tərəflərin mövqelərinin daha da yaxınlaşmasına şərait yaratdığı barədə ənənəvi növbətçi ifadələrdən ibarət açıqlama belə verilmədi. Görüş təşkilatçılarının bütün səylərinə baxmayaraq, danışıqların uğursuzluğunu hətta 3+2 formatında (həmsədr ölkələr və münaqişə tərəfləri) birgə bəyanatın qəbulu ilə də ört-basdır etdirmək mümkün olmadı. Almatıdan gəlib çatan məlumata görə, Ermənistan buna etiraz etdi və son nəticədə ATƏT MQ həmsədrlərinin adından birgə və heç bir öhdəlik yaratmayan bəyanat qəbul edildi.Danışıqların Almatı mərhələsinin açıq-aşkar uğursuzluğu və Ermənistanın davam edən inadcıl mövqeyi Qarabağ probleminin yenilənmiş Madrid prinsipləri çərçivəsində həlli üzrə sülhməramlı diplomatiyasının perspektivinə kölgə salır. Aydındır ki, Yerevanın həm Qarabağ, həm Türkiyə-Ermənistan nizamlanmasında faktiki olaraq durğunluğa gətirib çıxarmış inadkar mövqeyinin arxasında daha mürəkkəb geosiyasi ziddiyyətlər və gözə görünməyən xarici təzyiq amilləri gizlənir. Uzun illərin təcrübəsi göstərdi ki, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş təkcə və bir o qədər Azərbaycan və Ermənistan rəsmi qurumlarının danışıqlarının nəticələrindən deyil, həm də ABŞ, Rusiya və Aİ arasında qlobal və regional “geosiyasi hərracın” nəticələrindən asılıdır. Danışıqların bütün əvvəlki mərhələlərinin iflası bu məsələ üzrə tam geosiyasi konsensusun olmadığını əyani surətdə nümayiş etdirdi. Doğrudur, 2009-cu ilin iyulunda və 2010-cu ilin iyununda həmsədr ölkələrin liderlərinin birgə bəyanatlarından və onların həmrəy fəallığından sonra Qarabağ probleminin həllində geosiyasi imkanlar nəzərəçarpacaq dərəcədə genişlənib. Buna, əsasən, ötən il Türkiyə-Ermənistan dialoqunun kəskin şəkildə intensivləşməsi şərait yaratdı. Bu dialoqun nəticəsi daha çox Qarabağ münaqişəsinin həllinin peripetiyaları ilə şərtlənib. Bununla belə, bu məsələ üzrə geosiyasi konsensus əldə edilməsi amilini həddindən artıq yüksək qiymətləndirmək və Qarabağ probleminin həllində tezliklə irəliləyiş gözləmək reallıqdan uzaq olardı. Münaqişə həddindən artıq çoxtəbəqəli, mürəkkəbdir, çox sayda üst-üstə düşməyən maraqlardan asılıdır və uzun, mərhələli həll tələb edir.Almatı görüşünün uğursuzluğuna baxmayaraq, son vaxtlar müşahidə olunan münaqişənin həllinə ümumi geosiyasi maraq və ümumiyyətlə danışıqlar prosesində sıçrayış əldə edilməsi meyli hələ də qalmaqdadır. Yeri gəlmişkən, təxminən bir ilə yaxındır ki, yaxın gələcəkdə Azərbaycanın işğal edilmiş 5 rayonunun azad edilməsi mümkünlüyü haqqında müxtəlif səviyyələrdə konkret bəyanatlar verilir. Görünür, yenilənmiş Madrid prinsiplərində nəzərdə tutulan bu sxematik model artıq ATƏT MQ həmsədrləri və münaqişə tərəfləri səviyyəsində ümumilikdə razılaşdırılıb. Ermənistanın mövqeyindəki inadkarlıq və qeyri-müəyyənlik, çox güman ki, tərəflərin nizamlanmanın ikinci mərhələsinə aid bir sıra məsələlər - Laçın və Kəlbəcər rayonlarının taleyi və işğaldan azad edilməsi müddəti, Şuşanın yurisdiksiyası, sülhməramlı qüvvələrin tərkibi, Dağlıq Qarabağın təhlükəsizlik zəmanəti və statusu haqqında məsələlər üzrə mövqelərinin üst-üstə düşməməsi ilə əlaqədardır. Danışıqlar prosesində “hər şey razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb” prinsipi işlədiyinə görə, tezliklə mövqelərin yaxınlaşmasına və konsensus əldə edilməsinə ümid etmək olmaz. Qarabağ nizamlanması məsələsinin aparıcı dövlətlərin üst-üstə düşməyən maraqları və regionda gedən bütün digər proseslərlə əlaqəli olması da danışıqlar prosesini çətinləşdirir.Əslində, Qarabağ problemi həm münaqişə tərəflərinin (Azərbaycan və Ermənistan) özləri üçün, həm də regional proseslərə fəal şəkildə cəlb edilmiş və onları istədikləri istiqamətə yönəltməyə çalışan bütün maraqlı ölkələr (ABŞ, Rusiya, Fransa, Türkiyə, İran) üçün mühüm manipulyasiya aləti, əsl maneə və ciddi sınaq amilinə çevrilib. Baxmayaraq ki, danışıqlar prosesində, ötən ilki dinamikadan fərqli olaraq, açıq-aşkar durğunluq müşahidə olunur, bununla belə, problem özü fəal siyasi müzakirələrin, spekulyasiya və hərracların predmetidir. Əslində, Qarabağ münaqişəsinin həll olunmaması, onun əhəmiyyətsiz kimi qələmə verilməsi və ona məhəl qoyulmaması cəhdlərinə baxmayaraq, Türkiyə-Ermənistan dialoqunun intensivləşməsi, İran məsələsinin həlli, “Cənub dəhlizi” kimi mühüm nəqliyyat-enerji dəhlizinin reallaşması və s. yolunda ən mühüm maneələrdən biridir. Bütün bunlar isə sülhməramlı diplomatiyanın fəallaşması və danışıqlarda irəliləyiş əldə edilməsi üçün əlavə səy göstəriləcəyinə müəyyən ümid yaradır.
 
“TURAN ANALİTİK XİDMƏTİ”


115 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI