
Əvəz Zeynallı: “Azərbaycan mediasına bu il Allah rəhmət elədi”
Afiq Mirzəbəyli: “Məsuliyyəti Vüqar Səfərov və Əflatun Amaşov daşıyır”
Qənimət Zahid: “Bir günlük səxavətə görə, biz, bu hökümətə minnətdar olmaq fikrində deyilik”
Məlum olduğu kimi ötən həftə Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup jurnalist mükafatlandırıldı. Sərəncama əsasən, 38 nəfər “əməkdar jurnalist”, 15 nəfər “əməkdar mədəniyyət işçisi”, 30-dan çox adam isə “Tərəqqi” medalı ilə təltif edildi. Eyni zamanda, digər bir sərəncamla 32 qəzetin hər birinə 20 min AZN olmaqla, birdəfəlik yardım ayrıldı. Həmçinin, eyni miqdarda yardım 8 informasiya agentliyinin redaksiyasına da ayrıldı. Ölkədə nəşr olunan həftəlik qəzetlərin siyahıdan tamam uzaq qaldığını, onların rəhbərlərininn heç Mətbuat Günü ilə bağlı keçirilən tədbirlərə belə dəvət edilməməsi media aləmində birmənalı qarşılanmadı. Mətbuat Şurasının və KİV-ə Dövlət Dəstəyi fondunun ölkədə nəşr edilən qəzetlərə bu cür ikilistandart sərgiləməsi həqiqətən də ikrah doğurucu fakt idi.
Elə bu mövzu ilə bağlı uzun illərdən bəri fasiləsiz dərc olunan həftəlik qəzetlər “Xural”,“Reytinq”, "Milli Yol" və "Azadlıq" qəzetinin baş redaktorlarının fikirlərini öyrəndik.
“Xural”ın baş redaktoru Əvəz Zeynallı açıqlamasında bildirdi ki, mətbuatın 135 illiyi ilə bağlı keçirilən tədbirlər insanı bu qənaətə gəlməyə vadar edir ki, yubiley tədbirləri ilə Azərbaycanın müstəqil mətbuatının tam kapitulyasiyası bir daha təsdiq olunur. “Başda Azərbaycan prezidentinin rəvac verməsi ilə KİV-ə Dəstək Fondunun və Mətbuat Şurasının dəstəyi ilə müstəqil Azərbaycan mediasına bu il, sözün həqiqi mənasında Allah rəhmət elədi. O ki qaldı bu “əməkdar jurnalist” və digər fəxri adlara, mən ümumiyyətlə, jurnalistlərin dövlət tərəfindən təltif olunmasına çox əvvəldən qarşıyam. Jurnalistə “əməkdar”, “xalq” adını vermək düzgün deyil, çünki jurnalist peşəsi ilə bağlı olaraq, hadisələri obyektiv yazdığına görə, hətta cənab prezidentin dediyi kimi, hakimiyyəti tənqid və təhqir etdiyi üçün bu adlar ona uyğun gəlmir”.
Nə özünün, nə digər qəzetlərin, nə də hörmət etdiyim başqa jurnalistlərin “əməkdar” olmağını istəmədiyini bildirən baş redaktorun sözlərinə görə, qəzetlərə birdəfəlik yardımın ayrılması ilə bağlı da, birmənalı fikirləri var. “Keçən ilki tədbirlərdən sonra Prezident Adminstrasiyasının ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov bəyanat vermişdi ki, həftəlik ciddi qəzetlər də bu tip yardımdan faydalanmalıdırlar və gələn il onlar mütləq onlar siyahıya salınacaqlar. Bu ölkədə hələlik iki ciddi həftəlik qəzet var. Bunun biri “Xural”, digəri isə “Reytinq” qəzetidir. Yəni demək istədiyim odur ki, görünür bu 20 manat onlara həddindən çox şirin gəlir və onlar bunu böyük məbləğ hesab etdikləri üçün Əli Həsənov və Vüqar Səfərli bu il də sözlərinə əməl etmədilər”.
Ötən həftəki tədbirlərin hamısının fiasko olduğunu nəzərə çatdıran Əvəz Zeynallı Azərbaycan mətbuatının çox dəhşətli şəkildə prezidentə məddahlıq edən 4-cü bir təkərə çevrildiyini qeyd edib. “135 illik yubileylə Azərbaycan müstəqil mətbuatının qapıları bağlandı. Biz yeni bir hərakat başlamalıyıq və təbii ki, öz qurumumuzu təsis etməliyik, öz başımızın çarəsinə baxmalıyıq və Azərbaycan hakimiyyəti ilə mətbu döyüşə çıxmalıyıq”.
“Gülüstan” sarayındakı tədbirin eynən “Gülüstan” müqaviləsini xatırlatdığını söyləyən baş redaktorun fikrincə, əgər müqavilə Azərbaycan torpaqlarını iki yerə bölürdüsə, başda PA rəhbəri Ramiz Mehdiyev olmaqla keçirilən tədbir Azərbaycan mediasını iki yerə parçaladı. “ “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin əməkdaşının, həmçinin “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin “əməkdar jurnalist” adı almasına bəlkə də ümumi olaraq, müsbət yanaşmaq olar, amma ümumilikdə, müstəqil mövqeyi ilə tanınan Azərbaycan mətbuatını küllən Azərbaycan hakimiyyətinə satdılar” deyən Əvəz Zeynallı qeyd edib ki, “Turan”ın rəhbəri Mehman Əliyev ölkə mətbuatının durumunu çox gözəl təsbit edib. “Mətbuat Şurasının simasında Azərbaycan mətbuatı bir qara qəpiyə satıldı. Həsən Bəy Zərdabinin də, Üzeyir Hacıbəyovun da ruhu narahat oldu və çox qəribədir ki, Azərbaycan mətbuatı 135 ilin ən ağır, ən sarsıdıcı zərbəsini bu il aldı. Təsəvür edin, mətbuat yarananda onun Zərdabisi, Üzeyir Hacıbəyovu var idi, indi isə onu Əflatun Amaşov, Vüqar Səfərov, Bəxtiyar Sadıqov və bu kimi digər adlar təmsil edir. Ramiz Mehdiyev Xural qəzetini məhkəməyə verir, 10 min manat təzminat alır, digər tərəfdən başqa qəzetə 20 min manat mükafat verir. Çox təzadlı vəziyyətdəyik”.
Prezidentin yazılanlara əhəmiyyət vermədiyini deməsinin nəticədə mətbuatı bu cür acınacaqlı hala saldığını bildirən baş redaktor sonda qeyd etdi ki, prezident yazılanlara əhəmiyyət vermədiyi üçün onun əyan-əşrəfi də mətbuatı saya salmır və bildiklərini edirlər.
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə bizimlə söhbətində bildirdi ki, prezidentin mətbuata yardım etməsini müsbət addım sayır. “Mətbuat arasında inciklik yaranmasına, birinə yardım edib, digərinə etməməyə görə məsuliyyəti KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov daşıyır. Ayrıseçkiliyi bunlar yaradır. Bu hərəkəti prezidentin müsbət addımına kölgə salmaq kimi qiymətləndirirəm”.
Adı çəkilən şəxslərin həftəlik qəzetlərlə nə problemi olduğunu anlamadığını söyləyən baş redaktor, həftəlik qəzetlərin daha müstəqil olduğunu, yəqin problemin də elə, məhz bu üzdən qaynaqlandığını sözlərinə əlavə etdi. “Yardım alanların hamısını təbrik edirəm. Ancaq bizləri bu yardımdan kənarda qoymamalı idilər. Yenə deyirəm, bunun məsuliyyəti Əflatun bəylə, Vüqar Səfərovun üzərindədir”.
Həftəlik qəzetlərin bu ayrıseçkiliyin dayandırılması barədə kampaniyaya başlamasının zəruri olduğunu vurğulayan Afiq Mirzəbəyli, digər həmkarları ilə məsələhətləşəndən sonra kolleqial bir qərar verəcəklərini bildirdi”.
Əməkdaşlarından Gültəkin Knyazqızının “Əməkdar jurnalist” adı aldığı, eyni zamanda 20 min AZN birdəfəlik yardım alan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə mövzu ilə bağlı bildirdi ki, ayrılan yardımlar hər kəs tərəfindən rahat qarşılanmalıdır, çünki bu məbləğ kiminsə cibindən çıxarılıb onlara verilməyib. “Bu, dövlət büdcəsindən ayrılan bir vəsaitdir. Bu, bizimlə yanaşı, 30-a yaxın qəzetə verilib və təbii ki, hansısa siyası mübarizəyə görə bu məbləğin geri qaytarılmasının tərəfdarı deyiləm. Çünki tutalım biz bunu geri qaytardıq, bəs o pul sonradan hara xərclənəcək?”.
Bunun dövlətin apardığı bir kampaniya olduğunu məsələsini qabardan baş redaktor kampaniyanın həqiqi mahiyyətini bildiklərini və bunu bildiklərinə görə də, hakimiyyətə minnətdarlıq etməyə borclu olmadıqlarını söylədi. “İl ərzində ölkədə azad sözün bütün görsənişlərini boğan, insanları azad sözü ifadə etdiyinə görə həbsə atan, öldürən, ölkədən qaçmağa məcbur edən hökümətin, həmin ilin bir günündə göstərdiyi səxavətə görə, biz bu hökümətə minnətdar olmaq fikrində deyilik”.
Dövlət büdcəsinin talan edilməsini kəskin tənqid edən qəzetlərin önündə gedən “Azadlıq”ın elə həmin büdcədən ayrılan 20 min AZN-i qəbul etməsinin necə qarşılanacağına gəldikdə isə baş redaktor bildirdi ki, onları Azərbaycanın büdcə vəsaitlərinin talanması həqiqətən də, çox narahat edir. “Bu vəsaitlərin sizin və bizim xəbərimiz olmayan istiqamətdə xərclənməsi bizi narahat edir. Biz həmişə buna qarşı çıxırıq. Biz Azərbaycanda korrupsiyanın dövləti necə aşındırdığını da bilirik, amma söhbət bizə təqdim olunan 20 min manatdan gedirsə, hesab edirik ki, aşkar şəkildə edildiyi üçün büdcədən ayrılan bu pulu qəbul edə bilərik”. Pulun şəxsən onun özünə verilməsi halında onu qəbul etməyəcəyini qeyd edən baş redaktor, 20 min manatın qəzet kollektivinə verildiyini nəzərə alaraq, onu qəbul etdiklərini əlavə edib.
Azərbaycan mətbuatının yaşaması, dirçəlməsi üçün çox geniş və kompleks tədbirlər görülməli olduğunu vurğulayan Qənimət Zahid, bu siyasətin daha demokratik və geniş formada təşkil edilməli olduğunu qeyd etdi.
Həftəlik ciddi qəzetlərin yardım siyahısına salınmamasının səhv addım olduğunu deyən Q.Zahid, adı siyahıya salınmayan qəzetləri gələn il bu tip siyahılar tərtib olunanda əvvəlcədən bir ictimai təşəbbüs qrupları yaratmağa və bununla bağlı kampaniya aparmağa dəvət etdi, eyni zamanda onu əlavə etdi ki, o və “Azadlıq” qəzeti də həmin kampaniyanın içində yer alacaq.
Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd də mətbuata ayrılan yardımın ədalətsiz şəkildə verildiyini vurğulayıb. Onun sözlərinə görə, əslində yaranmış bu situasiya Mətbuat Şurasının, KİV Fondunun prezidentin onlara verdiyi səlahiyyətdən sui-istifadəsidir: “Hesab edirəm ki, siyahıdan kənarda qalan müstəqil mətbuata bu şəkildə münasibət göstərmək əslində az-çox müstəqilliyini saxlayan media orqanlarının sıradan çıxarılmasına hesablanır. Müstəqil İnformasiya Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir, amma bu günə kimi həm dövlətin ayırdığı yardımdan, həm də qrant müsabiqələrindən qərəzli şəkildə kənarda saxlanılır. Düşünürəm ki, müstəqil mediaya qarşı sərgilənən bu haqsız və qərəzli mövqeyə son qoyulmalıdır!”.
“Milli Yol” qəzeti və “Poliqon” İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəyli də qeyd edib ki, Azərbaycan mətbuatı müstəqilliyini tam olaraq itirdi: “Mətbuat Şurası yarandığı gündən öz mahiyyətini itirib və Prezident Administrasiyası tərəfindən idarə olunan bir quruma çevrilib. Digər tərəfdən, mətbuatda heç bir kimliyi olmayan Vüqar Səfərlini, hakimiyyət, Azərbaycan mətbuatının siması olaraq ortaya çıxarıb. Bu insanlar müftəxorlardır və narahat olmasınlar, onların bütün kimliklərini ortaya çıxaracam. Artıq müstəqil mətbuatın hərəkatı başlanmalıdır. Azərbaycan mətbuatı dünən öldürülsə də, amma yeni bir müstəqil mətbuat hərəkatı başlandı. Özünü müstəqil hesab edən hər kəs bu prosesdə iştirak edəcək.”.
Pərviz Əzimov