
HAKİMİYYƏTİÇİ TOQQUŞMALAR AÇIQ MÜSTƏVİYƏ KEÇİR
Ölkə payızda keçiriləcək seçkilərə hazırlaşır. Parlamentdə mandat uğrunda gedəcək mübarizəni əvvəlki kimi öz nəzarətində saxlamaq istəyən hakimiyyətin bu dəfə bəzi sıxıntılar çəkəcəyi isə indidən aydındır. Ən azından ona görə ki, artıq YAP-dan gələn sədalar içəridə ciddi problemlərin olduğunu ortaya qoyur. Və bu baş verənlər hakimiyyətin içindəki parçalanmalardan qaynaqlanır.
Hələ bir müddət əvvəl YAP-ın iki aparıcı funksioneri Əli Əhmədov və Mübariz Qurbanlı mətbuata açıqlama verərək bəyan etmişdi ki, bu seçkilərdə partiyanın namizədlərindən kənar digər partiya üzvlərinin seçkidə iştirakına imkan verməyəcəklər. Hətta bu hədə-qorxu şəklində görünməyə başlamışdı və açıqlamada bunu aydın şəkildə görmək mümkün idi. Hər iki funksioner bəyan edirdi ki, bu addımı atacaq YAP-çılar partiya sıralarından xaric olunmaqla bərabər, həm də onlara təzyiqlər ediləcək.
Əslində nələrin baş verdiyi çoxdan bəri diqqəti çəkirdi. Xeyli əvvəldən bəri məlum idi ki, hakimiyyət içində ciddi parçalanma var və bu parçalanma seçkilər ərəfəsində özünü daha qabarıq şəkildə göstərməyə başlayacaq. İş burasındadır ki, oliqarx məmurlar mandatların böyük bir qismini ələ keçirmək üçün çalışdıqları bir vaxtda, çanaq YAP-ın başında çatlayacaqdı. Və düşünülən artıq baş verməkdədir. Yəni, YAP-da namizəd məsələsi öz həllini tapa bilmiir. Çünki içəridəki narazılıq artıq üzə vurmağa başlayıb.
Kimlər üz-üzə gəlib? İllərdən bəri bu mövzu ətrafında xeyli sayda müzakirələr aparılıb, fikirlər səslənib. Ancaq bütün bunlar konkretliyi ilə diqqəti çəkmir. Son bir ilin baş verənlərinə yaxından diqqət etmək mümkün olarsa, o zaman belə anlaşıla bilər ki, əsasən bir-neçə fiqur üz-üzə gəlib. Onlardan birincisi şübhəsiz akademik Ramiz Mehdiyevdir ki, bu şəxsin həyata keçirdiyi siyasətin mahiyyəti bəllidir. Əvvəllər təkcə siyasi prosesləri nəzarəti altına almaq istəyən «boz kardinal» sonradan mədəniyyət, televiziya və elm sahələrinə də baş vurmağa başladı. Təkcə bu illər ərzində qeyd olunun məsələlərlə bağlı verdiyi açıqlamaları göstərir ki, Prezident Admnistarasiyasının rəhbəri ölkədəki bütün sahələri öz nəzarətində görmək istəyir və bu prosesdə onun qarşısına çıxacaq hər bir şəxsi sıradan çıxarmağa hazırdır.
YAP-da siyahı hazırlanması məsələsində yaşanan narazılığın kökündə Mehdiyevin bilavasitə dayandığını düşünmək bir qədər çətindir. Amma onun hakim partiyadakı nüfuzunu və imkanlarını nəzərə alarsaq, belə demək mümkündür ki, siyahı işlərində onun rəyi həmişə üstün şəkildə təsdiqini tapmalıdır. Çünki başqa şəkildə istənilən siyahıya onun tərəfindən min bir problem yaradıla bilər. Elə bu seçkilərdə də parlamentdə onun təqdimat verdiyi şəxslərin çoxluq təşkil etməsi məsələsi aktualdır. Sadəcə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə Mehdiyev bir qədər geriyə addım ata bilər. Hətta o da mümkündür ki, PİA rəhbəri bunun müqabilində başqa mövqeləri ələ keçirməyi düşünür.
İkinci aparıcı fiqur isə FHN rəhbəri Kəmaləddin Heydərovdur. «Fövqəlnazir»in YAP-da böyük təsir imkanları olmasa da, hakimiyyətin ayrı-ayrı qanadlarında vəziyyət tamam başqadır. Heydərovun əvvəlki illərdən fərqli olaraq bu dəfəki strategiyası da tamam fərqlidir. Məsələ burasındadır ki, o, əvvəllər 5-6 deputat yeri ilə kifayətlənirdisə, indi bu sayın 25-30-dan yuxarı olması istənilir. Eyni zamanda, əvvəllər əsasən qohumları məsələsini qabardıb, onları qabağa çəkmək məsələsi vardısa, hal hazırda buraya etibarlı adamların da işləri əlavə olunub.
YAP-ın içindəki sıxıntıda FHN rəhbərinin rolunun olduğunu düşünməyə dəyər. YAP-da hər nə qədər təsir imkanları az olan nazirin istənilən halda siyahıya əlavə və dəyişiklik etmək haqqı mövcuddur. Məhz bu səbəbdəndir ki, Heydərovun ötən seçkilərdə əsas namizədlərinin bir qismi hakim partiyanın siyahısı əsasında seçilmişdi. Bu il də analoji qaydanın tətbiq edilməsi gözləniləndir və şübhəsiz FHN başçısı bunun üçün hazırlanan siyahıya öz adamlarını yerləşdirməyə çalışacaq.
Üçüncü fiqura gəldikdə isə bunun Bəylər Əyyudov olduğunu düşünmək mümkündür. Son illər siyasi proseslərdə parıldayan prezidentin şəxsi mühafizəsinin rəhbəri bu addımı ilə özünü qorumaq və lazım olanda parlamentdən sözünü deməyi düşünür. Çünki digər nazirlər kimi, onun da böyük kapitalı və biznesi var. Onların qorunması ilə yanaşı, fəaliyyətlərini asanlaşdırmaq üçün bəzi qanunların qəbul edilməsi mühüm şərtdir. Hərçənd Heydərov və Mehdiyevdən fərqli olaraq, Əyyubovun ciddi siyasi iddiası yoxdur. Əgər Heydərov həmçinin baş nazir olmaq istəyirsə, Əyyubov üçün bu və ya başqa bir perspektiv olmadığından belə şeylər barəsində düşünmür.
Hərçənd siyasi məsələlərdə nəqliyyat naziri Ziya Məmmədovu unutmaq olmaz. İlham Əliyev hakimiyyətə gəldikdən sonra siyasi proseslərdə aktivləşən nazir qısa müddət ərzində adamlarından bir-neçəsini parlamentə sala bildi. Düzdür, onun digərləri kimi, başqa nazirliklərə adam yerləşdirmək və ya nazir müttəfiq təyin etmək imkanları yoxdur. Amma Məmmədovun deputat mandatı əldə etmək istəkləri çoxdur və bunun üçün də xeyli vaxtdır çalışır. Bütün seçkilərdə Aran bölgəsini nəzarətinə alan və orada problemli işlərin baş verməsini önləyən nəqliyyat nazirinin isə bu dəfə işləri kifayət qədər çətin olacaq. Ən azından, Aran bölgəsini su basmasından sonra mövqeləri zəifləyən nazirin işlərini çətinliyə salan başqa bir məqam da var. O da həmin rayonlarda əhalinin vaxtaşırı yaranmış vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirməsidir. Artıq işlər o həddə çatıb ki, fəlakət bölgəsinin insanları Bakıya qədər gələrək, Prezident Aparatının qarşısında belə etiraz aksiyası düzənləyiblər. Bütün bunlar nəzərə alınarsa, seçkilərdə Ziya Məmmədovun işinin heç də asan olacağı inandırıcı görünmür. Amma burada bir başqa amili də diqqətdən yayındırmayaq. O da Ziya Məmmədovun YAP-da təsir imkanlarının heç də az olmamasıdır. Hakim partiyanın mərkəzi aparatında özünə yaxın adamları olan nəqliyyat naziri onların əliylə bəzən istədiyi qərarların verilməsinə nail olub. Seçki siyahısı hazırlanması məsələsində də bu şəxsin təsir etmək imkanlarının olduğunu düşünmək mümkündür. Belə olan təqdirdə, istənilən halda Məmmədovun adamlarının bir neçəsinin adının həmin siyahıya düşə biləcəyi realdır.
Digər məmurların parlament seçkilərində iştirakının mümkün ola biləcəyi məsələsinə gəldikdə isə bunun reallığı bir o qədər çox deyil. Həmin şəxslərə ən yaxşı halda bir nəfər qohumu üçün «yaşıl işıq» yandıra bilərlər. Bu da hər nazirə qismət olmayacaq. Çünki bütün siyahı tam hazır olduqdan sonra orada da bir sıra dəyişikliklərin olacağı gözləniləndir.
Qaldı işin bir başqa tərəfi də odur ki, seçkilər vaxtı nələr baş verə bilər? Bunun üçün hadisələrin hələ bir qədər də gedişatını izləmək lazımdır. Düzdür, məsələ ilə bağlı bəzi proqnozlar vermək də mümkündür. Həmin proqnozları isə bu şəkildə sıralamaq mümkündür.
1. Parlament seçkiləri heç də düşünüldüyü kimi, sakit keçməyəcək və hakimiyyət bir çox çətinliklərlə üzləşəcək. Ən böyük çətinlik isə daxildəki toqquşmalarla bağlıdır. Belə ki, oliqarx məmurlar öz adamlarının parlamentə düşməsi üçün qapalı müstəvidə mübarizə aparacaqlar. Lakin bu toqquşmalar sonradan açıq səviyyədə üzə çıxacaq.
2. Müxalifət partiyalarının birləşməsi Qərbin siyasi dairələrini də bir qədər fəallaşdıracaq. Artıq bunun ilkin elementləri indidən diqqəti çəkməyə başlayıb. Beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək seçkiləri diqqət mərkəzində saxlayacaqlarını deməklə əslində, nəyə işarə vurduqlarını göstəriblər.
3. Cəmiyyətin aktivləşməsi hazırkı məqamda müşahidə olunmasa da, parlament seçkiləri ərəfəsində bu aktivlik artacaq. Müxalifətin birləşmə məsələsi və ondan səmərəli istifadə isə durumu tamamilə dəyişə bilər. Hətta iş o yerə də çata bilər ki, seçkiləri bəhanə gətirən bəzi rayonlar sosial problemləri qabardaraq, etirazlarını da ucalda bilərlər.
4. Bu seçkilər digər siyasi partiyaların hansı cəbhədə yer alacağını da üzə çıxarmaq imkanındadır. Artıq bəzi partiyaların rəhbərləri müxalifət partiyalarının birləşmə məsələsinə aqressiv münasibətlərini sərgiləyiblər. Seçkilər yaxınlaşdıqca tapşırıq əsasında bu aqressivlik daha qabarıq şəkildə ortaya çıxacaq. Bu isə düşərgədə bəzi problemlərin yaranmasına imkan yaratsa da, uzunmüddətli xarakter almayacaq. Çünki hər şey siyasi qüvvələrin daha çox hansı tərəfə meyl etməsindən asılı vəziyyətə düşəcək.
“Poliqon” Analitik Qrupu