Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
MƏTBUATIN YUBİLEYİNİN ACI DADI
28.7.2010
MƏTBUATIN YUBİLEYİNİN ACI DADI
 
İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olundu. Bu tarix 1875-ci il iyulun 22-də əsası böyük maarifçi Həsənbəy Zərdabi tərəfindən qoyulmuş ilk Azərbaycan qəzeti - “Əkinçi”nin şərəfinə seçilib. Bu il Azərbaycan mətbuatının 135-ci ildönümü tamam olur.
 
Prezidentin sərəncamına əsasən bu yubiley bu il dövlət səviyyəsində qeyd olunur və bu məqsədlə müxtəlif konfranslar, müsabiqələr, təntənəli tədbirlər keçirilir. Lakin sovet ruhunda təşkil olunmuş təbliğatçılıq tədbirləri çətin ki, Azərbaycanda söz azadlığı sahəsində çətin durumu gizlədə bilsin. Belə ki, ölkədə müstəqil mətbuat yaşamaq üçün var gücü ilə mübarizə aparır, azad fikirli jurnalistlər daim müxtəlif repressiyalarla üzləşir, hətta azadlıqdan məhrum olunurlar. Azərbaycan informasiya mədəniyyətinin yeni tarixinin təhlili yerli mətbuatın təkamül prosesini xarakterizə edən bəzi mərhələləri ayırmağa imkan verir. Azərbaycan mətbuatının yeni tarixini şərti olaraq 5 mərhələyə bölmək olar: Birinci mərhələ Qorbaçovun yenidənqurmasının payına düşür və Azərbaycanda yeni qeyri-kommunist mətbuatının yaranması ilə yadda qalıb; 1989-cu ildə tanınmış jurnalist Nəcəf Nəcəfov ilk müstəqil qəzeti - “Azadlıq” qəzetini təsis edib. Qəzet çox populyar idi və gündəlik 200 min nüsxədə çıxırdı. O vaxtdan ölkədə qəzet bumu başladı. Bir neçə il ərzində yüzlərlə qəzet qeydiyyatdan keçdi. İlk müstəqil agentliklər yaranmağa başladı. Qəzetlər iş adamları, siyasi partiyalar, hərəkatlar və ictimai təşkilatlar tərəfindən yaradılırdı. 1992-ci ilədək qəzet işinin inkişafı spontan xarakter daşıyırdı, onun üzərində yenidənqurma ideyaları, azadlıq, milli renessansın əlamətləri görünürdü.
 
İkinci mərhələ 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyətə gəlişilə başladı. AXC hakimiyyətə gəldikdən dərhal sonra KİV haqqında ilk qanun qəbul edildi. Qanun söz azadlığı hüququnu bəyan edir, mətbuatın fəaliyyətini tənzimləyirdi. Lakin 1993-cü ildə kəskin siyasi böhran və hərbi məğlubiyyətlər dövründə prezident Elçibəy hərbi senzura haqqında əsasnamə qəbul etdi. Bundan hakimiyyətin ünvanına kəskin tənqidi yazıların da qarşısının alınması üçün istifadə olunurdu. Belə böhran dövründə KİV-in siyasi qütbləşməsi başladı. Bu 1993-cü ilin iyununda Gəncədə hərbi qiyamdan, hərbi müxalifətin və ölkənin siyasi arenasına qayıtmış keçmiş sovet rəhbəri Heydər Əliyevin timsalında ölkədə yaranmış ikihakimiyyətlilikdən sonra nəzərəçarpacaq dərəcədə gücləndi. 1993-cü ilin ikinci yarısından 1995-ci ilədək mətbuatın iqtisadi vəziyyəti durmadan pisləşdi. Kağızın qiyməti altı dəfə artdı, mətbəə xidmətləri bahalaşdı. Nəşrlərin əksəriyyəti ciddi maliyyə böhranına məruz qaldı. Bu mərhələnin sonunda siyasi senzura yenidən gücləndi.
 
Hərbi müxalifətin məğlubiyyətindən, dövlət hakimiyyət sisteminin möhkəmləndirilməsindən və 1994-cü ildə ilk neft müqaviləsinin bağlanmasından sonra mətbuatın təşəkkülünün üçüncü mərhələsi başladı. Siyasi vəziyyətin sabitləşməsi, neft investisiyaları, iqtisadi fəallığın artması və mətbuatın öz hüquqları uğrunda mübarizəsi KİV-in vəziyyətini xeyli yaxşılaşdırdı. Həmin dövrdə ilk müstəqil jurnalist təşkilatları və press-klublar yaradılmağa başladı. Mətbuatın öz hüquqları uğrunda mübarizəsinin nəticəsində hökumət KİV-in iqtisadi cəhətdən dəstəklənməsi üzrə bəzi tədbirlər həyata keçirməli oldu. Reklamdan və satışdan gəlir əldə edən qəzetlər tədricən siyasi təsirdən çıxmağa və müstəqil biznes subyektlərinə çevrilməyə başladılar. Media bazarında çoxsaylı bulvar qəzetləri, ixtisaslaşdırılmış nəşrlər meydana çıxmağa başladı. Ölkədə 600-dən çox qəzet və jurnal qeydiyyata alındı. Eyni zamanda senzura institutundan istifadə edən hakimiyyət KİV-də kəskin tənqidi yazıların qarşısını alırdı və onun köməyilə siyasi həyatda qəzetin rolunu minimuma endirirdi. İlk növbədə prezidentə və onun ailəsinə qarşı tənqidə qadağa qoyuldu. Ümumilkdə, bütün sahələrdə nəzarət tətbiq etməyə cəhd göstərən korrupsiyaya uğramış hakim elita ictimai nəzarət vasitəsi kimi müstəqil mətbuatın inkişafında maraqlı deyildi.
 
Dördüncü mərhələnin hesabatını 1998-ci ildən aparmaq olar. O zaman KİV-in və beynəlxalq ictimaiyyətin təzyiqləri altında hakimiyyət siyasi senzuranı ləğv etməyə məcbur oldu. Mətbuat bu qərarı böyük entuziazm və nikbinliklə qarşıladı, özünü, nəhayət, həqiqətən azad hiss etməyə başladı. Lakin tezliklə hadisələrin inkişafı göstərdi ki, senzuranın ləğvi hakimiyyətin söz azadlığı fenomeninə mənfi münasibətini dəyişdirmədi. Hakimiyyət məhkəmələr və iqtisadi vasitələrlə mətbuat üzərində nəzarəti həyata keçirməyi qərara aldı. Hakimiyyətlə müstəqil, müxalifət mətbuatı arasında münasibətlər kəskin qarşıdurma məcrasına yönəldi. Belə siyasət ona gətirib çıxardı ki, müstəqil KİV-lərin sayı ildən ilə azalmağa başladı, mətbuat kəskin siyasi mübarizənin alətinə çevrildi. Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən hakimiyyətə təzyiqlər artmağa başladı.
 
Heydər Əliyevin ölümündən və onun oğlu İlham Əliyevin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında tədricən (xüsusilə 2005-ci ildən başlayaraq) ən dramatik olan beşinci mərhələ başladı və bu günədək davam edir. Bu mərhələ bir sıra qəzetlərin inzibati qaydada bağlanması, onların əmlaklarının və ofislərin müsadirəsi, tanınmış jurnalist Elmar Hüseynovun sifarişli qətli, populyar nəşrlərin redaktorları Eynulla Fətullayevlə Qənimət Zahidovun uzun müddətə məhkum olunması da daxil olmaqla, jurnalistlərə qarşı fikizi zorakılıqlar, sistematik həbslər, “Azadlıq”, “Amerikanın səsi”, BBC radiostansiyalarının milli tezliklərdə yayımının dayandırılması, blogerlərin həbsi, internetə nəzarətin sərtləşdirilməsinə cəhd, müstəqil mətbuatın fəaliyyətinə qanunverici, siyasi və iqtisadi məhdudiyyətlər ilə xarakterizə olunur.
 
Azərbaycanda siyasi icra hakimiyyətinin gizli nəzarətində olan məhkəmələr itaət etməyən KİV-ləri kütləvi qaydada iri cərimələrə məruz qoydular ki, bu da praktik olaraq onları iflas həddinə gətirib çıxardı. Bundan ötrü əsasən CM-in böhtan, şərəf və ləyaqətin qorunması haqqında maddələrdən istifadə olunub və olunur. Onlarla məhkəmə prosesinin heç biri mətbuatın xeyrinə başa çatmayıb. Praktik olaraq, müxalifət qəzetlərinin hamısı on və yüz minlərlə dollar həcmində məhkəmə cərimələrinə məruz qalıb, onların hesabları bağlanıb. Mətbuat yayımı ilə məşğul olan bir sıra özəl firmalar bağlanıb. Praktik olaraq, qəzet yayımı “QASİD” dövlət firmasının əlinə keçib və bu firma əsassız olaarq öz xidmətlərinə görə qiymətləri qaldırıb. Mətbəə xidmətlərinin qiymətləri də qalxıb. Nəticədə qəzet tirajı 8-10 dəfə azalıb. Müstəqil mətbuat faktik olaraq əsas gəlir mənbəyi olan reklamdam məhrum edilib. Qəzetlərə, xüsusən də müxalifət qəzetlərinə reklam verən şirkətlər təqib olunur. Bu tədbirlərin nəticəsində hakimiyyət ölkənin informasiya məkanının böyük hissəsinə tam nəzarəti götürə bildi.
 
2005-ci ilin sonlarından ölkənin siyasi və iqtisadi həyatında inhisarlaşma tendensiyası kəskin şəkildə gücləndi. Eyni zamanda KİV-ə hakim rejimin təzyiqi sistemli və görünməmiş kəskin xarakter aldı. Hakim rejim KİV-in yalnız hakimiyyətə sərf edən “melodiyaya” oynaması üçün informasiya məkanının inhisarlaşdırılması kursunu götürdü. Sovet dövründə olduğu kimi, mətbuat kəskin təsir altına düşərək manevr azadlığından məhrum oldu.
 
Son illərin cansıxıcı hadisələrinin xronikası Azərbaycanda söz azadlığının vəziyyətinin pisləşdiyini göstərir. Hakimiyyətin antimedia “fədakarlığı” bütün beynəlxalq hesabatlarda öz əksini tapıb. Nüfuzlu beynəlxalq təşkilatlar (ABŞ Dövlət Departamenti, Human Rights Watch, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s.) mətbuata qarşı belə mürtəce münasibətin, sərf etməyən jurnalistlərin və KİV-lərin polis rejimi tərəfindən təqib olunmasının yolverilməzliyini prezident İlham Əliyevin diqqətinə dəfələrlə çatdırıblar. Lakin beynəlxalq tənqidlərə baxmayaraq, ölkənin hakimiyyət strukturları “SOS” siqnallarına reaksiya verməməyə üstünlük verərək, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması və boğulması üzrə aksiyaları məqsədyönlü şəkildə davam etdirirlər.Jurnalist Eynulla Fətullayevin, blogerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasının vacibliyi barədə ölkə icitmaiyyətinin və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı və təkidli çağırışlarına baxmayaraq, onlar hələ də ədalətsiz cəza müddətini çəkməkdə davam edirlər. Hakimiyyət Eynulla Fətullayevin azadlıqdan buraxılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlardakı qərarına açıq şəkildə məhəl qoymayıb və onu yeni uydurma ittiham ilə daha 2,5 il müddətinə məhkum edib. Azərbaycanda söz azadlığı sahəsində nailiyyətlərin olması barədə iddialar boş ritorikadan başqa bir şey deyil. Təsadüfü deyil ki, son illər jurnalistlər 22 iyul Milli Mətbuat Gününü özlərinin “qara bayramı” kimi qeyd edirlər və heç bir formal təntənələr bu yubileyin acı dadını aradan qaldırmağa qadir deyil.
 
“TURAN” ANALİTİK XİDMƏTİ

106 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI