Vaqif Abdullayev Zeynəb Xanlarovadan nə istəyir?
Son zamanlar dövlət məmurları ilə hakimiyyətə yaxın millət vəkilləri arasında mövqe savaşının artması müşahidə olunmaqdadır və seçki ərəfəsi bu daha çılpaq şəkildə görünür. Bu dəfə maraqlı bir insident Xızı rayonunda baş verib.
Aldığımız məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bu rayondan millət vəkili seçilən Zeynəb Xanlarova arasında ciddi qarşıdurma yaranıb. Bildirilir ki, V.Abdullayev tam gücü ilə Zeynəb xanımın yenə bu rayondan millət vəkili seçilməsinə qarşı addımlar atır.
Mənbənin sözlərinə görə, bir neçə ay öncə bundan xəbər tutan millət vəkili icra başçısına zəng edərək apardığı kampaniyanı dayandırmağı tələb edib. Bunun qarşılığında isə Vaqif Abdullayev daha sərt fikirlər səsləndirib.
Bildirilir ki, bundan sonra millət vəkili icra başçısından Prezident Administrasiyasına şikayət edib və bu günün özündə də onun postundan getməsi üçün əlindən gələni edir. Zeynəb Xanlarova böyük ehtimalla həm də bu qarşıdurmaya görə millət vəkili seçilməyəcək. Amma görünür, Vaqif Abdullayev də postunu qoruya bilməyəcək. Yəqin elə buna görə də başçı rayonda min hektarlarla ərazini başqa şəxslərin adına ələ keçirməyə çalışır. Mənbənin sözlərinə görə, Xızı rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərinin böyük əksəriyyəti də məhz Vaqif Abdullayevə məxsusdur.
Mənbə onu da iddia edir ki, başçı bu yay aylarından istifadə edərək karyerasının qayğısına qalmaq işinə də girişib. Qeyd olunur ki, dövlət məmurlarının əksəriyyəti yay aylarını Xızıda keçirir və Vaqif Abdullayev onlarla həm keçmiş əlaqələrinə, həm də indiki mövqeyinə görə çox asanlıqla ünsiyyət qura bilir. Mənbə iddia edir ki, bütün bunların yekunu olaraq, Vaqif Abdullayev Bakının Nərimanov rayonuna İcra Hakimiyyəti başçısı gəlmək istəyir.
Xatırladaq ki, Vaqif Abdullayev ötən parlament seçkilərində deputatlığa namizəd olmuşdu. Amma Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev açıq şəkildə onun deputat seçilməsini əngəlləmişdi. V.Abdullayev isə dəstəyi Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovdan almışdı. Elə Xızı Rayon İcra Hakimiyyətinin başçısı postuna da Ə.Əhmədovun vasitəsi ilə təyin olunub. Vaqif Abdullayev bu gün də Əli Əhmədovdan dəstək aldığından yeni karyera haqqında düşünür. Amma bu dəfə məsələlər Vaqif Abdullayevin gözlədiyi kimi alınmaya da bilər. Çünki onun ciddi kapital sahibinə çevrilməsindən çox adam xəbərdardır və buna görə də onun cəzalandırılacağı daha realdır.