
QAZAXISTAN AZƏRBAYCANA NOTA VERMƏYƏ HAZIRLAŞIR
İki gün öncə məlumat yayıldı ki, silahlı brakonyerlər Xəzərin Qazaxıstan hissəsini zəbt ediblər. Vəziyyət o yerə gəlib çatıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev balıq sahəsində qayda-qanunun yaradılmasına dair göstəriş verib. Bildirək ki, bu barədə Qazaxıstanın “gazeta.kz” nəşri məlumat yaymışdı. Brakonyerlərin texniki üstünlüyü böyükdür. Hətta sərhədçi katerləri də onlara çata bilmir. “Təpədən dırnağa qədər silahlanmış Azərbaycan və Dağıstandan olan brakonyerlər xəbərdarlıq etmədən atəş açırlar”, -qəzet yazır.
Ümumiyyətlə, bu da bir faktdır ki, Azərbaycana məxsus gəmilər dəfələrlə qonşu ölkələrin ərazi sularında qanunsuz balıq ovu ilə məşğul olduqlarına görə saxlanılsa da, bu kimi məsələlərlə bağlı Azərbaycan tərəfi bir çox qaranlıq məqamalara heç vaxt rəsmən aydınlıq gətirməyib, gəmilərin əsl sahiblərinin kimliyi açıqlanmayıb.
Şübhəsizdir ki, həm sonuncu hadisənin, həm də bundan əvvəl baş vermiş analoji olayların arxasında bilavasitə Azərbaycandakı “Kürü Mafiyası” dayanır. Qanunsuz nərə balığı və kürü biznesinin də inhisarda olması barədə mətbuatda dəfələrlə müxtəlif yazılara rast gəlinib.
Ümumiyyətlə, balıq və kürü məsələsi hələ bir neçə il bundan öncə hakimiyyət daxilində ciddi qarşıdurmaların yaranmasına səbəb olmuşdu. Hətta məsələyə Milli Təhlükəsizlik Nazirliyi səviyyəsində müdaxilə halları müşahidə olunurdu. Yəqin ki, “Kaspian Fiş”lə bağlı qalmaqalı xatırlayırsınız. Heydər Əliyevin hakimiyyəti dönəmlərinə təsadüf edən məlum olayla bağlı o vaxtlar hakimyyətdəki ayrı-ayrı yüksək çinli məmurlar arasında ciddi narazılıq yaşandı. Hətta bəzi mənbələr o zamankı milli təhlükəsizlik naziri Namiq Abbasovun mövqelərinin məhz “Kaspian Fiş” qalmaqalından sonra zəifləməyə başladığını iddia edirlər.
Elə həmin dövrlərdə mətbuatda Azərbaycanın ayrı-ayrı bölgələrindəki balıq emalı zavodlarının hakimiyyətdəki oliqarxlardan biri tərəfindən alındığını, balıqçılıq sənayesinin bütünlükə bir nəfərin əlində cəmləşdirilməsi istiqamətində konkret addımların atıldığına dair yazılara rast gəlinirdi. Özəlləşdirilməyə çıxarılan balıq zavodlarının ayrı-ayrı iş adamları tərəfindən alınmasına isə süni maneələr yaradılırdı. Bu barədə balıq emalı zavodlarının sabiq müdirlərinin konkret açıqlamaları da olub. Məsələn, bir neçə il öncə Mingəçevir Balıq Emalı Zavodu ilə bağlı yaranmış narazılıq barədə ayrı-ayrı qəzetlərdə silsilə yazılar dərc olunurdu. Balıq vətəgələrinin hakimiyyətdə söz və səlahiyyət sahib olan məmurlardan biri tərəfindən alındığı iddia olunurdu. Yazılarda belə məqamlara rast gəlinirdi ki, Səhmdar Cəmiyyətlərə çevrilmiş həmin zavodlara səhmdarların özlərinin belə yaxın gəlməməsi üçün bütün tədbirlərə əl atılır.
Bundan başqa, Neftçaladakı və ölkənin digər bölgələrindəki balıq emalı zavodları da xüsusi hazırlanmış mexanizmlə bir nəfərin nəzarəti altına keçirilirdi. Bütün bunların nəticəsində isə ölkədə balıq sənayesi, nərə balığı və kürü biznesi bütünlüklə inhisara alındı. Odur ki, bu gün qonşu ölkələrin ərazi sularında qanunsuz balıq ovu ilə məşğul olan gəmilərin məhz “Kürü Mafiyası”na aid olduğu şübhə doğurmur. Gerçəklikdir ki, bu gün hansısa iş adamı hətta qanunun imkan verdiyi qayda da balıq və kürü biznesi ilə məşğul ola bilməz. Belə bir niyyətdə bulunan istənilən bir adam çox asanlıqla zərərsizləşdirilir və nəticədə onun balığa, kürüyə qarşı “pataloji nifrəti” yaranır... Demək, inandırıcı deyil ki, Qazaxıstanın ərazi sularında saxlanılan gəmilər sıradan olan bir “brakonyerbaşının” mülkiyyətinə daxildir. Əgər qonşu ölkənin ərazi sularına birdən-birə 7 gəmi və 10-dan artıq qayıq göndərilirsə, demək bu “hücumun” arxasında böyük qüvvə dayanır.
Azərbaycandan il ərzində qanunsuz yolla xarici ölkələrə göndərilən kürünün miqdarı barədə dəqiq məlumatlar olmasa da, bunun çox böyük çəkilərlə hesablana biləcəyi şübhə doğurmur. Demək, qanunsuz kürü biznesindən kimlərsə külli miqdarda vəsait əldə edir. Bəzi hesablamalara görə mafiya qanunsuz kürü biznesindən hər il 100 milyonlarla dollar gəlir götürür. Amma görünür Azərbayan sularının altından girib, üstündən çıxanlara qanunsuz yolla əldə etdikləri pullar azlıq etdiyindəndir ki, indi gəmilərimiz qonşu ölkələrin ərazi sularını zəbt edir. Ehtimal etmək olar ki, Xəzərdə nərə balığı sarıdan “kasadçılıq” olduğundan indi həmin bu “bahalı balıq” lazım olan qədərdə ovlanmır və məhz bu səbəbdən də qonşu ölkələrin ərazi sularına “baş vurmaq” zərurəti yaranır.
Yəqin ki, bazarlarda müxtəlif növ balıqların sıra ilə düzüldüyü satış nöqtələrinə rast gəlirsiniz. Bazarlarda balıq satışı ilə məşğul olanların gigiyenik qaydalara əməl etməmələrini, balıqların anti-sanitariya şəraitində saxlanıldığını da yəqin ki, müşahidə etmisiniz. Bazarlardakı balıq satış nöqtələrində hətta nərə balığına da rəst gəlinir ki, həm bu balıq növünün, həm də digərlərinin hansı üsullardan istifadə olunaraq ovlandığı məlum deyil. Bu balıqların satış üçün yararlı olduğunu göstərən nə bir sertifikat, nə də adi həkim rəyi təqdim olunur.
Digər tərəfdən, o da məlum deyi ki, adi bir vətəndaş satdığı nərə balığını hansı yolla ovlayıb. Yəni, satılan balığın qanuni, yoxsa qanunsuz şəkildə ovlandığı məlum deyil. Məsələ burasındadır ki, bəzi araşdırmalara görə, bazarlarda balıq satışı ilə məşğul olanlar da bilavasitə “Kürü Mafiyası” tərəfindən himayə olunurlar və elə bu səbəbdən də əlaqədar qurumlar bazarlarda satılan balıqlarla “yaxından tanış olmağa” həvəs göstərmirlər.
Ümumiyyətlə, görünür qanunsuz balıq və kürü biznesinin arxasında dayanan səlahiyyət sahibinin qüdrətindədir ki, bu sahəni ciddi nəzarət altına götürmək, “Kürü Mafiyası”nın izinə düşüb, ölkədən hər il nə qədər qanunsuz kürü çıxarıldığını araşdırmaq hüquq-mühafizə orqanlarının yadına belə düşmür. Maraqlıdır ki, qonşu ölkələrin ərazi sularında qanunsuz balıq ovu ilə məşğul olduqlarına görə saxlanılan gəmilər barədə dəqiq rəsmi məlumatlar verilmir. Bu gəmilərin kimlərə və ya kimə, hansı şirkətə məxsus olduğu açıqlanmır. Məsələ ilə bağlı yalnız mətbuatda müxtəlif məlumatlara, şərhlərə rast gəlinir. Bütün bunlar isə onu təsdiqləyir ki, Azərbaycanda balıq və kürü biznesini öz “əhatə dairəsində” saxlayan kəc, heç də adi vətəndaş, sıradan bir iş adamı deyil.
Maraqlıdır, kimdir bu adam? “Kürü Mafiyası”nın “babası” hansı məmur, hansı oliqarxdır? Əslində bu suallara cavab axtararkən birinci növbədə bu günə qədər mətbuatda getmiş məlumatlar və jurnalist araşdırmaları göz önünə gəlir. Yuxarıda da qeyd etdik ki, ötənlərdə balıq emalı zavodları ilə bağlı ayrı-ayrı qəzetlərdə müxtəlif yazılara rast gəlinib. Balıq sənayesinin hakimiyyətdə yüksək vəzifə tutan məmurlardan birinin ilində cəmləşdirilməsi yönündə həyata keçirilən tədbirlərdən bəhs edən yazılarda həmin məmurun Dövlət Gömrük Komitəsinin o zamankı rəhbəri Kəmaləddin Heydərov olduğu bildirilirdi. Qeyd olunurdu ki, balıq emalı zavodları mərəhələli qaydada məhz onun nəzarəti altına keçirilir. Bundan başqa, “Kaspian Fiş” qalmaqalında da məhz Kəmaləddin Heydərovun adı çəkilirdi.
Balıq emalı ilə məşğul olan bu şirkətin məhz Kəmaləddin Heydərova məxsus olması barədə məlumatlar bir vaxtlar qəzetlərin əsas xəbərlərini təşkil edirdi. Bütün bunların nəticəsi olaraq isə, ortaya, bu günə qədər də qüvvədə qalan belə bir qənaət çıxdı ki, balıq və kürü biznesi məhz Kəmaləddin Heydərovun inhisarındadır. Odur ki, Qazaxıstanın ərazi sularını zəbt edən gəmilərin də fövqəladə hallar nazirinə məxsus olduğunu ehtimal etmək olar. Hər halda, balıq və kürü biznesi məhz onun adı ilə bağlıdır və ayrı-ayrı ciddi məqamlara əsaslanıb bu bağlılığın təsadüfi olmadığını da söyləmək mümkündür.
Qazaxıstanın ərazi sularını zəbt edən gəmilərlə də bağlı ətraflı məlumat veriləcəyini, bu gəmilərin əslində kimə məxsus olduğunun açıqlanacağını gözləməyə dəyməz. Bu vaxta qədər necə olubsa, sonuncu hadisəyə də Azərbaycan tərəfinin reaksiyası məhz o cür ola bilər. Yəni, “yüngülvari”...
Amma hadisələrin gedişatı göstərir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev balıq sahəsində qayda-qanunun yaradılmasına dair göstəriş verməklə yetinməyib Azərbaycana nota verəcək.
pia.az