
Bu dəfə hakimiyyətdəki məmurların portretini cızmağa çalışacam. Bilmirəm, nə qədər alınacaq, amma çalışacam ki, yanınızda üzüm qara olmasın. Ən azından əvvəlki yazılarımda barəmdə yaranmış müsbət təəssüratın dağıdılmasında maraqlı olmadığımı diqqətinizə çatdırmaq istəyirəm. Və bu səbəbdən də çalışacam ki, yenə də sizi maraqlandıra bilim.
Hədəfdə Misir Mərdanovdur. Azərbaycanın təhsil sisteminin başında dayanan bu adam mərhum Heydər Əliyev hakimiyyətinin nadir tapıntılarından hesab oluna bilər. O qədər nadirdir ki, hətta İlham Əliyev prezident olduqdan sonra da ona toxunulmadı. Hər halda, Misir Mərdanov kimi nazirlərin nədən toxunulmazlıq qazanmasının sirrini bilmək o qədər də çətin deyil. Əslində burada elə də sirr yoxdur. Üz bəlli, göz bəlli.
O, natural təsərrüfatın anasını ağlatdı...
Misir Mərdanovun necə bir nazir olduğu ilə işim yox. Çünki göz qabağındadır. Azərbaycanın təhsil sistemində “süpürgəpulu inqilabı” etmiş bu adamın mahiyyətini açmaq çətin iş olmamalıdır. Əgər ona qədər yalnız paytaxtın orta məktəb və bağçalarında və ali məktəblərdə rüşvət var idisə də, onun gəlişindən sonra rüşvət məsələsi hətta əyalət məktəblərini də ağuşuna aldı.
Və əgər ona qədər hətta paytaxt Bakının və digər şəhərlərin məktəblərində müəllimlər tərəfindən tələb olunan rüşvətlər daha çox “kraska” və bayramlardakı hədiyyələr formasında olurdusa, Misir Mərdanovun gəlişindən sonra hər şey konkretləşdi. Yəni Misir Mərdanov təhsil sistemindən natural təsərrüfat qaydalarını yığışdırdı, o, təhsilə pul gətirdi və artıq müəllim və şagirdlər arasında qurulan bazar iqtisadiyyatı pula keçid mərhələsini yaşadı.
Şagirdlər böyük qüvvədir...
Misir Mərdanovun tək nailiyyəti bu olmadı. Misir Mərdanov Azərbaycan təhsilində müəllim-şagird münasibətlərinin qəti nöqtəyə gəlişində də müstəsna xidmət göstərdi. Və nəticədə Azərbaycan müəllimi ən aşağı səviyyədən daha aşağıya endirildi.
Əgər sovetlər birliyi zamanlarında şagirdlər müəllimlərinin nə yediyi və ümumiyyətlə, onların yemək yediyi haqda təsəvvürlərə malik deyildilərsə, Misir Mərdanovun yetişdirdiyi situasiyada şagirdlər müəllimin gündəlik yemək rasionunu və menyusunu müəyyənləşdirən qüvvəyə çevrildilər. Artıq şagirdlər müəllimlərinin səhər, günorta və axşam nə ilə qidalandığı və özü de necə qidalandığı haqda tam bilgilərə malikdirlər. Çünki pulunu ödəyən məhz onlardır.
Təhsil sisteminin Tutanxamonu...
Misir Mərdanov Azərbaycan məktəblərində təhsil alan körpə balalara elm-filan kimi “mənasız dəyərlər” verməsə də, onlara pulla rəftar qaydalarını tam olaraq öyrətmiş bir simadır. Artıq birinci sinifə gedən körpə balamız yaxşı bilir ki, bu məktəbdə nə neçəyədir və onun məktəbdəki arzuları cibinin miqyası ilə düz mütənasibdir. Çünki buna qədər həmin körpə balalar yenə də Misir Mərdanovun nəzarətində olan uşaq bağçalarında yetişiblər və artıq onlar Azərbaycan təhsilinin incə damarına bələddirlər.
Onlar gözəl bilirlər ki, istənilən bir müəllimin qüruru onun cibinin genişliyi qarşısında acizdir. Ən özündən deyən müəllim belə şagirdin, ən geridə qalmış, əlifbanın hərflərinin sayını belə bilməyən şagirdin əllərini və ayaqlarını gəmirməyə hazırdır. Təki pul olsun. Əslində burada müəllimlərin elə bir günahı yoxdur. Çünki zəmanə belə gəlib, sistem belə qurulub. Sistemin başında dayanan isə Misir müəllimdir. Təhsil sistemindəki piramidaların fironu, Tutanxamonu, Alanxamonu.
Təhsil ağacından Misir Mərdanov asılacaq...
Bu gün Azərbaycanda müəllim sinfi özünü bəlkə də ən sındırılmış təbəqə hesab edir. Əgər bir müəllim ki, qarşısında oturan şagirdinin cibinin və ürəyinin genişliyini güdürsə və onun ailəsinin dolanışığı məhz şagirdlərin, xüsusən də onların valideynlərinin imkanlarından birbaşa asılıdırsa, Misir Mərdanovun idarəsi də burada yalnız vasitəçilik funksiyasını həyata keçirirsə, demək, həmin ölkənin müəllimini ən yaxşı halda aşağılanmış insana bənzətmək olar ki, bunun da tək günahkarı Misir Mərdanovdur.
Atalar deyir ki, hər qoyun öz ayağından asılır. Bu səbəbdən də Misir Mərdanov da iki ayağını bir başmağa dirəyərək təhsil naziri postunda oturması nədənindən bu gün ölkənin bütün təhsil eybəcərliklərinin xaç atası kimi təqdim olunmalıdır. Artıq burada qəbul olunan deyil ki, bəla elnən gəlib və o da yalnız ümumrüşvət maşınının yalnız bir detalı funksiyasını həyata keçirməkdədir. Hər halda, Misir Mərdanov həmin o detal rolunu könüllü şəkildə oynayır. Çünki o, tam olaraq mahiyyətcə rüşvət maşınının detalına uyğunlaşdırılıb və bu detal obrazı həm də onun bugünkü firavan həyatının qarantıdır. Elə buna görə də Misir Mərdanov məhz təhsildəki eybəcərliklərin əsas səbəbkarıdır və buna görə də əgər kimsə ayağından asılacaqsa, o adam da Misir Mərdanovdur ki, bir başqası deyil.
Yıxılan ağacın qənimidir...
Gələk onun xarakterik keyfiyyətlərinə. Onun mahiyyətcə kim olmasını da duymaq çox asandır. Ən azından ortada Əli İnsanov boyda bir fakt var. Əli İnsanov nazir olduğu zamanlar Misir Mərdanovun yersiz öpüşləri səbəbindən üzünü bəlkə də on dəfə yumalı olurdu. Misir Mərdanov Əli İnsanovu “ağsaqqalım” deyərək bağrına basırdı, onun ayaq qoyduğu yerə başını belə qoymağa hazır olduğunu nümayiş etdirirdi. Hara gedirdisə, “mən Əli müəllimin sayəsində nazir olmuşam” deyirdi.
Amma zəmanənin üzü qara gəldi və Əli İnsanovu damladılar. Misir Mərdanov, bəli, bəlkə də Misir Mərdanov yeganə adam oldu ki, bu xəbər onu çox və tez dəyişdi. Artıq bu kimi situasiyalara tam hazırlıqlı vəziyyətə gətirilmiş, belə bir hazırlığa qısa zaman içində nail olmağı gözəl bacaran Misir Mərdanov tezliklə Əli İnsanovun ən böyük düşmənlərindən birinə çevrilməyi də bacardı.
Əgər mən bu dövlətin başçısı olsaydım, Əli İnsanovu məhbəsdən çıxarıb, onun yerinə Misir Mərdanovu damlayardım. Ona görə yox ki, o, cinayətkardır və yaxud da hansısa məsələdə günahkardır. Ona görə ki, əgər Misir Mərdanov kimi bir məmur dünənə qədər “ağsaqqalım”, “böyüyüm” deyərək yolunu gözlədiyi Əli İnsanova qarşı 180 dərəcəlik dönüş sərgiləyə bilirsə, istənilən zaman istənilən kəsi daha betər vəziyyətdə qoya bilər. Yəni bu kimi adamlar bütün yıxılan ağacların qənimi hesab olunurlar və onların özlərinin hansısa ağacı, dikili ağacı yıxa bilməsi də qeyri-mümkündür.
Buna görə də, mən dövlət başçısı olsaydım, nəinki Misir Mərdanovu onun mahiyyətdə və onun xasiyyətdə olan bütün məmurları Əli İnsanovun təkadamlıq kamerasına doldurardım. Çünki onlar daha təhlükəlidirlər və əsas təhlükələri də məhz ifşa olunmamalarındadır. Bir dövlət başçısında da ən böyük fəzilət odur ki, sədaqətlə, yaltaqlığı ayıra bilsin. Elə ən çətini də budur. Əslində, bu işin öhdəsindən gəlmək bütün rəhbərlərin başlıca vəzifəsi olmalıdır. Çünki rəhbər ona sadiq olan işçisi ilə yaltaq işçisini ayıra bilmirsə, o zaman onun işi heç bir zaman irəli getməyəcək və hər zaman problemlər yaşayacaq. Sədaqət heç də o demək deyil ki, həmin şəxs sənin dediyin zaman hətta başı üstündə də dayansın. Sədaqət tələb elədiyin adam həm də öz yaxınlarına, böyüklərinə, çevrəsinə də sadiq olmalıdır. Öz yaxınlarına xəyanət etməyən işçi heç bir zaman rəhbərinin üzünə ağ olmaz.
Onun üçün pul çox böyük əhəmiyyət daşıyır...
Bəli, bu bir faktdır. Əgər bu gün Azərbaycanın uşaq bağçalarından tutmuş orta məktəblərinəcən, orta məktəblərindən də ali məktəblərinə qədər bütün təhsil ocaqları başdan-başa, Hacıbala Abutalıbov demişkən, rüşvət adlı çirkaba bulaşıbsa, o halda ortaya yalnız bir məntiqi nəticə çıxmış olur: Misir müəllim pulun Məcnunudur.
Bu gün pulun olmasa, hətta uşaq bağçasına belə gedə bilməzsən. Amma pulun varsa, ağlının uşaq bağçası səviyyəsində olması heç bir önəm daşımır, hətta ali məktəblərin qapıları belə sənin üzünə taybatay açıqdır.
Bu gün pulun varsa, sən hətta sənə nəyisə öyrətmək başlıca və əsas vəzifəsi olan müəllimlərinə belə həyatı başa sala bilərsən. Bilik ikinci, yox, üçüncü, əstəğrüfullah, min üçüncüdür, əsas olanı puldur və pulun varsa, deməli, sən hətta təhsil nazirliyinin binasını da satın ala bilərsən. Çünki türkiyəli türklərin mor dediyi, bizim isə ruslardan əxz edərək “rozovı” adlandırdığımız rəngdə boyanmış təhsil nazirliyinin binasının təməli belə, mayası belə rüşvətdən yoğrulub. Yəqin ki, bu bina bir daha təmirə dayanarsa, rəng məsələsinə yenidən qayıdıla bilər. Hər halda, belə bir binanın “rozovı” rənglə boyanmasındansa, dolların rəngində olması daha məqsədəuyğun və məqsədəmüvafiqdir.
O, böyük adamdır...
O da başqa məmurlar kimidir və o da nə zamansa gedəcək. Çünki başqa bir yolu da yoxdur. Ən azından ömrünün uzunluğu imkan verməyəcək ki, Misir Mərdanov Azərbaycan təhsilinin anasını əbədi olaraq ağlatsın. Yəni o da bizim kimi insandır və onu da Allah yaradıb. Allah isə öz bəndəsinə 60-70, maksimum 120 il ömür tanıyıb. Bundan artıq yaşamaq qeyri-mümkündür. Yaşasan belə, gücün qalmır. Təhsilin belini qırmaq isə hər oğulun işi deyil, böyük zəhmət və güc tələb edir.
Misir Mərdanov təbii ki, gedəcək. Və ondan sonra kimin gəlməyindən asılı olmayaraq, Azərbaycan təhsilinin üzü güləcək. Sevinəcək təhsil sistemi. Çünki ondan betər formada təhsilə qarşı düşmən münasibət saxlamaq qeyri-mümkündür. Misir Mərdanov bu gün qeyri-mümkün olanı həyata keçirməklə məşğuldur. Bu da böyük missiyadır. Böyük missiya isə böyük adamlara məxsus olur. Deməli, o həm də böyük adamdır. Böyük adamdır ki, bu gün biz ondan yazırıq. O isə hələ də bu yazıları oxuyur və bizə qarşı qəzəblərini artırır. Daha başını qaldırıb ətrafına baxmır ki, onu qəzəbləndirən, bizi isə yoran bu mövzuların yaratdığı situasiyanın dərdinə əncam etsin...
Ayxan AĞALAR
pia.az