
May ayının 10-dan etibarən Bakı şəhərində Dövlət Neft Şirkətinin yanacaqdoldurma məntəqələri istifadəyə verildi. “SOCAR” brendi ilə fəalliyət göstərən belə məntəqələrin sayı hələ ki, 5-dən çox deyil. Digər yanacaqdoldurma məntəqələri ilə müqayisədə “SOCAR”da satılan benzinlə nisbətən də olsa keyfiyyətlidir.
İyun ayının 1-dən etibarən Azərbaycana gətirilən avtoməbillərə və ölkə daxilində satılan benzinə Avro-2 standartının tətbiq edilməsiylə daxili bazarda satılan benzinin keyfiyyətli də nisbətən yüksəlməli idi. Lakin istehlakçılar bu faktla sadəcə olaraq “SOCAR”ın məntəqələrində rastlaşırlar.
Maraqlıdır ki, digər yanacaqdoldurma məntəqələri ilə rəqabətdə qeyri-bərabərlik tətbiq edildiyindən artıq “Azərpetrol” kimi iri neft məhsullarının satışı ilə məşğul olan bir şirkətin alıcıları kifayət qədər azalıb. Belə ki, arxasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dayandığı “SOCAR”a yaradılan hüdudsuz imkanlar yekunda “Azpetrol” kimi iri bir şirkətin də sıradan çıxmasına nədən olub.
Araşdırmalar zamanı məlum olub ki, “SOCAR”ın Fəhlə prospektindəki yanacaqdoldurma məntəqəsində kassa çeklərindən istifadə edilmir. Daha doğrusu burada kassa aparatları olsa da, onların istifadə edilməsi baş vermir.
Digər iki yanacaqdoldurma məntəqələrində, Heydər Əliyev prospektində və Bibiheybət məscidindən Bayraq meydanına gedən yeni yolda istifadəyə verilən “SOCAR”ın yanacaqdoldurma məntəqələrində isə ümumiyyətlə kassa aparatları yoxdur. Əməkdaşlarımız bunun səbəbi ilə maraqlandıqda məntəqədəki inzibatçı maraqlı bir cavab verib: ”hələ ki, kassa aparatları gəlməyib”.
Qeyd edək ki, mövcud vergi qanunvericiliyinə əsasən istənilən bir satış məntəqəsi ilk andan etibarən orada kassa nəzarət aparatları quraşdırılmalıdır. Lakin “SOCAR” kimi iri bir şirkətin yanacaqdoldurma və satış məntəqəsində iki aydan çoxdur ki, kassa nəzarət aparatları istifadə edilmir.
Hər halda bu iri dövlət şirkətinin vergidən yayınma üzrə ən iri faktlardan biridir.
Redaksiyamıza ən sonda daxil olan məlumatlardan isə aydın oldu ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyri-rəsmi olaraq “SOCAR” YDM-lərində kassa aparatlarından istifadə edilməməsilə bağlı icazə alıb. Onun bu icazəni Vergilər Naziri Fazil Məmmədovdan yox, daha yuxarıdan aldığını bildirən mötəbər qaynağımız onu da qeyd etdi ki, hətta Fazil Məmmədova “SOCAR”larda yoxlamalar təşkil etmə hüququ da verilməyib: “Ona qəti şəkildə “SOCAR” YDM şəbəkəsinə yaxın durmamaq tapşırığı verilib”.