Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klintonu 80 il qabaqlayan böyük demokrat

Dəqiq xatırlayıram, 1999-cu ilin dekabr ayının 31-i saat 22 radələri idi, radioqəbuledicidə BBC radiostansiyasının ana dilimizdə yayınlanan xəbərlər bülleteninə qulaq asırdım... 

O zamanlar bu radiostansiyada Zülfüqar Rüfətoğlu və Aleksey Manvelyan (Goranboy ermənisydi, ana dilimizdə əla danışırdı – Gəncə ləhcəsiylə) çox gözəl verilişlər aparırdılar.

Həmin gün Zülfüqar Rüfətoğlu ABŞ prezidenti Billi Klintonun yeni ilin, yeni əsrin başlanğıcı ilə bağlı ABŞ və dünya xalqlarına ünvanladığı təbrikə dair hazırladığı mətni səsləndirirdi. Mətndə belə cümlələr vardı: “Cənab Klinton öz mesajında bildirib ki, yeni əsrdə ABŞ-ın dünya xalqlarına yönəlik siyasətində bu xətt prioritet olacaq: “İnsanlara hürriyyət, millətlərə istiqlal”.

İfadə çox tanış idi. Bunu ölkəmizdə bilməyən yetkin insan tapılmazdı.

Bu, o zamanlar idi ki, artıq sovet rejiminin çöküşündən sonra Azərbaycanda çıxan qəzetlərin bir çoxu qəzetin devizi olaraq “bütün ölkələrin proletarları, birləşin!” şüarını 1918-20-ci illərdə dövlətimizin baş qurucusu Məhəmməd Əmin Rəsulzadənin səsləndirdiyi “İnsanlara hürriyyət, millətlərə istiqlal” devizi ilə əvəz etmişdilər.

Əlbəttə, bu o demək deyildi ki, Klinton və ya onun təbrik mesajını hazırlayanlar o fikri dünyanın o başında yerləşən kiçik bir ölkənin 55-75 il əvvəl yaşamış liderinin əsərlərindən götürüblər. Bu, onların özünün də ağlına gələ bilərdi.

Amma 1999-cu ilin son günlərində ABŞ prezidenti Billi Klintonun adından yayılan təbrik mesajında eyni şüarın səslənməsi o demək idi ki, böyük Rəsulzadə insanların azadlıq və hüquqlarna, eləcə də millətlərin istiqlalına baxışında müasir siyasətçiləri azı 80 il qabaqlayıb. Müasir dünya siyasətçilərinin hələ indi-indi dərk etdiyi, vacib, prioritet saydığı dəyərləri bu böyük insan hələ ötən əsrin əvvəllərində görüb, yazıb.

İndi belə bir tarixi şəxsiyyətin, böyük dühanın sənin millətinin oğlu olmasından necə qürur duymayasan?

Rəsulzadə insanlara hürriyyət, millətlərə istiqlal tələb edəndə hələ dünyada on milyonlarla insanı qırıb-çatacaq, kölə edəcək qanlı dikatotrlar (Stalin, Hitler, Mussolini, Franko, Salazar və b.) iş başına keçməmiş, bütöv xalqları genosidə, sürgünə məruz qoymamış, köləyə döndərməmişdilər. O zaman dünyadakı müstəqil dövlətlərin sayı heç 50-yə çatmırdı, Asiya və Afrika, eləcə də Okeaniya başdan-başa müstəmləkələrlə doluydu, millətlər əsarət altında inləyir, öz dövlətlərini qurmaq üçün çoxsaylı qurbanlar verirdilər.

Rəsulzadə bunu görür və millətlərə istiqlal tələb edirdi. O, öz milləti üçün istiqlal da qazanmışdı, onun fərdlərinə hürriyyət də vermişdi.

Təsəvvür edin ki, 100 il əvvəl dünyadakı demokratik ölkələrin, parlament respublikalarının sayı 20 civarında olub və onlardan biri də Azərbaycan idi. İstibdad yuvaları arasında azadlıq adası…

O zamanlar Azərbaycan qanunla, demokratik prinsiplərlə idarə olunmaq xüsusunda bir çox Avropa ölkələrindən öndə olub. Əgər rus-bolşevik işğalı olmasaydı, bu ölkə Rəsulzadələrin, Xoyskilərin, Topçubaşovların, Yusifbəylilərin və başqa dəyərli millət oğullarının sayəsində çox irəli gedə bilərdi. Fəqət Lenin Rusiyası öz qanlı pəncələrini uzadıb və ölkəmizi də öz gününə salıb.

100-102 il əvvəlin hadisələrini incələyəndə, göz önünə gətirəndə hiss edirsən ki, Rəsulzadə və onun tərəfdarları nə qədər tərəqqipərvər və dürüst insanlar olublar. Onları şəxsi varidat maraqlandırmayıb. Nəsib bəy Yusifbəyli bəy oğlu və baş nazir olsa da, atasının yardımıyla dolanıb. SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq Finlandiyaya ezam olunan Rəsulzadə Avropadan siyasi sığınacaq almaq (ehtimal ki, o, böyük repressiya dalğasının başlayacağını önədən hiss edib) qərarına gələndən sonra dövlətin ona verdiyi ezamiyyə pulunu qəpiyinə qədər səfirliyə qaytarıb.

Bütün ömrünü dürüstlüklə yaşamış, əqidəsinə, prinsiplərinə sona qədər sadiq qalmış bu böyük demokrata qarşı nə deyirlər, desinlər, heç biri yapışmaz. Adamın şəffaf həyatı və fəaliyyəti ilə bağlı o qədər sənədlər, xatirələr var ki, istənilən bəd iddia anındaca qəti şəkildə təkzib olunur.

20-ci əsrin ən böyük demokratlarından biri olan Rəsulzadə xalqımızın min illərlə qürur duyacağı dövlət xadimi olub. Onun müqəddəs adının Hitler və Stalinin əlaltılarıyla, tör-töküntüləri ilə bir cümlədə çəkilməsi belə qəbahətdir.(musavat.com) 

Xalid KAZIMLI

pia.az 


Etiket: Rəsulzadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar