Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Krımı, Krım isə Putini “udub”

Rusiya üçün avtoritarizmdən başqa yol varmı?

Krımın 2014-cü il martındakı ilhaqından xeyli əvvəl Rusiya müxalifətçisi Aleksey Navalnıy bu yarımadanın gələcəyi ilə bağlı proqnoz vermişdi. Moskvada ev həbsində olmasına baxmayaraq, Navalnıy anlamışdı ki, Krımda nə isə böyük bir əməliyyat hazırlanır.

Rusiya ordusunun xüsusi təyinatlı döyüşçüləri olan maskalı silahlı adamlar Krım parlamentinə soxuldular və oraya Rusiya bayrağını sancdılar. Tezliklə bu yarımadanın Rusiya tərkibinə daxil olması ilə əlaqədar referendum təyin edildi. Amma sual verilirdi: görəsən Vladimir Putin qonşu Ukraynanın ərazisinin bir parçasını ilhaq etməyə gedərmi?

2014-cü il 12 mart tarixində Navalnıy öz bloqunda yazırdı: “Yox!” Onun fikrinə görə, bu cür hərəkət Rusiya prezidentinin xarakterinə uyğun deyil, çünki o, birbaşa qarşıdurmadan qaçan hiyləgər siyasətçi kimi tanınır və ona görə də, Krımın Rusiyaya birləşdirilməsi ehtimalına yalnız tipik Putin qorxutması kimi baxmaq lazımdır. Navalnıy daha sonra bildirirdi ki, Krımı Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiya tipli psevdo-dövlət edəcəklər.

Bundan altı gün sonra Putin Kremldəki çıxışıyla Navalnının verdiyi proqnozu səhv çıxardı. Rusiyalıların əksəriyyətinin coşğusu və xarici ölkələrin dəhşəti fonunda, o, Krımın və liman şəhəri Sevastapolun Rusiyaya birləşdirilməsini elan etdi. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə idi ki, Avropa dövləti qonşusunun ərazisini özünə birləşdirirdi.

O vaxtdan 5 il keçib. Düzdür, Avropa bu tabunun pozulmasına uyğunlaşsa da, ancaq hələ özünə gələ bilməyib. İndi Navalnının o zamankı ehtimalını yada salaraq bundan dərs çıxarmaq lazımdır. Bu onu göstərir ki, həmin vaxt Putin hətta ona qarşı kəskin düşmən münasibətində olan şəxsləri də təəccübləndirib. Belə görünür ki, o vaxt Vladimir Putin nəinki təkcə müharibədən sonrakı Avropa nizamını, həmçinin də öz köhnə adətlərini basdırdı. Həmin vaxt naməlum istiqamətdə hərəkət edən yeni Putin peyda oldu. Qərb onu anlamaqda çətinlik çəkirdi.

Kim bilir, bəlkə Putin 2014-cü ilin 23 fevral səhəri özü-özünü də təəccübləndirib. Onun sözlərinə görə, məhz həmin gün ilhaqın hazırlanması barədə əmr vermək qərarına gəlib. Bu, onun Ukrayna prezidenti Viktor Yanukoviçin Kiyevdə devrilməsinə qarşı cavabı olub. Təbliğatın təlqin etdiyindən fərqli olaraq, Rusiya prezidenti prinsipcə ehtiyatlı adamdır. O, kəskin bəyanatlardan qaçır və orta mövqedə durmağa üstünlük verir. Amma o zaman Putin başını itirmiş kart oyunçusu kimi, qəfildən oyun masasını devirərək, ehtiyatkarlığını bir yana tullayıb, özü- özünü autsayderə çevirdi.

O vaxtdan Putin başqa cür olub…

Geriyə dönüb baxanda görə bilmirik ki, əgər tarix başqa istiqamətdə getsəydi, bu hadisələr haraya aparardı. Axı bu iş təkcə Krımın ilhaqıyla məhdudlaşmır: Krım Moskvanın Donbasa gətirdiyi müharibə və zorakılığın qapısı oldu. Çox güman ki, o vaxt Rusiya paytaxtında Ukraynanı iki yerə bölmək barədə düşünürdülər. Moskva istəyirdi ki, Ukraynanın ruspərəst cənub-şərqini ondan qoparsın və hətta bunun üçün hələ çar dönəmindəki “Novorossiya” anlamını reanimasiya etmək istədi. Hər şey daha pis yolla, daha qanlı ssenariylə gedə bilərdi. Amma Qərb mütəşəkkillik, Ukrayna isə güman ediləndən daha möhkəm mövqe nümayiş etdirdi. Ona görə də yekun nəticədə yalnız kiçik bir kömür hissəsi qoparıldı və indi Moskva burayla nə edəcəyini bilmir.

Hələ Donbasdakı münaqişə səngiyib tüstüləyəndə Putin 2015-ci ildə Suriyaya müdaxiləyə başladı və bu hərbi fəaliyyətlərin yeni teatrı oldu. Suriyada yaşananlar də öz növbəsində Krımın anneksiyasının nəticələriylə bağlıydı. Amma bu dəfə onun məqsədi Moskvanın düşdüyü beynəlxalq izolyasiyanı yarmaq idi. Bunun üçün Rusiya əvəzedilməz güc olmasını sübut etməliydi. Rusiyalılar təəccüblü şəkildə televiziya ekranlarında onların aviasiyasının uzaq səhralardakı şəhərləri necə bombalamasına, donanmalarının isə Xəzər dənizindən Suriyaya necə raket zərbələri vurmasına tamaşa edirdilər.

Hazırda Putin addım-addım Rusiyanın daxili siyasətindən aralanmağa başlayıb və daha çox dünya siyasətinə girişir. Artıq rusiyalılara elə gəlir ki, o, çoxdandır öz vətəndaşlarının qayğısına qalmayan siyasətçidir, indi o, ümumdünya-tarixi missiya yerinə yetirir. Onu nə evdəki, nə də xaricdəki müasirləri maraqlandırır. Putin indi gələcək nəsillər barəsində düşünməyə üstünlük verir. Politoloq Tatyana Stanovaya bu metamarfozu belə xarakterizə edib: “Rusiya Krımı udub, Krım isə Putini udub”.

Belə bir vəziyyətdə rusiyalılar Krımın anneksiya edilməsinə görə Putinə minnətdardılar. 18 mart 2014-cü il tarixi onlar üçün milləti birləşdirən coşğu günüydü. Putin öz nitqində bunu Almaniyanın birləşdirilməsi günü ilə müqayisə edib, hərçənd ki, bu müqayisə onun qonşularını hiddətləndirib. Amma bir şeydə Putin haqlıdır: prezident kimi o, xalqa eyforiya bəxş etdi. O, rusiyalıları öz milli dövlətləri ilə barışdırıb. Bununla da Putin rusiyalılar və ukraynalılar arasındakı münasibətləri yadlaşdırmaqla Sovet İttifaqının əsl dağılmasını təsdiqlədi.

 Dövlətin onları aldatmasına vərdiş ediblər…

Rusiyalıların böyük əksəriyyəti hesab edir ki, tarixi ədalət onların tərəfindədir. O ki qaldı onların dövlətinin beynəlxalq hüququ pozması və yalan danışmasına, bu onları narahat etmir.

Rusiyalılar dövlətin onları aldatmasına çoxdan vərdiş ediblər. Yalançı şayiələrin yayılması, təxribatçılarla iş aparılması və buna bənzər hadisələr demokratiyanı yalnız imitasiya edən Rusiyanın daxili hibrid siyasətinə uyğun gəlir. Fərq yalnız ondadır ki, bu dəfə özlərinə düşmən bildikləri Qərbi aldadıblar, rusiyalılar isə bu işdə qurban yox, Kremlin tərəfdaşı olublar və onların öz dövlətləriylə eyniləşən “müqəddəs arzuları” həyata keçib.

Lakin həmin 18 mart 2014-cü ildəki eyforiyadan sonra Putin və rusiyalılar müxtəlif istiqamətdə hərəkət etməyə başladılar. Belə ki, Krımın anneksiyasından sonra keçirilən rəy soğularında Putinə olan inam xeyli yüksəlmişdi, indi isə bu göstərici köhnə səviyyəsinə qayıdıb.

Müəyyən dərəcədə rusiyalılar kansler Merkelin hisslərini yaşayırlar. Merkel 2014-cü ildə məyus şəkildə bildirmişdi ki, Putin “başqa dünyada” yaşayır. Belə görünür ki, o, rusiyalıların rifahının qayğısına qalmağı artıq öz borcu saymır və Krımı anneksiya etməklə öz ictimai müqaviləsini yerinə yetirib. Yeni Putin bir tərəfdən guya pul çatışmazlığına görə pensiyaya çıxmaq yaşını qaldırır, digər tərəfdən isə ABŞ-a tuşlanmış çox bahalı “möcüzə silahlar” nümayiş etdirir. Sosial məsələlər daha onu maraqlandırmır.

Təkcə Putin dəyişməyib, onun dövləti də dəyişib. Hərbçilərin rolu artıb. İndi onların özlərinin qum rəngli uniforması olan sərbəst gənclər təşkilatı var. QRU hərbi xidməti FTX-nın (FSB) daxili xüsusi xidməti ilə müqayisədə öz mövqeyini möhkəmləndirib. Dövlət özünün başlıca tapşırığını vətəndaşının inkişafında yox, Qərbdən gələcək təhlükələrin dəf olunmasında görür.

- “Putin olmayacaqsa-Rusiya da olmayacaq”
Putin özünün ümumdünya-tarixi missiyasını yerinə yetirərəkən onun dövləti gələcəkdən məhrum olur. 2014-cü ilin payızında hələ Krım eyforiyası davam etdiyi zaman yüksək çinli Kreml xadimi prezident haqqında demişdi: “Hələ ki, Putin var, Rusiya da olacaq. Putin olmayacaqsa-Rusiya da olmayacaq”. Tamamilə absurd bir frazadır. Belə çıxır ki, Putinin getməsiylə qara günlər gələcək.

Axı, Putin əbədi olaraq hakimiyyətdə qala bilməz. Ondan sonra nə baş verəcəyi barəsində danışmağın vaxtı əslində çoxdan çatıb. Lakin bu təhlükəlidir, çünki rejim Putinin alternativsizliyi əfsanəsi üzərində dayanır. Daha bir yüksək vəzifəli Kreml məmuru və təcrübəli “çar əyanı” olan Vladislav Surkov bu yaxınlarda Putindən sonrakı dövr barəsində aşıq şəkildə müzakirə aparmaq qərarına gəlib.

Onun məqaləsi “Putinin uzunmüddətli dövləti” adlanır. Bu məqələsində Surkov indiki Putin sistemini Qərb demokratiyası ilə müqayisədə daha üstün sayır. Onun sözlərinə görə, Rusiya dövləti öz şəffaflığı ilə fərqlənir -onun zorakılığı Qərbdəki kimi maskalanmır, açıq təzahür edir. Dövlətin bütün institutlarının qarşısında yalnız bir tapşırıq var: xalqı “yuxarıdakı hökmdarla, liderlə” bağlamaq, xalq yalnız ona inanır. Bu üstünlüyü anlamaq və qorumaq vacibdir, onda sistem hələ çox onilliklər mövcud olacaq.

Məqalədə qeyd olunduğu kimi, rəhbər ətrafında formalaşan dövlət obrazı Rusiyanın gələcəyidir. Bu, Putinin yaxın ətrafının həyata baxışı və anlama tərzidir. Əlbəttə, belə görünür ki, Putin üçün avtoritar yoldan savayı hansısa başqa bir yol təsəvvür etmək çətindir (“Der Spiegel”).

Əlavə olaraq xatırladaq ki, 1954-cü ildə Nikita Xruşov Pereyaslav radasının 300 illiyi ilə əlaqədar olaraq Krım yarımadasını Rusiya Federasiyasının tərkibindən çıxarıb, Ukraynaya vermişdi. Amma indiki zamanda bu, Rusiyaya Krıma iddia etməyə haqq vermir, çünki 1991-ci ildə SSRİ dağılanda Rusiya Ukraynanı həmin sərhədlər daxilində tanımışdı.

Digər tərəfdən, tarixdə belə hallar yetərincədir, onda gərək Avropa ölkələri bir-birlərinə qarşı çoxsaylı torpaq iddalarına baş vursunlar. Rusiyanın Krımı işğalı mövcud beynəlxalq hüquq normalarına ziddir. Qərb, 1994-cü ildə imzalanmış “Budapeşt memorandumu”na əsasən Ukraynanı işğaldan qorumalıydı, lakin onlar bunu etmədilər və yalnız sanksiyalar və sərt bəyanatlarla kifayətləndilər. Memorandumu Ukrayna, Rusiya, Böyük BritaniyaABŞ imzalamışdı. Həmin memoranduma əsasən Ukrayna öz ərazisində yerləşən nüvə silahlarından imtina edirdi və bunun əvəzində sənədə imza atmış dövlətlər Ukraynanın suverenliyinin qorunmasının təminatçısı kimi çıxış edəcəklərini təsdiqləyirdilər. Memorandum Rusiya parlamentində ratifikasiya olunmayıb. Çox qəribədir ki, buna nə Ukrayna, nə də təminatçı dövlətlər qəti və sərt etiraz bildirməyərək, tərəddüdlü davranıblar. Lakin hətta buna baxmayaraq, Krımın işğalı beynəlxalq hüquq normalarına ziddir.

Putin Rusiyasının 2014-cü ildə Krımı zəbt etməsi onların imkanları daxilindəydi. Belə ki, həmin dövrədək demək olar ki, Ukrayna ordusu əslində faktiki yox idi. Krımın zəbt edilməsi sözsüz ki, hələ xeyli öncədən hazırlanmışdı. O dövrdə Soçi şəhərində qış olimpiadası keçirilirdi və Rusiya bunun bitməsini gözləyirdi. Oyunlar başa çatandan sonra planlaşdırılan əməliyyat həyata keçirildi. Kiyevdə isə Yanukoviç devrilmişdi, hökumət yoxuydu. Kreml üçün fürsətdən istifadə etməyin tam vaxtıydı. 2014-cü ildə keçirilən referendum siyasi cəhətdən apatik olan Krım əhalisi üçün böyük əhəmiyyət kəsb etmirdi, çünki Ukrayna Kiyevdəki vətəndaşlarına necə yanaşıbsa, buradakı əhaliyə qarşı da elə yanaşırdı. Amma hər halda əhali müəyyən mənada elə fikirləşirdi ki, bəlkə Putin Krımdakı sosial-iqtisadi vəziyyəti yaxşılaşdırar. Sonradan gördülər ki, yox, Kreml üçün Krımın Rusiyanın digər əyalətlərindən heç bir fərqi yoxdur. Rusiya baş naziri Dmitri Medvedevin Krımdakı pensiyaçılara üzünü tutub “pul yoxdur, dözün” deməsi real mənzərənin əyani sübutu idi.

Hal-hazırda Krımda həyata keçirilən infrastruktur yenilənmələri həm məcburiyyətdən və eyni zamanda da, təbliğat üçün edilir. İki milyonluq Krım yarımadası Moskvadan dotasiya almaq yoluyla ayaqda saxlanılır. İndi Rusiya büdcəsi üçün təkcə Krım yox, həm də Abxaziya, Cənubi Osetiya, Dnestryanı əlavə yükə çevrilib. (AzPolitika.info)

Vaqif NƏSİBOV

pia.az


Etiket: Rusiya Krım

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar