Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərginləşən ABŞ-İran münasibətləri Ermənistan iqtisadiyyatına necə təsir edəcək?...

İranla bağlı yaşanan gərginlik və sanksiyalar Ermənistan iqtisadiyyatını təhdid edir...

İqtisadçı-ekspert: “Ermənistan hökuməti İranla enerji, qaz və nəqliyyat sahəsində əməkdaşlığı davam etdirmək üçün maksimum səy göstərməyə çalışır”.

“Sanksiyaların gücləndirilməsi Ermənistanın yük daşımalarında problemin daha da kəskinləşməsinə səbəb ola bilər ki, bu da ölkə iqtisadiyyatının inkişafına mane olan əsas amildir”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova ABŞ tərəfindən İranın məruz qaldığı sanksiyalar fonunda Ermənistan-İran iqtisadi münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Amerika Birləşmiş Ştatları tərəfindən 2018-ci ildə bərpa olunan sanksiyalardan sonra İranda iqtisadi böhran daha da dərinləşməyə başladı. Belə ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair 2015-ci ildə Tehran və “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından ölkəsinin birtərəfli qaydada çıxdığını elan etdikdən sonra İrana qarşı sanksiyalar 2 mərhələdən ibarət olmaqla, bərpa edildi. Avqustun 7-dən etibarən qüvvəyə minən ilk mərhələ çərçivəsində İranın avtomobil sektoruna, borc kağızlarına, qızıl və qiymətli metal, polad, alüminium, kömür, qrafit ticarətinə, ABŞ dolları ilə əməliyyatlarına, sərnişin təyyarələri satın almasına, sənaye proseslərinin idarə olunması üçün proqram təminatı əldə etməsinə qadağa qoyulub. Noyabrın 5-dən qüvvəyə minən ikinci mərhələdə isə daha sərt sanksiyalar tətbiq olunub. Qadağalar neft, bank, gəmiçilik kimi İran iqtisadiyyatının onurğasını təşkil edən aparıcı sektorları əhatə edib.

Bilirik ki, bu gün Ermənistan öz ticarətini əsasən İran vasitəsi ilə həyata keçirir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə ay əvvəl İranın “İRNA” nəşrinə müsahibəsində bildirmişdi ki, İranla dostluq və tərəfdaşlıq əlaqələri Ermənistan xarici siyasətinin əsasıdır: “Xüsusilə ticari-iqtisadi sahələrdə istifadə olunmayan potensialı vurğulamaq lazımdır. Əminəm ki, müxtəlif səviyyələrdə baş tutan təmas və dialoqlar bu potensialın tam həcmdə istifadəsinə yardım edəcək”.

Paşinyan qeyd edib ki, hazırda Ermənistan - İran əlaqələrində yeni komponent yaranıb. Bu İran və Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında sazişdir: “Saziş ratifikasiya mərhələsindədir. Ümid edirəm ki, yaxın gələcəkdə hüquqi proses yekunlaşacaq və biz bunun praktik nəticələrini çox gözləməyəcəyik”.

O, həmçinin bildirib ki, ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var.

Qeyd edək ki, ötən həftə yayılan bir məlumata əsasən ABŞ Ermənistan səfirindən ölkəsinin İranla sərhədlərinin bağlamasını tələb edib.

Azərbaycana gəlincə isə ölkəmiz İran isə Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu və digər layihələr çərçivəsində əməkdaşlıq edir.

Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xəttinin qurulması layihələri həyata keçirilib, İrana elektrik satışına dair çərçivə sazişi imzalanıb. Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-dən çoxdur. İki ölkə münasibətlərində son illərin ən vacib hadisələrindən biri isə 2017-ci ilin noyabrında Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanmasıdır. Bu sazişə əsasən Azərbaycan İrana 500 milyon dollar kredit ayırıb.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “ABŞ tərəfi Ermənistandan İran ilə bağlı daha kritik addımların atılmasını gözləsə də, hazırkı şəraitdə ölkə ayaqda qalması üçün İranla yaxşı münasibətlər saxlamağa məcburdur”.

Ermənistandansa Azərbaycanla tərəfdaşlıq etmək İranın maraqlarına daha çox xidmət etdiyini vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, ABŞ sanksiyaları Tehranla iqtisadi və ticari əlaqələr inkişaf etdirən bütün ölkələrə təsirsiz ötüşməyəcəyi kimi, Ermənistana da öz birbaşa təsirini göstərəcək. Ekspertin fikrincə hazırkı şəraitdə ölkə ayaqda qalması üçün İranla yaxşı münasibətlər saxlamağa məcburdur:

“Bildiyiniz kimi, 2018-ci ilin may ayında Avrasiya İqtisadi Birliyi çərçivəsində İranla sadələşdirilmiş ticarət sazişi imzalandı. Saziş Ermənistanın İran bazarına asanlıqla daxil ola bilməsinə və o cümlədən də, İran istehsalçılarının Ermənistan bazarına daha rahat daxil olmasına imkanlar açır.

Xatırlatmaq istərdim ki, buna qədər Ermənistanın İranla güzəştli ticarət razılaşması yox idi. Hazırda saziş ratifikasiya mərhələsindədir. İran tərəfi Ermənistana kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, həmçinin əlvan metallar, kosmetik vasitələr və bəzi mexaniki avadanlıqlar üçün tarif endirimləri təqdim edəcək. İran üçün isə meyvə-tərəvəz, tikinti materialları, qab-qacaq, xalçalar və bəzi əlvan metallardan hazırlanmış məmulatlar üzrə rüsumlara güzəştlər ediləcəyi bildirilir.

Təbii olaraq, ABŞ sanksiyaları Tehranla iqtisadi və ticari əlaqələr inkişaf etdirən bütün ölkələrə təsirsiz ötüşməyəcəyi kimi, Ermənistana da öz birbaşa təsirini göstərəcək.

Hazırda Ermənistan hökuməti İranla enerji, qaz və nəqliyyat sahəsində əməkdaşlığı davam etdirmək üçün maksimum səy göstərməyə çalışır. Bilirik ki, blokada şəraitində olan Ermənistanın dünyaya çıxışı yalnız iki ölkə, Gürcüstan və İran vasitəsilə təmin olunur. Sanksiyaların gücləndirilməsi Ermənistanın yük daşımalarında problemin daha da kəskinləşməsinə səbəb ola bilər ki, bu da ölkə iqtisadiyyatının inkişafına mane olan əsas amildir.

Vüsalə Əhmədova: “Ermənistan tərəfi, ilk öncə onları blokadada saxlayan ölkələrə qarşı BMT-nin tədbirlər görməsini ABŞ-dan tələb edə də bilər”.

İran tərəfinin nəqliyyat xərcləri artacağı üçün, Ermənistan sahibkarlarının istehsal etdikləri 15-20 adda məhsulun dəyərində də 25%-lik artıma səbəb olacaq. Neft-qaz və nəqliyyat sahələrindən başqa maliyyə sektorunun da sanksiyalardan öz nəsibini alacağı görünür. Bank sferasına gətiriləcək məhdudiyyətlər isə həm ticarət proseslərinə, həm də investisiya layihələrinə ciddi əngəldir. ABŞ tərəfi Ermənistandan İran ilə bağlı daha kritik addımların atılmasını gözləsə də, hazırkı şəraitdə ölkə ayaqda qalması üçün İranla yaxşı münasibətlər saxlamağa bir növ məcburdur. Hətta Ermənistan tərəfi, ilk öncə onları blokadada saxlayan ölkələrə qarşı BMT-nin tədbirlər görməsini ABŞ-dan tələb edə də bilər. İrandakı erməni icması da hər iki ölkənin dövlət strukturlarına müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli dərəcədə yardımlar göstərirlər.

Azərbaycan-İran münasibətlərinə gəlincə deyə bilərəm ki, inkişaf nəzərə çarpacaq dərəcədədir. Bildiyiniz kimi, mart ayında Bakıda Azərbaycanİran hökumətlərarası komissiyasının növbəti toplantısı keçirildi. Tərəflər ikitərəfli əlaqələrin daha da dərinləşməsini müzakirə etdilər. Azərbaycanda sənaye, tikinti, nəqliyyat, enerji və kənd təsərrüfatı sahələri üzrə yüzdən çox İran şirkəti fəaliyyət göstərir ki, onlar Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollardan artıq sərmayə qoyublar. İki ölkə arasında 150-dən çox imzalanmış sənəd mövcuddur.

Bütün yatırılmış investisiyaların, imzalanmış sənədlərin aqibəti təbii olaraq hər kəsi düşündürür. ABŞ sanksiyaları fonunda Azərbaycanİran arasında ticarət dövriyyəsi 2018-ci ildə 74%-ə (446 milyon dollar) yüksəlsə də, bu ildən iki ölkə arasında və hətta regional əməkdaşlıqda maneələr yaranmağa başlayacaq. Məsələn, Astara-Rəşt dəmir yolu tikintisi gecikir. Bundan əlavə, Xəzər dənizinin perspektivli strukturlarında neft və qazın birgə hasilatı layihələri təxirə salınır.

Bütün bunlara baxmayaraq, Azərbaycanla yaxşı ikitərəfli münasibətlər qurmaq İranın təhlükəsizlik maraqlarına xidmət edən iki əsas faktordan biridir.

Vüsalə Əhmədova: “Azərbaycanın İsrail ilə strateji tərəfdaşlıq və yaxşı münasibətlərindən dolayı Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir”.

Əvvala, etnik azərbaycanlılar İran əhalisinin təxminən yarısını təşkil edir. İrandakı etnik azərbaycanlıları milli azlıq yox, milli çoxluq adlandırsaq daha doğru olar. Burada dini faktor da öz rolunu oynayır. Azərbaycanda vaxtaşırı baş qaldıran islamçı hərəkatçılara İran tərəfindən dəstək verildiyi də sirr deyil.

Həmçinin, Azərbaycanın İsrail ilə strateji tərəfdaşlıq və yaxşı münasibətlərindən dolayı Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir. İsrail ilə Azərbaycan arasında hərbi texnika sahəsi üzrə mübadilə və əməkdaşlıq haqqında aktiv razılaşma, o cümlədən, 1,6 milyard dollar dəyərində İsrailin müxtəlif silah sistemlərinin ixracına dair 2012-ci ildə bağlanmış saziş mövcuddur.

Göstərdiyim amillərdən dolayı rəsmi Tehran Azərbaycanla münasibətləri prioritet hesab edir. Bir sözlə, Ermənistandansa Azərbaycanla tərəfdaşlıq etmək İranın maraqlarına daha çox xidmət edir. Diplomatik sahədə əməkdaşlıq iqtisadi müstəvidə də davam etdirilməyə çalışılır, ancaq sanksiyalar şəraitində buna hansı dərəcədə nail olunub olunmayacağını demək hələ ki, çətindir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar