Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ən böyük kapitalist cəmiyyəti - Amerika necə çürüyür?

İrqçi və avtoritar Trampın rəhbərliyi altında olan ABŞ bir cəmiyyət olaraq Veymar Almaniyası kimi çürüməyə başlayıb...

Ergin Yıldızoğlu
“Cumhuriyet”qəzeti, Türkiyə, 10 iyun 2019-cu il

Trampın İngiltərə səfərində baş verənləri izləyərkən yadıma Fransisk Fukuyama düşdü. Fukuyama bir dəfə “ABŞ dünyadın ən böyük kapitalist cəmiyyətidir və ABŞ-ın qurumları da bazarın məntiqi davamının nəticəsidir”, demişdi.

Əgər ABŞ “ən böyük kapitalist cəmiyyətidir”sə, o zaman digər kapitalist cəmiyyətlərin varlığı sual altında qalır. Üstəlik, “bazardakı qüvvələrin məntiqi davamı” olması qlobal faşizmdən xəbər verir.

İrqçilik və avtoritarizm

Trampın İngiltərə səfəri Londonda kütləvi etirazlarla qarşılandı. Bu aksiyalar qəzetləri, TV xəbərlərini zəbt etmişdi. Mediada Trampı hədəf alan və alçaldan şərhlər də az deyildi. Bunun müqabilində Trampın verdiyi cavab belə idi: “Nə etiraz? Etirazlar filan olmayıb. Mən küçələrdən keçərkən insanlar məni salamlayırdı” - və əlavə edib: “İngilis mediası məni çox bəyəndi”.

Trampla Kraliçanın ziyafətində hökumət üzvləri və 170 şəxs iştirak edib. Lakin Mühafizəkarlar Partiyasının Daxili İşlər naziri olan müsəlman Sayid Cavid ziyafətə dəvət olunmayıb.

Birincisi, bu vəziyyət ABŞ-dakı nüvə silahlarını qorxulu gələcəyə hazırlayan adamın utanmaz bir yalançı olduğunu və öz xəyal dünyasında yaşadığını göstərirdi. İkincisi isə, adamın irqçi təfəkkürünün getdiyi ölkənin protokolunu tamamilə heçə sayacaq qədər böyük olduğunu, yəqin ki, unutmaq olmaz.

Tramp, həmçinin, Mühafizəkar Partiyasının daxili seçkilərinə burnunu soxdu və BREXİT-dən sonra İngiltərəni özündən asılı salacağını bildirən ifadələr işlətdi. Bu da bütün vəziyyəti izah edir.

Çürümə prosesi

İrqçi və avtoritar Trampın rəhbərliyi altında olan ABŞ bir cəmiyyət olaraq Veymar Almaniyası kimi çürüməyə başlayıb.

Ən başda islamafobiya və gəlmələrə qarşı düşmənçiliyi, immiqrantların məruz qaldığı qeyri-insani rəftarı da qeyd etmək lazımdır. Həmçinin, cəmiyyətdə şiddətə meyillilik də artır. Bu il may ayının sonuna qədər 148 kütləvi (FBİ-in məlumatına görə, birbaşa insanları hədəf alan 4-dən çox) silahlı hücumda 149 insan ölüb, 500-dən çox insan yaralanıb. 15 məktəbə silahlı hücum baş verib. Yeni ildən bu yana 5930 insan silahlı atışmada ölüb. Böyük "Normandiya əməliyyatı"nda belə hər iki tərəfdən ümumən 4400 insan ölmüşdü.

Ölkədə hüquq da get-gedə əzilir. Baş prokuror Konqressin çağırışına, Tramp isə məhkəmənin qərarına riayət etmədiyi üçün qanuni və konstitusional sistemin böhranda olduğu deyilir.

ABŞ Birləşmiş Millətlər Təşkilatının sosial bərabərsizliyi və ayrı-seçkiliyi ortadan qaldırmağa yönəlmiş beynəlxalq müqaviləsini də imzalamayıb və bərabər hüquqlarla bağlı qanunu təsdiqləməyib. Son vəziyyətdə siyasət sağa doğru meyil etdikcə qadın və LGBTİ hüquqlarının da sürətlə məhv olduğunu görə bilərik.

Bir çox şəhərdə abort tamamilə (təcavüz və ya insest, hətta dölün ana bətnində ölməsi halında belə) qadağan olunarkən, bir tərəfdən də bir çox cənub bölgələrində körpənin ana bətnində ölməsi belə cinayət kateqoriyasına daxil edilir.

Ağ dərililərin üstünlüyü və irqçi ideologiya yüksəldikcə qadını doğuş maşını kimi görmək də adi hal almağa başlayıb. Doğuş vaxtı anaların ölməsi üzrə verilən statistikada ABŞ inkişaf etmiş ölkələr içərisində ön sıralardadır. Bu ölüm nisbəti 1979-1986-cı illərdə 100 mində 14, 2013-cü ildə 13,8 idi. 2018-ci ildə isə 26-ya qədər yüksəlib. Bu nisbət Finlandiya, İsveç və İtaliyada 4%, Fransada 8%-dir. Amerikada yoxsul insanların 70%-ni qadınlar və uşaqlar təşkil edir.

İrqçiliyin və cinsiyyətçiliyin artdığı bir vəziyyətdə, təbii olaraq, LGBTİ düşmənçiliyi də çoxalır. Məsələn, Bostonda “homofobam və qürur duyuram” deyən bir heteroseksual şəxs “qürur yürüşü” keçirməyi planlaşdırır. ABŞ “alt-right” (müasir faşizm) hərəkatını dünyaya yayan bir mərkəz olaraq sürətlə yüksəlir.

ABŞ-ın strukturundakı (yollar, limanlar və s.) çürümə cəmiyyətdə böyük narahatçılığa səbəb olub. Bu çürümənin üzərinə gəlir bölgüsündəki boşluğu, maaş artımının dayanmasını, ABŞ həyat tərzini təmsil edən orta sinfin get-gedə yox olur, tibbi sığortaya, pensiya fondlarına sahib olan şəxslərin sayı azalır və buna paralel olaraq ən zəngin şəxslərin sərvəti ən kasıb təbəqənin 90%-nin ümumi sərvətindən 188 dəfə artıqdır. Evsizlərin sayının isə, 2018-ci ildə 13% çoxalmasını da əlavə etsək, qarşımıza siyasi, iqtisadi və mədəni baxımdan Veymar Almaniyasını xatırladan bir ölkə çıxır.

Kapitalizmin ən inkişaf etmiş forması artıq bir canavara çevrilib.

 

Qeyd: Mövzunun daha aydın şəkildə başa düşülməsi üçün ABŞ-da davam edən müasir faşizm, irqçilik və cinsiyyətçiliklə bağlı olan “Damazlıq qızın hekayəsi” (The Handmaid's tale) adlı serialı izləməyinizi tövsiyə edirik. “Damazlıq qızın hekayəsi” serialı Amerikan cəmiyyətində qadına doğuş maşını kimi baxıldığı və insan hüquqlarının ən ağır şəkildə pozulduğu qorxunc gələcəyi distopik bir dillə tənqid edən Marqaret Etvudun eyniadlı əsəri əsasında çəkilmişdir.

Tərcümə PİA.az-ındır

Orijinal

Fatimə ƏLİYEVA
pia.az


loading...