Çərşənbə axşamı, 18 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İtlər insanların dostudur, yoxsa düşməni? - Video reportaj

“Toplan” sığınacağına aparılan itlər geri qaytarılmır; bir zamanlar heyvanları yandıranlar indi “Toplan”da çalışırlar; Bazardakı görünüş və Gömrük Komitəsinin yalanı...

Poliqon İnformasiya Agentliyi olaraq növbəti videoreportajımızı təqdim edirik. Bu dəfəki mövzumuz uzun illərdi davam edən və son zamanlarda biraz da şiddətlənən heyvanlara qarşı olan münasibət, yəni birmənalı olaraq zorakılıqdır.

Mövzuya keçid etməzdən əvvəl qeyd edək ki, insanla ətraf mühit arasında münasibətlər konstitusiyamızın 39-cu maddəsində və 2007-ci ildə Azərbaycanın öhdəlik götürdüyü “Ev heyvanlarının mühafizəsi haqqında AVROPA KONVENSİYASI”na əsasən tənzimlənir.

Heyvana qarşı zorakılığın öz cəzası var...

Sosial şəbəkələrdə heyvansevərlər və heyvanlara qarşı olan zorakılıq arasında sanki müharibə edir və bu mübarizə bitmir. Demək olar ki, heyvansevər vətəndaşlar hər gün yeni aksiyalar keçirir və qarşılığında da artan zorakılıq halları ilə qarşılaşırlar.

Təbii ki, vətəndaşların həssaslığı, məsələlərə operativ müdaxilə etməsi təqdirə layiq addımdır, amma unutmaq olmaz ki, bu məsələlərlə mübarizə ictimai müstəvidə olduğu kimi, adminstrativ müstəvidə də həyata keçirilməlidir.

Başqa bir məsələyə də diqqət çəkmək yerinə düşər. Minimum əməkhaqqının 180 manat olduğu bir ölkədə heyvanlara qarşı zorakılığın 500 manatla cərimələnməsi heyvanlara qarşı aqressiyanı artırır. Bir dəfə belə cəzalanmaya məruz qalan insanlar heç kimin nəzarət etmədiyi bir yerlərdə heyvanlara qarşı hətta sadist davranışlar etdiyini də söyləyə bilərik. Demək ki, insanları cərimələməklə problem həll olmur, əsas məsələ insanın bütün canlılara eyni münasibətdə ola bilməsidir. Bu isə təbii ki, maarifləndirmə yolu ilə həyata keçirilməlidir.

Hazırda bizim cəmiyyətmizin insanında toplanmıış bir aqressiya var və insanlar bu aqressiyanı ailələrində, küçədə, elə həmçinin heyvanlara qarşı münasibətdə göstərirlər. Elə bizim çəkiliş apardığımız ərazidə də bənzər bir hal yaşandı və orada fəhləlik edən bir nəfər şəxs kameraların işlək olduğu vaxt ərzində oradakı itlərə şiddət göstərməyə cəhd etdi. Ərazidəki heyvansevərlər də dərhal məsələyə müdaxilə etdi və ortalığa 500 manat cərimə məsələsi atıldı. Və biz uzun bir mübahisəyə şahidlik etdik.

Bütün hallarda cinayətkarlığa qarşı effektli mübarizə aparmaq üçün cinayəti yaradan sosial səbəbləri tapmaq və bu səbələri ortadan qaldırmaq lazımdır. Toplumu bəsləyən və yönləndirən ictimai informasiya kanallarında problem varsa, bu dəyişdirilməlidir.

İtləri hansı qurum və niyə güllələyir?..

Pproblemin ana xəttini hər şeydən əvvəl mentalitetimizdəki əskiklərlə izah etmək olar. Tutaq ki, hər nə qədər it insanların ən yaxın dostu hesab olunsa da nədənsə it həmişə ev heyvanları içində insanın ən çox aşağıladığı heyvandır. Bunun izahını vermək çətindir və bəlkə də bu islamın bu heyvanı murdar hesab etməsi ilə də əlaqələndirmək mükündür. Uzun illərdir bizim alt şüurumuzda itin təmiz heyvan olmaması ilə bağlı bir rəy formalaşıb və açığı bu rəyi dəyişdirmək və itə qarşı daha humanisist bir rəyi formalaşdırmaq çox çətin görünür.

Könüllüləri əslində ən çox incidən məsələ qarşılarında bir çox hüquqi əngəl olmasına baxmayaraq bu işləri həyata keçirmələri və sonradan qurumların, ayrı-ayrı şəxslərin onların əziyyətini yerə vurmasıdır. Dəfələrlə qayğı göstərilən itlər oğurlanır, işgəncə görür və elə yaşadığı ərazidə güllələnir. Təkcə bu ilin əvvəlindən Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itləri kütləvi şəkildə öldürməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar dərc olunub.

Lakin problem təkcə Bakıda deyil, bəlkə də, ən yaxşı vəziyyət Bakıdadır. Maldarlıqla məşğul olan adamların heyvanlara baxış tərzinin müsbət olduğunu düşünsək də, bölgələrdən gələn şiddət görüntüləri daha vahiməlidir. Həmçinin yerli icra orqanları da şəhərin ortasında düşmən cəbhəsinə hücum edərmiş kimi itləri güllələyirlər. Bütün bunlar cəmiyyətin müəyyən bir kəsimində etirazlar doğurur, müəyyən bir kəsimində isə bu xoşgörü ilə qarşılanır.

Bazardakı görünüş və Gömrük Komitəsinin yalanı...

İstehlak cəmiyyətində hər şeyin alış-satış vasitəsinə çevrildiyi halda ev heyvanları da bundan qaça bilmədi. Bir tərəfdə zorakılıq halları artsa da, digər tərəfdən bahalı ev heyvanına sahib olmaq zənginlik əlamətinə çevrilib.

Statistikaya müraciət etməyə çalışsaq da, Statistika Komitəsində ölkəyə idxal edilən təsərrüfat əhəmiyyətli olmayan məməlilərin sayı ötən il cəmi 15 ədəd olaraq qeydə alınıb.

Maraqlıdır ölkə bazarlarında, o cümlədən “Təzə bazar”da onlarla, hətta yüzlərlə yerli olmayan pasportlu, paspotsuz cins heyvanlar satılır. O zaman orttaya təbii suallar çıxır. Bu heyvanlar ölkəyə necə gətirilir? Niyə bu heyvanlar gömrükdə qeydə alınmayıb?

“Toplan” sığınacağına aparılan itlər geri qaytarılmır...

Heyvanları müdafiə etmək və onlara qayğı göstərmək məqsədi ilə ölkəmizdə bir bir neçə sığınacaq yaradılıb. Hal-hazırda heyvansevərlərin sözü ilə desək, Bakıda heyvanları zorakılıqdan qorumaq və onların saylarının izamlanması sahəsində “İdeya” və “Toplan” adlanan mərkəzlər fəaliyyət göstərur. Maraqlıdır ki, bu iki qurumda heyvanlara fərqli rəftar nümayiş etdirilir.

Heyvansevərlərin bildirdiyinə görə “İdeya” it sığınacağının topladığı itlər sterilizasiya olunduqdan sonra yenidən geri qaytarılır və onların qulağına mərkəzin birkaları vurulur. Amma “Toplan - Sahibsiz itlərə qayğı mərkəzi” haqqında bunu demək mümkün deyil. Heyvansevərlər bildiririlər ki, “Toplan” sığınacağına aparılan itlər geri qaytarılmır. Həmin itlər sadəcə yoxa çıxır. Heyvansevərlər iddia edirlər ki, “Toplan” it sığınacağında bu itləri sadəcə öldürülər. Bəzi heyvansevərlər bu itlərin ətlərinin kolbasa sexlərinə, hətta Çinə satıldığını da iddia edirlər.

“Toplan” adlanan bu qurumun yerləşdiyi yerdə öncələr Bakı şəhər İcra Hakimiyyətinin itləri yandırmaq üçün sobalar olub və yenidənqurma adı ilə sobalar yığışdırılıb, yerində qayğı mərkəzi adlanan “Toplan” açılıb.

Maraqlısı budur ki, “Toplan” Qayğı Mərkəzinin rəhbər-işçi heyəti və daha əvvəl burada itləri yandıran eyni rəhbər-işçi heyətdir. Dəyişən sadəcə görüntü dəyişib və elə ilk başlarda heyvansevərlər, daxil ictimaiyyət buna aldanıb. Nəticədə “Toplan” Qayğı Mərkəzi silahlı mühafizəçilərin qoruduğu və içəridən sağ itin çıxmadığı bir yerə çevrilib.

İndi isə heyvansevərlər başlıca olaraq qurumun fəaliyyətinin qayğı mərkəzinə uyğun olması, ictimai iştirakçılığın yaradılması, sığınacaqda yalnız yardıma ehtiyacı olan heyvanların saxlanılması, digərlərinin qısırlaşdırdıqdan sonra öz yaşam yerinə buraxılması və ümumiyyətlə Avropa Konvensiyasına uyğun olan digər tələblərlə çıxış edirlər.

Heyvanlar insanların dostudurmu?..

Təbii ki, biz insanlar özümüzə sivil cəmiyyət yaratdığımızı düşünürük, amma bizə təqdim edilən ən humanist seçim belə heyvanları qısırlaşdırmaqdır. Ələ aldığımız Avropa Konvensiyası, yaxud Avropa təcrübəsi də bunu irəli sürür. Amma bu nədər humanizmi ifadə edir, onu bilmirik..

Sonda Corc Oruelin “Heyvanıstan” əsərini xatırlamaq yerinə düşər. Həmin əsəardə göstərilir ki, “İnsan yaratmadan yeyən tək canlıdır. Süd vermir, yumurta qoymur, xış dartacaq gücü yoxdur, dövşan qədər sürətli deyil. Amma yenə də bütün heyvanlara ağalıq edir”. Amma bizcə bu insanların heyvanlara sərhədsiz zorakı davranması üçün əsas vermir.

İstər insanlara, istərsə də digər canlılara qarşı aqressiyanın belə sadistcəsinə yönəldilməsi ciddi problemlərdən xəbər verir. Toplum olaraq bu aqressiyanın kökünü tapmalı və bunu həll etməyə çalışmalıyıq. Əks təqdirdə elə bir-birimizin də, təbiətin də axırına çıxacağıq.

pia.az


loading...