Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Qədim əsilzadə ailələrin gizli hakimiyyəti - Bilderberq masası kimlərə hökmranlıq bəxş edib?..

Bilderberq iclaslarında iştirak edən 93 nəfərin baş nazir və ya prezident olması təsadüfi deyil...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 13 iyun 2019-cu il

Biz hələ də Türkiyədə gizli qalmış bir çox məsələləri dəqiqliklə bilmirik. Bu gün də davam edən sülalələrin, bəylərin, şahzadələrin, şahların nəsillərindən xəbərsizik. Elə gizli məlumatlar var ki, onları heç yazılı mənbələrdən də tapa bilmərik.

Məsələn, Səlcuq imperiyasından geriyə nə qalıb? Qaraman bəyliyi çöküb və tarixin səhifələrində özünə yer tapıb. Yəni o boyda bəylikdən bu günə qədər heç nə qalmayıb?

Bundan başqa, Krım xanlığı da vardı. Egeydəki bəyliklərin, insan köçlərinin, Orta Asiyadan gələn axınların, Mesopotamiyadakı hərəkətlənmələrin və digər quruluşların aqibəti necə oldu? Bu məlumatları əldə etmək şansımız yoxdur. Görünür, geniş bir kütlənin bu bilgiləri əldə etməsini istəmirlər.

Lakin yox olduğunu düşündüyümüz bütün bu anlayışlar bu gün başqa bir formaya bürünüb. Eyni vəziyyət Avropada da davam edir. Axı o qədər krallıqlar, sülalələr birdən-birə yox ola bilməz.

Sülalələr arasında olan evliliklər özləri ilə sərmayə, pul və siyasəti də gətirmişdi. Bu sülalələr arasında davam edən çəkişmələr bu günə qədər də davam edir. Sadəcə olaraq bu çəkişmələrin bir az forması dəyişib. Artıq o sülalələr bir-biri ilə mübarizə aparan ittifaqlar olaraq qarşımıza çıxır. Burada da digər yerlərdə olduğu kimi çox önəmli nəsillərin nümayəndələri var. Bu şəxslər çox da önə çıxarılmırlar, lakin onlar dövlətin özəyində rol oynayırlar. Həmçinin, bu şəxslərin də əlaqə qurduğu digər önəmli şəxslər və nəsillər var.

Digər tərəfdən, bu nəsil xəttinin fərqli formalarda olan quruluşları var. Məsələn, Bilderberq kimi...

Buna bənzər bir iclas keçən həftə keçirilib. Yenə çox önəmli qərarlar alınıb və həmişə olduğu kimi bu qərarlar açıqlanmır.

Bilderberqə sadə şəkildə yanaşmaq olmaz. Çünki o, hələ də yeni dünya nizamı üçün böyük önəm daşıyır. Bu, sanki Bilderberqin reklamı kimi görünə bilər. Lakin reallıq belədir. Detallara baxanda belə görünür. Bu vəziyyətdə təsadüflərə inanmaq mənfi nəticələr doğura bilər.

NATO-nun sabiq katibi və Bilderberqin üzvü olan Uilli Klez durumu belə izah edir: “Bilderberq iclasları beynəlxalq siyasətləri müəyyənləşdirməyə qadir olsa da, çoxu bunun əksini müdafiə edir. İştirakçılar da iclasdan sonra nə lazımdırsa, edərlər”. Həqiqətən də, o iclaslardan çıxan iştirakçılar nə lazımdırsa edirlər - heç kimə cavab vermirlər.

İlk iclasını 1954-cü ildə keçirən Bilderberq qrupunun qurucuları olan Lord Denis Hili, Cozef Retincer, Devid Rokfeller və Hollandiya şahzadəsi Bernard idi. Bilderberqin adı 1954-də iclasın keçirildiyi hoteldən gəlir. 100 nəfərin iştirak etdiyi iclaslar ildə bir neçə dəfə keçirilir və 2,5 gün davam edir.

İclasları ümumən nəzərdən keçirək:

1991-ci ildə həmin vaxtı məşhur olmayan Arkanzas qubernatoru Bil Klinton Bilderberqə qoşulmuşdu. Bundan bir il sonra da Ağ Evdə ABŞ Prezidenti olub. Zarafat deyil, bu, reallıqdır. Bu iclasda İraqa ediləcək müdaxilələr və Səddamın devrilməsi də müzakirə olunub.

Bəlkə də, üzərindən 10 il keçib, amma nəticədə, o masada verilən qərar həyata keçib. Səhv etmirəmsə, 1991-də Baden Badendə (Almaniya) keçirilən iclasda Vahid Xələfoğlu və Turqay Özçeri kimi şəxslər Klintonun təqdim edilməsinə şahid olublar.

Davam edək...

1993-cü ildə İşçi Partiyasının kiçik bir üzvü olan və heç tanınmayan Toni Bleyir Bilderberqə qoşulduqdan qısa bir müddət sonra İngiltərənin Baş naziri olub.

1999-cu ildə belçikalı sənaye nəhəngi və Bilderberqin rəhbəri Etin Deviqnon (həmçinin, AB-nin komissiya üzvü olub) verdiyi açıqlamada bildirib ki, Bilderberq üzvləri avronun qəbul edilməsini təmin ediblər.

2005-ci ildə Angela Merkel Bilderberqə qoşulmaqla Almaniya kansleri - “Avropanın lideri” olub.

2008-ci ildə Senator Barak Obama Virciniyada keçirilən Bilderberq iclasında iştirak etdikdən sonra ABŞ Prezidenti olduğunu öyrənib. Bundan 6 ay sonra da ABŞ Prezidenti olaraq Ağ Evə köçüb.

2009-cu ildə heç kimin tanımadığı belçikalı siyasətçi Herman fan Rompuy Bilderberqə qoşulub və ardınca Avropa Komissiyasının rəhbəri olub.

2011-ci ildə “Goldman Sachs” bankının önəmli bir nümayəndəsi olan Mark Karney Bilderberqə qoşulub və ardınca, İngiltərə Mərkəzi Bankının rəhbəri olub.

2011-ci ildə Bilderberq iclaslarında iştirak edən Mario Monti Berluskonini devirib özü baş nazir olub.

2014-cü ildə Rotşild ailəsinin özəl bankiri olan Emmanuel Makron sürətlə Bilderberqə qoşulub və bundan 3 il sonra 2017-ci ildə Fransa Prezidenti olub.

Bu siyahını hələ çox uzatmaq olar. İngiltərədə prezident olmaq üçün Bilderberqə qoşulmaq lazımdır. Tereza Meyin yerinə keçəcək şəxsi tapmaq istəyirsinizsə, namizədlərin Bilderberq iclaslarında iştirak edib etmədiyini araşdırmaq kifayətdir.

Bilderberq iclaslarında iştirak edən 93 nəfərin baş nazir və ya prezident olması təsadüfi deyil. Bilderberq iclaslarında iştirak edənlərin sayı təxminən 900-dür. İndi bu yeni nizam üçün Bilderberq iclaslarında iştirak etmiş önəmli şəxslərə yeni vəzifələr verilib. Mütləq ki, oradan yeni baş nazirlər və prezidentlər çıxacaq.

Bəs bu, Türkiyəyə təsir edə bilərmi?

İstədikləri şəxslərin Türkiyəyə təsir etməsinə şərait yaradacaqlarmı?

Bunu zamanla görəcəyik.

Qeyd edək ki, İran müdaxiləsi, İstanbul seçkiləri və Aralıq dənizi kimi məsələlər o masada müzakirə olunan ən önəmli mövzulardır. Bütün bu önəmli mövzular isə Türkiyə ilə bağlıdır.

Bilderberqdə Türkiyənin adından danışan təsirli şəxsləri nəzərə alsaq, görərik ki, İstanbul seçkiləri çox çəkişməli olacaq...

Daha da açıq desək, Bilderberq qrupu İstanbul seçkilərində AKP-nin əleyhinədir. Nəhəng şirkətlər, onların rəhbərləri və arxalarındakı “baronlar”, “qraflar” İstanbul sayəsində Türkiyədə yeni bir səhifə açmaq istəyirlər. Bu istiqamətdə çox işarələr var.

Hədəfdə İstanbul ilə başlayan cərəyan var. Görünür ki, niyyətləri AKP-ni iqtisadi baxımdan sıxışdırıb təsirsiz buraxmaqdır.

23 iyun və 24 iyun tarixləri çox önəmlidir. Bəlkə də, vəziyyəti bizə heç əks etdirməyəcəklər. Amma biz bilməliyik ki, Türkiyə Bilderberqin gizli manşetidir.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az


loading...