Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Azərbaycanın ÜTT-yə üzv ola bilməməsinin əsas səbəbləri… – İqtisadçı açıqladı

İqtisadçı ekspert: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının ləngiməsinin kökündə daha çox inhisarçılıq amilləri dayanır”

“Ölkədə rəqabət mühitinin formalaşmasında maraqlı olmayanlar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmağına da mane olurlar”.

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü ilə bağlı artıq 20 ildən çoxdur ki, danışıqlar davam edir.

Məlumdur ki, mallara tətbiq olunan idxal tariflərinin azaldılması ləğv edilməsi və ya xidmətlərin həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vasitəsilə ticarətin liberalaşdırılması ÜTT-yə üzvolma üzrə aparılan danışıqların əsasını təşkil edir. Üzvlük prosesində rəqabətin artması qaçılmazdır, bu şərtlə ki, üzvlük üçün müraciət edən dövlət liberal rejimə malik olmamamış olsun. Bundan əlavə, ÜTT-yə üzv olmaq üçün dövlətlər tərəfindən götürməli olduqları öhdəliklərin sayı zaman getdikcə artmışdır.

Belə artan rəqabət müsbət təsirləri də ola bilər. Ən əsas təsir yerli mal və xidmət istehsalçılarından öz rəqabət qabiliyyətlərini artırmaq məqsədilə aktiv işləmələrinin tələb olunmasıdır. Rəqabətin mənfi təsiri ondan ibarətdir ki, yerli istehsalçılar istehsal həcmini azaltmalı və ya ümumiyyətlə, istehsalı dayandırmalı olacaqlar. Yalnız hər bir sahənin dərin təhlili və düzgün dərk edilməsi nəticəsində bazarın açılmasının “qalibləri” və “uduzanları” müəyyən edilə və iqtisadiyyatın sahələrinin rəqabətqabiliyyətinin artırılması məqsədilə tədbirlər görülə bilər.

Qeyd edək ki, Azərbaycanın Avropa İttifaqı ilə “Tərəfdaşlıq sazişi”nin imzalanmasında əsas maneələrdən biri də məhz Bakının ÜTT-yə üzvolmaması olduğu bildirilir. Bu prossesin nə qədər uzanacağı isə bəlli deyil.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.

Azər Mehtiyev: “Azərbaycanda iqtisadiyyatının əsas sahələri bir qrup inhisarçının əlində cəmləşib”.

2006-cı ildə Milli Məclisə “Rəqabət Məcəllə”sinin təqdim olunduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu vaxta qədər o məcəllədən heç bir xəbər yoxdur. Yəni ölkədə rəqabət mühitinin formalaşmasında maraqlı olmayanlar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmağına da mane olurlar:

“Ümumdünya Ticarət Təşkilatına üzv olmamağımız əsasən Azərbaycanın öz mövqeyi ilə bağlıdır. Çünki Azərbaycan elə nəhəng ölkə deyil ki, Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar bu qədər uzun çəksin. Təsəvvür edin ki, Çin kimi bir ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlar 15 il çəkdi. Hansı ki, Çinin Ümumdünya Ticarət Təşkilatında maraqlı olduğu ölkələr qədər də marağı olmayan ölkələr var idi. Ancaq bununla belə Çin 15 ilə bu təşkilata üzv ola bildi.

Azərbaycan isə artıq 20 ildən çoxdur ki, Ümumdünya Ticarət Təşkilatına üzv ola bilmir. Bir daha qeyd edim ki, üzv olmamağın bu cür ləngiməsi məhz Azərbaycan tərəfi ilə bağlıdır. Ona görə ki, Azərbaycanda dəfələrlə ən yüksək səviyyədə qeyd olunub ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa tələsmir. Çünki Azərbaycanda yerli istehsal formalaşmayıb. Ölkədə yerli istehsal kifayət qədər inkişaf etmədiyinə görə Ümumdünya Ticarət Təşkilatına üzv olma yerli istehsalın inkişafını ləngidə bilər.

Həmçinin də elmi ictimaiyyət arasında belə bir fikir mövcuddur ki, formalaşmış iqtisadiyyata malik olmayan ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olması sonradan ölkədə yerli istehsalın inkişafına ciddi problem yaradır. Bu fikirlər əslində o qədər də əsaslı olmasa da, amma Ümumdünya Ticarət Təşkilatına üzv olmanın özünün şərtlərində kifayət qədər yanaşmalar var. Orada inkişaf etməkdə olan ölkələr üçün ciddi şəkildə güzəştlər əldə etmək mümkündür.

Azər Mehtiyev: “Azərbaycanda dəfələrlə ən yüksək səviyyədə qeyd olunub ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa tələsmir”.

Sadəcə olaraq Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının ləngiməsinin kökündə daha çox inhisarçılıq amilləri dayanır. Yəni ötən 20 il müddətdə ölkədə yerli istehsalın inkişafı üçün ciddi addımlar atılmadı. Ölkədə daha çox inhisarçılıq meyilləri höküm sürdü. Azərbaycanda iqtisadiyyatının əsas sahələri bir qrup inhisarçının əlində cəmləşib. Bu qrup da ölkədə rəqabət mühitinin formalaşmasında maraqlı deyil.

Ümumdünya Ticarət Təşkilatına üzv olma da, həm bazarların xarici investrlar üçün açılmasını zəruri edir, həm də ölkədə rəqabət mühitinin formalaşmasını tələb edir. Həmçinin ölkədə baş verən iqtisadi proseslərin Ümumdünya Ticarət Təşkilatının tələbləri əsasında tənzimlənməsini tələb edir. Bu isə yerli inhisarçılara sərf etmir. Buna görə də həmin inhisarçılar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına mane olurlar.

Bildiyimiz kimi 2006-cı ildə Milli Məclisə “Rəqabət Məcəllə”si təqdim olunub. Bu vaxta qədər o məcəllədən heç bir xəbər yoxdur. Yəni ölkədə rəqabət mühitinin formalaşmasında maraqlı olmayanlar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmağına da mane olurlar”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...