Bazar ertəsi, 21 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

20 illik kriminal oliqarxiya ilə islahat mümkündürmü? – Paşinyanın “yenilər”i də “köhnələr”dən ibarətdir

Qarnik Qevorkyan
“1in.am”, Ermənistan, 09 avqust 2019-cu il

Ermənistan Baş naziri Nikol Paşinyan Stepanakertin (Xankəndi – tərc.) “Dirçəliş” meydanında çıxış edərkən, ölkənin strateji inkişaf hədəflərini açıqlayıb: 2050-ci ilədək əhalinin sayının 5 milyona çatdırılması, ÜDM-in 15 dəfə artırılması, 1,5 milyon iş yerinin açılması, səhiyyənin maliyyələşdirilməsinin 20 dəfə artırılması, 10 milyard dəyərində olan 5 texnoloji şirkətin qurulması, erməni ordusunun dünyanın ən döyüş qabiliyyətli 20 ordusu sırasına daxil edilməsi və s.

Nikol Paşinyan tərəfindən açıqlanan bu hədəflərin ambisiyalı olduğunu demək, əslində, heç nə deməmək mənasına gəlir. Çünki onlar bugünkü reallıqdan həddindən artıq uzaqdırlar və ən azı, ilk baxışda həyata keçirilmələri qeyri-mümkün görünür.

Bununla birlikdə, hakimiyyət tərəfindən belə strateji hədəflərin qoyulmasını müsbət qiymətlədirmək lazımdır, çünki onlar, arzu səviyyəsində olsa da, dövlətin hara getdiyini göstərir.

Aydındır ki, Nikol Paşinyan qoyduğu bu hədəflərə görə amansız tənqidlərə, istehza və rişxəndlərə məruz qalacaq. Onun opponentləri Ermənistan Baş nazirinin reallıqdan uzaqlaşması və populizmlə məşğul olması faktını göstərmək fürsətini əldən buraxmayacaq.

Nikol Paşinyan öz çıxışında qeyd edib ki, bu hədəfləri hansısa işçi sənədə istinad edərək səsləndirir.

Buna əsasən ehtimal etmək olar ki, təqdim edilən hədəflər Nikol Paşinyanın istəkləri deyil, hansısa strateji sənədin komponentləridir. Əgər belədirsə, hakimiyyət yaxın vaxtlarda bəyan edilən hədəfləri nəzərdə tutan həmin fəaliyyət proqramını, həmin “yol xəritəsi”ni cəmiyyətə təqdim etməlidir. Əks halda, onlar təkcə Nikol Paşinyanı tənqid etmək üçün səbəb olmayacaqlar, eyni zamanda cəmiyyətdə böyük məyusluq yaradacaqlar. Bu da yalnız hakimiyyətin reytinqi baxımından deyil, bütövlükdə dövlət üçün təhlükəli ola bilər.

Bu mənada, Nikol Paşinyan belə strateji hədəfləri açıqlamaqla, mahiyyətcə, özünü və öz hakimiyyətini böyük bir yük altında qoyur. Çünki bu hədəflərin reallaşdırılmasının nəzəri məsələ olması cəmiyyətin seçkilərə münasibətinə də təsir edə bilər. Başqa sözlə, Nikol Paşinyan elə yüksək hədəflər müəyyən edir ki, onların əldə edilməməsi və ya iflas halında, o, bunun bədəlini öz hakimiyyəti ilə ödəməli ola bilər.

Ümumi strategiya və ideologiyanın olmaması Ermənistanın mövcud hakimiyyətinin ən zəif, ən həssas tərəfidir. Hələ inqilab meydanında Nikol Paşinyan bəyan edib ki, bütün “izmlər”dən imtina edir. Hakimiyyətə gəldikdən sonra o, hakimiyyətinin hər hansı bir “izm”ə etiqad etmədiyini təsbit edərək bu bəyanatını təsdiqləyib. O zaman həmin açıqlamalar yalnız mitinq bəyanatı kimi görünürdü. Lakin zaman göstərdi ki, “izmlər”i olmayan hakimiyyət ölkənin inkişafı haqqında strategiya, proqram, konsepsiya təqdim edə bilməz.

Mahiyyətcə, mövcud hakimiyyət tərəfindən son il yarımda təqdim edilən yeganə strateji sənəd hökumət proqramıdır. O da heç bir tənqidə dözmür. Belə ki, bu sənəddə ölçülə bilən göstəricilər, konkret hədəf və addımlar yoxdur və o, hakimiyyət tərəfindən elan edilən iqtisadi inqilaba heç cür xidmət edə bilməz. Bu mənada, ən azı, təəccüblüdür, bu hökumət proqramını işləyib hazırlayan komanda Nikol Paşinyanın hədəflərinə xidmət edən strategiya və proqramı necə tərtib edə bilər.

Burada biz Nikol Paşinyan hökumətinin digər həssas nöqtəsilə – kadr siyasətilə rastlaşırıq. Xüsusilə qeyd edilməlidir ki, Nikol Paşinyan hökumətinin iqtisadi blokunun idarələrinə əvvəlki hökumətin ikinci və üçüncü eşelonunda olan kadrlar rəhbərlik edir. Əsasən icra işinə adət etmiş bu məmurlar hazırda yaradıcılıq, intellektual çeviklik, düşüncə genişliyi və s. tələb edən vəzifələri tuturlar. Beləliklə, cavabını gözləyən ən mühüm suallardan biri budur: Nikol Paşinyan elan etdiyi hədəflərə kimin yardımı ilə çatmağı nəzərdə tutur?

Onun indiki komandasının bu səviyyədəki problemləri həll etmək imkanı yoxdur. Və əgər Nikol Paşinyan elan etdiyi hədəflərə indiki komandası ilə nail olmağı düşünürsə, o, böyük ehtimalla, öz bəyanatlarının tələsinə düşə bilər.

Nikol Paşinyanın açıqladığı strateji hədəflər yalnız o halda reallaşa bilər ki, ölkədə köklü, institusional dəyişikliklər olsun. Söhbət, ilk növbədə, dövlət idarəçiliyi sisteminin yenidən qurulmasından gedir. Çünki 20 ildən çox kriminal oliqarxiyaya xidmət etmiş olan bu sistemlə tamamilə başqa keyfiyyətlər tələb edən məqsədlərə nail olmaq mümkün deyil.

Bununla birlikdə, mövcud hakimiyyət institusional islahatların aparılması istiqamətində hər hansı bir addım atmır, hətta belə dəyişikliklərin gələcəkdə mümkünlüyü haqqında mesaj belə vermir.

Və nəhayət, Nikol Paşinyanın nitqində təqdim edilən gələcəyin Ermənistanı yalnız dünya ilə münasibətlərin keyfiyyətcə dəyişdirilməsi, onun dünyanın bir hissəsinə çevrilməsi və inkişaf etmiş dünyaya inteqrasiya etməsi yolu ilə reallığa çevrilə bilər. Ermənistanın yalnız Rusiyaya yönəlik olan bugünkü xarici siyasəti Nikol Paşinyanın Stepanakertdə (Xankəndində – tərc.) elan etdiyi hədəflərə xidmət edə bilməz.

Beləliklə, xarici siyasət dəyişdirilmədən nə 5 milyonluq Ermənistan, nə də dünyanın ən döyüş qabiliyyətli 20 ordusu arasında olan ordu əldə etmək mümkün deyildir.

Nikol Paşinyanın elan etdiyi hədəflər ictimai-siyasi diskursun bir hissəsi olmalıdır. Onların ətrafında elmi, peşəkar, ekspert müzakirələri açılmalı, siyasi diskussiyalar aparılmalıdır. Bu isə yalnız Ermənistanın siyasi gündəliyinin keçmişlə qarşıdurma rejimindən çıxarılması halında mümkündür. O, keçmişlə dolu olduqca, gələcək haqqında danışmaq mümkün deyil.

Tərcümə: Strateq.az

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar