Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Spartak”ı çempion edən dörd qardaş

Beriya onları həbs etdirib və məhbus qardaşlar “Dinamo”çu olublar.

1930-cu illərin sonlarında Moskvanın “Spartak” futbol klubu xarici ölkələrin birində turnirdə iştirak edərkən bir nəfər yerli jurnalist sovet klubu haqqında məqalə hazırlamaq qərarına gəlir. O, ilk növbədə həmin turnirdə iştirak edəcək komanda heyəti ilə maraqlanaraq məşqçiyə müraciət edir:

- Sağ cinahda müdafiədə kim oynayacaq?

Məşqçi cavab verir:

- Starostin.

- Bəs mərkəzi yarımmüdafiədə?

- Starostin.

- Digər yarımmüdafiəçi kim olacaq?

- Starostin.

- Bəs sol cinahda?

- Starostin.

Jurnalist elə düşünüb ki, rus dilində futbolçu sözü “starostin” kimi ifadə olunur. Amma sonradan ona məlum olub ki, “Spartak” klubunun əsas oyunçuları Starostin qardaşlarıdır; Nikolay, Aleksandr, Andrey və Pyotr Starostinlər...

Starostin qardaşları Moskvanın Presnya rayonunda doğulub boya-başa çatıblar. Uşaqlıq illərindən idmana, xüsusilə də futbol və xokkeyə böyük maraq göstəriblər. Yeniyetməlik illərindən yerli qəsəbə və rayon komandalarında iştirak ediblər. Böyük qardaş Nikolay Starostin artıq 1917-ci ildə peşəkar futbola qədəm qoyub. Ardınca 1-2 yaş fərqi olan kiçik qardaşlarını da öz arxasınca aparıb.

1930-cu iilərin əvvəlində Nikolay Starostin SSRİ yığma komandasının kapitanı olub. Kifayət qədər populyar olan futbolçu SSRİ rəhbərlərinin diqqətindən də yayımayıb.

İosif Stalinə yaxınlığı ilə fərqlənən ümumittifaq komsomolunun birinci katibi Aleksandr Kosarevlə də futbolçunun isti münasəbitləri yaranıb. Həmin ərəfədə yaradılmış “Spartak” idman cəmiyyətinə Kosarev hamilik edib və eyni adlı futbol komandasının inkişafı üçün o, Starostin qardaşlarını kluba dəvət edib. “Spartak” qardaşların gərgin səyi nəticəsində qısa müddət ərzində güclü bir komanda kimi tanınıb.

1936-cı ildən başlayaraq SSRİ-də ölkə çempionatı ilə yanaşı ölkə kuboku uğrunda da yarışlara start verilib. Həmin il “Spartak” üçüncü pillədə qərarlaşıb.

1938 və 1939-cu illərdə komanda hər iki titul uğrunda mübarizədə birincilik qazanıb.

Qeyd edək ki, həmin ərəfədə artıq “NKVD”-yə rəhbərlik edən Lavrenti Beriya həm də “Dinamo” cəmiyyətinin sədri olub və bu cəmiyyətin eyniadlı futbol klubu da güclü bir komanda kimi futbol yarışlarında iştirak edib. Beriya həm də öz komandasının qatı azarkeşlərindən sayılıb. “Spartak”ın yaşıl meydançalarda “at oynatması” təbii ki, Beriyanın qıcığına səbəb olub. Nəinki qıcığına, hətta qisas almasına gətirib çıxarıb.

Lavrenti Beriya əvvəlcə Starostin qardaşlarına “Dinamo”ya keçmələri təklifini verib. Amma qardaşlar bu təklifdən imtina ediblər.

İmtinanın səbəbləri müxtəlif olub. Əsas səbəb sovet rejiminə qarşı antipatiya olub ki, tez-tez xarici ölkələrdə olan qardaşlar sovet cəmiyyətində idmançılar üçün heç bir normal şəraitin olmadığını yaxşı anlayıblar. Xaricdəki həmkarlarının həyat tərzləri ilə müqayisədə, onlar özlərini sözün əsl mənasında qul sayıblar. Beriya kimi bir ziddiyyətli şəxsin tabeliyində olmağa gəlincə, bu, Starostinlər üçün mümkünsüz sayılıb.

Sözsüz ki, yaşıl meydançadan kənarda Beriya ilə bu qorxulu “oyunlar” həmin dövrdə yalnız məğlubiyyətlə nəticələnə bilərdi.
Nəhayət, 1942-ci ildə Beriya Starostin qardaşları ilə bağlı konkret tədbirlər həyata keçirməyə başlayıb. Onun Stalinə rəsmi yazılı şəkildə ünvanladığı məktubda bu sətirlər yer alıb:

“...Ölkədə hərbi vəziyyətin gərgin olduğu bir ərəfədə Starostin qardaşları əhali arasında antisovet təbliğat apararaq əhalini düzgün olmayan istiqamətə yönləndirməyə cəhd edirlər. Bununla yanaşı, onlar dövlət vəsaitini də talamaqla sovet əmlakına ciddi ziyan vurmaqdan çəkinmirlər. Araşdırmalar nəticəsində məlum olub ki, Starostin qardaşları 6 ay ərzində dövlət tərəfindən ayrılan idman invertarlarını ayrı-ayrı şəxslərə sataraq qeyri-qanuni yolla 28 min rubl əldə ediblər. Həmçinin qardaşların qeyri-qanuni valyuta mübadiləsində iştirakları da aşkar olunub...”

Bir aydan sonra “NKVD” başçısı növbəti məktubu Stalinə göndərib:

“...Aparılan əməliyyat və araşdırmalar nəticəsində məlum olub ki, 15 nəfərdən ibarət qrup noyabrın 7-də Qırmızı meydanda keçiriləcək paradda sizə sui-qəsd etməyə hazırlaşırlar. Qrupa Starostin qardaşları başçılıq edir...”

Hər iki məktubun sonunda Beriya Stalinə müraciət edərək Starostin qardaşlarının həbs edilməsini zəruri sayıb.
Stalin məktubun üzərinə dərkənar qoyub: “Həbs edilisinlər”.

Bununla da Starostin qardaşları antisovet təbliğatda, antisovet təşkilat yaratmaqda, terrorda, rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə, qeyri-qanuni valyuta mübadiləsində ittiham olunaraq məhkəmənin hökmü ilə 10 il müddətinə sürgünə göndəriliblər.

Sürgündə olarkən Starostin qardaşlarından peşələrinə uyğun “istifadə” ediblər. Nikolay Starostin Komsomolsk-Amur şəhərinin “Dinamo” komandasına başçılıq edib. Onu bu işə Vasili Stalin cəlb edib. Andrey Starostin Norilskin “Dinamo” komandasını dirçəldib. Digər iki qardaş Permin “Dinamo” komandasına rəhbərlik ediblər. Bir sözlə ifadə etsək, Sibir futbolu məhbus qardaşlara həvalə olunub.

1953-cü ildə Stalinin vəfatından və Beriyanın həbsindən sonra qardaşlar tam azadlığa çıxaraq bəraət alıblar.

Starostin qardaşları ömürlərinin sonuna qədər SSRİ-nin və Rusiyanın futbol sahəsində yüksək vəzifələrdə çalışıblar, futbolun inkişafına töhfələrini veriblər.

Nikolay Starostin 1996-cı ildə 95 yaşında, Aleksandr Starostin 1981-ci ildə 78 yaşında, Andrey Starostin1987-ci ildə 81 yaşında, Pyotr Starostin 1993-cü ildə 84 yaşında vəfat edib.

Starostin qardaşları Moskvada, Vaqankova qəbirstanlığında dəfn olunublar.

“Spartak” klubunun yaradıcıları olan Starostin qardaşlarının Moskvada “Spartak” stadionunda abidə kompleksi ucaldılıb...(Musavat.com)

pia.az

Etiket:

loading...