Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər

Əhali ”DOST"-dan narazıdır

Sahib Məmmədov: “Şəffaflığı təmin etmək üçün proqram çərçivəsində işə götürülənlərin adları açıqlanmalıdır”

Bu günlərdə Ucar rayonunun bir qrup sakini rayonda “İşsizin DOSTu” proqramının icrası prosesi ilə bağlı şikayətlə çıxış edib. AFN.az saytına müraciət edən sakinlər Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən proqramın icrasına müdaxilə olunduğunu qeyd edirlər: “Ölkədə işsizliyin aradan qaldırılması üçün prezident İlham Əliyev sərəncamlar imzalayır müvafiq tapşırıqlar verir: Bunlardan biri də ”DOST" İş Mərkəzinin yaradılması oldu. Cənab İlham Əliyev “DOST” İş Mərkəzi MMC-ni ona görə yaratdı ki, yerlərlə işsiz əhali işlə təmin olunsun, əmək haqqı alıb ailələrini dolandırsın. Ancaq Ucar rayonunda rəhbər vəzifəli şəxslər bundan sui-istifadə edib saxtakarlıqla, talançılıqla məşğul olur, vətəndaşlarda kütləvi narazılıqlar yaradırlar. Ucar rayonunda rəhbər vəzifəli şəxslər öz maddi maraqlarına görə saxtakarlıqlar edib “DOST” İş Mərkəzi MMC-ni kasıb işsiz insanlara düşmən ediblər".

“Yeni Müsavat” olaraq, şikayətçi sakinlərlə əlaqə saxladıq. Onlar bildirdilər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonunda 700-dək insan müxtəlif dövlət qurumlarında işlərə cəlb edilib: “Bunlar arasında qaz, elektrik idarələri, Ucar rayon Kommunal Müəssisələri Kombinatı da var. Bizim qeyd etdiyimiz faktlar rayon icra hakimiyyətinin tabeliyində olan bu kombinatdadır. Bu il həmin kombinata ”DOST" İş Mərkəzi MMC-nin xətti ilə 540 nəfər işə qəbul olunub. Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlir. Qalan 500 nəfəri işə gəlməyib hər ay aldıqları əmək haqqının bir qismini vəzifəli şəxslərə haqq verirlər. Onların çoxu Rusiyada alverlə məşğuldur, burada adlarına staj gedir, əsl işə ehtiyacı olan insanlar isə qalıb kənarda. Həmin şəxslər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata belə durmamışdılar. Mərkəzdə 2017-ci ildən qeydiyyatda olan adamlar qalıb kənarda, onların adını yazıblar işə. Çoxusunun maaş kartı icra başçısının, onun müavinlərinin cibindədir. Maaşı onlar alırlar".

Ucar sakinləri məsələ ilə bağlı Baş Prokurorluq yanına Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət ediblər: “Biz nə qədər tələb etsək də, Məşğulluq Mərkəzi proqram əsasında işə qəbul olunanların adlarını açıqlamır. Amma əldə etdiyimiz məlumatlar göstərir ki, işə ehtiyacı olmayan adamların adlarını yazıblar. Həmin şəxslərin aylardır Rusiyada olduqlarını Dövlət Sərhəd Xidmətindən məlumat almaqla müəyyənləşdirmək çox asandır”.

Şikayətçilər tələb edirlər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına və digər idarələrə işə qəbul olunan şəxslərin adları açıqlansın, siyahı ictimailəşsin.

Ucar sakinləri: “Rusiyada alver edənləri işə qəbul ediblər”
Ucar sakinlərinin müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Yeni Müsavat”a bildirib ki, şikayətdə qeyd olunanlar əsassızdır: “İctimai xarakterli işlərlə təmin edilmiş şəxslərin işə davamiyyətinə mütəmadi nəzarət olunur. Həmin vətəndaşlardan üzrsüz səbəblərə görə işə çıxmayan hər hansı işçi olduqda, onunla bağlanmış əmək müqavilələrinə qanunvericilik əsasında xitam verilir. Ucar rayonunda da eyni bu prosedur həyata keçirilir. Ona görə yazıda guya ödənişli ictimai işlərə cəlb edilənlərdən böyük qisminin işə gəlmədikləri, hətta guya ölkədə olmadıqları, onların maaş kartlarının başqalarında olduğu barədə qeyd edilənlər heç bir fakta söykənməyən, əsassız fikirlərdir.

Digər rayon və şəhərlərimizdə olduğu kimi, “DOST İş Mərkəzi” tərəfindən Ucar rayonunda da yalnız rayon Məşğulluq Mərkəzində işsiz və ya işaxtaran kimi qeydiyyatda olanlar ödənişli ictimai işlərə cəlb ediliblər.

Bu yazılar Ucar rayonundan bir qrup şəxsin müraciətinə əsasən dərc edilib ki, həmin vətəndaşlardan bəziləri bundan əvvəl eyni məzmunda “DOST İş Mərkəzi”nə məktubla müraciət ediblər. Onların müraciətləri ilə bağlı müvafiq araşdırma aparılmaqla rəsmi cavablar verilib. Həmçinin üzrsüz səbəbdən işə çıxmayan şəxslərin əmək müqavilələrinə xitam verildiyi onların diqqətinə çatdırılıb".

Fazil Talıbov: “İctimai xarakterli işlərlə təmin edilmiş şəxslərin işə davamiyyətinə mütəmadi nəzarət olunur”
Onu da bildirək ki, “İşsizin DOSTu” proqramı çərçivəsində işlə təminatla bağlı narazılıqlar yalnız Ucarda deyil, digər bir sıra rayonlardan da bu tipli müraciətlər almaqdayıq. Əksər hallarda vətəndaşlar əsl işaxtaranların deyil, müxtəlif dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin yaxınlarının işlə təmin olunmasından narazılıq edirlər. Xatırladaq ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının icrası zamanı da belə narazılıqlar səsləndirilirdi. Bir neçə il ərzində bu narazılıqlar nəzərə alınmadı, lakin sonradan hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar onların əksəriyyətinin haqlı olduğunu üzə çıxardı. 2013-cü ildən bəri onlarla rayonda ünvanlı sosial yardımın təyinatı zamanı kobud qanunsuzluqlara yol verilməsi faktları aşkarlanıb, ƏƏSMN-in yerli qurumlarının xeyli sayda vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub. Bir çox hallarda həmin şəxslərdən onlarla ünvanlı yardım kartı götürülüb. Ünvanlı sosial yardımla bağlı qanunsuzluqları Prezident İlham Əliyev də kəskin tənqid edib.

Ötən ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində dövlət başçısı bildirib ki, sosial ədalət tam bərqərar olmalı və şəffaflıq tam təmin edilməlidir: “Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir".

Göründüyü kimi, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş sosial proqramlarda yol verilən qanunsuzluqlar ölkə rəhbərliyi tərəfindən kəskin tənqid olunur. “İşsizin DOSTu” proqramının təşəbbüskarının dövlət başçısı olması onu icra edən qurumların öz işlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Bu baxımdan, həm ƏƏSMN, həm də digər müvafiq qurumların Ucar və digər rayonlardan gələn şikayətlərə həssas yanaşması, hər bir fakt üzrə dərin araşdırmanın aparılması mühüm əhəmiyyət kəsb edir.

Səsləndirilən şikayətlərdə vətəndaşların əsas tələblərindən biri proqramın icrası prosesində şəffaflığın təmin olunması ilə bağlıdır. Onlar proqram çərçivəsində işə qəbul olunmuş şəxslərin adlarının ictimaiyyətə açıqlanmasını tələb edirlər. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, vətəndaşların bu tələbinin reallaşdırılması sahəsində problem olmamalıdır: “İlk öncə bildirim ki, bu proqramı müsbət qiymətləndirirəm. Xüsusilə rayonlarda ehtiyacı olan insanların 300 manata yaxın əmək haqqı ilə işə cəlb olunması onların ailəsi üçün böyük dəstəkdir. Bir vaxtlar biz ünvanlı dövlət sosial yardımı prosesini monitorinq edərkən, belə yardım alanların siyahısının ictimaiyyətə açıq olmasını təklif etmişdik. Onda bizə deyirdilər ki, bu, qeyri-etikdir və sair. Halbuki bu proqram ictimai vəsaitlər hesabına həyata keçirilirsə, ondan bəhrələnənlərin adları hamıya açıq olmalıdır. Sonradan ünvanlı yardım alanların siyahısı açıqlandı və heç bir problem də yaranmadı, əksinə, narazılıqların, şikayətlərin qarşısı xeyli alındı”.

Liqa rəhbəri bildirir ki, “İşsizin DOSTu” proqramı da büdcə vəsaitləri hesabına həyata keçirilir: “Buna görə də bu proqrama cəlb edilənlərin siyahısı açıqlanmalıdır. Hər rayonda kimlərin işlə təmin olunduğu açıqlanarsa, yerli strukturların korrupsiya imkanları da xeyli məhdudlaşar. Məlum məsələdir ki, bəzi rayon strukturları bu kimi proqramlardan əlavə bəhrələnməyə çalışırlar. Bunun qarşısını almaq baxımından ən təsirli üsullardan biri bu ola bilər ki, işlə təmin olunanların siyahısı internet resurslarında açıqlansın. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün də lazımdır ki, yerlərdə bu cür narazılıqlar azalsın. Demirəm ki, subyektiv hallardan tam kənarlaşmaq mümkün olacaq, amma şəffaflığın olması xeyli dərəcədə buna imkan verəcək”.

Məlumat üçün bildirək ki, “İşsizin DOSTu” proqramının icrası çərçivəsində bu ilin ötən dövründə 40 min nəfər ödənişli ictimai işlərlə təmin olunub. Bu qədər insanın iştirak etdiyi bir proqramla bağlı şəffaflığın tam təmin olunması üçün ƏƏSMN tərəfindən hansı addımlar atılır? Nazirlik proqram çərçivəsində işlə təmin olunan şəxslərin siyahısının açıqlanması təklifini necə qiymətləndirir? Ucar rayon sakinlərinin qeyd etdikləri konkret faktlar üzrə ətraflı araşdırmanın aparılması gözlənilirmi? Bu və digər suallarımıza ƏƏSMN-dən cavab almağa çalışırıq. Müvafiq sorğumuza aldığımız cavabı oxucularla bölüşəcəyik.

P.S. Şikayətçilərin Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bağlı dediklərinə rəy almaq üçün adıçəkilən quruma zəng vursaq da, telefona cavab verilmədi. Ucar RİH-in mövqeyini dinləməyə hazırıq.

Pia.az


Etiket: DOST Ucar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar