Prezidentlik missiyası Əbülfəz Elçibəyin şəxsi istəyi olmayıb
"Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin (AXC) maraqlarını nəzərə alaraq prezidentliyə namizədliyini irəli sürdü. Bu, onun əhatəsindəkilərin təhriki ilə baş verməyib”.
Bu sözləri “Yeni Sabah”a vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin yaxın ətrafına daxil olan deputat Fazil Mustafa deyib.
Qeyd edək ki, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında bildirib ki, prezidentlik missiyası Əbülfəz Elçibəyin şəxsi istəyi olmayıb. “Həmin dövrdə Elçibəyin əhatəsindəkilər məcbur etdilər ki, o prezident seçkilərində iştirak etsin”, -deyə AVP sədri vurğulayıb.
Fazil Mustafanın sözlərinə görə isə 1992-ci ilin aprel ayında bu məsələ ilə bağlı AXC Ali Məclisinin iclası keçirilib: “Həmin vaxt mən Əbülfəz Elçibəyin müşaviri idim. İclasda çıxış edərək bildirdim ki, prezidentliyə namizəd Əbülfəz Elçibəy yox, başqa bir şəxs olsun. Əbülfəz Elçibəyin özü də namizəd olmaq istəmirdi.
Lakin müzakirələr zamanı belə fikirlər səslədi ki, başqa şəxs namizəd olacağı təqdirdə seçki uduzula bilər. Sonda qərara alındı ki, namizəd Əbülfəz Elçibəy olsun. Burada hər hansı məcburiyyətdən söhbət getmir”.
Pia.az