Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dünya güclərinin yeni riyakarlığı: Rusiya “G7”-yə qayıdır?.. – Müsahibə

Dünyanın aparıcı dövlətləri bir daha beynəlxalq qaydaların onlar üçün əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər...

Politoloq: ““Böyük 8”lərə Rusiya dəvət alırsa və bu məsələdə ABŞ, digər dövlətlər güzəştə gedirsə, əmin olun ki, hansısa qlobal səviyyədə bazarlıqlar mövcuddur”.

“Əgər işğalçı bir dövlət çox rahatlıqla başqa ölkələrin ərazilərini işğal edəndən sonra yenidən öz hüquqlarını bərpa edə bilirsə və bunun müqabilində hər-hansı bir güzəştə getmirsə, bu beynəlxalq hüququn beynəlxalq siyasi münasibətlərin ciddi şəkildə iflasa uğradığını göstərir”.

Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri G8 formatının bərpa olunması barədə müzakirələri PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib. Onun təklifi Fransa prezidenti Emmanuel Makron tərəfindən də müdafiə olunub.

Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir. “Mən düşünürəm, Rusiyanın G8-də olması daha məqsədəuyğun olardı”, - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Ağ Ev rəhbərinin növbəti belə təklifidir. Ötən ilin 8 iyununda da ABŞ prezidenti Rusiyanın G7-nin toplantısında iştirak etməsini istəyib.

Fransa prezidenti Makron isə avqustun 20-də rusiyalı həmkarı Vladimir Putinlə baş tutmuş görüşü zamanı Rusiyanın “G7”yə qayıtmasını arzuladığını bildirib. Lakin bir gün sonra Makron Putinin Rusiyanın “G7”yə qayıtmasını Ukrayna probleminin həllindən sonra mümkün olacağını vurğulayıb. “Ukrayna problemi həll olunmadan G8 formatının bərpa olunması bizim zəiflimizin göstəricisi olacaq”, deyə Fransa prezidenti bildirib.

Almaniya və Britaniya isə hələlik G8 formatının bərpa olunmasına qarşı çıxıblar. Lakin buna baxmayaraq Beynəlxalq siyasətdə G8 formatının bərpa olunması ən yüksək səviyyədə müzakirə olunmaqdadır.

Xatırladaq ki, beş il əvvəl Qərb Rusiyanı “Böyük Səkkizlik” (G8) kimi tanınan siyasi klubdan kənarlaşdırıb və hazırda təşkilat “Böyük Yeddilik” (G7) adlanır. İndi isə Qərb köhnə formatı bərpa etmək fikrinə düşüb, çünki bəzi Qərb liderlərinin təcrübə əyani olaraq göstərir ki, Moskva ilə əməkdaşlıq etmədən qlobal problemləri həll etmək çox çətindir.

Natiq Miri: “AvropaABŞ kimi dünya güclərinin geosiyasi maraqları tələb etdiyi təqdirdə və istənilən halda beynəlxalq hüquq çox rahatlıqla ayaq altına atıla bilir”.

Mövzu ilə bağlı PİA.az politoloq Natiq Miriylə olan müsahibəni təqdim edir:

- Natiq bəy, son günlər Rusiyanın yenidən “G8” formatına qayıtması beynəlxalq siyasətin əsas mövzusuna çevrilib. Bunda əvvəl isə Rusiyanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququ bərpa olunub. Rusiya ilə bağlı böyük siyasətdə nələr baş verir? Rusiyanın G8 formatından çıxarılması və Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun ləğv olunması ilə bağlı heç bir səbəb ortadan qalxmadığı halda Rusiyanın yenidən bu nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünün bərpası hansı anlama gəlir?

- Rusiyanın Beynəlxalq Təşkilatlara, eyni zamanda “Böyük 7”lər (“G7”) qrupun yenidən qayıtması ilə bağlı təkliflərin ortaya çıxması siyasi riyakarlıqdır. Çünki Rusiyaya qarşı bu cür məhdudlaşdırıcı addımların atılması konkret işğal faktına dayanır. Bildiyimiz kimi Rusiya Ukraynanın Krım və Sevastopol kimi böyük əyalətlərini işğal edəndən sonra saxta bir referendum vasitəsi ilə həm də Krımı ilhaq etdi. Buna təpki olaraq beynəlxalq ictimaiyyət Rusiyanı Avropanın bir çox strukturlarından kənarlaşdırmaqla cəzalandırdı və bu yöndə konkret qərar qəbul etdi. Paralel olaraq dünya gücləri, eyni zamanda “Böyük 7”lər Rusiyanı “Böyük 8”lər(“G8”) qrupundan çıxardı.

Bütün bu addımlar əslində Rusiyanın geri addım atması və Krımın işğal, ilhaqından imtina etməsi, eyni zamanda Ukraynanın Cənub Şərq əyalətlərində, Donbaskdakı işğalçılıq siyasətindən vaz keçməsi üçün ortalığa atıldı. Amma maraqlıdır ki, bu gün həmin məhdudlaşdırıcı qərarlara səbəb olan işğal faktı ortadan qaldırılmadan, Rusiya da bu yöndə hər-hansı geriya atılacaq addım ortaya qoymadan qərarlar geri çəkilir. Rusiya yenidən həmin Beynəlxalq Təşkilatlara qayıdır. Ən azından bu təklif ABŞ prezidenti tərəfindən irəli sürülür, Qərb liderləri tərəfindən müzakirə olunur. Bu da ikili standartın bariz nümunəsidir.

Natiq Miri: “Bu cür siyasi riyakarlıq edən ölkələrdən dünyanın gələcək taleyi barədə ədalətli qərarlar gözləmək əbəsdir”.

Həmçinin bu göstərir ki, həqiqətən də AvropaABŞ kimi dünya güclərinin geosiyasi maraqları tələb etdiyi təqdirdə və istənilən halda beynəlxalq hüquq çox rahatlıqla ayaq altına atıla bilir. Buna görə də bu gün dünya güclərindən ibarət Birləşmiş Millətlər Təşkilatının daimi 5 üzvü olan ölkələrə dünyanın taleyini etibar etmək çox əbəsdir.

Bu yöndə çox ciddi tənqidlər var və bu tənqidlərin başında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan gəlir. Ərdoğan da dünyanın taleyini 5 ölkəyə buraxmağı ədalətli hesab etmir. Bunun ədalətli olmadığı Rusiyanın hüquqlarının yenidən bərpası məsələsində də özünü açıq göstərdi. Səbəblər ortadan qalxmadan dünya güclərinin yenidən Rusiya ilə münasibətlər sistemi qurmağa çalışması ikiüzlülük, siyasi riyakarlıqdan başqa bir şey deyil. Bu cür siyasi riyakarlıq edən ölkələrdən dünyanın gələcək taleyi haqqında ədalətli qərarlar gözləmək əbəsdir.

- Belə demək mümkündürmü ki, Qərb Rusiyanın aqressiyası qarşısında aciz duruma düşüb?

- Bu aciz duruma düşmək məsələsi deyil, bu ikili standartdır. Burada hansısa ölkələrin geosiyasi maraqları önə çıxır. Çünki bəzi ölkələr var ki, xüsusilə də Almaniya və Fransa kimi ölkələr hələlik birmənalı olaraq bu məsələyə razılıq verməyib. Həmçinin Ukrayna, Donbas məsələsində Rusiya münaqişənin həll olunması üçün ciddi addımlar atmayıb. Hətta Minsk razılaşması çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklər heç yerinə yetirilməyib.

Natiq Miri: “Bu məsələdə hiss olunur ki, hansısa ölkələrin geosiyasi maraqları önə çıxır çıxır ki, bu maraqlar çərçivəsində ABŞ-ın da geosiyasi maraqları var”.

Almaniya və Fransa kimi ölkələr hələlik bu öhdəliklər yerinə yetirilmədiyi üçün, səbəblər aradan qaldırılmadığı üçün Rusiyanın yenidən “Böyük 8”lərə qayıtması məsələsində tələsməməyi iddia edirlər. Bu fakt onu göstərir ki, bu məsələ sadəcə Rusiyanın aqressiv davranışları və Qərbin aciz qalması məsələsi deyil. Bu məsələdə hiss olunur ki, hansısa ölkələrin geosiyasi maraqları önə çıxır çıxır ki, bu maraqlar çərçivəsində ABŞ-ın da geosiyasi maraqları var. Çünki “Böyük 8”lərə Rusiya dəvət alırsa və bu məsələdə ABŞ, digər dövlətlər güzəştə gedirsə, əmin olun ki, hansısa qlobal səviyyədə bazarlıqlar mövcuddur. Bu yöndə də Rusiyadan alacaqları var ki, Rusiyaya qarşı güzəştli davranmağa məcbur olurlar.

Yenə qeyd edim ki, bu acizlik deyil. Düşünürəm ki, burada çox ciddi bazarlıq predmeti möcuddur. Bu da beynəlxalq hüququn, bütövlükdə beynəlxalq münasibətlərin nə qədər ciddi zərər gördüyünü ortaya qoyur.

- Natiq bəy, Putinin açıq qələbəsi şəraitində dünyada demokratiyanın geriləməsi və avtoritarizmin inkişafı bundan sonra da müşahidə oluna bilərmi?

- Rusiya haqqında qeyd etdiyimiz fakt onu göstərir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu tipli qərarların verilməsi də dolayısı ilə Rusiya kimi aqressiv ölkələri yeni işğallara sövq edəcək. Bu əslində çox təhlükəli bir prosesdir. Əgər işğalçı bir dövlət çox rahatlıqla başqa ölkələrin ərazilərini işğal edəndən sonra yenidən öz hüquqlarını bərpa edə bilirsə və bunun müqabilində hər-hansı bir güzəştə getmirsə, bu beynəlxalq hüququn beynəlxalq siyasi münasibətlərin ciddi şəkildə iflasa uğradığını göstərir.

Natiq Miri: “Bu qərarların verilməsi də dolayısı ilə Rusiya kimi aqressiv ölkələri yeni işğallara sövq edəcək”.

Düşünürəm ki, artıq Rusiyadan sonra digər ölkələr də çox rahatlıqla başqa ölkələrin torpaqlarını işğal edə biləcək. Bir daha qeyd edim ki, bu da çox təhlükəli prosesin başlanacağı olacaq. Bu fakt da onu göstərir ki, artıq dünyada beynəlxalq münasibətlər sistemi yenidən qurulmalı və tənzimlənməlidir. Bunun müqabilində Birləşmiş Millətlər Təşkilatında da ciddi islahatlar aparılmalıdır. Əks təqdirdə bu Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün qlobal təşkilatların tənəzzüldə olduğunu birmənalı olaraq göstərir.

- Putinə qarşı münasibətin dəyişməsi sizcə Trampa qarşı “Rusiya araşdırmaları”nın nəticəsiz bitməsinin hansısa təsirləri varmı?

- ABŞ-ın Konqresində, xüsusilə də prokuror Müllerin apardığı “Rusiya araşdırmaları” məsələsində demək olmaz ki, nəticə ortada yoxdur. Çünki prokuror Müllerin ortaya qoyduğu istintaq sənədlərində çox ciddi ittihamedici maddələr mövcuddur. Sadəcə bunun üçün Konqresin Nümayəndələr Palatası ciddi siyasi qərarlar vermək məcburiyyətindədir. Bu gün bu qərarın verilib verilməməsi və verildiyi təqdirdə bunun hansı siyasi qazanclara və yaxud itkilərə gətirib çıxaracağı məsələsi məhz Demokratlar Partiyasında müzakirə obyektinə çevrilib.

Yəni bu gün bu məsələnin özü də siyasi alver predmetidir. Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar düşünür ki, əgər impiçment yönündə qərar verilərsə, bu qərar gələcək seçkilərdə Demokrat Partiyasının zərərinə işləyə bilər. Bu cür siyasi alver predmentləri hələlik Trampın əleyhinə impiçment qərarının çıxmasına imkan vermir. Yoxsa ki, prokuror Müllerin istintaq sənədlərində impiçmenti gərəkləşdirəcək çox ciddi iddilar mövcuddur.

Natiq Miri: “Bu məsələdə ABŞ-ın özünün geosiyasi maraqları kontektsində Rusiyaya yönəlik güzəştləri var”.

Əgər Nümayəndələr Palatası iradə ortaya qoyarsa, əmin olun ki, bu impeçment qərarını çox rahatlıqla çıxarmaq mümkün olacaq. Həmçinin bu qərar çıxarılarsa, bu məsələnin bir də Senatda müzakirə olunub qərar çıxarılmasına ehtiyac var ki, bildiyimiz kimi Trampın məxsus olduğu Respublikaçılar Partiyası Senatda çoxluq təşkil edir. Yəni problemin bir də bu tərəfi mövcuddur.

Buna görə düşünürəm ki, bu məsələdə ABŞ-ın özünün geosiyasi maraqları kontektsində Rusiyaya yönəlik güzəştləri var. Görünür Rusiyadan ABŞ-ın hansısa gözləntiləri mövcuddur.

Nərminə UMUDLU
pia.az

Etiket: Rusiya

Şərh yazın.

loading...