Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Lap Ərəbistan səhrası kimi: Pirəmsən və Ərəblər sakinləri su deyə qıvrılır

Şabran rayonunun Pirəmsən və Ərəblər kəndlərinin sakinləri illərdir ki, su üzünə həsrət qalıblar

Bakı-Quba yolunun üzərində, paytaxtdan cəmi 1,5 saatlıq məsafədə yerləşən bu kəndlərdə nəinki içməli, heç texniki su da tapılmır. Əhali hər gün suyu qədim dövrlərdə olduğu kimi, at və eşşəklə, əl arabaları ilə 3-4 kilometr məsafədən daşımaq məcburiyyətindədir.

Digər şimal rayonlarında olduğu kimi, Şabranda da təbii su ehtiyatlarının məhdudluğu əhalinin içməli su mənbələrinə çıxışını çətinləşdirib. Meşələrin kütləvi qırılması, ekoloji tarazlığın pozulması nəticəsində bölgədə səhralaşma prosesinin getdiyi aydın gözə çarpır, kəndlərdə yaşıllıq məhv olub gedir. Sakinlər ümidlərini ancaq yağışlara bağlayıblar ki, o da özü ilə sudan çox problem gətirir.

Kəndlilər çimməyə su tapmırlar

Ərəblər kənd sakinlərinin virtualaz.org-a bildirdiklərinə görə, havanın isti keçməsi əhalini lap əldən salıb: “Payızı, qışı çətinliklə də olsa, yola vermək olar. Yay gələndə isə güzəranımız lap dözülməz olur. İsti havada normal insan həftədə bir neçə dəfə yuyunmalıdır. Hələ bu ağır işdə, əkin-biçində, təsərrüfatda fəhləlik edən adamdırsa, vəziyyətini özünüz təsəvvür edin. Biz isə nəinki çimməyə, heç içməyə də bir qaşıq su tapmırıq. Nə vaxta qədər su üçün üz tutub kilometrlərlə yol gedəcəyik? Niyə bizə də digər qonşu kəndlərdəki kimi su çəkilmir?”, - Gülağa Xalıqov sual edir.

Şikayətçilər deyirlər ki, suyun olmaması ucbatından min bir əziyyətlə əkib becərdikləri təsərrüfat sahələri də yanıb məhv olur. Kəndlilər hər il ümidlə tərəvəz əkir, bostan salır ki, bir az qazanc götürsün. Amma payız gələndə əlləri boşa çıxır.

“Yaz aylarında gecə-gündüz demədən, yatmadan günlərlə su növbəsinə durub çayın suyunu həyətimizə qədər gətirib çıxarırıq, əkdiyimizi suvarırıq. Tərəvəz gəlib yetişən vaxtda qızmar istilər düşür, çayların suyu quruyur, bağımız, bostanımız məhv olub gedir. Əkdiyimiz ağacların salamat qalanları da susuzluqdan bar gətirə bilmir. Məcburuq ki, heç nə əkməyək. Torpağımız gözümüzün önündə boş qalır, istifadə edə bilmirik”, - kənd sakini Nəriman Fətullayev belə deyir.

Təsərrüfat dağılıb, kəndlilər işsiz qalıb

Eyni problemi Pirəmsən kəndinin sakinləri də yaşayır. Sakinlərin sözlərinə görə, kənd maddi imkanı yaxşı olan bir neçə sakinin həyətində qazdırdığı artezian quyularının ümidinə qalıb. Bu qoyuların da gah mühərriki xarab olur, gah da nasosu: “Kənd bomboz səhraya çevrilib. Nə bir ağacımız qalıb, nə bostanımız. Kənddə zavod yox, fabrik yox ki, camaat gedib işləsin, çörək qazansın. Kəndlinin qazancı təsərrüfatdan çıxmalıdır. Bu şəraitdə isə necə təsərrüfat quraq? Ona görə də cavanlarımız qalıb işsiz. Kənddə bir neçə nəfər artezian quyusu qazdırıb, bütün camaat növbəyə durub oradan su götürür. Hələ o suyun da içməli olduğu məlum deyil, çünki cod sudur, içəndə mədə-bağırsağımızda problemlər yaradır”, - sakinlər bildirirlər.

Pirəmsən sakinlərinin sözlərinə görə, kəndin su problemi ilə bağlı dəfələrlə aidiyyati orqanlara müraciət olunub. Sonuncu dəfə bir neçə gün əvvəl kənd sakinləri adından müvafiq instansiyalara teleqram vurulub. Rayona yeni təyin olunmuş icra başçısı Asif Hüseynovun bir müddət əvvəl kənd sakinləri ilə görüşündə də bu problem qaldırılıb, lakin hələ ki, sakinlərin su dərdinə əlac edən yoxdur.

“Məsələ ondadır ki, bir neçə il əvvəl bu kəndlərin üzərindən Taxtakörpü su anbarına tökülən yeni Samur-Abşeron kanalı çəkilib. Kanaldan çəkilən su xətti ilə ilə bu kəndləri tamamilə su ilə təmin etmək mümkün olardı. Rayonun bəzi kəndlərində, o cümlədən, Gəndab, Şahnəzərli, Dəvəçikənd kəndlərində bu problem qismən də olsa, həll olunub. Bu kəndlərdə bir neçə nöqtəyə bulaqlardan su çəkilib. Rayonun Zeyvə kəndinə sakinlərin illərlə davam edən şikayətindən sonra su çəkilib. Yaxın vaxtlarda Samur kanalından Quşçu kəndinə də su çəkilib, amma bizim kəndlərə baxan yoxdur”, - Pirəmsən sakinləri şikayətlənirlər.

Ən yaxın yer mənasında işlədilən “su yolu” misalını artıq rayonda heç kim anlamır. Sakinlər onu da deyirlər ki, Samur kanalının alt hissəsində yerləşən torpaqları imkanlı biznesmenlər alaraq öz təsərrüfatlarını qurublar. Əhalinin əzab-əziyyətlə tapdığı suyu onlar heç bir əziyyət çəkmədən əldə edirlər. Həmin oliqarxların əkin və bostan sahələrinə kanaldan xüsusi arxlar çəkilib.

İcra Hakimiyyəti xəbərdardır, amma…

Sakinlərdən öyrənirik ki, rayonun yuxarı səmtindən keçib Taxtakörpü su anbarına tökülən Samur kanalının suyunun duruldularaq kəndlərə verilməsi ilə bağlı hələ 2014-cü ildən layihə hazırlanıb. SiyəzənXızı rayonları bu üsulla su ilə təmin olunsa da, Şabran rayonunun əksər kəndləri illərdir suya möhtac qalıb.

 

Problemdən Şabran Rayon İcra Hakimiyyətində də xəbərdardırlar. Amma belə görünür ki, bu rayon rəhbərliyini o qədər də narahat etmir.

“Samur-Abşeron su kanalından həmin kəndlərə suyun verilməsi rayonun səlahiyyətində deyil. Buna "Meliorasiya və Su Təsərrüfatı" ASC nəzarət edir, hər kənd desə ki, mən oradan su götürmək istəyirəm, bu mümkün olan iş deyil axı. Çünki bu gün Bakı həmin su ilə qidalanır. Amma Şabran rayonunun kəndlərinin, o cümlədən, Pirəmsən və Ərəblər kəndlərinin su problemi 2019-2020-ci illər üçün dövlət proqramına salınıb”, -icra hakimiyyətinin əməkdaşı virtualaz.org-a bildirib.

Su çəkiləcək – “Meliorasiya və Su Təsərrüfatı” ASC vəd edir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə virtualaz.org-a açıqlamasında bildirdi ki, bu il quraqlıq keçdiyindən hazırda həm kəndlərin yuxarı, həm də aşağı hissəsindən keçən kanallarda su yoxdur. Taxtakörpü su anbarına tökülən suyun da miqdarı ötən illərin müvafiq dövrü ilə müqayisədə aşağıdır. Amma yuxarı kanaldan kəndlərə suyun çəkilməsi nəzərdə tutulub.

 

“Pirəmsən və Ərəblər kəndlərinin yuxarı hissəsindən keçən Samur kanalından bu kəndlərə su çəkilməsi nəzərdə tutulub. Sakinlər istəyirlər ki, həyətyanı sahələrinə 80-100 metr məsafədə boru xətti çəkilsin. Amma bunun üçün müəyyən vəsait ayrılmalıdır. Gələn ay “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri həmin rayonun sakinləri üçün qəbul keçirəcək. Kənd sakinləri də həmin qəbulda iştirak edib öz müraciətlərini edə bilərlər. Yəqin ki, bu problem öz həllini tapacaq”, - D. Şərifov qeyd edib.

Kənddə artezian quyularının qazılmasına gəlincə isə, ASC nümayəndəsi bildirib ki, bunun üçün də əhali “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə müraciət etməlidir. ASC-nin müraciətindən sonra, prezidentin sərəncamı əsasında kəndlərdə subartezian quyuları qazıla bilər.

Problem barədə virtualaz.org-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, adları çəkilən kəndlərə indiyə qədər “Azərsu” ASC tərəfindən xidmət göstərilməyib, bələdiyyələr, icmalar özlərini içməli su ilə təmin ediblər.

"Amma bizim mütəxəssislərimiz həmin ərazidə araşdırma aparıblar və ora dağlardakı bulaqlardan içməli suyun çəkilməsi diqqətimizdədir. Bizim Layihə Departamentinin əməkdaşları həm Pirəmsən, həm də ətraf kəndlərdə içməli su ilə təminatı ilə bağlı məsələyə baxıblar. Ola bilər ki, qarşıdakı iki ildə bu problem həll olunsun”, - A. Cəbrayıllı bildirib.

Beləliklə, Pirəmsən və ətraf kəndlərin sakinləri hələ bir müddət də yayın istisində susuzluqdan əzab çəkməkdə davam edəcəklər, amma ümid buna qalır ki, heç olmasa aidiyyatı strukturlar problemin həlli üçün qolları çırmasınlar...

pia.az

Etiket:

loading...