Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin qəzəbinə səbəb olan, buğaya qalib gələn dünya şöhrətli Azərbaycan pəhləvanı - Foto

Söhbət o zamanlar üçün dünyada tanınan Rəşid pəhləvandan gedir

Azərbaycanda güləş ənənələrinin olduğu hər zaman özünü yarışlar zamanı göstərib. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hər zaman güləşçilərimiz vətənə yüksək əyarlı medallarla qayıtmağı bacarıb.

Oxu.Az-ın indi təqdim edəcəyi insan da Azərbaycanda güləş ənənələrinin olduğunu göstərən amillərdəndir. Söhbət o zamanlar üçün dünyada tanınan Rəşid pəhləvandan gedir.

Rəşid Yusifov 1900-cü ildə Borçalı mahalının Gorarxı kəndində (indiki Gürcüstanın Marneuli rayonunun Alqeti kəndi) dünyaya göz açıb. Uşaqlığı əsasən Borçalıda və Tbilisidə keçib.

O, 1910-1912-ci illərdə Gorarxı kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil alıb. Gəncliyindən Rəşid Yusifov heyrətamiz fiziki gücü ilə seçilib. 15 yaşında ikən dəfələrlə Rəşid Yusifovun yalın əllə canavar boğduğu indi də Gorarxıda, eləcə də Borçalıda danışılır. Gəncliyi daha sonra Tbilisidə keçib. Çünki atası Əliməmməd sonradan Tbilisinin Şeytanbazar məhəlləsində məskunlaşıb. O, 1914-1915-ci illərdə təhsilini Tbilisidə də dini məktəbdə davam etdirib.

1914-cü ildə atasını itirdiyindən, gəncliyindən ağır işlərdə çalışır. Dəmirçi yanında çalışdığı müddətdə özünə müxtəlif çəkili daşlar, dəmir çubuqlar hazırlayır və onlarla məşq edir.

1915-ci ildən etibarən R.Yusifov Tbilisidə müxtəlif sirklərdə pənləvan kimi çıxış etməyə başlamışdır. Bunun keçmişi isə belədir ki, dövrün məşhur sirk ustalarından sayılan Tesikovski qardaşlarının Tbilisiyə qastrolu zamanı yeniyetmə Rəşid də tamaşaçılar arasında olur. Sirkdə Əlibəy adlı şəxslə tanışlığı sayəsində məşhur gürcü güləşçisi Maysuradzenin rəhbərliyi altında məşqlərə və sirkdə çalışmağa başlayır. 1916-cı ildə bir sirk səhnəsi zamanı R.Yusifov gürcü pəhləvanı Pavliaşvilini güləşdə məğlub edir. Get-gedə Rəşidin şöhrəti Rusiya çarlığına gedib çatır.

1916-1917 ci illərdə Rəşid Yusifov Maysuradze ilə yanaşı Yemelyanovun tələbəsi olur. Daha sonra R.Yusifov güləş üzrə dünya çempionu, "Parisin şərfinin fəxri sahibi" titulunu daşıyan Karazakumovun, 1919-cu ildən fiziki hazırlığı ilə təcrübəli gürcü idmançısı Lado Kavsadzenin rəhbərliyi altında məşq edir.

Həmin ildən etibarən Rəşid Yusifovun peşəkar pəhləvan fəaliyyəti başlayır. 1919-cu ildə Tbilisidə məşhur gürcü güləş ustası, pəhləvan David Beriaşvili, 1920-ci ildə yenə Tbilisidə o vaxtkı Osmanlı imperiyasının məşhur pəhləvanı Mustafa Hamurçu üzərində parlaq qələbə qazanıb. Bu qələbələr pəhləvan kimi onun şöhrətini daha da artırır.

1920-ci ildə Moskvada məşhur pəhləvanların yarışı keçirilir. Yarışda qırmızı maska geymiş bir güləşçi səhnəyə 16 dəfə qalib kimi çıxır. Tamaşaçılar intizarla qırmızı maska altında çıxış edənin kim olduğunu bilmək istəyirlər. Nəhayət, benefis günü gəlib çatır. Yarışın baş hakimi onu manejin ortasına dəvət edir. Alqış sədaları sirkin divarlarını titrədir. Alqışlar altında baş hakim "qırmızı maska"nı təqdim edir: Azərbaycan pəhləvanı Rəşid Yusifov! Yarışın yekunlarına görə gənc pəhləvana "Qafqaz çempionu" adı verilir, qeyri-rəsmi olaraq isə ona "Qafqaz Şiri" deyilir.

1924-ci ildə Tiflis sirkində fransız güləşi üzrə keçirilən turnirdə Rəşid Yusifovun rəqibi "Fransız güləşinin texniki" adlandırılan Petr Praşek olur. Praşek əvvəl ona gənc rəqib seçdikləri üçün inciyir və döşəyə özündənrazı halda çıxır. İlk saniyələrdə onu başı üzərindən atmaq istəsə də, özü əks fəndə düşür. Nəticədə Rəşid 17 saniyə ərzində rəqibinin kürəyini döşəyə sıxaraq inanılmaz qələbə qazanır.

1924-ci ilin mayında Rəşid Yusifov almaniyalı güləş ustası Abek Andersonu məğlub edir. Bu turir zamanı ona gürcü kinorejissoru İ.Perestiani "Üç həyat", "Qaçaq Arsen" və "Tariel Mklavadzenin işi" filmlərində rollarda iştirak etməyi təklif edir.

1924-cü ilin sonlarında Rəşid Yusifov Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin sədri Mir-Bəşir Qasımov tərəfindən Azərbaycana, Bakı sirkində fəaliyyət göstərməyə dəvət olunur. 1925-ci ildən Rəşid Yusifovun pəhləvan karyerasının Bakı dövrü başlayır. 1929-cu ildə o, Azərbaycan SSR adından Aşqabad (Türküstan MSSR) sirkində görüş zamanı fransız güləşi üzrə pəhləvan Nikolay Bredixin üzərində qələbə qazanır. Aşqabad sirkində Rəşid Yusifov həmçinin türkmən pəhləvanı Başkirovu və rus güləşçisi Şatskini də məğlubiyyətə uğradır.

1933-cü ildə etibarən Rəşid Yusifov Moskva Dövlət Sirkinin truppasında müxtəlif qastrollarda çıxış etməyə başlayır. Taqanroq qastrolu zamanı beş pudluq daşı ağzı ilə qaldırır. Qastrolun sonuncü gün Rəşid sirk direktorunun kabinetinə dəvət olunur. Bu zaman dünya şöhrətli rus pəhləvanı İvan Poddubnı ayağa qalxıb onu qucaqlayır.

1934-cü ildən etibarən Rəşid Yusifov türkiyəli Kara Yusif, almaniyalı Rudolf Albert, amerikalı Çembers Sips və Frenk Qud üzərlərində parlaq qələbə qazanır. Almaniyalı pəhləvan Rudolf Alberti məğlub etməsi hətta o zaman Reyxkansler Adolf Hitlerə məruzə edilir. Hitler alman pəhləvanın məğlub olmasına ciddi qəzəblənir.

Rəşid pəhləvan çətin görüşlərindən danışarkən ABŞ güləşçisi Frenk Qudla mübarizəsini belə xatırlayıb: "O uzun illər boksla məşğul olurdu. Qolları çox güclü idi. Görüşün birinci günü gözlənilmədən o məni parterə saldı. Lakin bu əlverişli vəziyyətdən istifadə edə bilmədi. Əsəbləşib qolumu burub sındırmaq istədi. Bu fənd qadağan olunduğuna görə hakimlər görüşü dayandırmalı oldu. Qolum bərk ağrıyırdı, tərpədə bilmirdim. Qardaşım Cümşüd səhərə kimi qolumu masaj etdi. Səhər tezdən mən durub daşlarla nömrələr göstərirdim..."

Rəşidlə F.Qud yenidən görüşməli olur. Bu dəfə Rəşid onu parterə salır. Lakin qalibi yenə də müəyyən etmək mümkün olmur. Üçüncü gün mübarizə davam etdirilir. Görüş çox çətin idman mübarizəsi şəraitində keçir. Rəşid çalışır ki, rəqibini yorub haldan salsın. Bunu F.Qud da hiss edir. Amma Rəşid gözlənilmədən rəqibinin üstünə atılır. F.Qud özünü itirir. Yaranmış şəraitdən istifadə edir və rəqibinin kürəyini yerə vurur. Sinəsinə çöküb pıçıltı ilə deyir: "Amerikanı indi xatırla, cənab Qud!" F.Qud dizi üstə qalxır, əlləri ilə saçlarını qarışdırır və uşaq kimi ağlayır...

SSRİ ərazisində buğa ilə ilk döyüşən də Rəşid pəhləvan olub. Qaydalara görə, qalibə həmin buğa hədiyyə olunurdu. Lakin o qalib gəldiyi buğanı götürməyərək bunu deyir: "Mənə qaliblər lazımdır, məğlublar yox". Onun rəqiblərinə hörməti də məlumdur. Bir dəfə kəndin hörmətli şəxslərindən biri ilə güləşməkdən imtina edir. O bunu belə izah edir: "Aydın məsələ idi ki, həmin şəxs mənim bildiyim qədər fənd bilmirdi. Amma onu məğlub etməklə kənddə olan hörmətini aşağı salmağım düzgün olmazdı".

Rəşid Yusifovun pəhləvan və güləş karyerası 1958-ci ilə qədər davam edib. 1950 ci il martın 8-dən 11-nə qədər Bakı dövlət sirkində keçirilən klassik güləş üzrə yarışlarda Rəşid Yusifov 14 qələbə qazanıb, iki oyunu heç-heçə qurtarıb. 1958-ci ildən etibarən peşəkar fəaliyyətini dayandırıb, əməyini güləş üzrə idmançıların hazırlanmasına sərf edib. Təqaüdə çıxdıqdan sonra ölümünə qədər Bakıda yaşamışdır. O, 1982-ci ilin martın 4-də dünyasını dəyişib.

Yevgeni Kuznetsovun 1957-ci ildə işıq üzü görən "Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında həmyerlimiz haqda da yazılıb. Bu cümlələri oxuduqda adam fəxr hissi duymaya bilmir: "SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur. Ona "Azərbaycan Poddubnısı" demək bizim üçün çox xoşdur”.

Rəşid Yusifov sağlığında bir neçə fəxri adlar da almağı bacarıb. 1957-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülüb, Ali Sovetin fəxri fərmanı ilə təltif olunub. Həmçinin bir il sonra SSRİ İdman Komitəsinin və Gənclərin Ümumdünya VI Festivalının fəxri fərmanları da ona verilib. Daha sonra o, Azərbaycan SSR-nin xalq artisti adına layiq görülüb.

Qeyd: Məqalədə Savalan Fərəcovun yazısından, Şərif Kərimlinin "Rəşid pəhləvan" kitabından istifadə olunub.

 

Pia.az

Fotolar




Etiket: Pəhləvan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar