Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ərəblər yəhidilərlə barışır? - İsraillə Ərəb ölkələri arasında sülh müqaviləsi imzalanır...

Politoloq: “Əvvəla, aydınlıq gətirilməlidir ki, konkret olaraq hansı ərəb dövlətləri nəzərdə tutulur. Belə bir müqavilə bağlanılması əlbəttə ki, mümkündür”

“Bəzi ərəb ölkələri İsrailin yaxın dostu və yaxşı müttəfiqidir. Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya heç də İsraillə düşmən deyillər, əksinə dostdurlar”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İsraillə Ərəblər arasında imzalanması nəzərdə tutulan sülh müqaviləni PİA.az-a şərh edərkən qeyd edib.

Yaxın Şərqin iki dövləti olan Ərəb-İsrail arasında 70 ilə yaxındır davam edən gərginlik bitmək bilmir. Məlumdur ki, bu illərdə Ərəb-İsrail arasında bir çox sülh müqavilələrinin bağlanılmasına cəhd edilib. Bunlardan yaxın keçmişi xatırladaq. Məsələn 2000-ci ilin 17 oktyabrında Yasir Ərafatla Ehud Barak ABŞ prezidenti Bill Klintonun vasitəçiliyi ilə Misirdə keçirilən Şarm əş Şeyx sammitində atəşkəs qərarı qəbul edib, ancaq bu qərara riayət olunmayıb. Həmin ilin noyabrında Bill Klinton tərəfindən Şarm əş Şeyx sammitində “Yaxın Şərq” araşdırma komissiyası yaradılıb.

Bundan sonra iki dəfə də görüş keçirilsə də, sülh müqaviləsi imzalama səyləri boşa çıxıb. 13 iyun 2001-ci ildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Corc Tenetin vasitəçiliyi ilə tərəflər atəşkəs elan edib, amma bu da nəticəsiz qalıb. 2002-ci ilin 26 martında 2-ci “İntifada”nın başlamasından etibarən, keçən 18 aylıq vaxt ərzində baş verən insidentlərdə Fələstin tərəfdən 1238, İsrail tərəfdən 366 olmaqla 1604 nəfər ölüb.

2 gün sonra, 28 martda Beyrutda keçirilən Ərəb Birliyi sammitində Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Abdullah yeni “Ərəb-İsrail” sülh planını təqdim edib. Plana görə, paytaxtı Qüds olan Fələstin dövləti tanınmalı, qaçqınların sahib olduğu hüquqları qaytarılmalı, bunun əvəzində İsrail və ərəb ölkələri arasındakı münasibətlər normal hala gətirilməli idi. Ancaq bu plan da nəticəsiz qalıb.

2017-ci il dekabrın 6-da ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı elan etməsi Ərəb-İsrail münaqişəsini daha da alovlandırıb.

Bu ilin may ayında ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi müşaviri Cared Kuşner Yaxın Şərqdə ABŞ-ın “sülh” planı olan “Əsrin müqaviləsi”ni elan edib. Fələstinə dövlət statusu verməyən plan daha çox fələstinlilərin həyatlarının iqtisadi şərtlərinin yaxşılaşdırılmasını və din, ibadət azadlığı, hüquq bərabərliyi kimi ilkin hüquq və azadlıqlar məsələsində bəzi təminatlar verilməsini nəzərdə tutur. Bəzi ərəb dövlətləri bu planı müdafiə etsə də Fələstin bir mənalı olaraq plandan imtina etdi. Hesab olunurdu ki, Kuşnerin “Əsrin müqaviləsi” İsraildə yeni hökümət qurulduqdan sonra dövriyyəyə girəcək və detallar tam açıqlanacaq. Lakin may ayından sonra da İsraildə iki dəfə seçki keçirilməsinə baxmayaraq hələ də yeni hökümət qurmaq mümkün olmayıb.

Ötən həftə isə İsrailin xarici işlər naziri İsrael Kats bildirib ki, onun ölkəsi ərəblərlə sülh müqaviləsi imzalamağın astanasındadır. Bu sülh müqaviləsinin əsas predmeti bir-birinə hücum etməmək müddəası olduğu qeyd olunur.

Fələstin problemi həll olmadığı və BMT tərəfindən İsrailin sərhədləri tanınmadığı halda İsraillə Ərəb dövlətləri arasında belə bir müqavilənin imzalanmasını nə qədər mümkün hesab etmək olar və belə bir sazişin imzalanması Fələstin probleminin həllinə hansı təsirlər göstərə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Bəzi ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı radikallıq nümayiş etdirmir, Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ-a etiraz olaraq Türkiyənin çağırdığı İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinə qatılmaqdan imtina edir, İsrailin ən böyük düşməni İrana qarşı onunla eyni cəbhədən çıxış edirlər”.

İsrail dövləti yaranandan bəri bəzi ərəb ölkələri ilə separat danışıqlar aparıldığını, müqavilələr imzalandığını xatırladan politoloq bildirib ki, buna misal olaraq İsrail və Misir arasında 1979-cu ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Kemp-Devid razılaşmasını göstərmək olar:

“Əvvəla, aydınlıq gətirilməlidir ki, konkret olaraq hansı ərəb dövlətləri nəzərdə tutulur. Belə bir müqavilə bağlanılması əlbəttə ki, mümkündür. 1948-ci ildə İsrail dövləti yaranandan bəri bəzi ərəb ölkələri ilə separat danışıqlar aparılıb, müqavilələr imzalanıb. Məsələn, buna misal olaraq İsrail və Misir arasında 1979-cu ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Kemp-Devid razılaşmasını misal çəkmək olar, hansı ki, bu sazişin çox böyük mənfi, eyni zamanda müsbət nəticələri oldu. Misir Ərəb Dövlətləri Liqasından çıxarıldı, təşkilatın baş qərargahı Qahirədən Ər-Riyada köçürüldü və s. Misir ərəb ölkələri arasında diskreditasiyaya məruz qaldı, prezident Sədat paradda öldürüldü və hərbiçilərin dəstəyi ilə Hüsnü Mübarək hakimiyyətə gətirildi. Bu sazişin müsbət nəticəsi o oldu ki, Misir uzun illər İsraildən sonra dünyada ABŞ yardımının həcminə görə ikinci yerdə dayandı.

Əvvəllər, Soyuq müharibə dövründə ərəb dünyası iki fövqəlgüc - ABŞSSRİ arasında nüfuz dairəsinə parçalanmışdı. Təbii ki, ABŞ-ın nüfuz dairəsinə daxil olan ölkələr onun Yaxın Şərqdəki ən yaxın müttəfiqi İsraillə yaxınlaşmaya təhrik edilirdi. SSRİ-nin parçalanmasından sonra bu boşluğu İran, Rusiya, Türkiyə birlikdə doldurmağa çalışırlar. Burada Çinin də maraqları qeyd edilməli, Fransa, Britaniya kimi ənənəvi oyunçular da yaddan çıxarılmamalıdır.

Nəzakət Məmmədova: “Orta Şərqdə yeni Kemp-Devid müqavilələrinin bağlanılması de-fakto mövcud olan bu müttəfiqlikləri sadəcə de-yure təsbit etmiş olacaqdır”.

Sirr deyil ki, bəzi ərəb ölkələri İsrailin yaxın dostu və yaxşı müttəfiqidir. Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya heç də İsraillə düşmən deyillər, əksinə. Onlar Fələstin məsələsində İsrailə qarşı radikallıq nümayiş etdirmirlər,hətta Fələstini alçaldıcı sülhə sövq etmək üçün təzyiq vasitələrinə əl atırlar. Bu ölkələr Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ-a etiraz olaraq Türkiyənin çağırdığı İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinə qatılmaqdan imtina etdilər. Həmçinin bu ölkələr İsrailin ən böyük düşməni İrana qarşı onunla eyni cəbhədən çıxış edirlər və s. Bundan başqa, Yaxın Şərqdə İsrailin ətrafında təhlükəsizlik dəhlizi yaradılıb, İraq, Suriya kimi İsrailə düşmən ölkələr isə demək olar ki, xəritədən silinərək, zəif vəziyyətə salınıblar.

Belə bir şəraitdə, artıq adını çəkdiyimiz ərəb ölkələri İsrailin de-fakto müttəfiqləridir və Orta Şərqdə yeni Kemp-Devid müqavilələrinin bağlanılması de-fakto mövcud olan bu müttəfiqlikləri sadəcə, de-yure təsbit etmiş olacaqdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar