Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Berlin Divarının yıxa bilmədiyi həqiqətlər

Populist liderlər, iqtisadiyyatı dostlar və ailə üzvləri arasında bölüşdürmə, kütləvi narazılıq və böyük köç...

Kristen Qodsi, Mitçel Orenştayn

“Project Syndicate”, 01.11.2019

“Heç kim üçün vəziyyət əvvəlkindən daha pis olmayacaq, amma çoxları üçün daha yaxşı olacaq”. Bunu Almaniyanın kansleri Helmut Kol 9 noyabr 1989-cu ildə Berlin Divarı yıxıldıqdan sonra şərqi almaniyalılara əminliklə demişdi. Onun sözləri bütün post-kommunist Avropada sürətli siyasi və iqtisadi dəyişikliklərin baş verməsinə köməklik edib. Amma 30 il sonra Kol və digər Qərb liderlərinin bu vədinin nə dərəcədə yerinə yetirildiyini soruşmağa dəyər.

Bu gün Praqaya, Kiyevə və ya Buxarestə səyahət edə və idxal olunan istehlak malları ilə doldurulmuş ticarət mərkəzlərini görə bilərsiniz: Fransa ətirləri, İtaliyadan moda və İsveçrədən olan qol saatları. Yerli “Cineplex”-də gənclər ən son “Marvel” filminə baxmaq üçün növbəyə dururlar. Parlaq “iPhon”-lardan itifadə edir, bəlkə də növbəti tətillərini – Paris, Qoa və ya Buenos-Ayresə səfərləri planlaşdırırlar. Şəhər mərkəzində istənilən qida məhsulları satan hipermarketlər var, üstəlik əcnəbilərə və yerli elitalara yemək verən kafe və barlar. Kommunist keçmişinin çatışmazlığı və qapalılığı ilə müqayisədə bu gün Mərkəzi və Şərqi Avropa yeni imkanlarla göz qamaşdırır.

Ancaq eyni şəhərlərdə təqaüdçülər və yoxsullar ən başlıca yaşayış şəraitini təmin etmək üçün mübarizə aparırlar. Yaşlı vətəndaşlar istilik, dərman və yemək arasında seçim edirlər. Kənd yerlərində bəzi ailələr natural təsərrüfat qaydalarına qayıdıblar. Gənclər xaricdə daha yaxşı imkanlar axtarır, ölkədən qaçırlar. Avtoritar keçmişin təhlükəsizliyi və sabitliyi üçün nostalji böyüdükcə iqtisadi əziyyət və siyasi nihilizm sosial etimadsızlığı artırır. Populist liderlər demokratik təsisatları dağıtmaq və iqtisadiyyatı dostları, ailə üzvləri və tərəfdarlarının ixtiyarına vermək üçün xalqın narazılığından istifadə edirlər.

Bu iki dünya yan-yana yaşayır, hər ikisi 1989-cu il inqilablarından sonra yaranıb. Son 30 ildə əhəmiyyətli azlıq üçün müsbət dəyişikliklər olsa da, Mərkəzi və Şərqi Avropa, habelə Orta Asiyada keçmiş sosialist dövlətlərin əksəriyyəti post-kommunist dünyasının kollektiv psixikasında dərin iz buraxan iqtisadi fəlakətə məruz qalıb.

1990-cı illərdə bu ölkələr iqtisadiyyatlarını liberallaşdırdıqda, iqtisadçılar və siyasətçilər tənəzzüllərin olacağını bilir, ancaq enişlərin dağıdıcı dərinliyini və uzunluğunu təxmin edə bilməyiblər.

Birləşmiş Ştatların Kənd Təsərrüfatı Nazirliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatlarından istifadə edərək, keçid tənəzzüllərinin həcmini hesabladıq, Avropa və Avrasiyadakı (1989-cu ildən başlayaraq) dərinliyini müqayisə etdik.

Keçmiş iqtisadi iflasların orta uzunluğu və dərinliyi baxımından post-kommunist ölkələri üç qrupa ayırdıq.

Ən uğurlu ölkələrdə keçid tənəzzülü ABŞ-ın Böyük Depressiyası (adambaşına ÜDM-in 30% azalması) ilə müqayisə edilib. Orta ölkələr üçün keçid tənəzzülü 1929-cu ilin Böyük Depresiyanın dərinliyini (adambaşına ÜDM-in 40% azalması) və uzunluğunu (on ilə qarşı 17 il) üstələyərək iqtisadiyyatı dağıdıb. Ən ağır zərbə alan ölkələrin heç geri özünə gələ bilməyib: 30 il sonra adambaşına düşən ÜDM son sosialist dövründəki səviyyədən aşağıda qalır.

Moldova iqtisadi keçidin əksər insanlar üçün uğursuz olduğu ölkələri ən yaxşı şəkildə təmsil edir. Sovet İttifaqı dağıldıqdan sonra adambaşına düşən ÜDM-i 1989-cu ildəki səviyyəsindən 1999-cu ildə 66% aşağı düşüb. 2007-ci ildə adambaşına düşən ÜDM 1989-cu illə müqayisədə hələ də 42% aşağı olub. 2010-cu ildən sonra Moldova iqtisadiyyatının xeyli böyüməsinə baxmayaraq, 2016-cı ildəki səviyyə 1989-un səviyyəsindən 12% aşağı qalıb.

Moldova yeganə belə ölkə deyil. Digər beş post-kommunist ölkəsində – Gürcüstan, Kosovo, Serbiya, Tacikistan və Ukraynada adambaşına düşən ÜDM 2016-cı ildə 1989 səviyyəsindən aşağıdır. Bu ölkələr üçün keçid misli görünməmiş dərəcədə iqtisadi cəhətdən ağrılı və az qazanclı olub.

Kommunist dövründən sonrakı iqtisadi fəlakətlər milyonlarla insanın ölümünə, kütləvi mühacirətə və kommunizm dövründə məlum olmayan müxtəlif sosial xəstəliklərə səbəb olub: yoxsulluq, mütəşəkkil cinayətkarlıq və artan bərabərsizlik. Əksər post-kommunist ölkələrində məcmu ÜDM rəqəmləri 1989-cu ildən bəri gəlir qütbləşməsinin kütləvi artımını maskalayır.

Bu ölkələr daha yüksək ölüm, aşağı doğum və artan mühacirətə səbəb olan demoqrafik spiralları göstərən dövlətlər sırasına daxildir.

AYİB-in 2016-cı il tarixli bir tədqiqatında da qeyd edilib ki, keçidin başlanğıc dövründə dünyaya gələn uşaqların boyu onlardan əvvəl və ya onlardan sonra dünyaya gələn həmyaşıdlarına nisbətən orta hesabla 1 santimetr qısadır. Bu, müharibə zonalarında və körpələrin həm mikronutrient çatışmazlığı, həm də psixososial stresdən əziyyət çəkdiyi digər mühitlərdə müşahidə olunan gerçək fərqdir.

Həm Şərqin, həm də Qərbin liberal elitaları Soyuq müharibənin dinc sona çatmasını və son 30 ildəki həqiqi uğurları qeyd edir, amma kapitalizmin yaranmasından hər kəsin faydalanmadığını xatırlamaq lazımdır. İctimai rəy sorğuları sosial etimadın aşağı səviyyəsini, dövlət qurumlarına inamın azalmasını və gəlir bərabərsizliyində artan qəzəbləri göstərir.

Bu, Macarıstan və Polşa kimi ən uğurlu ölkələrdə belə populist partiyalar və liderlər üçün münbit zəmin yaradıb. Keçid tənəzzülünün səbəb olduğu dərin bəla bir çox vətəndaş üçün yeni qanyaddaşı olaraq qalır və Böyük Depressiya təcrübəsi hələ də ABŞ-da dövlət siyasətini canlandırdığı kimi, o, on illərlə bölgədəki siyasi və iqtisadi seçimlərə təsir edəcək.

Berlin Divarının yıxılmasından 30 il sonra reallıq Kolun məşhur vədini tərsinə çevirib: bir çoxunun vəziyyəti əvvəlkindən daha pisdir, ancaq bir neçə nəfər üçün daha yaxşıdır. Yəni rifah çoxluq üçün genişlənmədikdə, 1989-cu ildə başlayan inqilablar yarımçıq qalacaq.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Berlin divarı

loading...

Ən çox oxunanalar