Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ərdoğanı niyə dörd gözlə gözləyir? 

Prezidentlərin 13 noyabrda Ağ Evdə görüşü gözlənilir...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında dünənki telefon danışığında Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edəcəyi dəqiqləşib. Hər iki prezident sosial media hesabında telefon danışığının nəticələrindən razı qaldığını yazıb. D. Tramp isə "Twitter" səhifəsində hətta Ərdoğanı 13 noyabrda Ağ Evdə dörd gözlə gözlədiyini qeyd edib.

ABŞ liderinin Ərdoğanı səbirsizliklə gözləməsi ona işarədir ki, iki ölkə arasında çözülməmiş məsələ kifayət qədərdir.

D.Trampın müttəfiqləri ilə sərt dil üslubuna üstünlük verməsi nəticəsində yaranan problemlər göz önündədir. ABŞ lideri təhdid və sanksiya tərzini daha çox sevir. “Amerika şüarı” adı altında xarici şirkətlərin ixracını azaltmaq üçün vergiləri qaldırmaqla iqtisadi müharibəyə start verir. Müttəfiqi olan Almaniya və digər Avropa ölkələrinin avtomobil sənayesinə istiqamətlənə biləcək təhdidlər səsləndirir. Polad və alüminium üzərində sıxlaşan vergi faizləri ilə isə Çin və Avropa İttifaqı ilə yanaşı, Kanada, Meksika və Hindistanı da təhdid edir.

Lakin bunların sırasında ABŞ liderinin ən sərt ritorikasına məruz qalan məhz müttəfiqi Türkiyədir. NATO müttəfiqi olan Türkiyəyə qarşı “kürdlər üzərinə hücuma keçsəniz, sizi iqtisadi sanksiyalarla məhv edərik” bəyanatı D.Trampın leksikonunun bəzəyinə çevrilib. Diqqət çəkən məqam odur ki, Türkiyə bu təhdidlərə boyun əymir, sanksiya təhlükəsini belə gözardı edərək, özünə lazım olan addımları atır.

Sonuncu məktub qalmaqalından sonra D.Trampın Türkiyəyə münasibətində nisbətən yumşalma hiss olunsa da, bunun nə qədər çəkəcəyini söyləmək çətindir. Bəzi ekspertlər Trampın Ərdoğanı Ağ Evdə qəbul etmək niyyətinin məhz son günlər ABŞ-ın xarici siyasətdəki sərt ritorikasından əl çəkməsinin, yumşaq siyasətə keçidin əlaməyi kimi qiymətləndirir. İqtisadi müharibə apardığı Çin Prezidenti ilə məsələlərin həll olunması üçün gün dəqiqləşdirilməsi, Suriyadakı ABŞ əsgərlərinin geri dönməsini istədiyini əks etdirən bəyanatların səslənməsi də bu siyasətin göstəricisi sayıla bilər.

Məsələyə bu çərçivədən yanaşdıqda Türkiyə-ABŞ münasibətlərində yaranmış problemlərin həlli baxımından 13 noyabr görüşünün mühüm əhəmiyyət və maraq kəsb etdiyini söyləmək mümkündür. Lakin bu görüşün heç də asan keçəcəyini söyləmək olmaz. Çünki həm ABŞ, həm də Türkiyə bu müzakirələrdən karlı çıxmağı hədəfləyir. Tərəflərin bir-biri ilə razılaşmadığı məqamlar, bir-birinə deyəcəyi sözlər və verəcəyi suallar var.

Rəsmi Ankaranı qane etməyən məsələlərdən ABŞ-ın FETO, PKK, PYD, YPG kimi terror təşkilatlarına himayədarlığını, Nümayəndələr Palatasının Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləyən, "qondarma erməni soqrımı"nı tanıyan qətnamələr qəbul etməsini, Türkiyəyə qarşı bir müddət əvvəl tətbiq olunan, sonra götürülən sanksiyalar və s. qeyd etmək olar. Görüşdə ABŞ-ın da masaya yatıracağı məsələlər az deyil: Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma, Ankaranın S-400 Hava hücumundan müdafiə sistemləri alması, Türkiyənin Aralıq dənizində fəaliyyəti, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlar və s.

Belə olan halda əminliklə söyləmək olar ki, liderlərin 13 noyabr görüşündə müzakirələr kifayət qədər gərgin keçəcək. Ola bilsin ki, müəyyən məsələlərlə bağlı konsensus əldə olunsun. Amma bunun iki dövlət arasında yaranmış gərginliyə köklü təsir edəcəyi inandırıcı görünmür. Ən azı ona görə ki, NATO-da müttəfiq olan bu iki dövlət bu gün Suriyada rəqibdir. Bunun əsas səbəbkarı isə məhz Vaşinqtondur. Çünki məhz Vaşinqton Suriya məsələsində NATO müttəfiqi olan Türkiyəni yox, terror təşkilatları olan YPG və PYD-ni özünə müttəfiq seçib. Belə olan halda da gərginliyin bir görüşlə səngiyəcəyini proqnozlaşdırmaq sadəlövhlük olardı. Bu fikri qüvvətləndirən digər arqument Trampın sözləridir. D.Trampın açıqlamalarından birində Suriyadakı ABŞ əsgərlərinin evlərinə dönməsini istədiyini vurğulayaraq, “Sərhədə başqaları nəzarət etsin (Türkiyə və Rusiya nəzərdə tutulur-red.) Biz nefti zəmanət altına aldıq. Kürdlərlə birgə çalışırıq!" bəyanatını səsləndirməsi ABŞ-Türkiyə müttəfiqliyinin hansı səviyyədə olduğunu bir daha ortaya qoyur.

D.Trampın bu açıqlaması həm də onu göstərir ki, ABŞ-ın Suriyada var olmasının səbəbi heç də Əsəd rejiminə son verib, demokratiya qurmaq və ya terror təşkilatı İŞİD-i məhv etmək deyil. Məqsəd Suriyanın zəngin neftinə sahiblənməkdir.

Ümumiyyətlə, tarixə nəzər saldıqda aydın görmək olur ki, ABŞ-ın Yaxın və Orta Şərq siyasətini təsirli edən hədəflər və strategiyalar neft və qaz üzərində qurulub. Bir vaxtlar ABŞ-ın Dövlət katibi Kondoliza Raysın Misirdə səfərdə olarkən çıxışında səsləndirdiyi “Amerikanı Şərqdə demokratiya deyil, neft-qaz maraqlandırır” bəyanatı çoxunun yadındadır. K.Raysın 2005-ci ildəki bu bəyanatın oxşarını bu günlərdə D.Tramp da səsləndirdi. Demək ki, hakimiyyətlər prezidentləri dəyişir, ABŞ-ın xarici siyasət prioritetləri isə olduğu kimi qalır.

Görüşlə bağlı proqnozlaşdırılan məsələlərdən biri də odur ki, ABŞ Prezidenti Ərdoğanla görüşdə xüsusi olaraq Suriyada PKK/YPG-nin təhlükəsizliyinə zəmanət almağa çalışacaq. Bilindiyi kimi, ABŞ Suriyada ələ keçirdiyi bütün önəmli neft yataqlarını terror təşkilatı olan PKK/YPG-nin nəzarətinə verib. Belə olan halda terror təşkilatının təhlükəsizliyini təmin etmək zərurəti meydana çıxır. Ehtimal olunur ki, Suriyada əsas söz sahiblərindən olan Rusiyanın PKK/YPG-yə münasibətinə bələd olan D.Tramp terror təşkilatına problem yarada biləcək yeganə qüvvənin məhz Türkiyə olduğunu bildiyindən Ərdoğanı Vaşinqtona dəvət etməklə bu məsələnin üzərində xüsusi dayanacaq, PKK/YPG-nin təhlükəsizliyinə təminat almağa çalışacaq ki, ölkəsinin bölgədəki neft maraqlarını qorusun, Suriya neftini rahatlıqla mənimsəyib, külli miqdarda gəlir qazansın.

Görüşdən gözləntilər və suallar çoxdur. Hələlik məlum olan odur ki, noyabrın 13-ü Ağ Evdə çox "isti olacaq".

pia.az

 


Etiket: Tramp Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar