Bazar, 17 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Çəkməçi ola bilməyən gənc çəkməçi oğlunun yanında SSRİ rəhbərlərindən biri olub – Mixaylovun həyatı

Müasirləri onun haqqında daha çox bu ifadəni işlədiblər: “Mixaylovun ali təhsili yoxdur, amma bəxti var...”

Nikolay Mixaylovun siyasi fəaliyyətinə nəzər yetirsək, şahidi olarıq ki, bu ifadədə böyük həqiqət var. O, ən yüksək postlara, hətta nazir, Mərkəzi Komitənin katibi vəzifələrinə təyin ediləndə ali təhsili olmaması müzakirəyə çıxarılmayıb, gündəmə gətirilməyib, Onun üçün Kremldə həmişə yaşıl işıqlar yanıb. Vəzifə pillələrində hamını arxada qoyub sürətlə irəliləyən Mixaylov istər İosif Stalinin, istər Nikita Xruşovun, istərsə də Leonid İliç Brejnevin hakimiyyəti illərində vəzifə tutmaqda çətinlik çəkməyib.

Nikolay Mixaylov 1906-cı ildə Moskvada anadan olub. Dördillik təhsildən sonra çəkməçi olan atasının yanında işləyib. Yarıtmaz, iş bacarmayan biri kimi tanınan Mixaylov həmyaşıdlarından uğursuz bir uşaq kimi fərqlənib. Heç kimlə ünsiyyət qura bilməyən, tapşırılan ən adi bir işin öhdəsindən gəlməyi bacarmayan Mixaylov valideynləri tərəfindən həmişə danlanıb. Hətta atası az bir müddətdən sonra onu işlədiyi çəkməçi sexindən özü qovub.

Amma həmin vaxtlar heç kimin ağlına gəlməyib ki, heç kimə yovuşmayan bu cılız uşaq illər sonra milyonlar üçün əlçatmaz olan Stalinin əlinin altında işləyəcək, onun bir addımlığında dayanacaq.

Mixaylov atasının çəkməşi sexindən qovulduqdan sonra “Oraq və çəkic” zavodunda fəhlə işləməyə başlayıb. Böyük bir kollektivə düşməsi onun xarakterini bütövlükdə dəyişib. Sakitliyindən, tənbəlliyindən əsər-əlamət qalmayan Mixaylov ən qısa bir müddətdə zavodun ən qabaqcıl işçilərindən biri sayılıb, ictimai işlərdə fəallığı ilə fərqlənib. Mixaylov çağırış yaşına çatanda işlədiyi zavoddan hərbi xidmətə yollanıb, ordudan tərxis olunduqdan sonra yenə həmin zavoda qayıdıb.

Mixaylovu zavod kollektivində fərqləndirən daha bir cəhət də olub. O, zavodun daxili qaydalarına əməl etməyən, iş rejimini pozanlara qarşı sərt mövqedə dayanıb, iclaslarda onları tənqid edib. Sözsüz ki, belə bir mövqe zavod rəhbərliyi tərəfindən alqışlanıb və bunun nəticəsi olaraq Mixaylov zavod komsomol təşkilatının katibi seçilib.

Çox keçməmiş zavodun direktoru Mixaylovun təhsil alması ilə bağlı ona Moskvada fəaliyyət göstərən fəhlə universitetinə göndəriş təqdim edib. Mixaylov qiyabi yolla bu institutda iki il təhsil alsa da, sonradan yarımçıq qoyub.

Zavod qəzetində mütəmadi olaraq məqalələrlə çıxış edən Nikolay Mixaylov Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində üç aylıq kurs keçib. Elə bu kursları bitirdikdən sonra da zavod qezətinin redaktoru vəzifəsinə təyin edilib. Bü təyinat onun gələcək siyasi karyerasında böyük rol oynayıb.

1937-ci ilin yanvar ayında Moskva şəhər Partiya Komitəsinin təqdimatı ilə Nikolay Mixaylov “Pravda” qəzetində işləməyə göndərilib. O, əvvəlcə ədəbi işçi, altı aydan sonra isə qəzetdə şöbə müdiri vəzifəsini daşıyıb.

Tənqidi yazıları ilə fərqlənən Mixaylovun imzası Kremlin diqqətindən yayınmayıb. Bir il ötməmiş Mərkəzi Komitənin təqdimatı ilə Nikolay Mixaylov “Komsomolskaya parvada” qəzetinin məsul redaktoru vəzifəsinə təyinat alıb.

Bu vəzifədə də Mixaylov çox işləməyib. Dövlət tədbirlərində həmişə göz önündə olan Mixaylova Stalin böyük etimad göstərərək onu ümumittifaq komsomolunun birinci katibi təyin edib.

Mixaylov komsomola rəhbərlik etdiyi dövrdə əsl “iş qabiliyyətini” biruzə verib. Qanlı repressiyanın ən fəal icraçılarından birinə çevrilən komsomol katibinin adı “NKVD”-nin rəhbəri Yejovla birgə çəkilib. Repressiya öhdəçiliklərini qat-qat artıqlaması ilə ödəyən Mixaylov məhz bu ərəfədə Kremldə ciddi siyasi fiqura çevrilib. Stalinin onun haqqında “biz gələcəyimizi bugünkü komsomola tam etibar edə bilərik, çünki bu komsomola Mixaylov rəhbərlik edir” ifadəsi Nikolay Mixaylovun fəliyyət dairəsini daha da genişləndirib, o, Siyasi Büronun üzvü seçilib.

1952-ci ildə Georgi Malenkovun himayədarlığı ilə Nikolay Mixaylov Mərkəzi Komitənin katibi seçilib. Həmçinin Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etmək də ona həvalə olunub. Bu isə Mixail Suslovun səlahiyyətlərinin azalması demək olub. Qeyd edək ki, Malenkovla Suslovun arasında münasibətlər çox da isti olmayıb. Məhz Malenkov buna görə Mixaylovun Kremlə gətirilməsi üçün canfəşanlıq edib.

Kremldaxili oyunlarda Mixaylov sıxışdırılıb, bu dəfə Suslov öz istədiyinə nail olaraq Mixaylovu Kremldən uzaqlaşdıraraq onu başqa vəzifəyə, Moskva vilayət Partiya Komitəsinə birinci katib göndərilməsinə nail olub.

Nikita Xruşovun hakimiyyətə gəlməsi Mixaylovun mövqelərini zəiflədib və katib vəzifəsindən uzaqlaşdırılaraq Polşaya səfir göndərilib. Amma siyasi manevrlər etməkdə peşəkar olan Mixaylov bütün vasitələrə əl ataraq Moskvaya qayıtmağa cəhd edib. Cəhdlər boşa çıxmayıb. Düzdür, Mixaylov arzuladığı kürsüyə, Mərkəzi Komitə katibi vəzifəsinə sahib ola bilməsə də, nazir kreslosuna əyləşməyi bacarıb. Xruşov onu SSRİ-nin mədəniyyət naziri təyib edib.

Bu təyinat Kremldə birmənalı qarşılanmayıb. Sərt xarakterə malik olan, inzibatçılığa üstünlük verən bir şəxsin mədəniyyət naziri olması, incəsənət adamları ilə işləməsi məqsədəuyğun sayılmayıb. Amma buna baxmayaraq Mixaylov beş il nazirliyə rəhbərlik edib.

Məhz bu ərəfədə onun tanınmış aktrisa Lyudmila Qurçenko ilə qalmaqallı münasibətləri ortaya çıxıb. Mixaylov aktrisaya göz salıb və günlərin birində onu kabinetinə dəvət edib:

- Əgər hər şey mən istəyən kimi olmasa, sizin populyar adınızın üstünü toz basacaq.

Nəticədə hər şey Mixaylovun istədiyi kimi olmayıb, Qurçenko isə bir müddət filmlərdə rol almaqdan məhrum olub.
Nikolay Mixaylovun şəxsi həyatı ilə bağlı söz-söhbətlər də az olmayıb. Bununla bağlı Xruşova məktublar da yazılıb. Nazirin həyat yoldaşının zəngin həyatı tez-tez gündəmə gəlib. Nazir xanımının iki il ərzində onlarla xidmətçi dəyişməsi, hətta ayaqqabılarının ipini də xidmətçilərə bağlatdırması kimi söhbətlər dolaşıb.

Nəhayət, Xruşov Mixaylov haqqında qərar verib və onu bu dəfə daha uzağa, İndoneziyaya səfir göndərib.



Beş illik “sürgün” həyatından sonra Nikolay Mixaylov Leonid İliç Brejnevə Moskvaya qayıtması ilə bağlı məktub ünvanlayıb. Brejnev onun məktubunu müsbət cavablandırıb.

1965-ci ildə Nikolay Mixaylov SSRİ Nazirlər Sovetinin yanında Dövlət Mətbuat Komitəsinin sədri təyin edilib. Beş il bu vəzifədə çalışdıqdan sonra o, 1970-ci ildə elə bu vəzifədən də təqaüdə göndərilib.

Nikolay Mixaylov 1982-ci ildə 75 yaşında vəfat edib. O, Moskvada, Troekurovski qəbirstanlığında dəfn olunub.(Musavat.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar