Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Xalça Muzeyində "Xalça diyarına səyahət" uşaq festivalının açılışı olub

Azərbaycan Xalça Muzeyində "Xalça diyarına səyahət" uşaq festivalının açılışı olub...

PİA.az-ın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutur.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova APA-ya açıqlamasında bildirib ki, muzey bir ildir bu festivala hazırlaşır:

"Festival Muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunub. 10 ildir ki, Muzeydə müxtəlif yaş qrupundan olan uşaqlar üçün çox maraqlı tədris proqramları reallaşdırılır. Biz ildən-ilə bu şöbəni daha da inkişaf etdiririk, yeni-yeni layihələri təqdim edirik. Bu gün həmin uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdiririk. Festivalın rəngarəng proqramı var. Proqram çərçivəsində Azərbaycanda akkreditasiya olunan səfirliklər də iştirak edirlər. Bu ölkələr İran, Monteneqro, Macarıstan və Misirdir. Onlar yeni il ərəfəsində burada öz ölkələrinin gözəl suvenirlərini, əl işlərini, kitabları və s. təqdim edirlər. Bu da festivala gözəl rəng qatır. Buradan gələn gəlirlər xəstəliyi olan uşaqların müalicəsinə xərclənəcək.

Festival çərçivəsində uşaq kitablarının təqdimatı da keçiriləcək və müəlliflərlə görüşlər olacaq. Çalışdıq ki, proqramımız gözəl və əyləncəli olsun. Burada gördüyünüz hər şey muzeydə hazırlanıb, hətta yolkamız da".

Ş.Məlikova bildirib ki, festival zamanı fiziki məhdudiyyətli şəxslərin "Gülsam" reabilitasiya təşkilatının nümayəndələri də əl işlərini satışa çıxarıblar. Buradan gələn gəlirlər isə onların özlərinə qalacaq:

"Xalça Muzeyi inklüzivdir, burada fiziki məhdudiyyəti şəxslər üçün bütün şərait yaradılır ki, onlar muzeyə gəlib kolleksiya ilə tanış olsunlar. Qeyd edim ki, bugünkü festivalda iştirak edən uşaqlar sırasında bizim muzey dərnəyimizin üzvləri də var. Eyni zamanda, kukla tamaşası nümayiş olunacaq.

Çalışırıq ki, uşaqlarımız milli incəsənətə yiyələnsinlər. Onlara bu ənənələri sevdirək və öyrədək".

Macarıstan səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat, ikinci katib Mihail Qruber APA-ya bildirib ki, festivalda iştirak etməkdən çox şaddılar:

"Festivalda malçıpandan hazırlanan gül formalı şirnilər, macar şokoladları və macar pryanikləri satışa çıxarılıb. Eyni zamanda uşaqlar üçün Macarıstana ekskursiya ilə bağlı kitablar nümayiş olunur. Qiymətlər 1, 2 və 3 manat arasında dəyişir. Bütün gəlirlər uşaqların sağalması üçün xərclənəcək".

Misir səfirliyinin Mədəniyyət mərkəzinin inzibati attaşesi Ada Mahmud APA-ya açıqlamasında qeyd edib ki, festivalda uşaqlara yardım məqsədilə Misir yeməklərini satışa çıxarılıb:

"Bura qabı 1 manata satılan Misirin milli yeməyi olan kuşari, küftənin biri 50 qəpik, sendviç 1 manata və 30 qəpiyə şirniyyat daxildir".

İran Mədəniyyət Mərkəzinin əməkdaşı Mayıl Ağamirzəyev APA-ya bildirib ki, festivalda uşaqların İran mədəniyyəti ilə tanış olması üçün əl işləri olan qablar və İranın milli şirniyyatları nümayiş olunur:

"Amma bunlar satış üçün deyil, hər bir uşaq gəlib bu şirniyyatları dada bilər. Ancaq biz də uşaqların sağalması üçün öz dəstəyimizi göstərəcəyik".

Monteneqronun fəxri konsolu Vüqar Əliyev isə APA-ya açıqlamasında qeyd edib ki, festivalda Monteneqro mədəniyyətini əks etdirən məlumatlar, bəzək işləri və şirniyyatları nümayiş olunur. Satışdan əldə olunan gəlir uşaqlara yardım məqsədilə xərclənəcək.

Qeyd edək ki, iki günlük festival çərçivəsində uşaqlar üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu keçiriləcək, onlara "Şəngülüm, Şüngülüm, Şəngülüm", "Məlikməmmədin nağılı" kukla tamaşaları və "Xalçaların bəhsi" tamaşası göstəriləcək. Uşaqlar suvenir xalça, şəddə, qar adamı yumşaq oyuncağı və s. hazırlanması üzrə ustad dərslərə qatılacaqlar, "Azərbaycanın sehirli abidələri" kitabının müəllifi Elçin Əliyev və "Çimərlikdə" uşaq kitabının illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüşəcəklər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Xalça Muzeyi

Şərh yazın.


loading...

Ən çox oxunanalar