Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronovirus təhlükəsi: Çindəki tələbələrimizin taleyi nə olacaq?

Çindəki koronovirus Azərbaycanı hərəkətə gətirdi...

Qorxulu virusdan ölənlərin sayı artır; Azərbaycan XİN: “Vəziyyət səfirliyimizin nəzarəti altındadır...”

Dünya Çində sürətlə yayılan koronovirusun şokunu yaşamaqdadır. Ölkədə bu virusdan ölənlərin sayı günbəgün artır və artıq 81 nəfəri ötüb. Çin rəsmilərinin bildirdiyinə görə, koronovirusun artıq inkubasiya dövründən yoluxuculuq qabiliyyətinə malik olması xüsusiyyəti onunla mübarizəni çətinləşdirir.

Artıq bəzi Çin şəhərləri səyahət etmək istəyənlər üçün ciddi məhdudiyyətlər tətbiq edib. Epidemiyanın ilkin mənbəyi olan Hubey bölgəsinin Uhan şəhəri faktiki olaraq qapalı rejim vəziyyətinə keçirilib. Rəsmilər virusun qarşısının alınması üçün səylərin gücləndiriləcəyinə söz verərək Çində bütün vəhşi heyvanların satışının qadağan ediləcəyini açıqlayıblar. Virusun əvvəlcə heyvanlarda əmələ gəldiyi düşünülsə də, insanlara keçdikdən sonra sürətlə yayılıb.

Onu da qeyd edək ki, koronovirus neftin qiymətinə neqativ təsir göstərməkdədir. Dünya birjalarında neftin qiyməti yeni həftənin ilk hərraclarında aşağı düşməyə başlayıb. Ölümcül virusa görə Çinə aviareyslər azalır, aviasiya yanacağına tələbat azalır. Habelə bir çox ölkələr Çinlə ticarət əlaqələrini məhdudlaşdırırlar, ölkənin özündə isə bir sıra iri şəhərlərdə karantin elan edilib, iş yerləri bağlanıb və bütün bunlar iqtisadiyyata mənfi təsir göstərir. Analitiklər neftə olan tələbatın daha da azalacağını, nəticədə qiymətlərin enməkdə davam edəcəyini proqnozlaşdırırlar.

Ölümcül Çin virusu digər ölkələrə də sıçramağa başlayıb. Artıq qorxunc təhlükə sərhədlərimizə satıb. Belə ki, Rusiyanın TASS dövlət xəbər agentliyinin adlarının açıqlanmadığı tibb işçilərinə əsasən verdiyi məlumata görə, hamısı Çindən olduğu güman edilən səkkiz nəfər ilkin koronovirus diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilib. Bu, Rusiyada ilk koronovirus halı kimi qeydə alına bilər.

Koronovirusa yoluxma halları ABŞ, Avstraliya, Kanada, Fransa, Filippin, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland və Vyetnamda qeydə alınıb. Azərbaycan da yaxınlaşan təhlükəni önləmək üçün tədbirlər görməyə başlayıb. Belə ki, Bakıdan Pekinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır. Hava limanından verilən məlumata görə, cədvəl üzrə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

“Çin Xalq Respublikasında yayılan koronavirusla bağlı oradakı tələbələrimiz diqqətimizdədir”. Musavat.com xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan səfirliyi ilə daimi əlaqə saxlayırlar: “İlkin məlumat odur ki, həmin bölgələrdə 7 tələbəmiz təhsil alır. Çin hökuməti məsələ ilə bağlı giriş-çıxışda məhdudiyyət tətbiq edib. Bizdə olan məlumat ondan ibarətdir ki, Çinə hazırda 50-dən artıq ölkə öz tələbələrini oradan çıxarmaq üçün müraciət ediblər. Aldığımız məlumat ondan ibarətdir ki, bu məsələ ilə bağlı yaxın günlərdə Çin hökumətində iclas olacaq və bundan sonra tələbələrin çıxarılması məsələsi həllini tapacaq. Biz məsələləri diqqətdə saxlayırıq. Hazırda dövlət xətti ilə 62 tələbəmiz təhsil alır. Ümumilikdə isə Çində təhsil alan azərbaycanlıların sayı 500 nəfərə yaxındır. Azərbaycanda təhsil alan çinli tələbələrlə bağlı isə hansısa problem yoxdur”.

Qeyd edək ki, koronovirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, digərindən qorumur. Həmin immunitet də davamlı olmur. Lakin hazırkı yayılan 2019 koronovirusuna qarşı hələ ki peyvənd işlənilib hazırlanmayıb. Bunu Report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müəmmalıdır: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.

Baş infeksionistə görə, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı verilməlidir: “Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.

Mütəxəssis vurğulayıb ki, virusdan ölüm faizi 2,8-3 faizdir: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.

C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda gigiyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”.

Koronovirusun Azərbaycana təsirləri barədə iqtisadçı ekspert Qubad İbadoğlu öz feysbuq profilində maraqlı bir status paylaşıb. Həmin statusu təqdim edirik: “Hazırda Çində yayılan ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək. İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər. İkincisi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdır.

Üçüncüsü, bu proseslər son illər Çində yavaşıyan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerjidaşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək. Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqələrində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın. Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarının səfərlərini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz".

Azərbaycan Xarici İşlər Nazirliyinin bu istiqamətdə gördüyü işlərlə maraqlandıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bunları dedi: “Bildiyiniz kimi, Çində yayılmış təhlükəli virusla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Çinə səyahət edən vətəndaşlarımıza günlər öncədən xəbərdarlıq edilib. Bununla əlaqədar məlumatla hər kəs nazirliyin rəsmi internet səhifəsində tanış ola bilər. Çində daimi, yaxud müvəqqəti yaşayan azərbaycanlılar, eləcə də təhsil alanlarla bağlı Azərbaycanın Çindəki səfirliyi Çin tərəfi ilə, rəsmi qurumlarla mütəmadi olaraq təmasdadır. Səfirlik Çində, o cümlədən karantin elan olunan Uxan şəhərində yaşayan azərbaycanlıların vəziyyəti, onların ehtiyaclarının təmin olunması ilə əlaqədar Çin hökuməti ilə əlaqəli şəkildə işlər həyata keçirir. Mövcud vəziyyət səfirliyimizin nəzarəti altındadır”. (Yeni Müsavat)

pia.az


Etiket: Koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar