Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Münhen Təhlükəsizlik Konfransının “2020 Hesabatı”nda diqqət çəkən əsas məsələ “Qərbsizlik” (Westlessness) anlayışının ortaya çıxarılması oldu…

Azər Qaramanlı yazır...

Bazar günü işini bitirən 56-cı Münhen Təhlükəsizlik Konfransı Qərbdə liberalizmin doğrudan böhran yaşadığını və istər ABŞ-da, istərsə də Avropada həm sağın, həm də solun, həddindən ziyadə radikallaşdığını ortaya qoydu. Artıq demək olar ki, dünyanı yönləndirməkdə olan Qərb sivilizasiyası parçalanır və bütün dünyada artıq demokratiya deyil, avtokratiya güclənir. Daha doğrusu, avtokratiya bir duman kimi istər beyinlərə, istərsə də cəmiyyətlərə sirayət edir. Bu duman əslində Qərb liberalizmini iki klassik əks cəbhəyə parçalayır və bu cəbhələrdə birləşməni təmin edən mərkəzçi sağ və sol ideologiyalar artıq sürətlə iflas edir və dünya sanki 19-cu əsrin ikinci yarısından başlayaraq 20-ci əsrdə iki dünya müharuibəsinin ortaya çıxaran inqilabi çalxantıların və qarşıdurmaların içinə girir.

Dünyada “Qərbsizlik” sindromu yaranıb

Münhen Təhlükəsizlik Konfransının “2020 Hesabatı”nda diqqət çəkən əsas məsələ “Qərbsizlik” (Westlessness) anlayışının ortaya çıxarılması oldu. Müzakirələrə damğasını vuran da bu yeni terminin ətrafında ortaya çıxan təşviş idi. Bu təşviş Qərbin təşvişi idi və Rusiya, Çin kimi iddialı ölkələr bu təşvişi təbii olaraq maraqla izləyirdi. Bütün bu müzakirələrdə diqqət çəkən iki məsələ vardı.

1. Dünya daha çox Qərb sivilizasiyasından uzaqlaşır və “Qərbsiz” hala gəlir.
2. ABŞAvropa özü də “Qərbsizlik” sindromunun içinə girib və öz sivilizasiyasına yabançılaşır.

Diqqət edirsinizsə, Münhen Təhlükəsizlik Konfransının “2020 Hesabatı”nı hazırlayan analitiklər “Qərbsizlik” termini ortaya atmaqla əslində iki dünya müharibəsinin nəticələrindən doğan düzənin bitdiyini elan etdilər. Nə qədər qəribə olsa belə Qərb sivilizsasiyasını oluşduran ABŞAvropa Birliyi artıq Qərbin yaratdığı dəyərlərdən kənarlaşıb. Yəni demokratiya və liberalizmin təsirləri artıq ABŞAvropada belə, yoxa çıxır və Qərbdə avtoritar liderlərin sayı sürətlə artır və bu artım Qərb xalqları tərəfindən də dəstəklənir.

Hətta ən demokratik və sosial ədalətin, o cümlədən bütün sahələrdə bərabərliyin təmin olunduğu ölkələrdə avtoritarizmə meylin artmasının bir çox səbəbi olmalı. Xalqlar və cəmiyyətlər arasında balansın olmaması, bərabərliyin sözdə olması və siyasətin hələ də aqressiv, o cümlədən imperialist xarakter daşıması, transşirkətlərin monopoliyasının güclənməsi.

Bütün bu problemlər dünya miqyasında baş verir və işin ən tragikomik tərəfi odur ki, artıq məhz balansı pozanlar, bərabərliyin sözdə olduğunu əməlləri ilə ortaya qoyanlar, qlobal iqtisadiyyatda monopoliyaya sahib olanlar, yəni ən güclülər, sistemin imkanlarından maksimum yararlananlar düzənin ədalətsizliyindən narazıdırlar. Məhz dünyanı yönəldənlər bu gün daha çox ədalətsizliyə məruz qaldıqlarını dilə gətirməkdədirlər.

Belə olmasaydı, təqribən 3 il əvvəl Donald Tramp dünyanın tək supergücü olan ABŞ-da hakimiyyətə gələ bilməzdi. Trampın hakimiyyətə gəlməsi məhz Amerika elitasının və sadə insanlarının ABŞ-ın bütün dünyaya daha çox verməsindən və daha az almasından doğan narazılıq üzərindən baş verdi. Tramp bu narazılıqları dilə gəturdi və bunun üzərinə Ağ Evdə otura bildi.

Halbuki, bütün dünyanı yönəltməyin və dünyanın hər yerində əsas söz sahibi olmağın bir əvəzi olmalıdır. ABŞ Trampa qədər bu əvəzi ödədi və ödədiyindən qar-qat artıq qazandı. İstər demokratiyanın dəstəkçisi olması, istərsə də müxtəlif ölkələrin əvəzsiz maliyyə donoru olması ABŞ-ı dünyanın supergücü edən əsas faktorlardan birincisi idi. Yəni dünyanın hər yerindən Vaşinqtona ümid yeri olaraq baxırdılar və Trampın Ağ Evə oturması bu nizamı pozdu və dolayısı ABŞ-ın supergüc olaraq ortadan qalxmasının əsasını yaratdı.

Hər bir ailədə böyük qardaş öz statusunu o zamana qədər qoruya bilir ki, həm güc mərkəzi, həm də ümid qapısı ola bilir. İkinci dünya müharibəsindən sonra ABŞ məhz güc mərkəzi və ümid yeri olaraq ayaqda durur və bununla hökm edirdi. Və bütün dünyaya hökm edirdi. Obama dönəmində artıq ABŞ-da dünyaya demokratiya və “əvəzsiz yardım etmək” anlayışı çox anlamsız görünməyə başlamışdı. Ona görə də Obama Amerikası dünyaya daha çox inqilab, artıq məxməri deyil, qanlı inqilab ixrac etməyi məqbul hesab elədi. Və dünyanın nizamını pozan “ərəb baharının” “payızını” artıq bütün dünya yaşamaqdadır və yəqin ki, “qışını” da çox keçmədən yaşayacağıq.

Görünür ki, “əvəzsiz” olaraq bir şeyləri vermək və digərlərinə xor baxmaq adətkarlığı “böyüklüyün” və supergüc olmanın psixoloji xəstələyidir və insanın təbii mahiyyətindən doğur. Bu xəstəlik hazırda ABŞ-ı və Avropanı çeynədiyi kimi, bütün dünyanı parçalamaqdadır.

Əslində baş verənlər çox təbii prossesdir və ABŞ-ın, o cümlədən Avropa Birliyinin “əvəzsiz” olaraq dünyaya bir şeylər vermək istəməməsi və bunun müqabilində hər yerdən əvəzsiz olaraq bir çox şeylər istəməsi əks təsir yaratdı. Hazırda hər bir dövlət öz haqqının üstünlüyünü dilə gətirməklə yanaşı, eyni zamanda bu haqlar uğrunda vuruşur. Bu vuruşma dünyanın hər yerindən daha çox ABŞ-a və Avropaya təsir edir və Qərb sivilizasiyasına qarşı yönəlib. Bu vuruşma hər şeydən daha çox çox qısa müddət əvvələ qədər alternativsiz elan olunan və belə də görünən Qərb sivilizasiyasını öldürür. Bundan ən çox ziyan görənlər də məhz ABŞAvropadır və görünür ki, mərkəzdənqaçma prossesi sürətləndikcə Qərb sivilizasiyasın, o cümlədən liberalizmin iflası da qaçılmaz olacaq. Çünki bu gün hər kəs Trampın “əvəzsiz” heç bir şey vermək istəməməsi və bunun müqabilində daha çox şeylər istəməsi qarşısında öz haqqını ortaya qoyur. Və Trampın “hər şey Amerika üçün”  şüarı bütün dünyaya fitil qoyub.

Trampın bu istəyi hər nə qədər təbii olsa da artıq digər dövlətlər və xalqlar üçün supergüc anlayışını puça çıxarıb və bütün dünya artıq supergücü görməzlikdən gəlir. Trampın hər şey “Amerika üçün” şüarı ABŞ-ın gücünü geri gətirmir, əksinə zəiflədir. Tramıpn “güclü Amerika” adına atdığı hər bir addım hər gün supergüc olaraq ABŞ-ı bir qədər öldürür və zəiflədir. Trampın 3 illik hakimiyyəti ortya bir acınacaqlı həqiqəti qoyub. ABŞ artıq dünyanı zor gücünə idarə edə bilər və bu da mümkün görünmür.

20-ci əsrin sonlarında ABŞ-ın dünya hegemoniyasına qarşı ilk olaraq aciz və köməksiz müsəlmanlar çıxdılar və onlar çıxış yolunu terrorda gördülər. “İslam terörizmi” ABŞ-a qarşı üsyan edən ilk hərəkat oldu. Bu gün həm siyasi islam, həm də “islam terörizmi” hər nə qədər zəif görünsə də döyüş meydanını “zəfərlə” tərk etməsə də ABŞ-a qarşı yeni cəbhlərin açılmasına yol açdı. 2005-ci ildən sonra dünyanın iki digər əsas gücü Rusiya və Çin ABŞ-a qarşı çıxmağa cəsarət etdilər və bu cəsarətə ABŞ hər şeyi yerlə bir edən, bütün dünyanın nizamını pozan və xaosun qapısını açan “Ərəb baharı” ilə cavab verdi. “Ərəb baharı”nın nəticələri bu gün bütün dünyanı dəyişdirir və nə yazıq ki, bu dəyişim ABŞ-a qarşıdır. Çünki artıq Türkiyə, İran kimi regional dövlətlər də ABŞ-a qarşı açıq müharibədən belə çəkinmədiklərini ortaya qoyurlar.

Əslində bu gün bütün dünya ABŞ-a qarşıdır. Ya da çox tezliklə bu belə olacaq.

Dünya qaçınlmaz xaosun içinə giirir

Dünya yeni bir xaosun içinə girir və bu xaos qaçınılmazdır. Çünki hər kəsin haqqın istədiyi bir dünyanın içinə giririk və bu hazırda yaşadığımız beynəlxalq təhlükəsizlik sistemi, o cümlədən beynəlxalq hüquq sistemi iflas edir. İdeoloji olaraq mühafizəkar sağ mərkəz hər yerdə yerini radikal millətçiliyə və rasizmə buraxdığı kimi, mərkəzçi sol liberalizm də bütün dünyada yerini inqilabçı dəyərlərə buraxmaqdadır. Sırf 19-cu əsrdə olduğu kimi dünyanın iki xas və alternativsiz ideolgiyası yenidən güzəştsiz aqressiya ilə üz-üzə gəlməkdədir və bu prosses 19-cu əsrdə 20-ci əsri doğurduğu kimi 21-ci əsrdə də 22-ci əsri doğuracaq.

Bu yeni formasiyanın necə olacağını təsvvür belə eləmək çətindir. Çünki formasiyanın hansısa etapında böyük müharibə qaçınılmaz ola bilər və bu müharibənin sonucu ümumiyyətlə tamamilə fərqli bir şeylər, ya da tamamilə fərqli bir dünya ortaya çıxara bilər. Misal üçün ölü bir planet də ortaya çıxa bilər, ya da tarixi qanunauyğunluq daxilində 20-ci əsrin sosial dəyərlərini daha çox inkişaf etdirən tolerant sosial cəmiyyətlər də ortaya çıxara bilər. Ya da dünyada müasir texnologiyanın hakim olduğu despotik imperiyalara yarana bilər. Yəni bu günkü reallıqlardan yanaşaraq 22-ci əsrin dünya düzənini yalnız xəyal gücü ilə təxmin etmək olar və bu xəyallar fərqli ola bilər.

Bəs niyə 22-ci əsrin? Çünki 21-ci əsr boyunca yeni düzənin, yeni nizamın formalaşma prossesi gedəcək və bəlkə də 21-ci əsrin sonlarında dünya yeni düzənin içinə girəcək. Yəni dünyanın qarşısında hələ 70-80 il sürəcək bir xaos dönəminin olacağı ehtimalı böyükdür. Hər halda tarixi təcrübə və qanunauyğunluq bunu söyləməkdəir. Sadəcə bu xaosun nə qədər dağıdıcı və yaxud yüngül olması xalqların və cəmiyyətlərin davranışlarından, onların nə qədər güzəştə gedə bilmələrindən asılı olacaq.

Avropanın və dünyanın təhlükəsizlik sistemi çökür

20-ci əsrin 70-ci illərindən gündəmdə olan qloballaşma siyasəti hər nə qədər Avropanın və bütövlükdə Qərb sivilizasiyasının təhlükəsizliyinin əsas platforması olaraq ortaya atılsa da əslində bu prosses dünya sərmayəsinin bir neçə ailənin əlində toplanmasına yol açdı və təbii ki, dünyada ədalətsizliyin daha çox yayğınlaşmasına səbəb oldu. Qlobalizm əslində bütün dünyada yeni oliqarxik sistem formalaşdırdı və əslində qlobalizmin əsas məqsəd və mahiyyəti də buna dayanırdı.

Qlobalizm həm sağın, həm də solun ideoloji dəyər və təməlləri üzərində və iki qütb cəbhənin anlaşması əsasında həyata keçirilsə də, 21-ci əsrin başlanğıcında dünyanın siyasi sistemində balansı pozan əsas amilə çevrildi. Dünya sərvətləri üzərində monopolizmin böyüməsi və siyasi sitemdə möhkəmlənməsi azlılğın sərhədsiz hakimiyyətini formalaşdırdığına görə qlobalizm əslində liberalizmin qatilinə dönüşdü və dönüşmə təbii olaraq narazı çoxluğu ortaya çıxardığı kimi, iki qütb ideologiya arasında anlaşmanın uçruma çevrilməsinə yol açdı.

İndi iki qütb ideologiyanın anlaşmasını yaradan Avropa Birliyinin memarları və onların xələfləri bu baş gicələndirici uçruma baxırlar və təbii ki, qorxudan ödləri partlayır. Çünki onların mükəmmələşdirmək istədikləri Avropanın təhlükəsizlik sistemi darmadağın olmaqdadır. Və bu darmadağınlıq daha çox Avropanın təhlükəsizliyini dünyanın təhlükəsizliyi üzərində görən siyasətçilərin eqoizmi üzündən baş verdi.

Məhz bu eqoizm indiki xaosun yaranmasına və Avropanın təhlükəsizlik sisteminin çökməsində katalizator rolu oynadı. Halbuki Avropaya sülh və inkişaf istəyənlər bu sülhün təminatlı və daimi ola bilməsi üçün bütün dünyaya sülh və inkişaf istəməliydilər, bunu qurmqğa çalışmqlıydılar. İki dünya savaşının yaratdığı böyük faciə və təcrübə ABŞAvropaya bunu anlatmalıydı. Lakin onlar, yəni liberalizmin müəllifləri məsələyə öz bucaqlarından yanaşaraq ancaq özlərini xilas etməyə, öz rifah və təhlükəsizliklərini təmin etməyə qərar verdilər və bu qərar bumeranq kimi dönərək indi onların özünü vurmaqdadır.

Avropanin sərhədləri yaxınlığında, ya da bu sərhədlərdə uzaqda, Ukraynada, Suriyada, ya da Əfqanıstanda və də Somalidə qeyri-sabitliyin olması, müharibənin qızışdırılması bütün hallarda Avropaya təsir etməliydi və biz bu təsirləri fiziki olaraq gördük. Avropaya qaçqın axını bu fiziki təsirin bir hissəsi olsa da, bütün Avropada liberalizmi sillələyən bir nömrəli faktora çevrildi.

Bu gün Avropanın təhlükəsizlik sistemi xarici faktorlardan daha çox daxili faktorlardan darmadağın olur. Və bu daxili faktor kənar sivilizasiyanın nümayəndələrinin “cənnətə” girmək istəyinə qarşı bir nifrət, qəzəb və rasizm olaraq meydana çıxır. Bu qəzəb, nifrət eyni zamanda avropalıların öz hakimiyyətlərinə qarşı yönəlib. Çünki onların iradəsini doğrudan təmsil edən hakimiyyətlər onların “cənnət”ini başqaları ilə paylaşır.

Ən nəhayət bu gün qaçqın probleminin yaratdığı daha böyük dağıdıcı faktor radikalların Avropa Birliyini öz evləri kimi görmək istəmələri kimi ortaya çıxır və istər sağ, istərsə də sol radikallar artıq Avropa Birliyini öz ölkələrinə, xalqlarına və cəmiyyətlərinə qarşı əsas təhlükə mənbəyi olaraq görürlər. Yəni rasizm artıq Avropada qarşılıqlı münasibətə, qarşılıqlı yanaşmaya çevrilir. Bu isə Avropada19-cu əsrin sonlarında və 20-ci əsrin əvvələrində belə idi. Yəni Avropada ikinci dünya müharibəsindən sonra yaradılan təhlükəsilik sistemi də daxil olmaqla bütün siyasi-iqtisadi sistem dağılır və təhlükısizlik üçün, o cümlədən rifah və inkişaf üçün sərf edilən bunca zaman və zəhmətlər havaya sovrulmuş olur.

İndi Avropada hər şey sürətlə birinci dünya müharibəsi öncəsində olan mövcud münasibətlərə doğru irəliləyir, daha doğrusu geriləyir. Və əslində ilk olaraq dünyanın təhlükəsizlik sistemini deyil, özlərinin təhlükəsizlik sistemini formalaşdıranların təhlükəsizlik problemi ortaya çııxır.

Bütün problem və təhlükə o qədər böyükdür ki, heç bir NATO belə onları xilas etmək üçün yetərli deyil. Ona görə ki, onlar artıq bir cəmiyyət və bir ittifaq olaraq özləri-özlərinə qarşıdırlar və daxildən olan təhlükəni NATO kimi güclü bir hərbi ittifaq da önləyə bilməz. Çünki Qərb sivilizasiyasının ortaq təhlükəsizlik sistemi olan NATO da onların cəmiyyəti kimi parçalanır və dağlır.

Bunu Rusiya və Çində çox yaxş görməkdədir və bunu özləri üçün bir şans olaraq dəyərləndirməkdədirlər.

Çox qütblü dünya nə vəd edir?

İnkişaf üçün demokratiyanın alternativi olmadığını deyənlər hər zaman yanılıblar. Demokratiya ən yaxşı idarəetmə sistemi ola bilər, lakin o, heç vaxt alternativsiz olmayıb. Tarix boyunca və tarixin başlanğıcından demokratiyanın alternativi despoizm, tiranizm, diktatorluq, avtokratiya olub. Bu gündə bu belədir. Bu üzdən çox qütblü dünyanın necə olacağını təsəvvür etmək çətindir. Lakin bir şey aydındır ki, hələ Sovet imperiyasının parçalanmasından sonra “müjdəsi” verilən çoxqütblü dünya daha çox xaosa meylli olacaq və dünya daha çox təhlükəyə meylli hala gələcək. Çünki güç balanslarındakı fərqlilik hər zaman fərqli nəticələrin yaranmasına yol açdığı kimi, eyni zamanda beynəlxalq hüququn da yenidən və tez-tez nizamlanmasına, ya da yenidən yazılmasına yol aça bilər. Bütün halı ilə çoxqütblü dünya daha çox parçalanmış, daha çox acımasız və eyni zamanda bütün anlamlarda, xüsusən iqtisadi sahədə daha çox qeyri sabitliyə yol açacaq. Yəni əslində çoxqütblü dünya ideolagiyaların savaş meydanı olduğu kimi, eyni zamanda daha çox avtoritar bir düzən ola bilər və bu düzəndə sağ və solun anlaşması çox çətin görüməkdədir. Həmin dönəm də Avropa Birliyinin necə fəaliyyət göstərməsi də maraq doğurur. Lakin böyük ehtimalla çoxqütblü düzəndə Avropa Birliyi sadəcə olmayacaq.

Çin və Rusiyaya gəlincə, hər iki güc mərkəzi üçün hazırda çox böyük şans görünməkdədir. Lakin xaos hər iki güc mərkəzini silib süpürə də bilər. Yəni əslində xaosun davamı olacaq çoxqütblü dünya düzəni hər cür sürpriz vəd edir və çoxları çoxqütblü dünyanı arzulasa da, bu nizam indiki dünyadan daha sabit olmayacaq.

Heç bir işə yaramayan BMT və çoxqütblü dünya

Əslində çoxqütblü dünyada BMT kimi beynəlxalq təşkilata daha çox ehtiyac var və bu bu gün belə hiss olunur. Məsələ orasındadır ki. BMT-ni yaradan və Təhlükəsizlik Şurasına daimi üzv olan dövlətlər bu beynəlxalq təşkilatı yarandığı gündən iflic ediblər. Çünki qəraralara veto qoymaq hüququ olan dövlətlər BMT-dən daha çox öz maraqlarının aləti kimi yararlanmağa çalışırlar və çox zamanda bu alınmır. Bunu bəzən yaxşı hal kimi qəbul etmək olar, lakin bu da bir fakdır ki, veto haqqı olan dövlətlər daha çox ədalətin bərqərar olmasına qarşı çıxırlar və bu zaman özlərinin maraqlarından çııxış edirlər. Yəni BMT beynəlxalq ədalətin təmsilçisi kimi heç bir işə yaramır və baş verənlər fonunda bu yaramazlıq daha da böyüyür, qlobal problemə çevrilir.

Ona görə də çoxqütblü dünyanın təhlükələrindən qorunmaq üçün tamamilə yenidən formalaşan bir BMT-yə ehtiyac var və bu BMT kimlərinsə vetosuna görə deyil, beynəlxalq qanunvericiliyə görə fəaliyyətini nizamlamalıdır. Hətta BMT-yə beynəlxalq qanunlar yaratmaq və qəbul etmək hüququ belə verilməlidir.

Yalnız güçlü beynəlxalq qanunların mövcud olduğu və icra edildiyi bir çoxqütblü dünyada qlobal təhlükədən qaçmaq, daha ədalətli bir dünya inşa etmək mümkündür. Bu az inandırıcı görünür, lakin çoxqütblü dünyaya keçid ediriksə, beynəlxalq qanunların hər şeyin üzərində olduğu bir dünya  xalqlar üçün daha təhlükəsiz bir düzən vəd edir və bu düzənin alternativi də görünmür.

Azər QARAMANLI
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Bunun adına rəsmən “utanmasan oynamağa nə var ki”, deyilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Təsəvvür edin ki, ölkədə Gömrük Komitəsi yoxdur... – Maaş artımı ilə bağlı Replika

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

“Sarı jiletlilər” - Sorosun Avropada əsdirdiyi fırtına

loading...

Ən çox oxunanalar