Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keçdi bu dəmdə cihandan piri-mimaran Sinan"

Osmanlı arxiv mədəniyyətinə sahib bir dövlət olduğu üçün o dövlətin 50 illik baş memarı olmuş Sinan və onun əsərləri haqqında da bir xeyli tarixi sənədlər və arxiv materialları mövcuddur...

Hətta Suleymaniyyə məscidinin inşası zamanı usta və işçilərin günlüq və aylıq maaşları, alınan bütün malların xərcləri və s. yazılan mühasibat dəftəri günümüzə qədər gəlib çatmışdır. Bu minvalla Memar Sinan mövzusunun olduqca geniş olduğunu demək olar. Hətta Sinanın hər bir əsəri haqqında elmi işlər, tədqiqatlar aparılmış və aparılmaqdadır.

Memar Sinanın inşa etdiyi Şahzadə məscidi Osmanlı dövründə tikilən “səlatin camii”lərindən, yəni sultan və sultan ailəsinin şəxsi hesabına tikdirdiyi məscidlərdən biridir. Sultan Süleyman Balkan ölkəkələrində səfərdə ikən 21 yaşlı oğlu Şahzadə Mehmed qəfil dünyasını dəyişir. Sultan Süleyman üçün bu, ağır bir itki idi. O, baş memar Sinana belə deyir: “Ey memarbaşı, elə bir məscid inşa et, elə bir əsər meydana gətir ki, gözümün nuru bu oğlum dünya var olduqca yad edilib xatırlansın”. Qanuninin vəfat edən oğlu Şahzadə Mehmed adına belə bir məscid və külliyyə inşa etdirməsi onun oğlu Şahzadə Mehmedi nə qədər çox sevdiyini göstərir.

Şahzadə məscidi və külliyyəsi Memar Sinanın “şagirdlik əsərim” dediyi və baş memar ünvanı ilə inşa etdiyi ilk məscid kompleksidir. Memar Sinanın memarlıq karyerasında Ədirnə şəhərində inşa etdiyi Səlimiyyə məscidində mükəmməl səviyyəyə gələn günbəz memarlığının ilk nüvələrini Şahzadə məscidində ortaya qoymuşdur.

Memar Sinanın İstanbulda inşa etdiyi Süleymaniyyə məscidi və külliyyəsi XVI əsrə aid ən böyük məscid və külliyyədir. Süleymaniyyə məscidi Memar Sinanın “tələbəlik əsərim” deyə adlandırdığı, yalnız Osmanlı memarlığının deyil, dünya memarlığının da ən seçkin əsərlərindən biridir. Süleymaniyyə məscidi Osmanlı imperatorluğunun ən simvolik əsərlərindən biri sayılır. Süleymaniyyə, İstanbulun ən yüksək təpəsi üzərində Qanuninin hökmdarlığının gücünü göstərmək üçün inşa edilmişdir. Topqapı sarayı siyasi gücü, Süleymaniyyə isə bu gücün arxa fonunda duran dini gücü ifadə edir.

İbtidai təhsil verən məktəblərdən yüksək təhsil verən mədrəsələrə, хeyriyyə müəssisələrindən hamamlara, хəstəхanalardan tibb оcaqlarına qədər geniş bir dairəni əhatə edən Süleymaniyyə külliyyəsi möhtəşəm bir sənət harmоniyası təşkil edir. Süleymaniyyə məscidi və külliyyəsi qоnaq оtaqlarından mətbəхə, mədrəsələrdən хeyriyyə müəssisələrinə, tibb оcaqlarından хəstəхanaya, hamamdan məscidə qədər bütün bəşəri ehtiyacları ödəyən məkandır. Süleymaniyyə külliyəsi bu gün “Süleymaniyə kitabxanası” olaraq fəaliyyət göstərir.

Bu məscidin Memar Sinan tərəfindən “tələbəlik əsərim” deyə adlandırılması, dahi memarın həm peşəsindəki inkişaf mərhələlərini, həm də memarlıqda davamlı mükəmmələ doğru axtarış içərisində olduğunu göstərir.

Günümüzlə müqayisə ediləndə belə olduqca sürətlə davam edən inşaat prosesi həm layihənin böyüklüyü, həm də memarın başqa tikili və işlərlə də məşğul olmasına görə inşaat proseslərinin ləng getdiyi barədə söz-söhbət yayılır. Həm Sinanın rəqibləri, həm də hər dövrdə əskik olmayan intriqaçı tiplər səbəbilə bu dedi-qodu xəbərləri padşaha qədər gedib çıxmışdı.

Hətta bu ərəfədə Memar Sinanın özünün nəql etdiyinə görə onun haqqında: “Nöqsanları ortaya çıxacaq deyə binanın iskələlərini sökmək istəmir. Günbəzin çökmə ehtimalına görə çaş-baş qalıb və gününü keçirməklə məşğuldur, əlindən bir şey gəlmir, hardasa ağlını itirmək üzrədir” kimi sözlər deyilirdi.
Padşah da bu dedi-qodunu yerində öyrənmək üçün Sinanın da orada olduğu bir vaxtda inşaat yerinə gəlmişdi. Bundan sonrasını Sinan özü belə nəql edir: “Bir gün mərmərçilər karxanası deyilən məkanda mehrab və minbərin ölçüləri, detalları ilə məşğul olarkən padşah gəldi və binanın sürətli bir şəkildə inşa edilmədiyi üçün hiddətləndi. Mən də: “İki ay içində tamam olacaq” deyə söz verdim. Padşaha söz verdiyim üçün gecə və gündüz iki ay boyunca çalışdıq və sözümüzdə doğru çıxdıq”.

Süleymaniyyə məscidi və külliyyəsi 1557-ci ildə, yəni təməl atılandan yeddi il sonra ibadətə açılmışdır. Bir cümə günü gerçəkləşən məscidin açılışını Memar Sinan özü belə nəql edir: “Açarı padşaha verdim və bir az kənara çəkilərək dayandım. Padşah da yanındakı dövlət adamlarına, vəzirlərə dönərək: “Bu məscidi açmağa kim daha layiqdir?” deyə soruşdu. Ətrafdakı vəzirlər də məni göstərərək; “Bu məscidin inşasında ən çox səy göstərib, zəhmət çəkən Memar Sinandır. Bu baxımdan o ən layiqdir” dedi. Vəzirlərin bu sözündən sonra pardşah mənə dönərək: “Bu Allah evini inşa etdiyin kimi buranı sənin açmağın daha uyğundur” dedi, dua və səna etdikdən sonra açarı mənə verdi. Mən də “Ya Fəttah” (Ey qapıları açan!) deyərək məscid qapısını açdım”.

Günümüzdə hər hansı bir yerin açılışını simvolik mənada lent kəsərək gerçəkləşdirirlər. Osmanlı dövründə də məscid və ya digər binaların bir az fərqli formada açılış mərasimi keçirilib. Burada Qanuninin birbaşa məscidin açılışını özü gerçəkləşdirmədən vəzirlərindən soruşması, hətta vəzirlərin də yaltaqlıq və gözə girməkdən uzaq şəkildə məscidin ərsəyə gəlməsində ən çox əziyyət çəkmiş Sinanı işarə etmələri diqqətə dəyər bir məqamdır.

Bəzən planı və qübbəsindəki xüsusiyyətlərə görə Süleymaniyyə məscidinin Bizans dönəmindən qalma Aya Sofya məbədinin bir kopyası olduğu, dolayısı ilə daha geniş mənada Osmanlı memarlığının özünə Bizansı nümunə aldığı iddiası dilə gətirilir. Zənnimcə, burada daha mükəmməli əldə etmə, daha uğurlu layihəni dünyaya bəxş etmə yarışı vardır. Ancaq bunun təqlid və kopyalama kimi anlaşılması doğru deyil. Burada mənbə və inkişaf mərhələləri baxımından iki ayrı yolun və iki ayrı mədəniyyətin ortaya çıxardığı əsərlərin eyni şəhərdə, yəni İstanbulda olmalarından söhbət gedə bilər. Əks halda təqlid etmə və kopyalamadan söhbət gedə bilməz.

Süleymaniyyə məscidində əsas günbəzin ağırlığı dördə bölünərək kəmərlər vasitəsilə içəridəki böyük ayaqlara (sütunlara) paylanıb. Memarlıqda daşıyıcı və iki məkanı ayırma vəzifəsi olan divarların Süleymaniyyə məscidindəki daşıyıcı xüsusiyyəti minimuma endirilmiş, beləcə də üzərində yük daşımayan bu divarlarda çox sayda pəncərə açmaq mümkün olmuşdur. Yüzlərcə pəncərədən içəriyə axan günəş şüaları ilə daxili məkan olduqca işıqlı hala gəlmişdir.
İncə dəmir asqılar üzərindəki yağ qəndilləri ilə gecə məscidin işıqlanması təmin edilmişdir. Yüzlərcə qəndildən yüksələn his müəyyən bir hava axını ilə məscid girişinin üstündə yer alan və “his otağı” adı ilə bilinən bir otaqda toplanmışdır.
Süleymaniyyə məscidində günbəz divarının içərisinə küplər yerləşdirilərək XVI əsrə məxsus orijinal bir səs sistemi əmələ gətirilib. Eynilə bu metoddan Şahzadə, Sokollu Mehmed Paşa və Sultan Əhməd məscidlərinin günbəzlərində də istifadə edilmişdir. İnşa əsnasında 64 ədəd küp ağız hissələri məscidin içinə baxacaq şəkildə günbəzə yerləşdirilmişdir. Bu küplər səsin eyni dərəcədə yayılmasını və arzu edilən akustikanı əldə etməyə kömək edir. Küplərin içi boş olduğuna görə günbəz divarı həm daha da sağlam hala gəlir, həm də günbəzin ağırlığı nisbətən azalır.

Memar Sinanın Süleymaniyyə əsəri Yahya Kamal Bayatlıya da ilham vermiş və o “Süleymaniyyədə bir bayram sabahı” şeirini yazmışdır:

“...Bir gəliş var!.. Nə mübarək, nə garib aləm bu!..
Hava boydan boya binlərcə hayalətlə dolu...
Hər ufuktan bu gəliş əski səfərlərdəndir;
O səfərlərlə açılmış nicə yerlərdəndir.
Bu sükunəttə karıştıkça karanlıkla ışık
Yürüyor, durmadan, insan və hayalət karışık;
Kimi göktən, kimi yerdən üşüşüp hər kapıya,
Giriyor, birbiri ardınca ilahi yapıya.
Tanrının mabədi hər bir tarafından doluyor,
Bu saatlərdə Süleymaniyə tarih oluyor”...

Süleymaniyyə haqqında bir mütəfəkkir də belə demişdir: “Bu möhtəşəm abidə dağılmış bir ölkənin (Osmanlının) qəriblik yaşayan bir guşəsində sanki bu tоrpağın dərinliklərinə kök salıb qranitləşərək duyğu və düşüncələrimizi yuyub aparmaq istəyən azğın sellər qarşısında mətin bir sədd kimi dayanar və əzildiyini qəbul etmiş bugünkü nəsillərə səssiz fəryadları ilə nə isə söyləməyə çalışır”.

Səlimiyyə Memar Sinanın Ədirnə şəhərində XVI əsrin ikinci yarısında inşa etdiyi məscid və külliyyədir. Səlimiyyə məscidi, İstanbuldakı Fatih və Süleymaniyyə külliyələrinə nisbətən düz bir ərazi üzərində inşa edildiyi üçün Ədirnə şəhərinin hər yerindən, hətta çox uzaqdan belə görünür. Şahzadə və Süleymaniyyə məscidləri ilə müqayisədə balacalaşdırılmış yarım günbəzlər arasından yüksələn əsas günbəzin belə güclü və rəqibsiz ifadəsi ogünkü memarlıq, sənət və yaradıcılığın bariz nümunəsidir.

Səlimiyyə məscidi daşıyıcı sütunların bölmədiyi geniş bir məkan bütünlüyünə malik olması ilə bütün Osmanlı məscidlərini, həmçinin Aya Sofya məbədini də geridə buraxmış, bu xüsusiyyəti ilə dünya sənət tarixinə keçmişdir.
Memar Sinanın Səlimiyyə minarələrinin şərəfələrinə (minarənin azan verilən yeri) bir-birindən müstəqil şəkildə çıxan üç ayrı pilləkən yerləşdirməsi həm məscidi, həm də Ədirnəni dünya memarlığının əfsanəsi halına gətirmişdir. Minarənin gövdəsindən qalxan üç ayrı pilləkəndən birincisi ən üst şərəfəyə çıxır. İkinci pilləkən alt və orta şərəfəyə aparır. Üçüncü pilləkən isə bütün şərəfələrə çıxarır. Başqa bir ifadə ilə, üç ayrı pilləkənlə üç ayrı şəxs bir-birini görmədən eyni minarənin üç ayrı şərəfəsinə qalxa bilir. Səlimiyyə məscidinin minbəri tək parça mərmərdən hazırlanmış və 25 pilləkəni vardır.

Memar Sinan Səlimiyyənin inşasında əvvəl memarlıq karyerasında məscid günbəzlərini dörd və altı ayaq üzərində inşa etmişdir. İstanbulda Rüstəm Paşa məscidində isə ilk dəfə olaraq günbəzi səkkiz ayaq üzərində inşa eləmişdi. Nəhayət günbəzin səkkiz ayaq üzərində ən mükəmməl və böyük həcmdə inşasına uğurlu bir şəkildə Səlimiyyə məscidində nail olur.

Səlimiyyənin inşasından əvvəl qeyri-müsəlman memarlar: “İslam dövlətində Aya Sofyanın günbəzi kimi böyük bir günbəz inşa edilməmişdir. Bu baxımdan müsəlmanlara qarşı qələbəmiz var. Əgər bənzərini inşa etmək mümkün olsaydı, ortaya qoyarlardı” deyirdilər. Memar Sinanın Səlimiyyə məscidinin günbəzini Bizans dönəmindən qalma Aya Sofyanın günbəzindən daha böyük inşa etməsi məhz bu sözlərə cavab mahiyyətində idi.

Səlimiyyə məscidinin İstanbulda deyil, Ədirnədə inşa edilmiş olması, böyük ehtimal bu böyüklükdəki bir binanın siluetinin daha ehtişamlı bu şəhərdə görünə biləcəyi ilə bağlı idi. Onsuz da o dövrdə İstanbulda yeni bir məscidə ehtiyac duyulmurdu. Həmçinin Ədirnə şəhəri bir mənada İslamın Avropa tərəfdəki qapısı idi, dolayısı ilə İstanbula paralel 2-ci paytaxt vəzifəsini icra edirdi. Bütün bunlarla yanaşı məscidi inşa etdirən II Səlimin Ədirnəni çox sevməsi də mühüm bir amil idi. Bu səbəblərlə Memar Sinanın “ustalıq əsərim” dediyi Səlimiyyə məscidi Ədirnədə inşa edilmişdir.

Memar Sinan “şagirdlik əsərim” dediyi Şahzadə Mehmed məscidini inşa edəndə 57, “tələbəlik əsərim” dediyi Süleymaniyyə məscidini inşa edəndə 66, “ustalıq əsərim” dediyi Ədirnədəki Səlimiyyə məscidini inşa edəndə isə 84 yaşında idi.
Memar Sinan “Təzkirətul-Əbniyə” (Binaların gül dəstəsi) adlı əsər yazaraq burada tikdiyi məscid və digər mühüm binalar haqqında məlumat vermişdir. Bu əsərində o belə deyir: “Ümid edirəm ki, qiyamətə qədər əsərlərimə göz gəzdirəcək təmiz ürəkli dostlar çalışmalarımdakı ciddiyyət və səyi öyrəndiklərində insaflı bir gözlə baxacaq və məni xeyir-dua ilə yad edəcəklər”.

Memar Sinan Süleymaniyyə məscidi və külliyəsinin tamamlanmasından 30 il sonra dünyasını dəyişmişdir. Onun qəbri və sadə türbəsi Süleymaniyyə külliyəsinin bir küncündədir. Memar Sinanın qəbrinin bir sənət əsəri olaraq inşa etdiyi Süleymaniyyə məscid və külliyəsinin içində olması bir rəssamın çəkdiyi böyük bir tablonun köşəsinə öz imzasını atmasına bənzəyir.

Türbənin məscid tərəfinə baxan divarında Sinanın dostu Sai Mustafa Çələbinin bu misraları yer alır:

“Yattığı yeri Hüda kılsın anın bağı-cinan,
Geçdi bu dəmdə cihandan piri-mimaran Sinan”.

(Allah onun yattığı yeri cənnət baxçası eləsin.
Dünyadan memarların piri olan Sinan köçdü)”

Nazim Mustafayev(yeni avaz)

pia.az


Etiket: Memar Sinan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar