Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya müharibəsinin doqquz ili: Şərqdə inqilabın qanlı tarixçəsi

Koronavirusun bütün dünyanı cənginə alması bu tarixi kölgədə qoydu...

Koronavirus xəstəliyinin yayılması dünyada münaqişə və müharibələrə də təsir etdi. Düzdür, ölümcül pandemiya insanların öldürmək hissini yox etməsə də, amma münaqişələr artıq ikinci plana keçib. Hətta o qədər ki, dünyanın qaynar münaqişə bölgələri artıq ikinci dərəcəli xəbərlər sırasındadır. Bu səbəbdən də Suriyada qanlı olayların başlamasının doqquzuncu ilinin tamam olması o qədər də diqqəti cəlb etmədi.

Divar yazısı ilə başlayan inqilab

Hər şey doqquz il əvvəl martın 15-də Suriyanın cənubunda - İordaniya ilə sərhədin yaxınlığında yerləşən Dəra şəhərində küçələrdə hakimiyyət əleyhinə şüarlar görünməsi ilə başladı. Bu, Suriyada görünməmiş hadisə idi və tezliklə hökumət orqanları şüar yazan gəncləri həbs etdi. Ancaq həbsxanada gənclərə işgəncə verilməsi əvvəl Dərada, sonra isə sürətlə ölkənin bir çox yerində etiraz aksiyalarının başlamasına səbəb oldu. Bu, o zaman idi ki, bütün ərəb coğrafiyası etirazlara bürünmüşdü. Tunisdə, Misirdə hakimiyyət devrilmişdi. Liviyada vətəndaş müharibəsi gedirdi. Bəhreyn, Yəmən kimi ölkələrdə isə xalq küçələrdə idi.

Liviyada olduğu kimi, Suriyada da etirazlar çox sürətlə silahlı münaqişəyə çevrildi. 3 ay sonra - iyulda isə artıq Suriya ordusundan qaçan əsgər və zabitlər hesabına polkovnik Riyad Əsədin rəhbərliyi altında “Azad Suriya Ordusu” yaradılmışdı. Tezliklə Suriya müxalifətinin siyasi koalisiyası formalaşdırıldı. Ərəb ölkələri Suriyadakı müharibəyə açıq dəstək verməyə başladı. Əvvəlcə Hums və Hama, sonra isə ölkənin ikinci şəhəri sayılan Hələbin əsas hissəsi müxaliflərin əlinə keçdi.

Eyni zamanda, Suriyadakı müharibənin cihad savaşı olduğu elan edildi. Dünyanın bir çox yerlərindən radikal dindarlar Suriya hökumət qüvvələrinə qarşı mübarizəyə qoşulmaq üçün bu ölkəyə gəldilər. Bu zaman artıq döyüşlər Dəməşqin ətraf məhəllələrində gedirdi və prezident sarayı atəşə tutulurdu.

Ancaq 2013-cü ildə Suriya müharibəsində dönüş ili oldu. İlk dəfə olaraq Livan “Hizbullah” qruplaşması Suriya ərazisinə hərbi qüvvə göndərdi və Livan-Suriya sərhədi yaxınlığında Quseyr şəhəri müxaliflərdən geri alındı. Eyni zamanda, İran Suriyaya hərbi qüvvələr, digər ölkələrdən silahlı dəstələr göndərməyə başladı. Rusiya isə Tartus və Xmeymimdəki hərbi bazalarını gücləndirdi. İlk dəfə Rusiyadan gəlmiş muzdlu hərbçilərin Suriyada görüntüləri yayıldı.

2013-cü ildə Quta şəhərində Suriya hökumətinin müxaliflərə qarşı kimyəvi silahdan istifadə etməsi iddiaları ortaya çıxdı. Rəsmi Dəməşq bu iddiaları təkzib etdi, lakin Vaşinqtonun Suriyaya hərbi müdaxilə təşəbbüsü BMT-də Rusiya və Çin tərəfindən veto olundu. Ancaq Vaşinqton və Moskva arasında əldə olunan anlaşma nəticəsində Suriyanın kimyəvi silah anbarlarının müsadirə olunması, kimyəvi silahların ölkədən çıxarılması razılaşdırıldı. 2014-cü ilə qədər Suriyada hökumət qüvvələrinə məxsus kimyəvi silahlar tamamilə məhv edildi.

2013-cü ilin sonlarında Suriyanın şimalında daha əvvəl İraqda mövcud olmuş İŞİD – İraq və Şam İslam Dövləti silahlı terror qruplaşması fəallaşdı. 2014-cü ilin əvvəlində Suriyada hücuma keçən İŞİD Türkiyə ilə sərhəd ərazilərin böyük bir qismini ələ keçirdi. Sonrakı aylarda İŞİD Suriyanın şimalında kürdləri, eləcə də “Əl-Qaidə”nin Suriya qanadı olan “Ən-Nusra Cəbhəsi” və digər silahlı qrupları sıxışdıraraq, Raqqa və daha bir neçə şəhəri ələ keçirməklə böyük bir əraziyə nəzarət etməyə başladı.

2014-cü ildə İŞİD İraqın ikinci böyük şəhəri Mosulu işğal edərək, İraqSuriya ərazisində “xilafət” elan etdi. Bundan sonra ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı 64 ölkənin qatıldığı beynəlxalq antiterror koalisiyası yaradıldı və aktiv əməliyyatlar başladı.

2015-ci ildə Suriyanın şimalında kürd silahlı qrupları və PYD təşkilatı 3 vilayəti birləşdirən “kürd bölgəsi” və ya qeyri-rəsmi muxtariyyət yaratdılar. Eyni zamanda, 2015-ci ilin sentyabrında Rusiya Suriya ərazisində terrora qarşı aktiv hərbi əməliyyatlara başladı. Aralıq və Xəzər dənizindən, həmçinin hərbi aviasiya vasitəsilə Suriya ərazisindəki terror qruplarına məxsus mövqeləri bombalamağa başladı. Noyabrda isə Türkiyə qırıcıları Suriya ərazisində müxaliflərin mövqelərini bombalayan Rusiya hərbi təyyarəsini ölkənin hava sərhədlərini pozduğu üçün vurdu. Bundan sonra Rusiya Suriyaya əlavə HHM sistemləri – “S-400”lər gətirərək hava məkanını bağladı və Suriya üzərində təsirini daha da artırdı.

2016-cı ildə Türkiyə ordusu Suriya ərazisinə daxil olaraq, “Fırat Kalkanı” əməliyyatını başlatdı. 5 ay davam edən bu əməliyyat nəticəsində Suriyanın Aziz və Cerablus şəhərləri arasında 100 kilometrə yaxın zolaq İŞİD-dən azad edildi. Payızda isə SuriyaRusiya ordusu Hələb şəhərini müxaliflərdən tamamilə azad etdi.

2017-ci ilin martında Suriya ordusunun Dəməşq yaxınlığında Duma qəsəbəsində müxaliflərə qarşı zəhərli qazdan istifadə etməsi haqqında xəbərlər yayıldı. Aprelin 7-də ABŞ ordusu Suriya ordusuna məxsus bir sıra hərbi bazaları “Tomahauk” raketləri ilə vurdu.

May ayında isə ABŞ ordusu kürd silahlı dəstələri (YPG və digərlərinin birləşdiyi Suriya Demokratik Qüvvələri koalisiyası) ilə birlikdə İŞİD-in Suriyadakı mərkəzi - Raqqa şəhərinə hücum həyata keçirdi. Raqqa və İŞİD-in əlindəki ərazilərin böyük bir qismi kürdlərin nəzarətinə keçdi.

2018-ci ilin yanvarın 20-də Türkiyə ordusu Suriya-Türkiyə sərhədində kürdlərin nəzarət etdiyi Afrin rayonunda “Zeytin Dalı” əməliyyatını başlatdı. Afrin rayonu Türkiyə ordusu və müxaliflərin nəzarətinə keçdi.

Dekabrda ABŞ prezidenti hərbi qüvvələrin Suriyadan çıxarılacağını elan etdi. Ancaq bu, reallaşmadı. 2019-cu ilin oktyabrında ABŞ ordusu xüsusi əməliyyat keçirərək İŞİD lideri Əbubəkr əl-Bağdadini İdlib vilayəti ərazisində məhv etdi.

2019-cu ilin noyabrında Türkiyə ordusu Suriyada sayca 3-cü hərbi əməliyyatına - “Barış Pınarı”na başladı. Kürdlərin nəzarətində olan ərazilərin sərhəd zolağındakı 100 kilometrlik hissəsi Türkiyə ordusunun nəzarətinə keçdi. Eyni zamanda, ABŞ qüvvələrini sərhəddən geri çəkdi, kürdlər isə Menbic və daha bir neçə rayonu Suriya ordusuna təhvil verdi.

Bu dövrdə Rusiyaİran qüvvələrinin dəstəyi ilə Suriya hakimiyyəti Dəməşq ətrafında, eləcə də cənubda Dəranı və İordaniya sərhədi ərazilərini tamamilə nəzarətə götürdü. Ərazini tərk edən müxaliflər isə könüllü olaraq hökumətin ayırdığı avtobuslarla İdlib vilayətinə daşındı. Müxalfilərin nəzarətində qalan yeganə vilayət İdlib oldu.

Son olaraq hökumət qüvvələrinin İdlibdə başladığı əməliyyatlar nəticəsində vilayətin cənub hissəsi, M-5 və M-4 magistralları mərkəzi hökumətin nəzarətinə keçdi. Türkiyənin hərbi müdaxiləsindən sonra Suriya ordusunun əməliyyatı dayandırıldı. Moskvada əldə olunmuş son razılaşmaya əsasən, İldibdə Rusiya və Türkiyə ordusu atəşkəsə birgə nəzarət edəcək.

Suriya münaqişəsinin siyasi həll prosesinə isə uzun müzakirələrdən sonra ötən ilin sonlarından etibarən Cenevrədə start verilib. 150 nəfərlik müzakirə heyətində 50 hökumət, 50 müxalifət və 50 müstəqil nümayəndə təmsil olunur. BMT-nin nəzarəti altında tərəflər Suriyada münaqişənin sona çatdırılması və siyasi keçidi razılaşdırmalıdır. Eyni zamanda, üç qrupun hər birindən 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya hazırlayan heyət yaradılıb. Lakin aydın məsələdir ki, Suriyada həqiqi siyasi həll bu ölkədə maraqları toqquşan iri dövlətlərin razılaşması nəticəsində mümkün olacaq. Bu isə hələlik mümkün deyil.

Doqquz illik müharibə Suriyaya ağır zərbə vurdu. Müharibədən əvvəl 23 milyon əhalisi olan Suriya ərazisinin böyük hissəsi silahlı münaqişə və müharibədən öz payını aldı. Əhalinin yarıya qədəri evlərini tərk etdi və ya evləri dağıldı. 2020-ci il fevral ayına olan məlumata əsasən, 5,5 milyon suriyalı ölkəni tərk edib. Təxminən 6 milyon suriyalı isə ölkə daxilində qaçqın vəziyyətindədir. Qaçqın suriyalıların 950 mini Livanda, 670 mini isə İordaniyada məskunlaşıb.

Həmçinin İraq, Misir və başqa ölkələrdə də qaçqınlar hələ qalır. Yüz minlərlə suriyalı isə Avropa və Amerika qitələrinə qaçıb. Ən çox suriyalı qaçqın isə Türkiyədədir. Türkiyə DİN-in mart ayına olan məlumatına əsasən, hazırda bu ölkədə üç milyon 589 min 289 suriyalı qaçqın var.

Ölkə ağır zərbə alıb. Müharibədən əvvəl yoxsulluq səviyyəsi 28 faiz olan ölkədə hazırda bu rəqəm 83 faizə yüksəlib. Ölkənin neft və qaz sektoruna doqquz ildə 74 milyard dollar ziyan dəyib. Ümumilikdə isə müharibə Suriyaya 400 milyard dollar ziyan vurub. Hazırda 2,8 milyon suriyalı uşaq qaçqın düşərgələrindədir və normal təhsil ala bilmir.

Suirya müharibəsinin itkiləri barədəki rəqəmlər müxtəlifdir. 400 minə yaxın insanın öldüyü güman edilir. BMT-nin rəsmi rəqəmlərinə əsasən, 250-300 min insan müharibədə öldürülüb. Bunların 22 mini uşaqlardır. Həmçinin, doqquz illik müharibə dövründə 1,1 milyona yaxın insanın yaralandığı güman edilir.

Suriya müharibəsinin nə zaman tamamilə başa çatacağı, bu ölkədə davamlı sülhün əldə olunacağı tarix məlum deyil. Ancaq doqquz ilin acı təcrübəsi göstərdi ki, üsyanlar və inqilablar Şərq ölkələrində ağır nəticələr doğurur. Böyük dövlətlərin maraqlarının toqquşması xalq etirazlarını mandat və qanlı terror müharibələrinə çevirir. Nəticədə isə ən ağır zərbə xalqa dəyir. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar