Bazar ertəsi, 13 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qarayev - Sultanov tandeminin tarixi abidələrimizə vurduğu zərbə 

Arxeologiya İnstitutunun direktor müavininin yazısı...

Bu Nazirliyin istintaqa cəlb edilmiş məmurlarının arxeoloji abidələri acınacaqlı vəziyyətə salan əməlləri xatırlanmır

Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kadr islahatları, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antikorrupsiya tədbirləri cəmiyyətdə birmənalı olaraq dəstəklənir.

Alimlərin, ziyalıların xüsusilə alqışladıqları əsas hadisə isə əlbəttə, Mədəniyyət Nazirliyindəki bəzi məmurların qanuna zidd fəaliyyətlərinə son qoyulmasıdır. Bu Nazirlik çoxşaxəli fəaliyyət istiqamətlərinə malikdir və burada həyata keçirilən antikorrupsiya tədbirləri barədə istər hüquq-mühafizə qurumlarının, istərsə də mətbuat orqanlarının şərhlərində bir çox sahələrdəki qanunsuzluqlardan bəhs edilmişdir.

Qarayevin və onun sadiq kadrı Sultanovun yarıtmaz əməlləri nəticəsində bir sıra arxeoloji abidələr yer üzündən silinmişdir.

Lakin bu zaman həmin Nazirliyin istintaqa cəlb edilmiş məmurlarının arxeoloji abidələri acınacaqlı vəziyyətə salan əməlləri xatırlanmır. Halbuki, qeydə alınmış tarixi abidələrin böyük əksəriyyəti arxeoloji abidələrdir. Azərbaycanın yazıya qədərki minillikləri əhatə edən bütün qədim tarixi bütövlükdə, eyni zamanda orta əsrlər tarixinin böyük bir qismi məhz arxeoloji abidələrin qazıntıları ilə tədqiq edilir.

Arxeoloji abidələr həm də erkən dövlətçilik ənənələrinin, etnogenez tarixinin tədqiqi üçün başlıca mənbələr olmaqla xalqımızın bu torpaqlara tarixi bağlılığının sübutlarıdır. Bir sözlə, digər tarixi abidələrlə birlikdə arxeoloji abidələr xalqımızın milli pasportudur.

Hamının görə bildiyi memarlıq abidələrindən fərqli olaraq arxeoloji abidələri çox halda yalnız mütəxəssislər müəyyən edə bilirlər. Buna görə də çox zaman adi torpaq təpə kimi görünən, əslində isə qədim tariximizə aid yüz illərin, min illərin informasiyasını özündə saxlayan arxeoloji abidələr daha çox dağıntılara məruz qalır. Bu dağıntı prosesləri xüsusilə də son 15-20 ildə ölkəmizdə gedən iqtisadi inkişafla bağlı olaraq iri miqyaslı tikinti, təsərrüfat işləri, torpaqların paylanması ilə bağlı yeni ərazilərə müdaxilələr nəticəsində daha da sürətlənmişdir. Eyni zamanda təbii proseslər və qızıl axtaranların əməlləri nəticəsində də bir sıra arxeoloji abidələr məhv edilmişdir.



Əslində abidələrin dağılmasının yalnız bir səbəbi var, bu da abidələri qorumağa cavabdeh olan Mədəniyyət Nazirliyinin biganəliyidir. Nazirliyin bu sahəyə məsul əməkdaşlarının və şəxsən sabiq nazir Əbülfəs Qarayevin, onun sadiq kadrı Zakir Sultanovun yarıtmaz əməlləri nəticəsində Respublikamızda abidələrin mühafizəsi işi acınacaqlı vəziyyətə düşmüşdür.

Adları, ünvanları və müvafiq inventar nömrələri qorunan abidələr siyahısında qeyd olunan abidələr dağıntılara məruz qalmış, bir sıra arxeoloji abidələr yer üzündən silinmişdir. Bütün dağıntılar barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət Nazirliyini mütəmadi olaraq məlumatlandırmışdır. Abidələrin dağıntılarına aid çoxsaylı faktlar var və onların hamısını yalnız bir yazıda göstərmək mümkün deyil. Məsələyə aydınlıq gətirmək üçün bəzi faktları qeyd etmək olar.

Ağstafa şəhərində neolit dövrünə aid yaşayış yeri tam məhv edilib, abidə tam dağıdılaraq su anbarına çevrilib

Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli qərarı ilə təsdiq edilmiş abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü siyahısında dünya əhəmiyyətli abidələr kateqoriyasında göstərilən, Ağdam rayonunun Quzanlı kəndində, bilavasitə düşmənlə təmas xəttinə yaxın yerdə yerləşən xalkolit dövrünə (e.ə. IV minilliyə) aid Leylatəpə yaşayış yeri üzərində neçə illərdir ki, restoran tikilmişdir.

Digər bir misal.Ağstafa şəhərində neolit dövrünə (e.ə. VI minilliyə) aid Şomutəpə yaşayış yeri tam məhv edilmiş, həmin yerdə evlər tikilmişdir. Halbuki Leylatəpə və Şomutəpə abidələrinin adları ilə bütöv arxeoloji mədəniyyətlər adlandırılmışdır və həmin mədəniyyətlərə aid abidələr qonşu ölkələrin ərazilərində də aşkar edilmişdir. Beynəlxalq əhəmiyyətə malik bu abidələri görmək üçün ölkəmizə gələn əcnəbi alimlər də həmin acınacaqlı mənzərənin şahidi olmuşlar.

Ağstafa rayonu ərazisində neolit dövrünə aid unikal abidələrdən biri olan Həsənsu yaşayış yerində biz 2009-2011-ci illərdə arxeoloji qazıntılar aparmışdıq.

Həsənsu yaşayış yerində tapılan abidə

2019-cu ilin may ayında həmin abidənin yerli fermer tərəfindən tam dağıdılaraq su anbarına çevrildiyini gördük. Bununla əlaqədar Zakir Sultanova İnstitumuzdan göndərilən rəsmi məktuba bir ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir cavab alınmamışdır. Abidəni dağıdan şəxsin adının da Zakir Sultanova yaxşı məlum olmasına baxmayaraq heç kəs cəzalandırılmamışdır.

Həsənsu yaşayış yerində tapılan abidə dağıdıldıqdan sonra

Həmin illərdə Ağcabədi rayonu ərazisində işləyən Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası bölgədə 100-dən artıq arxeoloji abidələr aşkar etmişdir. Eyni zamanda ekspedisiya bu abidələrin bir çoxunun əsil vandalizm əməlləri nəticəsində dağıdıldığını müəyyən etmişdir.

Bu barədə Mədəniyyət Nazirliyinə məlumat verilsə də heç bir tədbir görülməmişdir. Buna görə də Almaniya arxeoloqlarının xahişi əsasında həmin ölkənin Xarici İşlər Nazirliyindən Azərbaycanda abidələrin dağıntılara məruz qalması barədə Respublikamızın Xarici İşlər Nazirliyinə müraciət daxil olmuşdur və bununla da bu problem beynəlxalq səviyyəyə qaldırılmışdır. Əslində bu, ölkəmizdə abidələrin qorunması işinin Mədəniyyət Nazirliyi timsalında rüsvayçı vəziyyətdə olduğunun əyani nümunəsi idi.

Mədəniyyət Nazirliyinin saxta rəyinə görə Albaniya tarixinin 20-dən artıq abidəsi məhv edilib

Əlbəttə, həyat keçirilən böyük tikinti layihələri ölkəmizin iqtisadi inkişafına, daha da güclənməsinə xidmət edir. Həm Respublika, həm də beynəlxalq qanunvericilikdə iri miqyaslı tikinti işlərindən əvvəl ərazinin arxeoloji tədqiqini nəzərdə tutan müddəalar yer almışdır. 2007-2010-cu illərdə inşa edilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti işlərinə başlamazdan əvvəl İnstitumuzdan “Azərsu” ASC-ə tikinti sahəsindəki abidələrin tədqiq edilməsi üçün müraciət edilmişdir.


Lakin həmin təşkilatdan İnstitumuza daxil olmuş məktubda bildirilirdi ki, Mədəniyyət Nazirliyi tikiləcək su kəməri dəhlizində abidələrin olmadığı barədə rəy vermişdir. Məhz buna görə də bizim həmin tikinti sahəsində arxeoloji tədqiqatlar aparmaq üçün etdiyimiz bütün müraciətlər fayda vermədi. Nəticədə həmin su kəmərinin tikintisi zamanı qədim Azərbaycan dövləti olan Albaniya tarixinin 20-dən artıq abidələri – yaşayış məskənləri və qəbirlər dağıdılaraq məhv edildi. Halbuki tikinti başlanana qədər həmin abidələri xilas etmək mümkün idi.

Hələ təxminən 10-11 il əvvəl mən Mədəniyyət nazirinin iştirak etdiyi yığıncaqlardan birində çıxış edərək bölgələrdə arxeoloji abidələrin davamlı şəkildə dağıdılmasını ona bildirdim və buna aid konkret faktlar göstərdim. Sonrakı illərdə mən “Xalq qəzeti”, “Azərbaycan” qəzeti kimi rəsmi dövlət qəzetlərində abidələrin dağıntılara məruz qalması, onların mühafizəsinin yolları barədə dəfələrlə yazılar çap etdirmişəm. Lakin bütün bunlara Mədəniyyət Nazirliyindən heç bir reaksiya göstərilməmişdir.

596 466 manat büdcə vəsaitinin hara sərf edildiyi məlum deyil

Bu günə qədər Mədəniyyət Nazirliyinin tarixi-arxeoloji abidələrlə bağlı hər hansı uğurlu layihəsi məlum deyildir. Bir sıra arxeoloji, memarlıq və arxeoloji-memarlıq (Suraxanı, Qala qoruqları) abidələrinin xilas edilməsi, abadlaşdırılması, beynəlxalq səviyyədə təbliğ edilməsi, UNESCO-nun dünya irs siyahısına daxil edilməsi (Qobustan, İçərişəhər, Şəki xan sarayı) və digər bu kimi möhtəşəm mədəni tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir.

Tarix və mədəniyyət abidələrinin siyahısı son dəfə Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. O vaxtdan indiyə qədər arxeoloqların çöl tədqiqatları nəticəsində yüzlərlə abidələr aşkar edilmişdir.

Sual olunur: ağır 90-cı illərin sonlarında Elmlər Akademiyası və Mədəniyyət Nazirliyinin apardıqları işlər nəticəsində 2001-ci ildə abidələrin siyahısı tərtib və təsdiq edildiyi halda nəyə görə son 20 ildə Respublikamızın inkişaf etdiyi bir dövrdə bu sahəyə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq bu siyahı yenilənməmiş və yenidən təsdiq edilməmişdir? Arxeoloqların yeni aşkar etdikləri abidələrin siyahıları, onlar haqqında məlumatlar davamlı olaraq Mədəniyyət Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bir ay sonra – 2014-cü il 31 yanvar tarixində “Azərbaycan” qəzetində nəşr etdirdiyim məqalədə bu Proqramdan irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün AMEA və bu Proqramın icrasına başlıca cavabdeh qurum olan Mədəniyyət Nazirliyinin gələcək birgə fəaliyyətini geniş şərh etmişdim. Həmin yazıdakı bütün təklifləri yenidən təkrara etmək fikrim yoxdur. Proqramda bir neçə tədbirlərin icraçıları sırasında AMEA-nın göstərilməsinə baxmayaraq Mədəniyyət Nazirliyi Respublikanın bu əsas elmi təşkilatı ilə əməkdaşlıq etməmişdir.

Yalnız bir misal: Dövlət Proqramının 2.1.1. maddəsində “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi və təsdiqi” nəzərdə tutulmuşdur. Bu işin əsas icraçıları isə əlbəttə Mədəniyyət Nazirliyi və AMEA göstərilmişdir. Lakin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəyə görə isə bu işlərin icrası üçün tender keçirmiş, bu tenderin “qalibi” “NKT” MMC olmuş, müstəsna olaraq arxeoloq və memar mütəxəssislərin yerinə yetirə biləcəkləri işlər hansısa MMC-ə tapşırılmışdır. AMEA isə bu işlərdən kənarda qalmışdır.

Həmin tenderlə elan olunmuş işlər və ayrılan vəsaitlər barədə məlumatlar bunlardır: (https://etender.gov.az/media/contracts-register)

Dövlət mühafizəsinə götürülmüş daşınmz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarının hazırlanması işləri - 48262 AZN. (Əslində abidələrin mühafizə zonaları hazırlanmır, bu absurddur. Bu zonalar abidələrin xüsusiyyətlərindən asılı olaraq alimlər tərəfindən müəyyən edilir. M.N.).

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması işləri - 48262 AZN.

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması - 296026.6 AZN.

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması ( monitorinqi) və mühafizə zonalarının layihələrinin hazırlanması işləri - 203915.8 AZN.

Göründüyü kimi 596 466, 4 manat (600 min AZN yaxın) büdcə vəsaitinin hara sərf edildiyi məlum deyil. Alimlərin işlərinin MMC-ə tapşırılması səbəbləri də məlum deyil. Dövlət Proqramının icra müddətinin bu il başa çatmasına baxmayaraq Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.

Bəs vəziyyətdən çıxış yolu nədir?

Bunun üçün aşağıda göstərilən növbəti addımların atılmasını təklif edirik:

1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun yenidən işlənib hazırlanmalı və qəbul edilməlidir. Çünki 1998-ci ildə qəbul edilmiş bu Qanuna Mədəniyyət Nazirliyinin səyləri ilə son 10 ildə çoxsaylı (45 dəfə) dəyişikliklər edilmiş və o tanınmaz hala düşmüşdür. Qanundan AMEA-nın adı və hüquqları ümumiyyətlə çıxarılmışdır. Bu zaman AMEA-nın rəyi ümumiyyətlə öyrənilməmişdir. Halbuki “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən dövlət ali elmi təşkilatıdır”. Tarixi abidələrlə AMEA Mədəniyyət Nazirliyindən daha çox, hər gündəlik təmasdadır, çünki onların tədqiqatlarını həyata keçirir və ilkin mühafizəsini təmin edir. Bu Qanunun bəzi müddəaları “Elm haqqında” Qanuna ziddir.


Başqa bir misal. Mövcud Qanunun 7-ci maddəsindəki “Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir” sözləri 2012-ci ildə edilmiş dəyişikliklə çıxarılmış və abidənin siyahıdan çıxarılması mümkünlüyü təsbit edilmişdir. Məhz bu dəyişiklik sonrakı illərdə Bakı şəhərində aparılan tikinti-abadlıq işləri zamanı tarixi-memarlıq abidələrinin bir qisminin tamamilə məhv edilməsi üçün Zakir Sultanova imkanlar yaratmışdır.

2. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ləğv edilməlidir, onun əvəzində Nazirlər Kabineti nəzdində “Tarixi abidələrin mühafizəsi Komitəsi” yaradılmalıdır. Bu Komitə yarı inzibati, yarı elmi qurum olmalıdır. Çünki abidələrin mühafizəsi və tədqiqi biri-biri ilə sıx bağlıdır. Mühafizə abidənin elmi əsaslandırılmasından, tədqiqatın elmi tutumu isə abidənin mühafizə dərəcəsindən asılıdır.

Komitənin işlərinə tarixi abidələr üzrə təcrübəli mütəxəssislər, ən vacibi isə vətənpərvər insanlar cəlb edilməlidir. Yeni Komitə yaradılmazsa və onun rəhbərliyinə bu sahədən xəbərsiz və ya az məlumatlı təcrübəsiz birisi təyin edilərsə həmin şəxs Z.Sultanovun əməllərini təkrarlamağa məhkumdur.

Təcrübə göstərir ki, Mədəniyyət Nazirliyinin tabeçiliyində olmayan tarix-memarlıq qoruqlarında (məsələn “İçərişəhər”də, Şəkidə) inkişaf göz qabağındadır.

3. Yaradılacaq Komitənin ilk yerinə yetirəcəyi iş Respublika ərazisindəki tarixi abidələrin yeni siyahısının hazırlanması olmalıdır. Bunun üçün arxeoloq və memar mütəxəssislər abidələrin ünvanlarını, koordinatlarını, mühafizə zonasını, elmi səciyyəsini müəyyən etməli, inventarlaşdırma və pasportlaşdırma işlərini yerinə yetirməlidirlər.

Qarşıda çoxlu vəzifələr durur. Onların icrası üçün AMEA ilə sıx əməkdaşlıq edilməlidir. Tarixi abidələrin tədqiqatları, onların mühafizəsinin təşkilinin elmi əsasları üzrə AMEA-nın arxeoloq və memarlardan ibarət böyük potensialı vardır. Ölkənin başlıca elmi qurumunun imkanlarından istifadə etmək lazımdır. Ümumiyyətlə elmi əsaslandırılmış bünövrəsi olmayan hər hansı bir işdən uğur gözləmək əbəsdir. Mədəniyyət Nazirliyində baş verən hadisələr buna sübutdur.

Nəcəf Müseyibli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

elmi işlər üzrə direktor müavini,

tarix elmləri doktoru, professor.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Azərbaycan belə talanır: 70 yaşlı məmurun milyonluq seyrəngahı… – Fotolar

Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb - Fotolar

Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

Deputatın diplomat kürəkəni ABŞ-a qaçıb? - İddia

MN: İtki verən düşmən geri otuzdurulub - İki şəhidimiz var

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı

"Kabinetinə əyilə-əyilə girənlər üstünə daşla gələcək" - Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama 

Şəhid olan əsgərimiz üçün Tovuzda böyük izdiham - Video

loading...

Ən çox oxunanalar