Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi? 

Xəbər verdiyimiz kimi, mayın 25-də Yaponiyanın Baş naziri Şinzo Abe koronavirusa qarşı mübarizə məqsədilə apreldən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin aradan qaldırıldığını bəyan edib... 

Elə bu başdan qeyd edək ki, bu gündoğar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi özünün orijinallığı – ciddi karantin tədbirlərinin tətbiq edilməməsi, kütləvi testlərin keçirilməməsi, dünyanın bir çox ölkələrində həyata keçirilən ciddi qadağaların olmaması ilə seçilirdi.

Belə olan şəraitdə Yaponiyanın çox qısa zaman kəsiyində bütün dünyanın mübarizə aparmaqda davam etdiyi koronovirus pandemiyasına necə qalib gəldiyi barədə suallara mütəxəssislərin cavabları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Qeyd edək ki, Yaponiya hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən insanların hərəkətini izləmək üçün proqram əlavəsindən də istifadə etmədi. Bu ölkədə hətta COVID-19 pandemiyası ilə mübarizə üçün mərkəz belə yaradılmadı. Dünya Səhiyyə Təşkilatının əhalinin kütləvi şəkildə testdən keçirilməsi barədə çağırışına baxmayaraq, Yaponiya həmin xahişi də həyata keçirmədi. Sön məlumatlara əsasən, Yaponiyada həmin göstərici cəmi 0,2 faiz təşkil edir ki, bu da inkişaf etmiş ölkələr üzrə ən aşağı göstəricidir.

Lakin bütün bunlara baxmayaraq, Yaponiyada koronavirusa yoluxanların sayı dayanmadan azalmaqda davam edir. Son günlər ərzində koronovirusun ən çox yayıldığı Tokioda bu tək rəqəmlə hesablanır. Cons Hopkins Universitetinin məlumatına görə, Yaponiyada bu günədək cəmi 16 min 550 yoluxma faktı qeydə alınıb. Bu koronavirusa yoluxmadan ölənlərin ümumi sayı isə cəmi 850 nəfər təşkil edir. Qeyd edək ki, bu göstərici də böyük yeddiliyə daxil olan ölkələr arasında ən aşağıdır.

Bəs Yaponiyanın bütün ölkələr üçün problemə çevrilmiş bu epidemiyanın belə asanlıqla aradan qaldırmasının səbəbləri nədir? Bu sual həqiqətən də böyük bir müzakirənin mövzusu ola bilər və yapon alimlərin onun cavabı kimi təklif etdiyi variantlar xüsusi diqqətə layiqdir.

Qeyd edək ki, Yaponiyanın virusun yayılmağa başladığı Çinə coğrafi yaxınlığı, yerli əhali arasında yaşlıların çox sayda olması, təbii ki, bu ölkəni daha böyük risk altında qoyur. Buna baxmayaraq, hökumətin daha ciddi addımlar atmamasının səbəbi kimi bir çox mühüm faktorların yaratdığı sistemi əsas göstərilir.

Həmin sistemə daxil olan faktorlar arasında mütəxəssislər, təbii ki, ilkin olaraq yapon mentalitetini, tarixən formalaşmış milli xüsusiyyətləri, qarşılıqlı ünsiyyət, insanlar arasında təmas zamanı məsafənin saxlanması, ilin fəslindən asılı olmayaraq artıq uzun müddətdir ki, formalaşmış tibbi maska daşımaq mədəniyyətini, mövcud səhiyyə sisteminin epidemiyalara qarşı hazırlıq səviyyəsini, yapon intizamı və ictimai qaydalara yanaşma tərzini və digər bu kimi amilləri əsas kimi irəli sürürlər.

Təbii ki, yaponların bir-biri ilə görüş və ya vidalaşma zamanı yalnız müəyyən qədər əyildiklərini və əl vermədiklərini, hətta bəzi xalqlarda müşahidə edilən qucaqlaşma və öpüşmə kimi hallardan istifadə etmədiklərini əksəriyyət yaxşı bilir.

Başqa bir məqam digər ölkələrdən fərqli olaraq, yaponların nəfəs yollarında müəyyən bir nasazlıq hiss etdikdə tibbi maska taxmaq kimi vərdişinin olması göstərilir. Yaponiyaya yeni gəldiyim ilk gündən yaponlarda müşahidə etdiyim bu vərdiş yalnız məndə yox, sonralar görüşüb söhbət etdiyim bir çox əcnəbilərdə də təəccüb hissi doğurmuşdu. Bu ölkədə tibbi vasitələr satan mağazaların hamısında tibbi maskalar həmişə ön sırada yer alır və yaponlar yaşından asılı olmayaraq bu qoruyucu vasitəyə böyük diqqətlə yanaşırlar. Göründüyü kimi, bu yanaşma kəskin ehtiyac yarandığı halda həqiqətən də özünün doğruluğunu təsdiq etmiş oldu.

Burada Yaponiyada əksər ictimai yerlərdə, xüsusən restoranlarda, mağaza və marketlərin giriş və çıxışlarında dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi təcrübəsini də qeyd etmək lazımdır. Hələ epidemiyadan çox-çox əvvəl bu məqam mənim diqqətimi cəlb etmişdi. Yaponiyada xüsusən böyük mağaza və marketlərin giriş və çıxışlarında xüsusi sprey şəklində plastik qablarda qoyulan bu vasitələrdən əvvəllər çox az insan istifadə etsə də, epidemiya dövründə onlara nə qədər ehtiyac olduğu özünü göstərmiş oldu. Məhz buna görə də bir çox ölkələrdə bu işi insanlar həyata keçirdiyi halda, Yaponiyada ona əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac yaranmadı.

Başqa bir məqam kimi isə, hökumətin yalnız xahişini nəzərə alan ictimai-iaşə obyektləri rəhbərlərinin əksəriyyətinin bu yerləri bağlaması və ya burada ciddi sanitar-gigiyenik qaydalara əməl olunması göstərilə bilər. Qeyd edək ki, Yaponiyada bu xahişə əməl etməyənlər üçün ciddi cəza yox, həmin şirkətlərin adının xüsusi siyahlara daxil edilərək ictimai qınaq məqsədilə dərc edilməsi nəzərdə tutulur. Bu ictimai qınaq isə ən böyük cəzadan belə üstün sayılır. Buna görə də heç bir ictimai yeməkxana rəhbəri şirkətinin adının belə siyahıya düşməsini istəmir. Belə olmaması üçün ya rəhbərlik etdiyi şirkətin fəaliyyətini müvəqqəti dayandırır, ya da elə bir şərait yaradır ki, burada ən ciddi sanitar-gigiyenik qaydalara əməl edilir.

Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyanın əldə etdiyi uğurun əsasında koronavirusa yoluxma ilə əlaqədar ilkin kütləvi yanaşma mühüm rol oynayıb. Bu yanaşma virusa yoluxan insanların izlənməsində, onların təmasda olduğu şəxsləri müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edib. Bu isə öz növbəsində həmin şəxslərin sürətlə təyin edilməsinə və ictimaiyyətdən təcrid olunmasına yardım edib. Yaponiyanın ictimai sağlamlıq mərkəzləri bu işdə üzərlərinə düşən vəzifənin öhdəsindən böyük ustalıqla gələ bilib. Məlumat üçün qeyd edək ki, həmin mərkəzlərdə Yaponiyadakı 50 mindən artıq tibb işçisinin demək olar ki, yarısı çalışır. Bu mərkəzlərin əsas funksiyası bu və ya digər infeksiyaya yoluxmuş insanların müəyyən edilməsidir. Adi günlərdə bu mərkəzlər qrip və vərəmin yayılmasının monitorinqi ilə məşğul olur. Bu sistem bəzi ölkələrdə olduğu kimi, proqram əlavəsi ilə insanların izlənməsini nəzərdə tutmur. Lakin təcrübə göstərdiyi kimi, Yaponiyada koronavirusla mübarizədə və onun yayılmasının qarşısının alınmasında məhz bu sistem səmərəli rol oynayıb.

Mütəxəssislər Yaponiyada koronovirusla mübarizə təcrübəsinin əldə edilməsində xüsusi rol oynayan amillərdən biri kimi, “Diamond Princess” kruiz laynerində baş verən yoluxmanı qeyd edirlər. Həmin kruiz laynerinin səyahətinin son dayanacağı Yokohama limanı olsa da, əslində bu yer gəmidəki 3700-dən çox sərnişin və heyət üzvü üçün sözün əsil mənasında türməyə çevrildi.

Böhranın başlanğıcında baş vermiş bu hadisə yapon mütəxəssislər üçün əsil təcrübə mənbəyi rolunu oynadı. Həmin layner virusun necə yayıldığını öyrənməyə imkan yaratmaqla yanaşı, həm də cəmiyyətdə onun necə təhlükəli olması barədə fikir formalaşdırdı. Eyni zamanda, mütəxəssislərdə insanların özlərini necə qoruması barədə ideyanı yaratdı. Məhz bundan sonra yapon həkimlər sakinlərə koronovirusdan qorunmaq üçün üç əsas məsələyə diqqət yetirməyi tövsiyə etməyə başladılar. Birincisi, qapalı məkanlardan uzaqlaşmaq, ikincisi, insanların daha çox toplaşdığı yerlərə getməmək və sonuncu, sıx təmaslardan yayınmaq. Yaponiya hökuməti bu şəraiti yaratmaq üçün ciddi qadağalara getmədi, milli mentalitet nəzərə alınaraq insanlar arasında təması azaltmaq məqsədilə şirkətlərə əməkdaşları evdən işlətmək barədə xahişlə müraciət etdi. Məsələ burasındadır ki, həmin vaxt “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Yaponiya hökuməti yarışlar zamanı hərəkətin sabitliyini təmin etmək, yollarda tıxacların qarşısını almaq və ictimai nəqliyyatın yükünü azaltmaq məqsədilə yerli şirkətlərə əməkdaşları evdən işlətmək təcrübəsindən istifadə etməyə çağırmışdı. Elə həmin vaxt bir çox nəhəng şirkətlər artıq bununla bağlı müvafiq addımlar atmağa başlamışdılar. Məhz bu təcrübə total izolyasiyadan yayınmağa, insanlar arasında sosial məsafənin artmasına və təmasların azalmasına böyük təsir göstərmişdi. Göründüyü kimi, həmin üç məsələ həm çox praqmatik, həm də səmərəli addım oldu.

Doğrudur, Yaponiyanın mövcud sistemi və atılan addımlar insanların sağlamlığının mühafizəsində böyük rol oynasa da, zəif qadağa tədbirləri ölkəni iqtisadi çətinliklərdən xilas etmədi. İlk üç ayda Yaponiya iqtisadiyyatı 2015-ci ildən bəri ilk dəfə resesiyaya düşmüş oldu. Mütəxəssislərin bildirdiyinə görə, ikinci rüb ölkə iqtisadiyyatı üçün daha acınacaqlı olacaq.

Xəbər verdiyimiz kimi, bu ölkə sərhədlərini əcnəbilərin girişi üçün bağladıqdan sonra apreldə turistlərin sayı 99,9 faiz azalıb. Bu isə öz növbəsində hökumətin iqtisadi inkişafın aparıcı sahəsi kimi formalaşdırmağa çalışdığı turizm sənayesinə böyük zərbə vurdu.

Təbii ki, Yaponiyada fövqəladə vəziyyət rejiminin aradan qaldırılması heç də qısa müddətdə həyatın əvvəlki axarına qayıdacağını deməyə əsas vermir. Bununla yanaşı, hakimiyyət orqanları koronovirus yoluxmasının ikinci və üçüncü dalğalarının baş verə biləcəyi barədə də əhaliyə xəbərdarlıq edirlər. Buna gör də mütəxəssislər əhalini ehtiyatı əldən verməməyə, sakinlərin əsasən yaşlı insanlardan olmasını nəzərə alaraq, profilaktik tədbirləri davam etdirməyə və müəyyən olunmuş qaydalara əməl etməyə çağırırlar.

Göründüyü kimi, yaponların vahid cəmiyyət və ictimai marağın şəxsi mənafedən üstün tutulması kimi formalaşmış ictimai şüur tərzi məhz COVID-19 pandemiyasına qarşı mübarizədə müsbət nəticənin əldə olunmasında xüsusi rol oynamaqla bərabər, həmçinin onun nəticələrinin də tezliklə aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olacağını deməyə əsas verir.(musavat.com)

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar