Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fuad Qəhrəmanlı: “Stəkanı bərk üfləsən, daşıb üstünə töküləcək”

Bizim missiyamız bu gün üçün hər hansı sosial təbəqənin, ideoloji cərəyanın təmsilçisi olmaqdan daha ağır və məsuliyyətlidir...

“Əksəriyyətimiz ölkədə dəyişiklik istəyirik. Fərq ondadır ki, kimimiz bunu uca səslə deyirik, tələb edirik, kimimiz də dost tanış arasında bu barədə danışırıq. Heç dilinə gətirməyib, ürəyində arzu kimi istəyənlər də çoxdur. Hazırkı iqtidarın dövründə tutduğu vəzifə hesabına böyük pullar qazanan, öz bacarığı ilə gəlirli biznes quran, ancaq qorxu müqabilində indiki hakimiyyəti dəstəkləyən əksəriyyət də ürəyinin dərinliyində bu rejimin getməsini istəyir. Çünki onlar hər an oğurluqla və ya biznes yolu ilə əldə etdiklərinin müxtəlif bəhanələrlə alınması qorxusundan azad olmaq istəyirlər. Ona görə də cəmiyyətdəki narazılığın, dəyişiklik istəyinin aysberq kimi görünməyən hissəsi daha böyükdür”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müavini Fuad Qəhrəmanlı deyib.

F.Qəhrəmanlı qeyd edib ki, ölkənin əsas müxalifət təşkilatları olaraq AXCP və Milli Şurann üzərinə düşən başlıca missiya da məhz cəmiyyətin bu dəyişiklik arzusunu bir məcrada təmərküzləşdirib böyük bir axına çevirməkdir: “Bu, təqribən ayrı-ayrı arxları bir axara toplayıb, böyük çay əmələ gətirməyə bənzəyir. Ona görə də biz bütün qüvvələri ideoloji fərqlilikləri, dəyər müxtəlifliklərini kənara qoyub, öz aralarında rəqabət aparmaqdan, ixtilafa girməkdən çəkinib, ölkədə demokratik dəyişiklik məqsədi ətrafında birgə mübarizəyə çağırmışıq. Bu, Xalq Cəbhəsi və Milli Şuranın daha üstün məqsəd uğrunda birləşdiricilik missiyasıdır. Ona görə də "AXCP niyə fəaliyyətində ideoloji postulatları qabartmır?" deyənlərə, "biz yeganə ideoloji təmsilçiliyi olan təşkilatıq" deyib hava atanlara buradan aydın şəkildə demək istəyirik ki, bizim missiyamız bu gün üçün hər hansı sosial təbəqənin, ideoloji cərəyanın təmsilçisi olmaqdan daha ağır və məsuliyyətlidir. AXCP olaraq biz cəmiyyətin dəyişiklik istəyən bütün təbəqələrinin, fərqli dəyər sahiblərinin uzlaşacağı, əməkdaşlıq edə biləcəyi ümummilli platformanın qurulması peşindəyik. 2019-cu ilin 19 yanvar mitinqi bunun əyani sübutudur. Ona görə də bu ölkədə hüququ, haqqı pozulan dindarın da, solçunun da, sağçının da, millətçinin də, sadə insanın da, feministin də bizə münasibətlərindən aslı olmayaraq, haqqını qorumağa çalışırıq. Buna görə zaman-zaman hakimiyyət və onun dəstəkçiləri bizə ən müxtəlif yarlıqlar yapışdırmağa çalışsalar da, sonradan bizim kimlərinsə ideoloji dəyərlərini deyil, pozulan haqlarını qoruduğumuz hər kəsə aydın olub. Bu da AXCP-yə, Milli Şuraya qınaq deyil, inam, etimad qazandırıb. Bundan sonra da belə davam edəcək. Bu mövqe qətiyyən bizim ideoloji cizgilərimizin, prinsiplərimizin yoxluğu demək deyil. Bu, indiki dönəmdə dəyişikliklərə xidmət edən, birləşdirici rasional-praqmatik bir siyasi kursdur. Hesab edirik ki, bunun əksi bölücülükdür. Əgər ölkədə seçki yolu ilə hakimiyyətə gəlib, siyasi düşüncələri və ideoloji prinsipləri həyata keçirmək imkanı yoxdursa və cəmiyyət bunlardan hər hansı birini seçmək haqqından məhrum edilibsə, nə fərqi və əhəmiyyəti var ki, sən hansı ideologiyaya mənsubsan? Öncə biz elə bir demokratik şəraitin yaradılmasına nail olmalıyıq ki, öz ideologiyalarımızı, fikirlərimizi təhlükəsiz, sərbəst ifadə etmək imkanı olsun və xalq da azad şəkildə seçki yolu ilə bunları seçə bilsin. Bu gün hansı ideologiyaya, dünyagörüşə sahib olmasından aslı olmayaraq bu rejimdən narazı olan, onu öz əqidəsinə təhlükə görən istənilən Azərbaycan vətəndaşı gedib Norveçdə, İsveçdə yaşamağı üstün tutar. Bizim də dediyimiz budur ki, gəlin o ölkələrdəki azadlığı, təhlükəsiz mühiti öz ölkəmizdə yaradaq və sonra da hər kəs mühacirət arzulamadan öz əqidəsinə uyğun burada təhlükəsiz yaşasın, fəaliyyət göstərsin. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti sosial baxımdan hələ elə strukturlaşmayıb ki, sosial təbəqələr öz maraqlarını siyasi, iqtisadi prinsiplərlə ifadə edə bilsinlər. Bu siyasi sosiallaşma prosesi indiki halda durdurulub. Bu konteksdə demək olar ki, məsələn, bu gün özünü sağçı kimi təqdim edib, kimi təmsil edəcəksən? Kleptokratik hakimiyyətin korrupsiyalaşmış məmurlarını, yoxsa onların himayəsindəki biznes təbəqəsini? Reallıq ondan ibarətdir ki, bu təbəqə öz maraqlarını siyasi təmsilçilikdə deyil, hakimiyyətin himayəsində görür. Ona görə də sosial-siyasi təmsilçiliyin olmadığı şəraitdə, bir-iki çayxana işlədən dost tanışına görə biz yeganə və REAL ideoloji təmsilçiliyi olan partiyayıq demək, stəkanda fırtına qoparmağa bənzəyir. Stəkanı üfləyib orda dalğalanma yarada bilərsən, ancaq biraz da bərk üfləsən, daşıb üstünə töküləcək və sən qarşısı islanmış vəziyyətdə heç də yaxşı görünməyəcəksən”.(pravda.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı qərar verdi

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb

"Deputatların bəziləri bu millətin qürurunu qırdı" - Rəşid Mahmudov

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

loading...

Ən çox oxunanalar