Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ərəstun Oruclu: “Kimlərsə Putinlə Əliyev arasındakı ziddiyyətləri dərinləşdirməkdə maraqlı ola bilər” - Müsahibə

Siyasi şərhçi: “Ramiz Mehdiyevə hücumların artması daha çox daxili münasibətlərlə bağlıdır”... 

SSRİ-nin bərpası kimi təqdim olunan planın reallaşması müasir dövrdə çox da inandırcı görünmür, amma hansısa bir formada yeni birliyin yaradılmasını istisna etmək düzgün olmazdı”.

Bu sözləri tanınmış siyasi şərhçi Ərəstun Oruclu ötən həftə Rusiyada ümumxalq səsverməsi ilə baş verən konstitutsiya dəyişikliklərini PİA.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Rusiyada konstitutsiyaya olunan dəyişikliklər qüvvəyə minib. Qeyd edək ki, Rusiya Konstitusiyasına dəyişikliklər haqqında qanun martın 11-də Dövlət Duması tərəfindən qəbul edilib və eyni gündə Federasiya Şurası tərəfindən təsdiq edilib. Sonra sənəd Rusiya Federasiyasının bütün subyektlərinin qanunvericilik məclisləri tərəfindən dəstəklənib. Qanun düzəlişlərin yalnız vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə qüvvəyə minəcəyini açıq şəkildə ifadə edib və bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib.

Təklif olunan düzəlişlərin arasında Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən üstünlüyü, dövlətin ildə ən azı bir dəfə pensiyaların indeksləşdirilməsi öhdəliyi, tanrıdan və dövləti formalaşdıran rus xalqından bəhs edilən düzəlişlər, həmçinin hazırkı prezidentin növbəti müddətə yenidən seçilmək hüququ yer alıb.

Rusiyada konstitutsiyaya olunan dəyişikliklər və Azərbaycanın daxilindəki siyasi güc balansının Rusiya ilə münasibətləri barədə hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu PİA.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

Ərəstun Oruclu: “Putin komandası öncə Rusiyanın daxilində güclənmək kursunu seçib, çünki nəzərdə tutulan planları reallaşdırmaq cəhdi Rusiyanın özünə qarşı da beynəlxalq birlik tərəfindən adekvat addımlara səbəb olacaq”.

- Ərəstun bəy, bəzi siyasi analitiklər ötən həftə baş verən konstitutsiya dəyişikliklərini Rusiyada xalqların suverenliyinin məhdudlaşdırılması və Putinin SSRİ-ni yeni forma və məzmunda bərpa etməyin hüquqi bazası kimi dəyərləndirirlər. Putinin rəhbərlik etdiyi siyasi elitanın bu cəhdlərini necə dəyərləndirirsiz? Kreml hansısa səviyyədə bu strateji hədəfinə çatmaqda uğurlu ola bilərmi?

- Əslində Rusiya Konstitusiyasına dəyişikliklərdə belə tendensiyalara, ya da məqsədlərə birbaşa işarə yoxdur, amma dəyişikliklərin Rusiyada hakimiyyət iyerarxiyasının güclənməsi üçün hüquqi baza yaratdığını nəzərə alsaq, yaxın gələcəkdə güclənmiş Rusiyanın öz kiçik qonşularına problemlər yaradacağı şübhə doğurmur. Artıq Putin uzun müddət hakimiyyətdə qalmağa qərar verib və bu da təbii ki, Rusiyanın öz problemlərini boğaraq, yaxın və uzaq ölklər üçün bir təhlükə halına gəlməsi deməkdir. Hər halda bu gün buna ehtimal vermək olar. Amma mənə görə SSRİ-nin bərpası kimi təqdim olunan planın reallaşması müasir dövrdə çox da inandırcı görünmür, buna baxmayaraq hansısa bir formada yeni birliyin yaradılmasını istisna etmək də olmaz. Buna rəvac verə biləcək xeyli səbəblər də var ki, onları nəzərə almamaq mümkün deyil.

Əvvəla, son illər ərzində Rusiyanın postsovet məkana təsiri birmənalı güclənib və bu təsir hətta ölkələrin daxili işlərinə açıq müdaxilələrə qədər dərinləşib. İkincisi, həmin məkanda Rusiyaya ənənəvi rəqabət təşkil edən Qərbin nəinki iştirakı, hətta marağı da xeyli azalıb.

Ərəstun Oruclu: “Son illər ərzində Rusiyanın postsovet məkana təsiri birmənalı güclənib”.

Belə olduğu halda da Rusiyanın postsovet məkanla bağlı planları qarşısındakı maneələr də minimuma enib ki, bu da artıq konkret fəaliyyətə keçmək üçün imkanlar deməkdir. Amma bütün bu ölkələrin beynəlxalq birliyə üzv olan müstəqil subyektlər olduğunu nəzərə alsaq, məsələ heç də sözdə deyildiyi qədər sadə deyil. Görünür, elə buna görə də Putin və komandası öncə Rusiyanın daxilində güclənmək kursunu seçib, çünki nəzərdə tutulan planları reallaşdırmaq cəhdi Rusiyanın özünə qarşı da beynəlxalq birlik tərəfindən adekvat addımlara səbəb olacaq.

- Rusiyada start verilən dövlət müəssisəsi dəyişikliklərinin Azərbaycana təsirləri mümkündürmü və yaxın illərdə Azərbaycanda Rusiyanın təsirlərinin daha da artması ehtimalı real görünürmü?

- Əlbəttə, mümkündür və həmin təsirlər artıq bu gün nəzərə çarpacaq dərəcədə artmaqdadır. Azərbaycanda hətta Rusiya dövlət standartlarına uyğun standartların tətbiqinə başlanılıb və bu, yenilik deyil, azı 2 ildir ki, bu işlər aparılır. Amma Rusiya iqtisadiyyatının və müəssisələrinin Azərbaycana təsirinin asanlıqla artacağını düşünmürəm, çünki Azərbaycanda iqtisadiyyatla siyasət eyni əllərdədir və ona görə də iqtisadi mövqelərin qorunması istiqamətində müqavimət güclü olacaq. Əlbəttə ki, mümkün imkanlar çərçivəsində.

- Bəzi iddialara görə Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar Rusiyanın maraqları çərçivəsində deyil. İddialara əsasən xüsusən köhnə komandanın gənc kadrlarla yenilənməsi Moskvada narazılıq yaradır. Ermənistanla Rusiya arasında da gərginliyin mövcud olduğunu nəzərə alarsaq, Azərbaycandakı islahatlar Rusiya ilə münasibətlərdə hansı yeni çalarlar meydana çıxara bilər?

- Əvvəla, deyim ki, Azərbaycanda islahatlardan deyil, hakimiyyətdaxili rotasiyalardan və kadr dəyişikliklərindən danışmaq daha düzgün olardı. Eyni zamanda, dediyiniz kimi, köhnə kadrların yenilərlə əvzlənməsinin Moskvada narazılıqla qarşılanmasını düşünmürəm. Məncə Azərbaycanda baş verənləri Moskvada izləmirlər, həm də zərurət yarandıqda müdaxilələrlə müəyyən korrektələr edirlər.

Ərəstun Oruclu: “İrəvanda hakimiyyət Rusiyanın iradəsindən kənar dəyişdiyindən və xalqın prosesdə aparıcı qüvvə olması səbəbindən Moskva Paşinyan hökumətini həzm edə bilmir”.

Qaldı Ermənistanla Rusiya arasındakı gərginliyə, onun səbəbi tamamilə başqadır: İrəvanda hakimiyyət Rusiyanın iradəsindən kənar dəyişdiyindən və xalqın prosesdə aparıcı qüvvə olması səbəbindən Moskva Paşinyan hökumətini həzm edə bilmir. Moskvanı postsovet məkanda daha çox xalqın dəstəyinə və etimadına söykənməyən marionet rejimlər daha çox qane edir, çünki onları manipulyasiya eləmək asandır. Azərbaycanla münasibətlərdə yeni çalarlar da məhz o zaman meydana çıxa bilər ki, Bakıda xalqın iradəsilə formalaşmış və onun dəstəyinə arxalanan hakimiyyət olsun. Bu olmadığından münasibətlər də zaman-zaman ortaya çıxan kiçik mübahisələrə rəğmən, indiki axarı ilə davam edəcək.

- Sizcə Azərbaycanın daxilindəki siyasi güc balansı Rusiya ilə münasibətlərə necə təsir edir. Belə iddialar səsləndirilir ki, köhnə komandanın bəzi aparıcı üzvləri Azərbaycanın Rusiya münasibətlərin korlanmasında maraqlıdırlar. Hazırda Ramiz Mehdiyevə qarşı hücumların artması bu səbədən ola bilərmi?

- Azərbaycanın mövcud daxili siyasi və geosiyasi durumu elədir ki, bu gün hakimiyyətdə olan bütün qruplar Rusiyaya loyal olmağa məcburdular. Yuxarıda dediyim kimi, bölgədə Rusiyaya rəqabət təşkil edə biləcək alternativ güc yoxdur. İstisna eləmirəm ki, kimlərsə Putinlə Əliyev arasındakı ziddiyyətləri dərinləşdirməkdə maraqlı ola bilərlər, amma məncə bunu şişirtmək də lazım deyil.
Əliyevin Moskva ilə münasibətləri digər hakimiyyətdaxili qrupların və ya şəxslərin münasibətlərindən heç də fərqli deyil, odur ki, ortaya çıxan və ya çıxarılan ziddiyyətləri ikitərəfli müzakirələr apararaq, qısa zamanda aradan qaldırmaq olur.

Qaldı Ramiz Mehdiyevə hücumların artmasına, məncə bu, daha çox daxili münasibətlərlə bağlıdır. Belə görünür ki, Mehdiyevin yaxınları hakimiyyətin hansısa situasiyada birinci vitse-prezidentə mümkün transferinə qarşıdırlar və hakimiyyət daxilində konflikt yaradan faktor da budur. Mümkündür ki, mübarizə aparan tərəflər Moskva amilindən də yararlanmağa çalışırlar, amma Moskva üçün həmin hakimiyyətdaxili mübarizələrdə iştirakı deyildiyi qədər önəmli deyil. Nəticədə Moskva bütün tərəflərə eyni məsafədə durur və bütün güclər də Mockva nə qədər ehtiyatlı olmaq gərəkdiyinin fərqindədirlər. Bu bir aksiomadır ki, hakimiyyətin daxili qruplardan kimin nəzarətinə keçəcəyindən asılı olmayaraq, həmin qrup Kremlə loyal olacaq.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

“TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır...”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

İcarə haqları 2020-ci il 1 apreldən 2021-ci il 1 yanvaradək hesablanmayacaq

“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - Video

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

loading...

Ən çox oxunanalar